525.Az

Fransa mediası Azərbaycan mətbu orqanlarından nələr yazırdı?


 

Fransa mediası Azərbaycan mətbu orqanlarından nələr yazırdı? <b style="color:red"></b>

Fransanın müxtəlif mətbu orqanlarında neçə əsrlər boyu qocaman Şərqdən, onun dilbər guşəsi Azərbaycandan bəhs edən biri-birindən maraqlı yazılar yer alıb.

"Jurnal Aziatik", "İki dünya", "Müsəlman aləmi" və digər dərgilərdə ölkəmizin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və digər hadisələrə həsr olunmuş saysız-hesabsız məqalələr dərc edilib. Belə yazıların əsas müəlliflərindən biri ömrünün 20 ilini Azərbaycan ədəbiyyatı və mətbuatını fransız oxucularına çatdıran görkəmli fransız şərqşünası Lüsyən Buva olub. Məqalənin əsas məğzindən söhbət açmazdan əvvəl yazılarımızda dəfələrlə adını çəkdiyimiz, yeri gələndə onun fikirlərinə istinad etdiyimiz bu şəxsin qısa tərcümeyi-halı barədə məlumat verməyi özümüzə borc bilirik. Azərbaycan ədəbiyyatı və mətbuatı ilə bağlı fransız mətbuatında dərc etdirdiyi məqalələri ilə yadda qalan Lüsyən Buva 1872-ci ildə Fransanın cənub şəhərlərinin birində doğulub. Orta məktəbdə Şərq dünyasına hədsiz marağı onu Parisdəki Şərq Dilləri Məktəbinə (sonralar bu məktəb Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutuna çevrilib. Hazırda qısaca olaraq İNALCO adlanır - Ə.Ə.) gətirib çıxarıb.

Məktəbi bitirdikdən sonra "Beynəlxalq Asiya Cəmiyyəti"nin kitabxanasında fəaliyyətə başlayıb, burada dövrünün görkəmli şərqşünası alimləri ilə yaxından tanış olub, bir qədər sonra bu cəmiyyətə üzv seçilib.

Şərqşünas və İslamşünas kimi Əhmədiyyə dini icmasının, Teymurilər sülaləsinin və Barmakidlər ailəsinin tədqiqi ilə məşğul olub. "Monqol imperiyası", "Müsəlman mətbuatı", "Əhmədiyyələr", "Rusiya müsəlmanlarının statistikası", "Bağdad vilayəti və onun inzibati təşkilatı", "Məmlük Karali İbrahim", "Misirdə təhsilin təşkili", "Afrikada İspaniyanın siyasəti" kimi iri həcmli əsərlərin və yüzlərlə məqalənin müəllifi olan Lüsyən Buva Mərakeş missionerlərinin dəstəyi ilə Parisdə nəşr olunan "Müsəlman aləmi" jurnalının (1906-1926) məsul katibi, məcburiyyət üzündən doğma vətəninə qayıda bilməyərək qürbətdə yaşayan Azərbaycan Demokratik Cümhuriyyətinin ilk Parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında 1919-cu ildə Parisdə nəşr olunan "Azərbaycan" adlı bülletenin redaktoru vəzifələrində çalışıb. Xatırladaq ki, maliyyə çatışmazlığı səbəbindən bülletenin 11 nömrəsi işıq üzü görüb.

Şərqşünas alimin fars, türk və monqol dillərindən etdiyi tərcümələr geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb.

Həyatının son illərini şərqşünaslıq elmi sahəsində araşdırmalara həsr edən Lüsyən Buva 1942-ci ildə Parisdə vəfat edib.

Məhz onun tərcüməsi sayəsində tələbkar fransız oxucular dahi Azərbaycan dramaturqu M.F.Axundovun "Hekayəti Müsyo Jordan və dərviş Məstəli şah", "Xəsis" (“Hacı Qara”) komediyaları və "Aldanmış kəvakib" əsəri ilə "Hekayəti Yusif şah" adı altında tanış olmaq imkanı əldə ediblər. O, dramaturqun hər üç əsərini 1903, 1904 və 1906-cı illərdə Parisdə ayrıca kitab şəklində çap etdirib.

 Şərqşünas alimin azərbaycanlı diplomat, publisist və yazıçı Yusif Vəzir Çəmənzəminlinin irihəcmli "Azərbaycan ədəbiyyatına bir nəzər" məqaləsinin xülasəsini fransız dilinə tərcüməsi "Müsəlman aləmi" jurnalının 1922-ci ildə işıq üzü görən nömrəsində dərc olunub.

Bir daha xatırlatmaq istərdik ki, həyatının iyirmi ilini L.Buva Azərbaycan ədəbiyyatı və mediasından nümunələri fransız oxucularına çatdırıb.

Sual oluna bilər, necə olub ki, fransız şərqşünası Azərbaycan ədəbiyyatına və mediasına belə maraq göstərib? Bu suala bir mənalı şəkildə cavab vermək olar. Lüsyən Buvada ölkəmizə, onun zəngin tarixinə, ədəbiyyatına, mədəniyyətinə və mətbu orqanlarına marağı dövrünün görkəmli maarifçisi, M.F.Axundovdan sonra əlifbamızın islahatı istiqamətində yorulmadan mübarizə aparan, "Şərqi-Rus" qəzetinin naşiri və redaktoru Məhəmməd ağa Şahtaxtılı oyadıb.

M.Şahtaxtılıya qədər fransız şərqşünasın Azərbaycanla bağlı hər hansı bir yazısına fransız mətbuatında rast gəlinmir.

Birinci səfərindən (1873-1875) 24 il sonra, 1899-cu ildə yenidən Fransaya gələn M.Şahtaxtılı məşhur Sarbon Universitetinin nəzdindəki Ali Təhsilin Təcrübi Məktəbinin dinləyicisi olmaqla yanaşı, "Beynəlxalq Fonetika" və "Beynəlxalq Asiya" cəmiyyətlərinin üzvü seçilib, Fransanın tanınmış alimləri ilə yaxından tanış olub, dilçilik elmi sahəsində onlarla yaxından əməkdaşlıq edib. Elmi fəaliyyəti ilə əlaqədar üzv olduğu "Asiya Cəmiyyətinin"  kitabxanasından tez-tez istifadə etməli olub.

Bu məqamlar Lüsyən Buvanın kitabxanada çalışdığı dövrə təsadüf edib. Burada onların ilk tanışlığı sonralar möhkəm dostluğa çevrilib. Fransız şərqşünası ilə vaxtaşırı görüşən Məhəmməd ağa Şahtaxtılı dostuna ölkəmiz, onun tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, doğma dilində qəzet nəşr etmək arzusu barədə danışıb və onda böyük maraq oyadıb. Elə bunun nəticəsidir ki, L.Buva Azərbaycanla bağlı ilk məqaləsini yaxın dostu M.Şahtaxtılının 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi "Şərqi-Rus" qəzetinin çapdan çıxan ilk nömrəsinə həsr edib. Onun "Azəri türklərinin dilində bir siyasi və ədəbi qəzet" məqaləsi Parisdə nəşr edilən "Jurnal Aziatik"in 1903-cü ildəki nömrəsində çap olunub.

Məqalənin əvvəlində qeyd edilib ki, məslək yoldaşımız cənab Məhəmməd ağa Şahtaxtinski Tiflisdə Azərbaycan dilində danışan çoxsaylı xalqa müraciət edən  "Şərqi-Rus" qəzetinin əsasını qoyub. Buna qədər ölkədə osmanlı mətbuatı hökmranlıq edirdi. Krım tatarlarının öz dillərində bir mətbu orqanı mövcud idi. Qafqazda türk dilində danışan müsəlmanlar da doğma dillərində bir qəzetin olmasını çox arzulayırdılar. Amma cənab Şahtaxtinskidən əvvəl kimsə bu məsələyə cəhd göstərməyə müvəffəq ola bilməyib.

Əgər L.Buva Azərbaycan mətbu orqanlarından bəhs edən məqalələrinin birində görkəmli maarifpərvər Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə ölkəmizdə Azərbaycanın ilk mətbu orqan kimi "Əkinçi"nin nəşr edildiyini xatırlamasaydı, fransız şərqşünasının yanlışlığa yol verdiyi fikrinə gəlmək olardı. Görünür, Lüsyən Buva XX əsrin əvvəllərini nəzərə alaraq belə bir fikir irəli sürüb. Həqiqətən də, H.Zərdabidən sonra XIX əsrin sonlarında və XX əsrin əvvəllərində mütəfəkkir fikirli bir çox azərbaycanlı ziyalı mənsub olduğu xalqı maarifləndirmək məqsədilə doğma dilimizdə bir qəzet və ya jurnal çıxartmaq istəsə də, Rusiya İmperiyasının senzurası milli hərəkatdan ehtiyat edərək buna imkan verməyib, dəfələrlə etdikləri müraciətlərə rədd cavabı verilib. XX əsrin əvvəlində doğma dildə qəzet nəşr etdirmək fransız aliminin qeyd etdiyi kimi, yalnız M.Şahtaxtılıya müəssər olub. 1903-cü ildə  "Şərqi-Rus" qəzetinin ilk nömrəsi çapdan çıxıb.

Qəzetin ilk nömrəsində (1903, 30 mart - 11 aprel) dərc edilən materiallar barədə fransız oxucularına məlumat verən müəllif yazırdı: "Şərqi-Rus"un ilk nömrəsində məsləkdaşımız bir neçə sözlə öz proqramını açıqlayaq, oxucularına qəzetin çərşənbə, cümə və bazar günləri çap olunacağını, Tiflisdə, Qafqazda, Rusiyada və xaricdə baş verən siyasi, elmi və ədəbi, həmçinin, yeni hüquqi, müxtəlif hadisələr, faydalı məlumatlar və müxtəlif elanlar dərc edəcəyini bəyan edib.

Məqalənin sonunda L.Buva qeyd edir ki, sadə xalqın başa düşəcəyi dildə materiallara üstünlük verən qəzet bəzi sözlərin izahını verirdi. Əminik ki, cənab M.Şahtaxtinskinin təşəbbüsü müsəlman Şərqinə maraq göstərənlər arasında rəğbətlə qarşılanacaq. Ona bu yolda uğurlar arzulayırıq.

Xatırladaq ki, L.Buva bir müddət "Şərqi-Rus" qəzeti ilə əməkdaşlıq edib. O, qəzetdə dərc olunan bəzi yazıları və maraqlı xəbərləri tərcümə edərək "Müsəlman aləmi jurnalı" vasitəsilə fransız oxucularına çatdırıb.

Fransız şərqşünasının Azərbaycan mətbuatı ilə bağlı ikinci məqaləsi "Molla Nəsrəddin" jurnalına həsr olunub. "Müsəlman aləmi jurnalı"nın 1907-ci ildə çap edilən nömrəsində "Müsəlman mətbuatı" rubrikası altında dərc olunan "Molla Nəsrəddin" jurnalı sərlövhəli məqalədə müəllif bildirib ki, Azərbaycan mətbuatının ilk satirik jurnalı olan "Molla Nəsrəddin" jurnalının adı osmanlılar arasında çox geniş yayılmış Xoca Nəsrəddinin adından götürülüb.

L.Buva satirik jurnalın 1906-cı ilin əvvəlində Tiflisdə nəşrə başladığını, həftəlik jurnalın səkkiz rəngli səhifədə çap edildiyini, dörd səhifəsində məqalələrin, digər dörd səhifədə isə karikaturaların yer aldığını, jurnalın naşir və redaktorunun Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadə olduğunu bildirib.

Fransız şərqşünası jurnalın 25-ci nömrəsində dərc edilən yazılardan ətraflı söhbət açıb, xalqı xurafata sürükləyən, mənasız dini ideyaları insanlara təlqin edən yalançı mollaları kəskin tənqid edildiyini diqqətə çəkib.

 L.Buva qeyd edib ki, jurnalın "Qafqazda xəbər" rubrikası altında Qafqazda baş verən maraqlı və gülüş doğuran xəbərlərə geniş yer verilib, hətta nümunə kimi "Şirin rus danışığı" adlı yumoristik yazıda bazarda bir rusla azərbaycanlı bənna arasında baş verən dialoq barədə fransız oxucularını ətraflı məlumatlandırıb. Jurnalın nümunəsi ilə Rusiya imperiyasında müsəlman dünyasında baş verən hadisələr heç nə əlavə edilmədən, olduğu kimi fransızlara çatdırılıb.

Fransız şərqşünası satirik jurnalın açıq-saçıq yazılarına görə dəfələrlə din xadimlərinin hücumlarına məruz qaldığını qeyd edib.

L.Buvanın "Müsəlman aləmi jurnalı"nın 1906-cı ilin ilk nömrəsində "Rusiya müsəlmanlarının mətbuatı" sərlövhəli məqaləsində qeyd olunurdu ki, Həsən bəy Zərdabinin nəşr etdiyi "Əkinçi" qəzetindən sonra bir çox azərbaycanlı ziyalı mətbu orqanı açmağa təşəbbüs göstərsələr də, istədiklərinə nail ola bilməyiblər, hər dəfə çar Rusiyası məmurlarından rədd cavabları alıblar.

Rus çinovniklərinin təzyiqlərinə baxmayaraq, İsmayıl bəy Qasprinski (1851-1914) çox çətinliklə qəzet nəşr etmək istəyinə nail olub və 1879-cu ildə Krımda "Tərcüman" adlı qəzeti nəşr etməyə müvəffəq olub. İ.Kasprinski Krım türklərinin dilində nəşr olunan qəzetə xeyir-dua verməsi və qəzetə rəhbərlik etməsi üçün Həsən bəy Zərdabiyə məktub göndərib. H.Zərdabi "Tərcüman"a xeyir-dua verib, amma yaşının çox olduğunu, səhhətinin buna imkan vermədiyini bildirərək təklifdən boyun qaçırıb.

L.Buva diqqətə çəkib ki, "Tərcüman" 1883-1903-cü illərdə yeganə mətbu orqanı olub.

Şərqşünas bildirib ki, yeni XX əsrin başlanğıcında Rusiyada mətbuata qarşı sərt tədbirlərin bir qədər yüngülləşdirilməsi, azacıq da olsa azadlıq verilməsi bir çox yerlərdə olduğu kimi, Azərbaycanda da yeni qəzet və jurnalların nəşrə başlamasına şərait yaratdı. Yeni əsrdə yeni mətbu orqanının fəaliyyəti ilk dəfə Məhəmməd ağa Şahtaxtinskiyə nəsib oldu. Onun redaktorluğu altında 1903-cü ildə "Şərqi-Rus" qəzeti nəşr olunmağa başladı. "Şərqi-Rus" digər mətbu orqanlarının nəşrə başlamasına təkan verdi. Qısa zamanda "Həyat", "Kaspi", "İrşad", "Dəvət" və digər qəzetlər nəşr olunmağa başlayıb.

Fransalı müəllif "Kaspi" və "İrşad" qəzetlərinin redaktorları arasında polemika və mübahisələr olduğu, bəzən bu mübahisələrin təhqirə çevrildiyi, "Həyat" qəzeti nəşrini dayandırdıqdan sonra onun redaktorları elmi və ədəbi "Füyuzat" qəzetini təsis etdikləri barədə fransız oxucularına ətraflı məlumat verib.

Lüsyən Buvanın Azərbaycan mətbuatı ilə bağlı növbəti məqaləsi "Müsəlman aləmi jurnalı"nın 1907-ci il nömrəsində yaxın dostu və məsləkdaşı Məhəmməd ağa Şahtaxtinskinin qısa tərcümeyi-halından bəhs edən "Məhəmməd ağa Şahtaxtinski" adlı yazısı olub.

Məqalədə deyilir: Neçə illərdir ki, Rusiyanın tatar mətbuatında İrəvandan ikinci Dumaya deputat seçilmiş Məhəmməd ağa Şahtaxtinskidən tez-tez söhbət açılır. Biz sözün həqiqi mənasında yüksək dəyərlərə malik bu insanın tərcümeyi-halından bəzi məqamları oxuculara çatdırmağı özümüzə borc bilirik.

Lüsyən Buva M.Şahtaxtinskinin 1848-ci ildə İrəvanda anadan olduğunu, ərəb və fars dillərində mükəmməl təhsil aldığını, ali təhsil almaq məqsədilə əvvəl Rusiyaya, sonra 1872-ci ildə Almaniyanın Leypsiq Universitetində təhsilini davam etdirdiyini, burada gələcək şərqşünas Martin Hartmanla birlikdə məşhur ərəbşünas Qustav Fleşerin mühazirələrini dinlədiyini məqaləsində açıqlayıb.

Fransız şərqşünası M.Şahtaxtlının doğum tarixi və anadan olduğu yerlə bağlı yanlışlığa yol verib. Belə ki, əldə olunan dəqiq mənbələrdə həmyerlimizin 1846-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının Şahtaxtı kəndində dünyaya göz açması öz təsdiqini tapıb.

Məqalədə daha sonra qeyd edilib ki, M.Şahtaxtinski 1873-cü ildə Parisə gələrək Şərq Dilləri Məktəbində (İNALCO) vaxtilə öyrəndiyi fransız dilini daha da təkmilləşdirib.

Müəllif bildirib ki, atasının ölüm xəbərini alan M.Şahtaxtinski 1875-ci ildə vətəninə qayıdaraq, yenidən Fransaya qayıtmaq üçün əlverişli məqam gözləyib. Nəhayət, 1899-cu ildə ikinci dəfə Parisə səfər edən M.Şahtaxtinski Fransa kollecində və Sarbon Universitetinin nəzdindəki Ali Təhsil Təcrübi Məktəbində mühazirələr dinləyib, ərəb, fars, türk, zend və pəhləvi dillərində öz biliyini nümayiş etdirib. "Beynəlxalq Fonetika", "Beynəlxalq Asiya" cəmiyyətlərinə üzv seçildiyi, 1902-ci ildə Fransanı tərk etdiyi və 1903-cü ildə Tiflisdə doğma dilində "Şərqi-Rus" qəzetinin əsasını qoyduğu, II Dumaya deputat seçildiyi və Dumanın aqrar komissiyasının üzvü olduğu məqalədə diqqətə çəkilib.

Məqalənin sonunda L.Buva xatırladır ki, fars, ərəb, rus, fransız və alman

dillərini doğma Azərbaycan dili kimi bilən, yüksək mədəniyyətli və liberal, ölkəmizin səmimi dostu, Rusiyada İslam dünyasının ümidlərini doğruldacaq insanlardan biri kimi M.Şahtaxtinskiyə yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq.

Fransız şərqşünası Azərbaycan mətbuatı ilə bağlı daha bir məqaləsi "Yeni Füyuzat" jurnalına həsr olunub. Müəllifin yazısı "Müsəlman aləmi" jurnalının 1911-ci il tarixli dördüncü nömrəsində "Müsəlman mətbuatı" rubrikası altında dərc olunub.

Məqalədə bildirilib ki, dövrünün tanınmış ziyalısı Əli bəy Hüseynzadənin redaktor olduğu "Füyuzat" jurnalı bir neçə illik fəaliyyətdən sonra 1907-ci ilin oktyabr ayında bağlanıb. Onun yerinə 1910-cu ildə həftəlik "Yeni Füyuzat" nəşr olunmağa başlayıb. Baş redaktoru az müddətdə "Füyuzat"da çalışmış türkiyəli yazar Əhməd Kamal, naşir və redaktoru Əlipaşa Hüseynzadə olan jurnal öz səhifələrində siyasi, tarix, ədəbi, əxlaqi, dini, fəlsəfi və siyasi, iqtisadi məsələlərinə yer verib. Səkkiz səhifəlik mətbu orqanında müxtəlif rubrikalar altında ölkəmizdə və dünyada baş verən hadisələr, yeniliklər, faydalı elmi məsləhətlər dərc olunurdu.

1910-1911-ci illərdə 21 nömrəsi işıq üzü görən jurnalda baş redaktor, liberal fikirli Əhməd Kamal müsəlmanları Avropa hiylələrindən qətiyyətlə müdafiə edən kəskin yazılarla çıxış edib, Balkanlarda slavyanizmin müvəffəqiyyətsizliyindən söhbət açıb. Jurnal Misirə, orada baş verən hadisələrə maraq göstərir, gənc misirlilərin İngiltərəyə qarşı mübarizəsinə həsr olunan materiallara geniş yer verib.

L.Buva xatırladıb ki, jurnal müxtəlif müsəlman, o cümlədən, Azərbaycanın mətbu orqanları ilə polemikaya geniş yer ayırıb, axund Yusif Talıbzadənin "Yeni İslam" məqaləsində İslamla bağlı səsləndirdiyi fikirlər, yeni cəmiyyət yaratmaq təklifi müzakirələrə səbəb olub.

Jurnalda müsəlman ədiblərinin yaradıcılığına daha tez-tez yer ayrılıb.

Jurnalın "Gigiyena" rubrikası altında dərc olunan yazılar da mühüm əhəmiyyət kəsb edib, alkoqollu içkilərin zərərindən, ayrı-ayrı ərzaq məhsullarından söhbət açılıb, eyni zamanda, təhsil, məktəbli oyunları, riyazi problemlər və onların həlli yollarından danışılıb.

Bir sözlə, "Müsəlman aləmi" jurnalının məsul katibi L.Buva məcmuənin hər nömrəsində milli mətbuatımızın səhifələrində dərc olunan maraqlı xəbərlərin tərcüməsi ilə fransız mətbuatında çıxış edib.

Həyatının 20 ilini Azərbaycan ədəbiyyatı və mətbuatı ilə bağlı nümunələri fransız oxucularına çatdırmaqda Lüsyən Buvanın fəaliyyəti təqdirəlayiqdir.

 





17.07.2019    çap et  çap et