525.Az

İdris Abbasov: “Din təhlükə deyil...- Müsahibə


 

İdris Abbasov: “Din təhlükə deyil...- <b style="color:red">Müsahibə</b>

...ƏKSİNƏ, DİNSİZ VƏ YA DİNDƏN SUİ-İSTİFADƏ EDƏN CƏMİYYƏTLƏR POTENSİAL TƏHLÜKƏ ALTINDADIR” 

Müsahibimiz – filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasov “Ərəb dilinin funksional sintaksisi”, “Dini- elmi-əxlaqi söhbətlər”, “Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət”, “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitablarının, “Ərəb dili tədrisinin aktual problemləri” metodik vəsaitin, 70-dən artıq elmi, dini-elmi və onlarla tərcümə əsərinin müəllifidir. İ. Abbasov müxtəlif illərdə tərcüməçi-redaktor, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyində tərcüməçi-katib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Nümayəndəliyində əvvəlcə şöbə müdiri, sonra İdarənin rəisi və başqa vəzifələrdə çalışıb, pedaqoji fəaliyyətlə məşğul olub. Alimlə söhbətimizin mövzusunu dinlərin təsnifatı, qədim, milli və səmavi dinlər barəsində mülahizələr, din və vicdan azadlığı məsələləri, din və dövlət münasibətlərinin təhlili təşkil edir.

– İdris müəllim, öncə ümumən din anlayışına baxışınızı öyrənmək istərdik.

– Din insanları müqəddəs duyğu, ortaq şüur və vicdan ətrafında birləşdirən bir faktor olduğu kimi cəmiyyəti yüksəldən, onun inkişafını təmin edən bir qurumdur. Din eyni zamanda əxlaqi bir müəssisə olaraq insanlara istiqamət verən, ən mükəmməl qanun və nizamnamələrdən daha qüvvətli bir şəkildə insanın daxili aləminə nüfuz edən bir intizamdır. Dinin zəifləməsi cəmiyyətdə əxlaqi dəyərlərin zəifləməsinə və cinayətlərin artmasına, özbaşınalıq və anarxiyaya səbəb ola bilər.

Dini həyat ilk baxışda bir hüquqsuzluq kimi görünsə də, səmimiyyətlə qəbul etdikdən sonra onun insanı ucaltdığı, əbədiləşdirdiyi və ruh dünyasındakı bütün hüquqsuzluqları kənar etdiyi görülür.

Ümumiyyətlə, insan düşdüyü dairəni və alışdığı həyat tərzini dəyişdirməyə qarşı müqavimət göstərir və bunu öz azadlığının boğulması kimi qiymətləndirir. Halbuki bu davranış onun fizioloji və psixoloji inkişafına əngəl törədir. Dinin yenidən etibar qazanmasında bu gün dinin elmi bir araşdırma sahəsi olaraq nəzərdən keçirilməsi və din elmlərinin sürətlə inkişaf etməsi, elmi məlumat və təfəkkürün artması, ziyalıların mövzuya maraq göstərməsi və keçmişdə olduğu kimi ictimai, siyasi və beynəlxalq hadisələrdə dinin müəyyənedici rolu başlıca amil kimi göstərilə bilər. Din fərd və cəmiyyətin taleyini əlində cəmləşdirmiş güc, yaxud güclərə qarşı sosial bir davranışdır.

Məsələn, İslam dini sosial gerçəkliyə böyük önəm verir. Qurani-Kərim israrla ədalətin zəruriliyindən bəhs edir. Verilən bütün sərbəstliklərə baxmayaraq, insan öz hərəkətlərini özü tənzimləməli, həddi aşmamalı, dini həssasiyyəti itirməməlidir. Dini həssasiyyətin əsasını insana “şah damarından da yaxın”, hər şeydən xəbərdar olan Allah inancı təşkil edir. Əxlaqi həssasiyyət isə doğruluq və dürüstlük, soyuqqanlılıq, dözümlülük, təvazökarlıq, qənaətkarlıq, fədakarlıq, əfv, səbir, vəfa kimi sosial nəticələri olan fəzilətlərlə ortaya çıxır. Məsələn, pislik edənlərə ədalət ölçüsü içərisində cavab vermək fərd üçün bir haqdır, bağışlamaq yolunu seçmək isə bir ehsan və dolayısı ilə fəzilətdir. Quran pislikləri yaxşılıq və gözəlliklə qarşılamanın düşmənçiliyi dostluğa çevirəcəyini bildirir. Nəticə olaraq, İslam dini insanı qatı və anlamsız ənənələrin məngənəsindən  və qəbilənin özbaşına dəyərsiz bir parçası olmaqdan qurtarıb onu inanc, düşüncə və əməllərinin xarakterinə görə dəyərli və dəyərsiz edən həqiqi bir şəxsiyyət edib. Buna görə də inanclı bir insana yüksək dəyər verilib. Əxlaq baxımından bu qəbul insanın müstəqil bir dəyər olduğu prinsipinin elanından başqa bir şey deyil. Təsəvvüfdə ən yüksək məqsəd olan mərifətullaha çatmaq üçün qəlbin arındırılması və əxlaqın gözəlləşdirilməsinə ağırlıq verilib. Fəlsəfədə isə insanın əxlaqi təbiəti və nəfsin əxlaqla bağlı gücləri ilə bunlardan doğan fəzilətlər və fəzilətsizliklərin tərifi, nəfsin tərbiyəsi, ən yüksək məqsəd olaraq səadət və ona çatma yolları, bunun üçün əlverişli olan və olmayan cəmiyyət və siyasət növləri kimi mövzular xüsusi əhəmiyyət kəsb edib. Maddi ehtiyaclar qanuni çərçivədə ödənməlidir və insan mütləq iqtisadi bir varlıq (homo economicus) deyildir. Həyat dünya həyatından ibarət olmadığı kimi, maddi doyum və inkişaf da dünya həyatının əsl məqsədi olmamalıdır.

İnsan dünyaya Allahın əta etdiyi səriştə ilə yaxşılıq və gözəlliyi hakim etmək üçün göndərilib və Allaha ibadət üçün yaradılıb. İlahi iradəyə uyğun şəkildə insanın hər bir davranışı ibadət dəyərindədir. Çalışmaq, qazanmaq, cəmiyyət üçün yararlı bir insan olmaq, dünya nemətlərindən yararlanmaq təşviq edilib, kor-koranə qədərçilik, dünyadan əl çəkmək, başqalarına yük olmaq, dilənçilik və miskinlik qınanıb.

– Amma bəzən dindarlıqda da ifrata varılır...

– Yadda saxlamaq lazımdır ki, dindar olmaq tərki-dünya olmaq demək deyil. Cəmiyyətin rifah və rahatlığı üçün liberal baxış tərəfdarı olarkən dinamikliyi və funksionallığı itirməmək lazımdır. Azad düşüncəyə sahib olmaqla konkret bir günaha batmamaq üçün vicdanlı yanaşma ortaya qoyulmalıdır. Laqeyd, məsuliyyətsiz həyat tərzi qəbuledilməzdir. Nəcib insan olub qərarsız olmaq olmaz, qərarlı olub mövhumatçı olmaq qəbuledilməzdir. Sərbəst düşüncəli insan olmaq xoş qarşılanır, fəqət sərbəst düşüncəli olub qeyri-ciddi olmaq xoş deyildir. Xeyirxah adamın lovğa olması əxlaqla uzlaşmır. Bəşəri qərarsızlıq daimi stabilliyə zəmanət vermir. Bir kəsin azadlığı başqalarına ziyan verməməlidir və bir şəxsin varlanması başqalarının həyat şansına qənim kəsilməməlidir. Beləliklə, bütün bəşəriyyət ləyaqətli və nizamlı cəmiyyətdə yaşamaq arzusundadır.   

Bir sıra müasir müəlliflər hələ də ateizmi canlı tutaraq dini inancları ittiham edir, dini bütün şər işlərin mənbəyi, nağıl, əfsanə, təmas etdiyi hər şeyi zəhərləyən, istər fundamentalist, istərsə də liberalist səviyyələrdə cəmiyyət üçün təhlükəli hesab edirlər. Bu qəlibdən olan alimlər marksizmə və Darvinin insanın meymundan əmələ gəlməsi ilə bağlı təkamül nəzəriyyəsinə səcdə edərək dinə mif, magiya və ya primitiv təfəkkürün qalıqları kimi baxmaqdadırlar. Amma bütün bunları deyərkən onlar elmi faktlara istinad etmədiklərindən gətirdikləri arqumentlər özünü doğrultmur.

– İfrata varmaq deyəndə həm də dini radikalizm meyillərini nəzərdə tuturam...

– Ekstremistlər öz fanatizmlərinə haqq qazandırmaq üçün həqiqətin açarı olan kompleks yanaşmadan boyun qaçıraraq müqəddəs kitablardan əxz etdikləri ayələrə kontekstdən kənar yanaşırlar. Halbuki tolerantlıq, sülh, sevgi, qarşılıqlı hörmət və ehtiram, təvazökarlıq, mərhəmət və anlaşmaya dəvət edən ilahi dinlərin və səmavi kitabların mahiyyətinə göz yumurlar. Qəribə olsa da, günümüzün müasir ateistləri dini gözdən salmaqla faktiki olaraq fanatiklərə yardım edirlər. Bəzən müharibələrdə dinin rolunu şişirdirlər. Halbuki dini müharibələr bəşər konfliktlərinin çox kiçik azlığını təşkil edir. Müharibə və zorakılıq insan vəziyyətinin bir hissəsi kimi görünür. Dini bunun başlıca səbəbi kimi görmək sadəcə real problemi nəzərdən qaçırmaq və hər hansı bir həll yolunu tapmaq ümidini itirmək demək olardı.

– İdris müəllim, bu yaxınlarda çap edilmiş “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitabınızın adındakı ilk sualı, müəllif olaraq, cavablandırmağınızı istərdik: Din zərərlidirmi, təhlükədirmi?

– Dinin zərərli olub-olmamasına gəlincə, unutmamaq lazımdır ki, təkcə dini inanclardan deyil, ümumiyyətlə, bütün inanclardan potensial şəkildə sui-istifadə edilə bilər, yəni az qala bütün bəşəri inanclar və institutlar nifrət və ədalətsizliklər naminə pis məqsədlər üçün səfərbər edilə bilər. Zərərli dini inancların və zərərli qeyri-dini inancların olduğu məlumdur. İnancları zərərli edən din yox, nifrət, cahillik, tamahkarlıq, güc və səlahiyyət arzusu, başqalarına qarşı etinasızlıqdır. Din dözümsüzlüyü təbliğ etmir, əksinə, dözümsüzlük özünün real səbəblərini ört-basdır etmək və ona saxta “əxlaqi” don geyindirmək üçün dindən istifadə edir. Beləliklə, insan fitrətinin ayrılmaz hissəsi olan, birbaşa qəlblərə xitab edən və yüksək bəşəri idealların carçısı olan din mənəvi saflıq, ucalıq, kamillik rəmzi kimi  cəmiyyətin mövcud olma şərtidir. Deməli, din təhlükə deyildir, əksinə, dinsiz və ya dindən sui-istifadə edən cəmiyyətlər potensial təhlükə altındadır.

(Ardı var)

S.MÜRVƏTQIZI

 





11.10.2013    çap et  çap et