525.Az

Əmək pensiyaları ilə bağlı dəyişiklik yenidən müzakirələrə səbəb oldu


 

Əmək pensiyaları ilə bağlı dəyişiklik yenidən müzakirələrə səbəb oldu<b style="color:red"></b>

Milli Məclisin (MM) plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik barədə layihə üçüncü - sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Bu barədə MM-in Əmək və Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəblinin məlumatı dinlənilib. Qeyd edilib ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".

Deputat Qüdrət Həsənquliyev isə pensiyaların məbləğinə ildə bir dəfə edilən indeksasiyanın  hər ay edilməsini təklif edib. O bildirib ki, müvafiq dövlət qurumları bununla bağlı ayda bir dəfə yığışmalıdır: "İstehlak qiymətləri artır. Bu indeksə uyğun da ildə bir dəfə indeksləşmə aparılır. Deməli, pensiyaçılar bunun üçün bir il gözləməlidir. Elə edək ki, pensiyaçılar 1 ili gözləməsinlər". Vitse-spiker Valeh Ələsgərov öz növbəsində  deputata cavab olaraq  qeyd edib ki, əgər ayda bir dəfə bu məsələyə baxılsa,  pensiyalar bir ay qalxıb, bir ay düşə bilər: "Ona görə də bu məsələdə orta dəyər anlayışından istifadə edilir və ildə bir dəfə indeksasiya pensiyaçıların pensiyasına tətbiq edilir".

Kamil HƏMZƏOĞLU

 





15.07.2019    çap et  çap et