525.Az

Milli təhsil və Azərbaycan folkloru


 

Milli təhsil və Azərbaycan folkloru<b style="color:red"></b>

Orta məktəb həyatı ilə rəsmi təhsil mərhələsi başlayır. Artıq burada təlim və tərbiyə işi ilə professionallar məşğul olur, proqramlaşdırılmış və mütəxəssislər tərəfindən hazırlanmış dərsliklərdən istifadə olunur.

Müasir ümumtəhsil məktəblərinin ibtidai siniflər üçün "Azərbaycan dili" dərslikləri üzərində millilik nöqteyi-nəzərindən araşdırma apardıq. Araşdırmada məqsədimiz kitablarda Azərbaycan folklor mətnlərindən hansı səviyyədə istifadə olunmasını müəyyənləşdirmək idi.

Bugünkü elm adamlarının hər birinə öz təcrübəsindən məlumdur ki, içindən keçib gəldiyimiz ibtidai təhsildə ana dilinin tədrisində özək hissə əsasən milli folklor mətnlərindən ibarət olmuşdur. Bu, səbəbsiz deyil.

Folklora yaddaş ədəbiyyatı da demək mümkündür. Yaddaşlardan yaddaşlara ötürülərək cilalana-cilalana bugünümüzədək gəlmiş folklor mətnləri təlim-tədris işində keyfiyyətli nəticə əldə edilməsini xeyli asanlaşdırır. Folklorla təmas uşaqların canlı xalq dilinə qırılmaz tellərlə bağlanmasına, ana dilinin imkanları ilə, eləcə də xalq həyatının bütün sahələri ilə yaxından tanış olmasına şərait yaradır. Xalqa aid bütün biliklər tam dolğunluğu ilə folklorda öz əksini tapmışdır. Ona görə də uşaqlara bu xalqın kimliyini anlatmaqda xalq ədəbiyyatı ən uğurlu vasitədir. Təlim-tərbiyə işində folklor mətnlərinə önəm verilməsinin digər mühüm səbəbləri tələffüzün asanlığı, oynaq ritm və ahəngə malik olması, səs gözəlliyi, uşaqların buna biganə qala bilməməsi, mətnin yadda saxlanılmasının asan olmasıdır. Folklor bu mənada bəxti gətirmiş yaradıcılıq nümunəsidir. Çünki o, yalnız sevgi və könüllülük prinsipi əsasında yaşayır və yadda qalır. Bu ədəbiyyatın şanslı olmasının bir səbəbi də onun yaddaşlarda, təfəkkürdə ilkinliyidir. Hər kəsin dünyaya gəldiyi ilk gündən eşitdiyi laylalarla folklorla təması başlayır, daha sonra oxşamalar, dilaçma dövründə sanamalar, düzgülər və s. Beləcə bu səs ruhunun mayasına çevrilir, mənəviyyatına hopur. Deməli, bu, hər kəsin doğma ədəbiyyatıdır.

Təhlillərimizi, əsasən, I sinif "Azərbaycan dili" dərsliyi (İsmayılov R., Abdullayeva S., Orucova G., Cəfərova D. Azərbaycan dili. Ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün dərslik. Bakı: Altun kitab, 2016, 160 s.) üzərində apardıq və burada söylənilən fikirlər həmin dərslik haqqındadır. Kitab yeddi bölmədən ibarətdir. Bölmələrin adları mündəricatda göstərilməsə də, dərslikdə yeri gəldikcə qeyd olunmuşdur. Əsas mövzu kimi başlıqlarda milli folklor nümunələrinə rast gəlmirik. Amma demək olmaz ki, burada Azərbaycan folklorundan istifadə olunmamışdır. Dərsliyin 60-cı, 78-ci və 140-cı səhifələrində tapmaca, 105-ci səhifədə üzündən köçürmə üçün bayatı, 64-cü, 73-cü, 89-cu, 133-cü, 146-cı, 157-ci səhifələrdə isə atalar sözləri verilmişdir. Lakin bunlar çalışmaların tərkibində üzərində müəyyən əməliyyatlar aparmaq üçün əsas mövzuya əlavə kimi verilmişdir.

Dərsliyin altıncı bölməsi "Nağıllar aləmində" adlanır. Burada verilən ilk mətn Nəbi Xəzrinin "Nənəm nağıl danışır" şeiridir. Bölmədə həmçinin, Reyhan Yusifqızının "Aysu" əsərindən "Balaca şahzadə" adlı bir hissə, Həbibə Zeynalovanın "Xoruzun neçə rəngi var" və Zahid Xəlilin "Güzgü" hekayələri, Xanımana Əlibəylinin "Hara gedirsən axşam", Nəbi Xəzrinin "Niyə daşmayır", Dilrüba Nürəddinqızının "Dovşan" və Zahid Xəlilin "Hesab" şeirləri, Çingiz Tağızadənin "Qarı nənənin kələyi", Vladimir Suteyevin "Ağac - hər dərdə əlac" hekayələri verilmişdir ki, bunlardan heç biri folklor mətni - nağıl deyil. Amma bu bölmədə folklor janrlarına aid mətnlər də verilmişdir. Həmin mətnlərə millilik baxımından nəzər salaq: "Zolaqlı burunduk" (əfsanə), "Nə üçün pişik yeməkdən sonra yuyunur" (Litva nağılı), "İtlə insan necə dost oldular" (mordva xalq nağılı), "Niyə ayın donu yoxdur" (serb nağılı), "Ayı və kəndli" (rus xalq nağılı), "Nəzakətli dovşan" (Meksika nağılı), "Ayı və dovşan" (təmsil).

Dərsliyin əvvəlində şəkil üzrə iş verilmişdir. Burada təqdim olunan mövzu "Turp" rus xalq nağılıdır. "Nağıllar aləmində" bölməsində də şəkil üzrə iş verilmişdir. Mövzuda ifadə olunan fikir belədir: oğlan yatır, yuxuda nağıllar aləminə düşür. Şəkildə oğlanın yuxuda gördüyü nağıl qəhrəmanları təsvir olunur. Həmin nağıllar bunlardır: "Turp" (rus), "Çəkməli pişik" (fransız), "Qoğal" (rus), "Cırtdan" (Azərbaycan), "Tıq-tıq xanım" (Azərbaycan), "Şəngülüm, Şüngülüm, Məngülüm" (Azərbaycan) nağılları. Elə həmin səhifədə "Qırmızıpapaq" (fransız) nağılından bir parça əlyazısı ilə üzündən köçürmək üçün verilmişdir.

Kitabdakı digər nağıllar: "Ayoqa" (nanay nağılı) və "Kimin əlləri daha gözəldir" (hind xalq nağılı) isə yeddinci - "Yaxşı nədir, pis nədir" bölməsində verilmişdir.

Bu, öz ana dilində təhsil alan birinci sinif şagirdinin "Azərbaycan dili" dərsliyidir. IV sinif "Azərbaycan dili" dərsliyində Ümummilli lider Heydər Əliyevin çox dəyərli kəlamları verilmişdir. Lakin orada verilən "Cəmiyyətin gələcək tərəqqisi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" kəlamı öyrənəndən daha çox öyrədənə və dərslik tərtib edənə aiddir. Öyrətmə işində əsas məqsəd və məramı əks etdirdiyi üçün bu kəlamı I sinif dərsliyinin başlanğıcında kitaba epiqraf vermək olar. Elə həmin sırada ulu öndərin digər bir aforizmi də verilmişdir: "Hər xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir". Onda bəs nə üçün bu dili öyətmək üçün milli təhsildə əcnəbi mətnlərə bu qədər yer veririk? Ana dilində təhsil alan altı yaşlı uşağa Azərbaycan dilinin incəliklərini dilimizə o qədər də yüksək səviyyədə tərcümə olunmayan Litva, mordva, Meksika, serb, rus, nanay, hind nağılları vasitəsilə tədris etmək hansı zərurətdən doğur? Niyə bu sırada bir dənə də olsa, Azərbaycan xalq nağılı yoxdur? "Cırtdan", "Məlikməmməd", "Göyçək Fatma", "Xoruzun nağılı" kimi Azərbaycan nağılları niyə burada işə yaramayıb? Axı ana dilinin zənginliklərini, şirinliyini mənimsətməkdə Azərbaycan folklor mətnləri əvəzsiz mənbədir. Şifahi xalq ədəbiyyatı nümunələri ilə uşaqlara milli-mənəvi dəyərlər aşılamaq, azərbaycançılıq məfkurəsi ruhunda vətəndaş yetişdirmək daha asandır.

Bu araşdırmalar zamanı ilk olaraq yada düşən Azərbaycanın görkəmli maarif xadimi F.Köçərlinin uşaqlar üçün tərtib etdiyi "Balalara hədiyyə" kitabı oldu. Mətn seçimində yüksək pedaqoji professionallıq duyulan və "Ana dili" dərsliklərinin tərtibinə nümunə olacaq bu kitabın əksər hissəsi folklor mətnlərindən ibarətdir. Kitabı diqqətlə araşdırdıqda onun məktəbəqədər və ibtidai təhsil dövrü üçün çox dəyərli vəsait - müntəxəbat olduğu qənaətinə gəlmək olur.

F.Köçərli kitabın tərtibi ilə bağlı məqsəd və məramını açıqlayarkən bildirir ki, tarixini, dolanacağını, Vətənini və dilini sevən millət öz folklorunu "kəmali zövq və diqqətlə cəm edib ziqiymət sərmayə kimi saxlayır və balalarının ilk təlim-tərbiyəsi onları öyrətməklə başlayır". Göründüyü kimi, bu fikirlərdə dərin milli ruh hakimdir. Müəllif millətimizə, folklorumuza, vətənimizə, dilimizə böyük dəyər verir, uşaqlarla təlim-tərbiyə işinə ilk olaraq folklorla başlanması fikrini diqqətə çatdırır.

Azərbaycan maarifçiliyi tarixində ana dilinin tədrisində "Kitabi-türki" (M.Ş.Vazeh, 1852), "Vətən dili" (A.O.Çernyayevski, 1882), "Bəsirətül-ətfal" (R.Əfəndiyev, 1901), "Uşaq gözlüyü" (A.Şaiq, 1910), "Türk əlifbası və ilk qiraət" (M.Mahmudbəyov, 1918), "Türk qiraəti" (R.Əfəndiyev, 1918), "Milli qiraət" (A.Şaiq, 1919) və digər dərsliklərinin xüsusi rolu olmuşdur. Bu və adlarını çəkmədiyimiz başqa dərsliklərdə əxlaqi-didaktik məzmunlu yazılı ədəbiyyat nümunələri ilə yanaşı, folklor nümunələrinə də önəm verildiyini görürük.

Yuxarıda adlarını çəkdiyimiz vəsaitlərin əksəriyyətinin yaranmasında A.O.Çernyayevskinin "Vətən dili" dərsliyi bir mənbə rolu oynamışdır. Məşhur rus pedaqoqu K.Uşinskinin "Rodnoe slovo" dərsliyi əsasında hazırlanmış kitaba Azərbaycan ədiblərinin əxlaqi-didaktik əsərləri, həmçinin, milli folklorumuzdan nümunələr də salınmışdır. Folklorşünas P.Əfəndiyev bu barədə yazır: "A.O.Çernyayevski elə bil bir toplayıcı kimi hərəkət etmiş, atalar sözü, tapmaca, yanıltmac, nağıl və lətifələri olduğu kimi kitaba daxil etməyə çalışmışdır. Maraqlıdır ki, uşaqlara təbiət hadisələri, heyvanlar aləmi, məişətdə işlənən şeylər haqqında məlumatla bərabər, həmin mövzuya dair atalar sözü, məsəl, tapmaca verilir". "Balalara hədiyyə" kitabında da əksər mətnlərdən sonra mövzuya aid məsəl və tapmacalar, meşə ağaclarının, kolların, otların, çiçəklərin adları, yanıltmaclar və s. verilmişdir ki, bunlar uşağın söz ehtiyatının artmasına, ana dilinin zənginlikləri ilə, eləcə də ətraf aləmlə yaxından tanış olmasına xidmət edir. Məsələn, "Xoruz və padşah" nağılından sonra aşağıdakı folklor mətnləri verilmişdir:

Məsəl:

Xoruz olmasa, səhər açılmaz.

Tapmaca:

Çağırdım bərkdən,
Səs verdi kənddən,
Ağzı sümükdən,
Saqqalı ətdən.

Kitabın sonunda tapmacaların cavabı verilmişdir. Tərtib prinsiplərinin çox oxşar olması deməyə imkan verir ki, F.Köçərli bu kitabını böyük dəyər verdiyi "Vətən dili" dərsliyinin prinsipləri əsasında hazırlamışdır.

Təlim və tərbiyə işində uşaq folklorunun təməl rolu oynaması xalq pedaqoqikasından hər kəsə məlumdur. Yuxarıda adlarını çəkdiyimiz Azərbaycanın ilk professional pedaqoqlarının təhsil prosesində bu ədəbiyyata bir mənbə kimi yanaşmaları, uşaq və yeniyetmələrin fiziki və zehni inkişafında, mənəviyyatlarının milli zəmində formalaşmasında ən kəsə yol hesab etmələri də buna sübutdur. Təlim prosesi üçün vəsait hazırlayarkən uşaqların yaş psixologiyasının, maraq dairəsinin, qavrama qabiliyyətinin diqqət mərkəzində saxlanılması mühüm şərtdir. Xalq yaradıcılığı nümunələrində buna ciddi şəkildə əməl olunmuş və bu səbəbdən də həmin mətnlər uşaq folkloru adı altında qruplaşdırılmışdır.

Folklorşünas R.Qafarlı Azərbaycan uşaq folklorunun janrlarını növlər üzrə aşağıdakı kimi təsnif etmişdir:

Lirik növ: layla, oxşama, dilaçma, öyrətmə və uşaq nəğmələri (düzgü, sanama, öcəşmə, acıtma, dolama, çağırış və müraciətlər);

Epik növ: tapmaca, yanıltmac və uşaq nağılları;

Dramatik növ: uşaq oyun və tamaşaları.

Göründüyü kimi, folklorumuzda həm uşaqlara söyləmək üçün, həm də onların özlərinin ifa etməsi üçün kifayət qədər material var. Kimin - böyüklərin və ya uşaqların ifa etməsinə baxmayaraq, bu ad altında verilən nümunələr uşaq marağına uyğun, onların başa düşəcəyi və zövqünü oxşayacaq səviyyədədir. Seçilmiş mətnlərin həcmcə kiçik olması da xüsusi əhəmiyyət daşıyır. Uşaqlar nəticəni daha tez görmək istəyirlər, buna görə də iri həcmli mətnlər ilk görünüşdən onların xoşuna gəlmir. Dilşünas alim T.Hacıyev göstərir ki, uşaq ədəbiyyatı dilinin son dərəcə sadə olması, lüğət tərkibinin tam anlaşıqlığı ilə seçilir. Bu dildə didaktik ünsürlərə geniş yer verilir, sadə, aydın, ibrətamiz hikmətlər, atalar sözü və zərb-məsəllər tez-tez işlənir. Uşaq folkloruna aid nümunələrin onların hərtərəfli inkişafında xüsusi rolu var. Tələffüz qabiliyyətini cilalamaqda yanıltmaclar ən uğurlu vasitələrdəndir. Eyni və bir-birinə yaxın səslərin daha çevik təkrarı tələffüz zamanı yaranan maneələri aradan qaldırmaq üçün həm də əyləncəli məşqlərdir. Bədii təxəyyülün inkişafı və dinləmə qabiliyyətinin formalaşmasında nağıllar müstəsna əhəmiyyətə malikdir. Yaddasaxlama qabiliyyətini gücləndirmək üçün asan əzbərlənən mətnlərdən - sanama, düzgü, cırnatmalardan, məntiqi təfəkkür və əxlaqi davranış formalaşdırmaq məqsədilə atalar sözlərindən, ətraf aləmlə tanışlıq və təfəkkür çevikliyi üçün tapmacalardan, fiziki inkişaf üçün oyunlardan və s. janrlardan istifadə edilməsi bu sahədə məqsədə doğru gedən ən kəsə yollardır.

Dərslikdə "Zolaqlı burunduk" əfsanəsinin hansı xalqa məxsus olması göstərilməmişdir. Altı yaşlı uşağın gündəlik həyatdan tanıdığı, sevdiyi xeyli heyvan, quş, bitki var ki, onların haqqında şeirlər, hekayələr uşaqlar üçün daha maraqlı və yaddaqalandır. Lakin bu sırada burunduk yoxdur. I sinif üçün metodik vəsaitdə burunduku daha yaxından tanıtmaq üçün belə bir tapmaca verilmişdir:

Balaca heyvan
Meşədə gəzər.
Kürəyini də
Beş zolaq bəzər.

V.Xuluflunun, H.Zeynallının, N.Seyidov və başqa folklorşünasların tərtib etdikləri tapmaca kitablarında burundukla bağlı bir dənə də mətn tapmadıq.

Niyə xalq həyatı ilə bağlı olmayan bir heyvanı bu qədər cidd-cəhdlə uşaq təfəkkürünə yeritməyə çalışmalıyıq? Bunun əvəzinə, Azərbaycan xalqının həyatında xüsusi yeri olan at haqqında hər hansı bir mətni verib, onunla bağlı sual-cavab aparmaq olmazdımı? Bu zaman, xalq qəhrəmanları Koroğlunun, Qaçaq Nəbinin atlarının adlarını tanıtmaq, atla bağlı tapmaca, atalar sözləri, mahnı və s. janrlardan da istifadə etmək olardı. Həmçinin yorğa at, qulun məfhumlarını öyrətmək, məşhur at cinsləri, Qarabağ atları haqqında da məlumat vermək olardı. Və ya "Zolaqlı burunduk" əvəzinə iki sayaçı sözü, ya da iki holavar vermək olmazdımı?

I sinif "Azərbaycan dili" dərsliyinin tədrisi ilə bağlı tərtib olunmuş "Müəllim üçün metodik vəsait" material baxımından daha zəngindir. Düzdür, uşaqlarla bu işləri müəllim aparır və bu, çox yaxşıdır. Amma şagird bu mətnləri görmür. Axı göz yaddaşının da qavramada, yaddasaxlamada rolu böyükdür. Digər tərəfdən, uşaq dərsləri evdə - valideynin yanında hazırlayır. Dərslik isə uşağın suallarını yetərincə cavablandırmaq üçün bəs etmir.  Bu zaman ailədə uşağın ev tapşırıqlarını yerinə yetirmək üçün müəllimlə əlavə məşğul olması məsələsi gündəmə gəlir. Dərsliyin qənaətbəxş olmaması ailədə bir çox sosial problemlərin yaranmasına da səbəb olur.

Bütün zamanların dərsliklərində eyni mövzuların təkrar verilməsi əsas deyil. Lakin mühüm olan odur ki, ana xətt, əsas prinsip gözlənilsin. Bu, əsasən aşağıdakılardan ibarətdir:

1. Uşaqlarda diqqətin formalaşması;

2. Nitqin inkişafı;

3. Yaddaşın möhkəmlənməsi;

4. Estetik tərbiyə;

5. Əqli nəticəyə gəlmək bacarığı;

6. Ətrafda baş verənləri düzgün qiymətləndirmə qabiliyyəti və s.

Mətnlərin seçilməsində digər mühüm şərt ana dilinin bütün zənginliklərinin şagirdlərə çatdırılması, həmçinin, mətnlərin asan dərk edilməsi və yadda qalması, gözəl səslənməsi, tərbiyəvi mövzuda olması, dünyagörüşünün və mənəviyyatın formalaşmasına xidmət etməsidir. Belə olduqda uşaq dərslərini qısa müddətə və həvəslə hazırlaya bilər, əhvalı şən olar, özünü ağır yük altında hiss etməz, təhsilə neqativ münasibət yaranmaz, ailədə valideynlə uşaq arasında bu proseslə bağlı problem yaranmaz, yeni biliklər almaq ruhun ehtiyacına çevrilər. Deməli, xoşbəxt məktəbli ömrü yaşamağın bir mənbəyi də uşağın yaşına, marağına münasib vəsaitin olmasıdır. F.Köçərlinin təbirincə desək, "Qəlbi şad etmək özlüyündə bir xidmətdir".

Sözügedən dərsliklə yaxından tanış olduqca cavabsız suallar bir-birinin ardınca sıralandı. Niyə biz "Vətən dili" dərsliyinin müəllifi A.O.Çernyayevski qədər Azərbaycan dilini, təhsilini sevə bilmir, bu işdə onun qədər vətənpərvər ola bilmirik? Niyə dərslik tərtib edərkən bu sahədə bizdən əvvəl mövcud olan təcrübədən faydalanmırıq? Hansı səbəbdən milli ədəbiyyatımızı kənara qoyub serb, nanay, mordva, hind ədəbiyyatının dilimizə orta səviyyədə tərcümə olunmuş nümunələri ilə Azərbaycan dilini tədris edirik?

IV sinif dərsliyində Heydər Əliyevin belə bir kəlamı da verilib: "Bir hadisənin qarşısını almaq, onun nəticələrini aradan qaldırmaqdan daha asandır".

Xuraman KƏRİMOVA
AMEA Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsinin böyük elmi işçisi
[email protected]

 





15.07.2019    çap et  çap et