525.Az

Ah, kliplər, kliplər... - Əlisəfdər Hüseynovun yazısı


 

Ah, kliplər, kliplər... - <b style="color:red">Əlisəfdər Hüseynovun yazısı </b>

İndi mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasından çox danışırlar və bu yazıdan sonra dünya musiqisinə inteqrasiya yolu ilə inamla irəliləyən sənətçilərimizin nəzərində ən yaxşı halda mühafizəkar kimi görünəcəyimə şübhə etmirəm.

Amma mən mühafizəkar rolunu axıra qədər oynayıb yalnız mühafizəkarların qəbul edəcəyi fikrirlərimi də söyləməkdən özümü saxlaya bilmirəm.

Etiraf edim ki, çoxdandır televiziya ekranlarında klip görüntüləri peyda olar-olmaz canımı üşütmə tutur. Halbuki əksinə olmalıdır. Nəzəri baxımdan bu görüntülər kino sənəti ilə, ələlxüsus da kino və digər incəsənət sahələri, o cümlədən, musiqi, poetik söz arasındakı əlaqələrlə maraqlanan bir şəxs kimi mənə çeşidli təsvir və səs obrazları üzərində geniş müşahidə imkanları verməlidir və mən də sevinməliyəm. Amma belə olmur. Çünki göz gördüyündən qorxar. Kliplər yavaş-yavaş televiziya ekranlarına ayaq açdığı vaxtlarda öndə gedən xanım müğənnilərimizdən biri hansısa mahnısına çəkdirdiyi klipin şirin yerində arxasını kameraya çevirərək ətəyi bir qarış donunu qaldırıb qəttəzə, qar kimi bəyaz alt paltarını gözümüzə soxandan sonra məndə klip adlı şeyə qarşı bir allergiya yaranmışdı. Xanım müğənninin o pozasının, alt paltarının mahnının sözlərinə, məzmununa, ən başlıcası isə estetik zövq anlayışına (söhbət poetik sözün, musiqinin və təsvirin sintezində gedirsə, niyə də belə düşünməyək) nə dərəcədə aidiyyəti olması barədə baş sındıra-sındıra fikirləşirdim ki, bu gün alt paltarı mövzusunda belə əzab-əziyyət, fədakar əmək, sabah da...

Nə isə...

Məni belə əsəbi tonda danışmağa görə qınamayın. Əgər efir vasitəsi ilə evimə soxulub mənimlə bu dildə danışırlarsa, mən niyə susmalıyam ki?

Məni nimdaş zövqdə, boyat duyumda da qınamağa tələsməyin. Poeziya, musiqi və təsvirin calağından yaranan və son iki onillikdə kommunikasiya dövriyyəsində populyar mövqe qazanan klip yaradıcılığının estetikasından az-çox xəbərim var və bilirəm ki, hər hansı mahnının ifası ekranlaşdırılırsa, ilk növbədə həmin mahnının dramaturji materialını təşkil edən poetik mətnin  məzmun yeni bir keyfiyyətdə zühur edib zövq oxşamalıdır. Bu metamorfoza o əcaib poza, alt paltarı kimi başa düşülürsə - yenidən dilimizin izahlı lüğətinimi vərəqləməliyik?

Klipi ona görə yaradıblar ki, poetik sözün və musiqinin ifadə planında görünməyən obrazlar, deyilməyən mətləblər, sözlər, misralararası boşluqlarda gizlində qalan, lakin duyulan bütöv bir dünya təsvir dili ilə görüntü effekti qazansın, söz və melodiya bir-birinə hörülərək öz vizual məkanına qovuşsun. Yox, əgər o sirli dünya kiminsə evinin, maşınının, yataq dəstinin, telefonunun, hamamxanasının reklamına, sözün bədii məkanından çox-çox uzaqda olan şit hərəkətlərinin, əcaib pozalarının effektinə qurban gedirsə - belə klip göstəriləndə necə fit çalmayasan.

Bədii sintez klipin mayasında dayanan əsas tələbdir. Sintez baş tutursa, məsələn, P.Bülbüloğlunun ifasında "Gəl, ey səhər" mahnısının ifadəli klipi doğulur, mahnı yeni həyat qazanır, onun içindəki enerji üzə çıxıb estetik hadisəyə çevrilir. Yaxud E.Yaqubovun, Z.Xanbabayevanın, S.Ələkbərzadənin ifasında səslənən mahnılara çəkilmiş, eləcə də Ülviyyə Könülün, Fuad Əlişovun çəkdikləri ayrı-ayrı kliplərə necə ağız büzəsən? Vay o günə ki, klipdə vizual və akustik sıralar bir-birini tamamlamaya. Onda nəinki söz təsvirdən qaçaq düşür, hətta səs də qeybə çəkilir, mahnının üzdəki enerjisi də ölür. Nəticədə, deyək ki, bir klipdə müasir dəblə geyinmiş 3 qəşəng qız "Araqçının məndədir" mahnısını öz-özlüyündə maraqlı aranjemanda oxuya-oxuya xəyali bir ofisin rəisinə istefa ərizəsi yazırlar (heç dəxli var?), başqa bir klipdə milli paltar geyinmiş azərbaycanlı xanım lap nağıllardakı kimi bağ-bağçaya seyrə çıxır, ağac kölgəsində yatmış gənc bağbana bir könüldən min könülə vurulur və evə qaçıb ney kimi nalə çəkir "Mən gəlmişəm sənə qonaq, oğlan, mənə bax, bax. Mənə bişir bir qayğanaq, oğlan, mənə bax, bax" (bu "xoşbəxt" oğlan ağacların arasında tavanı, yumurtanı, yağı hardan tapsın ki, bu qıza qayğanaq bişirsin?)...

Qeyri-adi müqayisələr, predmetlərin fantastik deformasiyası, litota, hiperbola kimi kəskin poetik fiqurlar, təhkiyənin mozaikliyi, təsvir fonlarının mərtəbəli təqdimi kliplərdə ekran dilinin səciyyəvi keyfiyyətləri kimi çıxış edir. Kliplərdə şeir mətnlərinin özlərinin də nitq formasında iştirakı çox vaxt mətndəki metaforaları sözlərin leksik mənaları əsasında quramağa imkan verir, məsələn, insan stola, stula, güzgüyə çevrilir, insan ovcunda gəzmək imkanı olan subyekt dərəcəsində kiçildilir, yaxud yer kürəsini əlində oynatmaq dərəcəsində böyüdülür və s. Lakin elə etmək lazımdır ki, bu çevrilmələr bizi çaşdırmasın,  mətnə sintez olunsun: biz eyni vaxtda həm mətni eşidək, həm də onun vizual interpretasiyanın şahidi olaq. Lakin bu imkanlardan kor-koranə və sui-istifadə etdikdə 3-4 dəqiqəlik klip süjeti təsvirlə yüklənir, məkan və zaman dəyişmələrinin sürəti az qala səs sürətinə yaxınlaşır və bu səs-təsvir bolluğunda nədən söhbət getdiyini anlamaq olmur. İlk növbədə ona görə ki, mətnin metrik ölçüləri ilə təsvirin ritmik təşkili arasında yaranan uçurum fonunda mahnının bu qədər çeşidli montaj kəsiklərinə səpələnmiş enerjisini bir fokusa yığan poetik vurğunu (əgər varsa) tapmaq müşkülə çevrilir və həmkarlarımın yazdıqları kimi, "insanın daxili sarsıntılarının vəziyyətini: ürəyinin döyünməsi, qanın damarlardan axması, təsvirin göz bəbəklərində əks olunması kimi halların imitasiyasını ekranlara gətirsələr də, bu, çox zaman kliniki effekt yaradaraq bədiiliyi pozur" (Dadaşov A.Ə., Məhərrəmov Q.M. Televiziya və radio tamaşaları. B.: "Təhsil", 1999. 208 s. (5, 24-25).

Mən o qədər sadəlövh, predmetin estetikasından xəbərsiz adam deyiləm ki, düşünüm: məsələn, "Apardı sellər Saranı" mahnısına həsr olunmuş klipdə mütləq sellərə qərq olmuş Saranı görməliyik, yaxud "Əlimi bıçaq kəsibdir" mahnısı oxunursa, bıçağın kəsdiyi əldən axan qan damlaları klipdə asas vizual obraz olmalıdır və s. (Hərçənd nəinki tamaşaçılar, hətta klipmeykerlər arasında belə düşünənlər olmamış deyil). Mahnı mətni - öz poetik qayda-qanunları olan, məkan-zaman koordinantları standart ölçülərə sığışan, koleydoskopik sürətlə dəyişən spesifik mətnlərdir və belə mətnlərin ötürdüyü informasiyanı "klassik ekranlaşdırma" estetikası ilə vizuallaşdırmaq ona görə mümkünsüzdür ki, poetik mətn adi danışıq dilinin məntiq qanunlarına tabe deyil - onun öz qanunları var. Amma bu o demək deyil ki, klipdə vizual görüntü adı altında nəinki poetik, ümumiyyətlə, heç bir məntiqlə izah oluna bilməyən, heç bir bədii-estetik yük daşımayan görüntüləri mozaika üslubunda sərgiləyib manipulyasiya edəsən, ən yaxşı halda isə çəkilən klip ifa olunan mahnının audiovizual obrazını yaratmaq əvəzinə, ifaçının, deyək ki, geyim dəbinin, saç düzümünün, avtomobillərinin, daha nəyinin, nəyinin reklamı vasitəsinə çevrilsin (və heç kimin ağlına gəlməsin ki, klipi çəkilən mahnının mətninin, musiqisinin müəlliflərinin bu kliplərdə görüntü obyekti olmağa ifaçıdan heç də az haqqı çatmır).

Aydındır ki, 2-3 dəqiqəlik müddət ərzində vizual görüntülərin köməyi ilə süjet qurmaq, obraz yaratmaq asan deyil, bunu yalnız ekran təhriyəsinin sirlərinə vaqif olanlar bacarar və belə klip ustaları bizdə də var. Amma nəyə görəsə onların boş qoyduğu meydanı indi diletantlar sulayırlar. 

Xalq yazıçısı Anardan aldığım müsahibədə onun kliplərlə bağlı dediklərini xatırlayıram: "Mən şəxsən bu kliplərin çoxunu qəbul etmirəm. Bəlkə də bu, ondan irəli gəlir ki, mən başqa bir nəslin  nümayəndəsiyəm. İndiki nəsil tempə, ritmə, sürətə daha çox aludə olur. Ona görə də onların çəkdikləri və onlara ünvanlanan  kliplərdə bir-birini əvəz edən kadrlar mozaika təsiri bağışlayır. Mozaika isə mənzərə deyil. Bu mozaika içində nə baş verir - anlamaq olmur. Belə kliplərə baxanda dünya orada bütöv yox, parça-parça görünür".

Bu, müasir kliplərə yüksək bədii-estetik zövq mövqeyindən sərgilənən və heç bir tərəddüsə əl yeri qoymayan münasibətin klassik örnəyirdir.

İndi neyləyək? Yüksək səviyyəli kliplər yaratmaq vəzifəsinin öhdəsindən gələ bilmədiyimizə görə geriyə - 70-80-ci illərin film-konsert, kinoklip estetikasınamı qayıdaq?

Klip yaradıcılıq sahəsi kimi ötən əsrin 90-cı illərində önə çıxsa da, Azərbaycada bir qədər əvvəllər - 60-70-ci illərdə başqa ad altında (məsələn film-konsert süjetləri kimi), başqa formalarda (kinofilmlərdən epizodlar timsalında) maraqla kliplər yaradılırdı. R.Behbudovun, Ş.Ələkbərovanın M.Babayevin, F.Kərimovanın, "Qaya" kvartetinin iştirakı ilə çəkilən film-konsertlərdən o qədər nümunələr göstərmək olar ki. Mən hələ "Gün keçdi" filminin əvvəlində F.Kərimova ilə M.Babayevin oxuduqları "Bir axşam" mahnısının uğurlu ekran yozumunu, yaxud "Görüş" filmində Şövkət xanımın təkrarsız ustalıqla oxuduğu "Axşam oldu" mahnısının doğurduğu klip effektini demirəm. Ustad müğənnilərin ifasında hər söz, hər səs görümlü obraza çevrilirdi və bu obrazların ekran bərabərliyinə tamaşa etmək necə də maraqlı idi.

Hərdən fikirləşirəm ki, yaxşı mahnını yaxşı ifa edə-edə də klip yaratmaq olar - adına nə deyirsiz, deyin.

Və mən bu qeydlərə illüstrasiya seçəndə fotokadrları bilərəkdən ötən əsrdə sadə texnika ilə çəkilmiş film-konsertlərdən götürdüm. Səbəbi isə, məncə, məlumdur.

 





18.07.2019    çap et  çap et