525.Az

Bakının sülh və dialoq məkanı kimi əhəmiyyəti artır


 

"RUSİYA VƏ NATO GENERALLARININ BAKIDA MÜTƏMADİ GÖRÜŞLƏR KEÇİRMƏSİ AZƏRBAYCANIN BÖLGƏDƏ ARTAN ROLUNA İŞARƏDİR"

Bakının sülh və dialoq məkanı kimi əhəmiyyəti artır<b style="color:red"></b>

Bakı növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşünə ev sahibliyi edir. Bu dəfə Azərbaycanın paytaxtında Rusiya Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ hərbi hava qüvvələrinin generalı, NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uoltersin görüşü keçirilib. Tərəflər Avropa və qlobal təhlükəsizlik, Rusiya-NATO təmas xəttində baş verən hadisələrin qarşısının alınması üçün mümkün tədbirlər, terrorizmə qarşı mübarizə, eləcə də Əfqanıstan və Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparıblar. Generallar əlaqələrin davamlı olmasında maraqlı olduqlarını bildiriblər.

Azərbaycan paytaxtının növbəti dəfə belə bir görüşə ev sahibliyi etməsi həm Avropa və ABŞ-ın, həm də Rusiyanın Azərbaycana yüksək etimadı kimi qiymətləndirilir. Hesab olunur ki, qlobal güc mərkəzləri arasında görüşlər üçün mütəmadi olaraq Azərbaycanın seçilməsi sülh və dialoq məkanı kimi ölkəmizin beynəlxalq miqyasda rolunu və nüfuzuna müsbət təsirlərini göstərəcək.

Mövzu ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, iyulun 3-də generallar arasında telefon danışığı olub. Politoloq güman edir ki, Bakı görüşü məhz bu telefon danışığı zamanı razılaşdırılıb: "Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bu o deməkdir ki, Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır".

Bakıda əvvəllər də belə görüşlərin keçirildiyini xatırladan mərkəz sədri qeyd edib ki, sonuncu dəfə V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə görüşüb: "May ayında Skaparottini Tod Uolters əvəz edib. Yəni bu, Uoltersin Bakıda Gerasimovla ilk görüşüdür.

Bu görüşlərdən böyük nəticə əldə ediləcəyini gözləməyə dəyməz. Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa, ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir. Bu baxımdan Bakıdakı dailoqun əhəmiyyəti böyükdür".

E.Şahinoğlu hesab edir ki, Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir: "Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. NATO isə Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan da Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir".

Milli Məclisin deputatı Eldəniz S

əlimov isə qeyd edib ki, Bakının növbəti dəfə güc mərkəzlərinin görüşü üçün məkan seçilməsi heç də təsadüfi deyil. O, "Trend"ə bildirib ki, bu, Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir: "Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu halda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir".

E.Səlimov vurğulayıb ki, Azərbaycan sabit və stabil ölkə kimi dünya əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: "NATO və Rusiya Federasiyası təmsilçilərinin Bakıda görüşməsi, bu tədbirin Azərbaycana etibar edilməsi bir daha ölkəmizin beynəlxalq nüfuzundan xəbər verir. Bu gün ölkəmizdə mühüm beynəlxalq görüşlərin, mərasimlərin keçirilməsinin əsas səbəblərindən biri Prezident İlham Əliyevin şəxsi nüfuzu və beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsidir".

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, bu gün Azərbaycan dünyanın diqqət mərkəzində olan ölkələr sırasındadır: "Mütəmadi olaraq paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər, siyasi, iqtisadi, mədəni və s. müstəvilərdə aparılan müzakirələr bunu deməyə əsas verir. Təbii ki, bütün bunlar səbəbsiz deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət beynəlxalq aləm üçün cəlbedici olmaqla yanaşı, region və dünyaya sabitlik, sülh və təhlükəsizlik vəd edir. Azərbaycanın təşəbbüsü ilə reallığa çevrilən qlobal layihələr ölkələr arasında yeni əməkdaşlıqların meydana gəlməsinə və daha da genişlənməsinə yol açır. Bu layihələr qarşılıqlı milli maraqlara hörmət etməklə hər bir iştirakçı ölkəyə böyük qazanc, iqtisadi mənfəət gətirir".

V.Rəhimzadə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uolters arasında görüşün məhz Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada yüksələn nüfuzunun, artan siyasi çəkisinin parlaq təzahürüdür: "Azərbaycan nə NATO, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Buna baxmayaraq, bu qurumları təmsil edən qlobal güc mərkəzlərinin nümayəndələrinin məhz Bakıda görüşməsi ölkəmizə olan inam və etimadın nəticəsidir. Azərbaycan dünyada sabitləşdirici, sülhsevər ölkə kimi tanınır. Bu müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət əsas amil kimi çıxış edir. Bu görüş ondan xəbər verir ki, müstəqil siyasət yürüdən, heç kimdən asılı olmayan Azərbaycan dünya miqyasında söz sahibi olan ölkələr sırasındadır".

Baş redaktor vurğulayıb ki, qitələri birləşdirən, böyük güclərin hörmətlə yanaşdığı, hər zaman hesablaşdığı Azərbaycan artıq beynəlxalq dialoq məkanına çevrilib: "Bu məkandan dünyaya yalnız sülh, sabitlik və multikultural dəyərləri, birgə əməkdaşlığı əks etdirən mesajlar ünvanlanır".

Qeyd edək ki, ABŞ, NATO və Rusiya generalları arasında Bakıda görüşlər 2017-ci ildən keçirilməyə başlayıb. Həmin il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşüb. Daha sonra, 2017-ci il sentyabrın 7-də rusiyalı ordu generalı NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə danışıqlar masasına əyləşib. 2018-ci il aprelin 19-da və dekabrın 12-də isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı K.Skaparrotti ilə bir araya gəlib.

C.ABASOV

 





12.07.2019    çap et  çap et