525.Az

Əsl şair üçün elegiya əvəzi


 

Əsl şair üçün elegiya əvəzi<b style="color:red"></b>

Tofiq NURƏLİ

Onda lap uşağıydım. Amma bilirdim ki, kəndimizin qənşərindəki dağların o üzündə Cimi adında bir kənd var. Orda “Cimi istisuyu” deyilən bir yer var.

Kəndimizin qənşərindəki dağların, oradakı yaylaqların, biçənəklərin, dərələrin, bulaqların çoxunun adını billirdim, lap orda olmasam da. Qaraişqın biçənəklərinin sol-yuxarı tərəfində, Bərk dərənin o tayında zirvəsi lap şiş olan dağın döşünə Fatmaqarı yaylağı deyirdilər. Oralar bizim kəndimizin əraziləri deyildi. Yadıma gəlir ki, yay axşamlarının toranı düşən vaxtlarda hər axşam orada tək bir ocaq yanardı... İlıq yay axşamının darıxdırıcı alatoranında adam bir anda kənddən çıxıb həmən ocağın yanında olmaq istəyirdi... Bir dəfə bunları Ələkbər müəllimə danışdım...

– Mən də Fatmaqarıda o ocağın yanında oturub həmin toran vaxtı Sizin kəndin işıqlarına baxardım – dedi və sifətinə təəssüf və sarımtıl işıqla dolu qəribə bir yorğun təbəssüm qondu. Deyirdi ki, o yaylaq mənim ən xoşbəxt olduğum yer idi, o illərin bütün yayını mən nənəmlə orda qalırdım, indinin özündə də həmişə o yaylaq üçün darıxıram; ilk şeirim çap olunanda da, hətta gəncliyimizdə o illərin ən nüfuzlu şairi Rəsul Rza şeirimi (“Boy” şeiri) öz şeiri kimi oxuyub, tərifləyib, məni təbrik edəndə də o yaylaqdakı qədər bəxtəvər olmamışam.

Sonralar mən yayda kəndimizdə olanda çox vaxt axşamlar eyvanda durub Fatmaqarıya baxırdım. Hərdən orada yenə bir ocaq işarırdı. Bilsəm də ki, elə dünən şəhərdə görüşüb gəlmişəm, indi kənddə mənə elə gəlirdi ki, Ələkbər gəlib o ocağı qalayıb...

Bütün bunlar elə də təəccüblü deyil... Təəccüb doğuran orası dı ki, bir tərəfi Quba – bir tərəfi Şamaxıya söykənən, o zaman üçün yolu-rizi çox çətin olan ucqar Qonaqkənd rayonundan şair çıxmışdı: özü də necə şair! O dövrün modern dünya poeziyası ilə bir cərgədə dayanan poeziya nümunələri yaradan şair! Mən bu sözləri çəkinmədən yazıram. Orasını da təəssüflə bildirirəm ki, R.Rzanın vəfatından sonra həmişə diri olan bədxahlar birbaşa Ə.Salahzadəni hədəf seçdilər, lap Əli Kərim kimi. Əli Kərim demişkən, mənim yadıma gələn, Ələkbər Salahzadə Əli Kərimdən sonra ikinci şairdir ki, onun ölümü ədəbi mühitdə bir təkan effekti yaratdı. Ədəbi mühit birdən-birə fərqinə vardı ki, nə boyda Şair itirilib. Onun haqqında bütün ədəbi nəsillərin nümayəndələri yazdılar. Ən əsası odur ki, bu yazıların hamısı konyukturadan uzaq, təmənnasız (günümüzün əsas bəlaları-T.N), əsl poeziyanı dəyərləndirə bilən insanların fikirləriydi. Çox sərrast yazmışdılar ki, Ələkbər Salahzadə həm də ədəbi meyar idi, indi o meyar yoxdur. Düşünürəm ki, çağdaş Azərbaycan üçün Abşeron nədirsə, çağdaş Azərbaycan poeziyası üçün də Ələkbər Salahzadə o idi...

Ələkbər Salahzadə də o xoşbəxt, o qüdrətli yaradıcılardandır ki, zaman keçdikcə daha da çağdaşlaşır. Bir vaxtlar Fatmaqarıda çatdığı ocağı o poeziyamızda qaladı və heç şübhəsiz, o ocağın işığı hər zaman görünəcək, hər zaman insanları özünə çəkəcək...

 

DOĞULMA
Böyük şair Ələkbər Salahzadənin əziz xatirəsinə 

O ürəkdən getdi,
ürəkdən ürəkdən getdi,
torpağın yarığına sular tələsən kimi
ürəkdən getdi torpağın altına;
ağrıya fürsət vermədən,
ağrıya əziyyət vermədən...
Belə də..,
əziyyətsiz-filansız getdi,
vəsiyyətsiz-filansız getdi..,
bəlkə bir az tələsik,
vaxtsız-plansız getdi...
Özü uzaqlardaydı –
özünü gözləmədi,
alnındakı yazını gözləmədi,
torpağın üstünə üsyan kimi getdi,
torpağın altına vulkan kimi getdi.
əcələ macal vermədi,
əcəldən qabaq getdi...
Eləcə
ürəkdən ürəkdən getdi o gecə.
Bu qəfil gedişin xəbəri
zəlzələ kimi titrədi...
Bu bəstəboy adamın
yerində qalan boşluğun böyüklüyü,
bu böyük boşluğun qurğuşun böyüklüyü
heyrət doğuldu...
Və doğuldu!
Bütün dahilər kimi
O da Doğuldu.

 





11.10.2013    çap et  çap et