525.Az

Yaddaşlarda yaşayan insan


 

Yaddaşlarda yaşayan insan<b style="color:red"></b>

Görkəmli şairimiz Səməd Vurğunun təbirincə desək, bir yandan boşalıb, bir yandan dolan dünyada Tanrının ayırdığı zaman kəsiyində hər kəsin ömür payı var.

Bu ömrü necə yaşamaq isə hər kəsin özündən və onu əhatə edən mühitdən asılıdır. Dünyaya gələn insan müəyyən missiya daşıyır. Ömrün mənası və mahiyyəti yaşanan illərin sayı ilə deyil, bu missiyanın necə yerinə yetirilməsi ilə şərtləndirilir. Əksər insanlar oxşar tərzdə, gündəlik qayğılarla baş-başa qalaraq ömür sürür və dünyadan köçür. Elə insanlar da var ki, onların həyatı, fəaliyyəti ictimai məzmun kəsb edir. Həmin insanlar öz peşə fəaliyyəti ilə əlaqədar cəmiyyətin inkişafına, millətin tərəqqisinə xidmət edir.

Şərəfli ömür sürən, vaxtsız vəfatı ilə onu tanıyanları dərindən kədərləndirən belə insanlardan biri də Minayə Həsən qızı Hüseynovadır. Qırx dörd illik pedaqoji fəaliyyəti ilə minlərlə gəncin təlim-tərbiyəsində, kamilləşməsində zəhmətini əsirgəməyən bu məğrur insanın yetirmələri müxtəlif sahələr üzrə dəyərli mütəxəssis kimi yetişmiş və ölkəmizin inkişafına töhfələr verirlər. Deməli, şərəfli müəllim ömrü yaşamaq bilavasitə millətə xidmət deməkdir.

Minayə Hüseynova qədim oğuz yurdu Göyçə mahalında dünyaya gəlib. Orta təhsilini mükəmməl təhsil ənənələrinə malik Ardanış kənd məktəbində başa vurduqdan sonra Azərbaycan Xarici Dillər İnstitutunun, indiki Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olub. 1974-cü ildə təyinat üzrə Saatlı rayonunun Məmmədabad kənd məktəbinə müəllim göndərilmiş, ömür-gün yoldaşı Abbas müəllimlə birlikdə həmin məktəbdə səkkiz il dərs demişlər. Doğma yurd sevgisi onları yenidən Göyçə mahalına qayıtmağa sövq etmiş və 1980-ci ildən etibarən pedaqoji fəaliyyətini orada davam etdirib. Sən demə, məkrli erməni siyasətinin nəticəsində didərginlik taleyi yaşamaq, qaçqın adı daşımaq da varmış  Minayə xanımın taleyində. Məlum hadisələrlə əlaqədar olaraq 1988-ci ildə Bakı şəhərində məskunlaşdıqdan sonra bütün çətinliklərə rəğmən, sevimli peşəsindən ayrılmamış və Nərimanov rayonundakı 178 və 34 saylı tam orta məktəblərdə çalışıb. Zamandan və məkandan asılı olmayaraq,  işə vicdanlı münasibəti, şəxsi keyfiyyətləri sayəsində şagirdlərin sevgisini, pedaqoji kollektivin hörmətini qazanıb. Bir il əvvəl amansız ölüm onu sevimli şagirdlərindən, doğmalarından ayırdı. Övladları ana, nəvələri nənə, şagirdləri isə qayğıkeş müəllim itirdi.

Müdriklərdən biri deyib ki, insan fiziki ömrünü başa vurduqdan sonra, xatırlanırsa, onu tanıyanların yaşadığı illərin sayı qədər həmin insanın mənəvi ömrü də davam edir. Bu mənada, saf əməlləri ilə xatırlanan Minayə xanım yaddaşlarda yaşayır və yaşayacaqdır.

Bu sətirlərin müəllifinə bilavasitə dərs deməsə də, dəyərli məsləhət və tövsiyələr verdiyi və xeyir-dualarını əsirgəmədiyi üçün Minayə Hüseynovanı mən də özümün müəllimim hesab edirəm. Allah sənə rəhmət eləsin, məzarın nurla dolsun, əziz müəllimimiz!

Vaqif KƏRİM

 





14.07.2019    çap et  çap et