525.Az

Medianın dini mövzulara münasibəti: həssaslıq və peşəkarlıq əsas meyar kimi


 

Medianın dini mövzulara münasibəti: <b style="color:red">həssaslıq və peşəkarlıq əsas meyar kimi</b>

Din və media münasibətləri 

Dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında geniş auditoriyaya malik olan KİV-in  üzərinə böyük vəzifə düşür. Media dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, xurafata, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidir. 

Dini mövzularda həssaslıq 

Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli hər zaman dini mövzuların mediada aktual olduğunu deyir: "Amma son dövrlərdə baş verən hadisələr bir daha sübut edir ki, din həssas mövzu olaraq qalır. Belə mövzulara nə qədər diqqət ayrılmasa, deməli, cəmiyyətdə ciddi fəsadlar törədir. Yəni müəyyən dini sektalar yaranır, gənclər bu sektalara, hətta terror təşkilatlarına qoşulurlar. Azərbaycanda da belə hadisələr müəyyən zaman baş verib. Bizim də bir sıra vətəndaşlarımız ərəb ölkələrində, müharibə ocaqlarında din adı altında aldanılaraq müəyyən sektalara qoşulublar. Bu baxımdan dini mövzular mediada hər zaman aktualdır. Azərbaycanda bu məsələ ilə bağlı müəyyən işlər görülür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə müəyyən maarifləndirmə işləri aparır və tez-tez Mətbuat Şurası və media rəhbərləri ilə görüşlər keçirilir. Bu yaxınlarda İlahiyyat İnstitutu yaradıldı. İlahiyyatın geologiya kimi öyrənilməsinə böyük ehtiyac var. Yəni digər dinləri də öyrənmək lazımdır. Başqa dinlər də təbliğ olunmalıdır və bu dinlər bir-birinə qarşı deyil, insanları birgə yaşamağa sövq etməlidir. Əslində, səmavi dinlərin hər biri insanları birliyə, qardaşlığa, əmin-amanlığa səsləyir. Amma çox təəssüf ki, bəzən dindən başqa formada istifadə edirlər. Bu baxımdan geologiya elmi də İlahiyyat universitetində tədris olunur. Bunların hər biri müsbət addımlardır. Amma qeyd etdiklərimizin hamısı media üzərindən keçməlidir. Yəni media bu mövzuları yaymalıdır və belə işlərin içində daha da sıx olmalıdır". 

Dindən peşəkarlıqla yazan jurnalistlərə ehtiyac var  

Y.Məmmədlinin fikrincə, çatışmayan cəhətlərdən biri də dini mövzularda yazanların sayının az olmasıdır: "Dindən yazan jurnalistlər mütləq çoxalmalıdır. Necə ki, iqtisadiyyatla, idmanla bağlı mövzular aktualdır, bu mövzularda jurnalistlər var. Eyni qaydada dini sahədə də belə jurnalistlər olmalıdır. Dindən yazan, bu işin incəliklərini bilən jurnalistlərə ehtiyac var. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İlahiyyat İnstitutu intensiv formada işlər aparmalıdır. Birgə təlimlər, seminarlar keçirilməlidir və seminarlarda çoxlu sayda jurnalistlərimiz bu sahə üzrə mütəxəssis kimi formalaşmalıdırlar. Bütün bunların dini dəyərlərin təbliğ olunması işinə xeyri var".

Y.Məmmədli bildirib ki, dini bilgisi zəif olan, ümumiyyətlə, dini mühitdən başı çıxmayan şəxslər islami məsələləri çox yanlış anlayır və o cür də təbliğ etməyə başlayır: "Din və ona bağlı olan mövzular dərin mənalı və geniş səviyyəli bir elmdir. Tam dəqiq anlayışdır ki, dini bilgisi olmayan şəxslərin dindən danışması və ya dini mövzuları müzakirə etməsi bir növ təbabət elmindən anlayışı olmayan bir şəxsin cərrahiyə və ya hansısa xəstəlik haqqında verəcəyi qeyri-dəqiq məlumata bənzəyir. Bunun üçün hər bir jurnalistin, media nümayəndəsinin üzərinə düşən vəzifələr var. Yaxşı olar ki, jurnalistlə dini məsələlərə şou xarakterli yanaşmasınlar və dini mövzuları yalnız bu sahəni dərindən bilən mütəxəssislərlə məsləhətləşib, onlardan münasibət alıb yazsınlar". 

Televiziyalardan dövlətin dini və mənəvi mühitdə apardığı uğurlu maarifləndirmə işinə dəstək 

Televiziyalarda din sahəsi üzrə mütəxəssislərin maarifləndirmə xarakterli mövzularla çıxışları mühüm əhəmiyyət kəsb edir.  Geniş auditoriyaya malik olan televiziyalarda dini dəyərləri aşılayan verilişlərin olması, ən azından dini səpkili bir proqramı, rubrikanın hazırlanması isə olduqca vacibdir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycan gənclərinin milli və mənəvi baxımdan yad düşüncələrin təsiri altına düşmələrini əngəlləmək üçün ideya müəllifi və aparıcısı olduğu "İnam" verilişini hazırlayıb. Bu veriliş dövlətimizin dini və mənəvi mühitdə apardığı uğurlu maarifləndirmə işinə əlavə bir dəstəkdir: "Biz qloballaşan dünyada Azərbaycan dövlətinin milli maraqlarına xidmətin əhəmiyyətini insanlarımıza, xüsusilə də inanclı cavanlarımıza düzgün, elmi formada təbliğ etmək niyyətindəyik. Azərbaycan qloballaşan dünyanın bir hissəsidir. Bu baxımdan ölkəmizə təhsil və ya xeyriyyəçilik pərdəsi altında müxtəlif dini qruplaşmalar daxil olur. Mən uzun illərdir bu məsələlərlə bağlı aidiyyəti orqanlarla müzakirələr aparırdım və mətbu orqanlar vasitəsilə cəmiyyətə sağlam milli-mənəvi dəyərləri təlqin etməyə çalışırdım. Nəhayət, mən də bir alim kimi bu istiqamətdə üzərimə düşəni etmək qərarına gəldim və "İnam" verilişini hazırladım".

Gənclərin mənəvi yöndə tərbiyəsində ziyalıların rolu 

Seyid Camal Əzimbəyli deyir ki, Azərbaycan dini, milli-mənəvi, hətta məzhəblərarası tolerantlığı ilə dünyanın bütün ölkələrinə nümunə ola biləcək bir ölkədir. Amma əfsuslar olsun ki, ölkəmizdəki bu tolerantlıqdan sui-istifadə edən istər xarici, istərsə də daxili zərərli qruplar var: "Təbii ki, dövlət qurumlarının üzərinə düşən vəzifə həmin təhlükəli qüvvələri zərərsizləşdirməkdir. Amma bizim kimi düşünən insanlar, milli ideologiya sahibləri, toplumun qəbul etdiyi ziyalı şəxslər də gənclərin mənəvi yöndə tərbiyəsində ciddi iştirak etməlidirlər. Bunun üçün ən münasib vasitə də mediadır".

Sosial media ölkədə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat obyektidir  

Müasir texnologiyaların inkişafı media sahəsində "sosial media" məfhumunun yaranmasına yol açıb. Artıq sosial media sosial ünsiyyət vasitəsinə çevrilib. Hazırda dünyada 3 milyarddan çox insan internetə qoşulur, 2 milyarddan çox istifadəçi fəal şəkildə sosial mediada iştirak edir. Azərbaycanda isə əhalinin 75 faizindən çoxu fəal internet istifadəçisidir və 2 milyon nəfər isə sosial media iştirakçısıdır. Sürətli rabitə vasitəsi olan bu sahənin insanlara həm fiziki, həm psixoloji, həm də mənəvi zərəri var. Bu gün yalan informasiya yayan, din pərdəsi altında gizlənmiş, islamı tənqid edən qüvvələr çirkin əməlləri üçün sosial medianın imkanlarından çox effektli şəkildə istifadə edirlər. Sosial media ölkədə sabitliyi pozmaq istəyənlər üçün güclü təbliğat obyektidir. Bu sahədə müəyyən addımlar atılsa da, təəssüf ki, hələ həmin qüvvələrin qarşısı alınmayıb.  Cəmiyyətə sosial media vasitəsilə islam dininin dəyərlərini çatdırmaq üçün aktiv olmaq lazımdır. Din xadimləri bu yöndə sosial şəbəkələrdə fəaliyyətlərini artırmalıdırlar.  Savadlı dini ekspertlərin köməyi ilə müqəddəs kitabdan gətirilən və təhrif edilən anlayışlar sosial şəbəkələr vasitəsilə cəmiyyətə doğru, düzgün çatdırılmalıdır. Efirlərdə, saytlarda, sosial şəbəkələrdə savadlı ilahiyyatçıların, ruhanilərin, imamların çıxışı təmin edilməlidir. Bu gün dünyada bir çox tanınmış müsəlman din xadimləri onlayn şəbəkədə hesablar açıblar. Belə profillər zərərli dini baxışların, radikal təməlçiliyin, dini zəmində nifrətin  qarşısını almaq üçün mühüm amildir. Məsələn, ABŞ-da populyar müsəlman alimi Sühəyb Ueyb  sosial şəbəkədən maarifləndirmək üçün yaxşı istifadə edir. Onun Tvitterdə 100 minə yaxın abunəçisi, Feysbukda 215 min izləyicisi var. Özünün 10 saniyəlik videoroliklərində Ueyb narkomaniyadan tutmuş boşanmalara qədər ən müxtəlif məsələlərə toxunur. 

Dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytlarla mübarizə  

Ölkədə məzhəb, din ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytların mövcudluğu artıq sübut olunub.  Bu saytların əksəriyyəti dini qaynaqlı saytdır. Baxmayaraq ki, özlərini xəbər saytı, portalı kimi təqdir edir, əksəriyyəti sırf dini mahiyyət daşıyan, dini qruplar tərəfindən idarə edilən internet resursudur. Həmin saytlarla bağlı müxtəlif vaxtlarda Komitə hüquq-mühafizə orqanlarına müraciət edib və lazımi tədbirlər görülüb. Bu cür saytların əksəriyyəti, demək olar ki, xarici ölkələrdən idarə olunur. Onların domenlərinə baxanda da bunu görmək mümkündür.

Siyasi şərhçi Sədrəddin Soltan deyir ki, informasiya texnologiyaları inkişaf etdikcə məlumatların yayılması sürəti də artır: "İnsanlıq isə yarandığı gündən səsə, sözə, indiki hala uyğunlaşdırsaq, məlumata həssas olub. Bu baxımdan ən güclü silahların görə bilmədiyi işi məlumat, informasiya ilə görmək mümkündür. Odur ki, ziyanlı saytların açanlar da məlumatın, informasiyanın bu üstünlüyündən xəbərsiz deyillər.  Aydındır ki, bu kimi saytlar vasitəsi ilə hər bir ideoloji düşüncə mərkəzi özünə tərəfdar axtarır. İlk hədəf isə təbii ki, özdilli əhalidir. Məqsəd təkcə təbliğat məkanında hakimiyəti ələ keçirmək deyil. Çünki onlar buna nail olmayacaqlarını yaxşı başa düşürlər. İsətnilən dövlətin daxilində xaos yaratmaq cəmiyyətin həmin dövlətin hakimiyyətinə inamını itirir. Belə bir şərait də həmin qüvvələrin mövcudluğunu və fəaliyyəti üçün ən optimal vəziyyətdir. Söhbət yalnız dini eksremist saytlardan getmir. Ümumiyyətlə, yeniyetmələr, gənclər üçün təhlükəli informasiya vasitələrindən cəmiyyəti müdafiə etməyin ən uğurlu yolu maarifçilik və doğrunun təbliğatından keçir. Bu kimi məsələlərin həllindən biri də mediada mütəxəssislərin iştirakı ilə ictimai müzakirələrin təşkilidir".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bu saytların nəyə xidmət etdiyini, hansı məqsədlər üçün yaradıldığını ictimaiyyətə çatdırmaq gərəkir ki, insanlar o saytların məqsədini bilsinlər: "Dini saytların da bir çoxu xoş niyyətlə yaradılmayan saytlardır. Bunlar yalnız dini aşağılamaq, İslam və digər dinləri gözdən salmaq, təxribat məsələlərini gücləndirməklə məşğuldurlar. Bunun qarşısını almaq üçün KİV vasitəsilə maarifləndirmə işi aparılmalıdır". 

Media təmsilçilərinin üzərinə düşən vəzifə   

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyir ki, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Bu baxımdan jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər: "Din və media münasibətləri bütün cəmiyyətlər üçün, xüsusilə Azərbaycan cəmiyyəti üçün aktualdır. Dini maarifləndirmə işinin həyata keçirilməsində, dini radikalizm və ekstremizmlə mübarizənin təşkilində, milli-mənəvi dəyərlərin qorunması və təbliğində medianın rolu mühümdür.  Dinin siyasiləşdirilməsi, milli kimliyimizin dini kimliyimizə qarşı qoyulması, dünyəvi təhsilə və dünyəviliyə qarşı cəhdlər, məzhəbçiliyin yayılması kimi din sahəsində üzləşdiyimiz bir sıra təhdid cəhdləri var  ki, onların aradan qaldırılmasında Azərbaycan mətbuatının rolu, dəstəyi  danılmazdır".   

Məzhəbçiliyə qarşı mübarizə aparan mətbuat  

M.Qurbanlı vurğulayıb ki, Azərbaycan xalqı bütün dövrlərdə məzhəbçilikdən uzaq olub, məzhəbçiliyə qarşı ən böyük mübarizəni də mətbuat aparıb. Təəssüf ki, bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə də öz təbliğatlarını qurmağa çalışırlar: "Dini dözümsüzlük də əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu onu deməyə əsas verir ki, bu dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ media formalaşdırmağa çalışırlar. Biz həmişə bu cür xəbər portallarına qarşı media ilə birlikdə mübarizə aparırıq".

Jurnalistlər dini sahədə yazı yazarkən ictimaiyyəti çaşdırmamalı, məlumatları düzgün çatdırmalıdırlar. Dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq. Azərbaycan müsəlman ölkələri ilə xristian ölkələri arasında bir körpüdür. Dövlətimiz həm Avropa ölkələrinə, həm də islam ölkələrinə nümunədir. Ona görə də Azərbaycan mətbuatı bütün bu məsələləri həm cəmiyyətə, həm də dünya ictimaiyyətinə düzgün çatdırmalıdır.

İsgəndər HƏSƏNOV

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə "Din və media" mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur

 





15.07.2019    çap et  çap et