525.Az

ATƏT Parlament Assambleyasından Azərbaycana dəstək


 

"AVROPADA ARTIQ DƏRK EDİRLƏR Kİ, ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİNƏ GÖZ YUMULSA, SEPARATİZM XƏSTƏLİYİ KÖHNƏ QİTƏNİ DƏ BÜRÜYƏCƏK"

ATƏT Parlament Assambleyasından Azərbaycana dəstək<b style="color:red"></b>

Məlum olduğu kimi, Lüksemburqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası keçirilib.

Şimali Amerika, Avropa və Asiya ölkələrindən 300-ə yaxın parlamentarinin iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclisin sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova başda olmaqla ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edirdi.

Budəfəki illik sessiya "Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu" mövzusuna həsr edilmişdi.

Azərbaycan nümayəndə heyətinin uğurlu işi və çıxışlarda inandırıcı dəlillər gətirməsi nəticəsində Ermənistan nümayəndə heyəti tərəfindən təklif edilən və ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ATƏT PA tərəfindən qeyd-şərtsiz dəstəklənən ölkələr sırasından Azərbaycanı çıxarmaq məqsədi güdən düzəlişlər rədd edildi. Dörd dövlətin hamısının - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın adları birgə çəkildi və bu ölkələrin ərazi bütövlüyü "paket şəklində", ikili standartlar tətbiq edilmədən dəstəkləndi.

Parlament Assambleyasının işinin yekunlarına əsasən Lüksemburq Bəyannaməsi qəbul edildi. Sənəddə Azərbaycanın mövqeyi öz əksini tapdı.

Milli Məclisin iyulun 12-də keçirilən növbədənkənar iclasında çıxış edən B.Muradova ATƏT PA-nın Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən yekun bəyannamədə Azərbaycanın maraqlarının təmin olunduğunu diqqətə çatdırıb.

"Trend"in məlumatına görə, vitse-spiker müzakirə olunan bəyannamənin 22-ci maddəsində yer alan müddəanın Ermənistanda çox ciddi qarşıdurmalara, müzakirələrə səbəb olduğunu bildirib: "Həmin maddədə nəzərdə tutulur ki, ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan konfliktlərə eyni prizmadan yanaşılmalıdır. İrəli atılan ən vacib və güclü addım məhz bu məsələlərin bir maddədə toplanması və vahid prizmadan dəyərləndirilməsi idi".

B.Muradova vurğulayıb ki, ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanaraq Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələri həlli üçün konkret nəticələrə yönəlik müzakirə və danışıqları akitvləşdirməyi tövsiyə edir.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, ATƏT PA-nın Luksemburqda qəbul olunan Yekun Bəyannaməsində Azərbaycanla bağlı müddəalər müsbət qiymətləndirilməlidir: "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin yürütdüyü siyasət öz nəticələrini verir. Dövlətimizin siyasi nüfuzu artır, beynəlxalq təşkilatlar ölkəmizin taleyüklü məsələlərinə daha ciddi və ədalətlə yanaşmağa başlayıblar".

Əvvəllər də beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü bağlı qərarların qəbul edildiyini xatırladan A.Mirzəzadə bildirib ki, bütün bunlar beynəlxalq münasibətlərdə arxayınlaşmaya gətirib çıxarmamalıdır: "Düşmən də mübarizə aparır. Onların məqsədi bizim mövqelərimizi zəiflətməkdir".

Deputatın sözlərinə görə, Avropa da artıq dərk edir ki, Ermənistanın işğalçı siyasətinə göz yumulsa, separatizm xəstəliyi köhnə qitəni də bürüyəcək: "Hər Avropa ölkəsində müxtəlif formada separatizm ruhu var. Bu təhlükədən sığortalanmaq üçün Qərbdə başa düşürlər ki, qətiyyətli siyasi mövqe nümayiş etdirməlidirlər".

ATƏT PA-nın Lüksemburq sessiyasında Azərbaycan nümayəndə heyətinin də fəal iştirak etdiyini deyən A.Mirzəzadə vurğulayıb ki, deputatlarımızın çıxışları, təqdim olunan sənədlər, digər ölkələrin nümayəndə heyətləri ilə keçirilən görüşlər, ortaya qoyulan mövqe uğurlu nəticəsini verdi. O hesab edir ki, bu, həm də Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin xarici siyasətinin uğurudur: "Düşünürəm ki, Azərbaycanın yürütdüyü siyasət bundan sonra da müsbət nəticələrini verəcək".

C.ABASOV

 

 





12.07.2019    çap et  çap et