525.Az

Ağrı (hekayə)


 

Ağrı <b style="color:red"> (hekayə)</b>

Vəfa MÜRSƏLQIZI

Hava buludlu idi. Görünür, yağış yağacaqdı. Belə havaları çox sevirdi. Günəşli günlərdə hamı çöldə-bayırda olurdu. Xoşu gəlmirdi adamlardan. Adam arasında olmağı sevmirdi. Sıxılırdı. 30 yaşı vardı, bu 30 ilin bəlkə də 5-6 ilini çıxsaq, bütün qalan vaxtını ömrü bax bu cür sıxıntı içərisində keçmişdi. Əslində elə bir dərd–səri yox idi. Ailəsi imkanlı olmasa da, normal yaşayırdı. Özü də musiqi təhsili almışdı. İndi də konservatoriyada dərs deyirdi. Bacıları (iki bacısı vardı) ərdə idi. Bircə o ərə getməmişdi. Səbəb də göz önündə idi. Enli, uzun burnu, yekə ağzı, hindquşu dərisini xatırladan dımır-dımır dərisi vardı. Gözləri qəşəng idi. Amma yerdə qalan əzaları bu gözəlliyi tamamən korlayırdı. Bu azmış kimi əyri qıçları, arıq, biçimsiz bədəni də yaralı yeri idi. Nə geyirdisə, yaraşmırdı. Özünü həmişə naqolay, adamların arasında artıq hiss edirdi. Bir qonaqlığa, məclisə gedib-gələndən sonra mütləq iki-üç gün ağlayırdı. Bacıları dünya gözəli idilər. Niyə bu qədər çirkinlik onun payına düşmüşdü? Anlaya bilmirdi bunu. Dəfələrlə plastik əməliyyat etdirmək istəmişdi, amma son anda daşınmışdı fikrindən. Nəsə cəsarəti çatmamışdı.

Dayanacağa yaxınlaşdı. Həmişəki kimi taksi tutacaqdı. Evə taksi ilə gedirdi. İctimai nəqliyyata minməyi sevmirdi. Qarşısında bir taksi dayandı. Taksidən təxminən onunla eyni yaşda bir oğlan düşdü, qapını açdı. Oturanda başa düşdü ki, bu oğlanı hardasa görüb. Ünvanı dedi. Yadına düşdü ki, oğlan onların bir neçə konsertində olub. Marağı artdı. Pəncərədən çölə baxırdı və birdən hiss elədi ki, oğlan gözünü çəkmədən ona baxır. Yol düz, boş idi. Oğlan sadəcə rulu tutmuşdu, gözü isə onda idi. Əvvəl əsəbiləşdi, istədi oğlana təpinsin. Görkəmi onu gürzə ilanı kimi kinli və əsəbi etmişdi. Zəhər yağırdı dilindən. Birdən ağlına gələn fikirdən onu isti basdı. Bəlkə?... Yox ola bilməz. Gözaltı oğlanı süzdü. Qəşəng idi, hündür boyu, mütənasib azca kök bədəni vardı. Saçları qara –qəhvəyi. Yəni belə gözəl oğlan onu sevərdi? Nə bilmək olar Allahın işini? Bəlkə də nəyisə xoş gəlib oğlana. Fikrə getdi. Savadlıdır, qabiliyyətlidir, əxlaqlıdır, ağıllıdır. Bunlar azdır? İndiki zamanədə ağıllı, əxlaqlı qız tapmaq asandır? Tələbələrini düşündü. Əsəbiləşirdi onları görəndə. Hamısı qızlar idi. Adi qızlar. Əksəriyyətinin əri, nişanlısı, sevgilisi vardı. Axşamlar, dərsdən çıxanda vurhavur başlayırdı konservatoriyanın qabağında. Onda özünü tez taksiyə atırdı. Xüsusən də qabaq sırada əyləşən, yumru, göyçək qızı görəndə əsəbləşirdi. Qızın balaca burnunun fonunda onun bədheybət burnu daha da eybəcər görünürdü. Zərif dərisinə baxanda özünün dımır-dımır dərisi yadına düşürdü. Qızın adı Nərmin idi.

Taksi sürücüsü yenə baxırdı ona. Daha yəqin elədi ki, bu oğlan ona vurulub. Gözlərini yumdu, başını taksinin oturacağına söykədi. Oğlana şərait yaratdı ki, ona rahat baxa bilsin. Arabir kipriklərini xəfifcə qaldırıb baxırdı. Oğlan doğrudan da onu süzürdü. Ürəyi atdandı. Təsəvvürləri sərhəddini aşdı. Bu oğlan fikrində artıq ona elçi də göndərdi. Keçən ay bacısının 17 yaşlı qızına elçi gələndə ürəyi elə pis sıxılmışdı ki... Sonra da xəcalət çəkmişdi. Xala olub sevinə bilmədiyi üçün özündən zəhləsi getmişdi. Ona heç zaman elçi gəlməmişdilər. Bacılarına elçi gəldikcə ümid eləmişdi ki, bəlkə bir gün ona da elçi gələr, amma ümidi hər dəfə boşa çıxırdı.

Oğlan gözünü çəkmirdi ondan. Artıq evə çatmaqlarına bircə tin qalırdı. Narahat olmağa başladı. Axı niyə dinmirdi oğlan? Ürəyində oğlana yalvarmağa, qurban-sadağa getməyə başladı. “Qurban olum sənə. Axı nədən utanırsan? Kim var ey burda? Bir mənəm, bir sən. Vallah sənə elə yaxşı arvad olaram ki. Səni ovcumun içində saxlayaram . Əlimdən hər iş gəlir ey mənim. Qurban olum, di danış! Bezmişəm camaatın “Niyə ərə getmirsən” suallarına cavab verməkdən. Nolar, məni xoşbəxt elə. Mən də istəyirəm evim, uşağım olsun. Mən də istəyirəm mənə elçi gəlsin. Badamın( Badam qonşuları idi) o həyasız, gəzəyən qızına da elçi gəldi ey. Anam da yazıq utanır. Soruşan olanda “Ya qismət” deyir, amma gözucu burnuma, sir-sifətimə baxıb köks otürür. Hə əzizim, danış, aç ürəyini...”

Birdən oğlan geri çevrildi. O diksindi. Elə bildi ki, səhərdən bəri ürəyində dediklərini oğlan eşidirmiş. Özünü itirdi, sifəti alışıb-yanırdı. Oğlan utana-utana sözə başladı:

– Dilarə müəllimə, bağışlayın siz Allah, heç bilmirəm hardan başlayım. Deməyə də utanıram...

Ürəyi bərk-bərk döyündü, qalxıb boğazında vurmağa başladı.

– Eşidirəm, buyurun.

Səsi özünə elə gözəl, nazik, məhəbbətlə dolu gəldi ki. Heç zaman belə nəvazişli görünməmişdi özünə. Bahalı çantasının yekə bir kilidi vardı. Bu kilid parlaq dəmirdən idi. Tez kiliddə özünə baxdı gözaltı. Güzgüyə baxmağa utandı. Yanaqları pörtmüşdü, gözləri parıldayırdı. Elə bil burnu da daha əvvəlki kimi deyildi.

– Buyurun, burda utanmalı nə var ki?

– Mənim adım Nizamidir. İqtisad Universitetini bitirmişəm. Sadəcə boş vaxtlarımda taksi sürürəm. Daimi işim də var, evim də. Özümün də heç bir pis vərdişim yoxdur. Dilarə xanım, müəllimə, sizin tələbələrinizi necə sevdiyinizi bilirəm. Siz onları bir böyük bacı, bir ana kimi himayə edirsiniz.

“Ana” sözü onu açmadı. Axı tələbələrin bura nə dəxli vardı? Gəl də mətləbə!

– Bəli, elədir. Mən qızlarımı çox istəyirəm. Amma başa düşmədim siz niyə bunları deyirsiniz?

Nazla saçını üzündən geri atdı. Oğlan qərarlanmış kimi qəti bir tərzdə geri çevrildi.

– Müəllimə, sizin Nərmin adlı tələbəniz var. Mən o qızı sevirəm. Xahiş edirəm, bizim ailə ilə birgə Nərminə elçi gedəsiniz.

Oğlan sözünü bitirdi. Rahat nəfəs aldı. Gözünü yoldan çəkmədən cavab gözləməyə başladı. O, taksinin oturacağına yapışmışdı. Elə bil başından bir qazan qaynar su tökmüşdülər. Qəhərdən boğula-boğula kiprik çalırdı. Göz yaşları bəbəklərinə silələnmişdi. Amma ağlamağa utanırdı. Az qala ürəyi partlayacaqdı. Tez bir yerə gedib ağlamaq, ürəyini boşaltmaq istəyirdi.

– Saxla burda.

– Çatdınız?

– Saxla dedim! Nə qədər verəcəm?

– Lazım deyil, müəllimə, qonaq olun.

 Əl çantasından beş manat çıxardı. Adətən onu bura qədər beş manata gətirirdilər. Beşliyi oturacağa atdı.

– Bir söz demədiniz axı.

– Aradüzəldən sənin anandır!

Özü də başa düşdü ki, aradüzəldənliyin elçiliklə bir əlaqəsi yoxdur. Amma söz tapmadı desin. Yandığından belə dedi. Taksinin qapısını hirslə çırpıb, evə tərəf yollandı. Özünü bloka güclə yetirdi. Tozlu, kirli pilləkənlərdə oturdu. Başını əlləri arasına aldı , hönkürdü. Elə bil nəyisə düşüb o taksidə qalmışdı, itmişdi, qırılmışdı. Əslində ümidləri idi o taksinin arxa oturacağında qalan. Başını bir az qaldırdı. Çantanın kilidində qarası üzünə yayılmış, dərdli gözlərini gördü. Bir də yekə burnunu. Acıqla kilidi qırdı, gücü gəldikcə uzağa tulladı. Qalxıb qıçları əsə-əsə evə yönəldi.

 





11.10.2013    çap et  çap et