525.Az

"Sənaye Bitkilərinin İstehsalı və Emalı" Kooperativi yaradıldı


 

"Sənaye Bitkilərinin İstehsalı və Emalı" Kooperativi yaradıldı<b style="color:red"></b>

İyulun 11-də İmişli rayonu, Heydər Əliyev Mərkəzində "Sənaye Bitkilərinin İstehsalı və Emalı" Kooperativinin təsis konfransı keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səfa Ağayev, "Azərsun Holdinq"in İdarə Heyətinin üzvü Əhməd Gözəl, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov və digər rəsmi şəxslər, eləcə də fermerlər iştirak ediblər.

Konfransda çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İ.Quliyev Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasına dair təsdiq etdiyi yeni qaydaların aqrar sahənin inkişafına əlavə dəstək məqsədi daşıdığını diqqətə çatdırıb. Müvafiq qərara əsasən, fermerlərin kooperativ fəaliyyət göstərəcəkləri halda 10 faiz daha artıq subsidiya alacaqlarını, aqrotexniki dəstəklə təmin ediləcəklərini, torpaqların analizi zamanı əlavə güzəştlər əldə edəcəklərini qeyd edib. Həmçinin, nazir müavini kooperativə üzv olacaq fermerlərin daimi alıcı ilə təmin olunacaqlarını bildirib.

Daha sonra "Azərsun Holdinq"in İdarə Heyətinin üzvü Ə.Gözəl çıxış edərək şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Gözəlin adından qonaqları salamlayıb. O, kooperativin fəaliyyətinin bütün tərəflər üçün çox səmərəli olacağını bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri A.İsmayılov isə kooperativin iş mexanizmi barədə məlumat verib. Kooperativ fəaliyyət çərçivəsində xərc və risklərin bir neçə subyektə bölündüyünu diqqətə çatdıran şöbə müdiri nəticədə fermerlərin daha çox qazanc əldə etmək imkanı qazandıqlarını bildirib. Onun sözlərinə görə, satınalmanın vahid mərkəzdən həyata keçirilməsi, yeni texnologiyaların əlçatanlığı və kooperativin kredit resurslarından daha rahat istifadə imkanı bütün üzvlər üçün əlverişli fəaliyyət şəraiti yaradacaq.

"Azərsun Holdinq"in Korporativ Əlaqələr üzrə direktoru İlham Abdullayev isə kooperativ fəaliyyətinin digər müsbət tərəflərini qeyd edib.

Çıxışlardan sonra kooperativin İdarə Heyəti və Təftiş Şurasına seçkilər keçirilib.

 





13.07.2019    çap et  çap et