525.Az

Min yaşlı yüzillik diplomatiya və Napoleon Bonapart - Ruslan Dost Əli yazır


 

Min yaşlı yüzillik diplomatiya və Napoleon Bonapart - <b style="color:red">Ruslan Dost Əli yazır </b>

Napoleon Bonapartın boyu 168 sm idi. Hələ yeniyetməlik dövründə boyunun kiçikliyinə görə tez-tez istehzalarla üzləşir, atmacalara məruz qalırdı.

Bizim ilk diplomatik jestimiz bəlkə də düşmənə müharibə elan etməkdən ibarət olub. Çünki tarix etibarilə həmişə düşmənlərin əhatəsində olmuşuq. Yaranan mürəkkəb situasiyalar müharibələri qaçılmaz edib. Bunun da əlbəttə, hər şeydən əvvəl geosiyasi tərəfləri var. Uğurlarımız artıqca düşmənlərimiz də artıb.

Hetlərlə misirlilər arasında imzalanan Kadeş müqaviləsi dünyada ilk diplomatik sənəd olaraq qəbul edilir. Bu müqavilə iki dövlət arasında müharibəni sonlandırdı və əlli il boyunca sülhü təmin etdi. Eramızdan əvvəl yaranan dövlətlərin bu istiqamətdə yürütdüyü siyasət, yaratdığı planlı fəaliyyət modeli günümüzdəki diplomatiyanın fəaliyyət istiqaməti ilə, onun üzərinə düşən öhdəliklə eynilik təşkil edir. Diplomatiya termini çox sonralar meydana çıxsa da, məqsəd, qayə hər zaman bir olmuşdur - milli maraqların müdafiəsi.

Diplomatiya deyiləndə ilk yada düşən Qərb dövlətləri olsa da, Azərbaycan da özünəməxsus diplomatiya tarixinə və ənənələrinə malik olan dövlətlər sırasındadır. Bu günlərdə yüz yaşını qeyd etdiyimiz Azərbaycan diplomatiyası böyük anlamda əslində, çox qədimlərə dayanır.

XVII əsrdən başlayaraq kralların və hökmdarların saraylarında daimi diplomatik nümayəndəliklər yarandı və bu tarixdən etibarən diplomatiya dövlət fəaliyyətinin xüsusi növü kimi formalaşmağa başladı. Buna görə də, adətən, diplomatiya tarixindən danışılarkən bu tarixə qədər olan dövr nəzərə alınmır. Bu mənada, Azərbaycan dövləti daha qədim diplomatiya tarixinə malikdir. Hətta V əsrə qədər gedib çıxmaq olar.

Bir dəfə məktəb yoldaşlarından biri Napoleona rişxəndlə deyir: "Nə vaxtsa biz döyüşə gedəcəyik, sən isə bu boyunla atını minənədək müharibə qurtaracaq".

Cavanşir Azərbaycan dövlətçiliyi tarixinə böyük şəxsiyyətlərdən biri kimi düşüb. Onun müdrik hökmdar və mahir diplomat olduğu tarixdən bizə məlumdur. Araşdırma yazılarından birində isə əhvalat belə nəql olunur. Cavanşir 654-660-cı illərdə Bizans imperatoru II Konstantinlə siyasi müttəfiqliyə dair müqavilələr imzalayıb. Lakin sonradan Bizansın zəifliyini görərək ərəblərlə danışıq aparmağa başlayıb. Danışıqlar Albaniyanın daxili müstəqilliyinin saxlanması ilə nəticələnib. Bundan başqa, Cavanşir Xilafət xəzinəsinə ödəniləcək vergilərin üçdə birə qədər azaldılmasına da nail olub.

Napoleon yaşına uyğun olmayan, dünya görmüş adama xas olan təmkinlə məktəb yoldaşına belə cavab verir: "Müharibə mən atı minəndən sonra başlayacaq".

Şərqin ilk diplomat qadını Sara Xatun Ağqoyunlu dövlətinin idarə olunmasında və xarici siyasətində müstəsna yer tuturdu. Onun haqqında çox rast gəlinən rəvayətlərdən biri isə belədir: Sara Xatun Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmet kimi dövlət başçıları ilə diplomatik danışıqlar aparmışdı. Sultan II Mehmetin düşərgəsinə yollanan Sara Xatunun qarşısında çətin vəzifə dururdu. O, Osmanlı sultanını Ağqoyunlular üzərinə hücumdan daşındırmalı idi. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun sultanın hərbi düşərgəsində yaxşı qarşılandı. Özünün bütün diplomatik ustalığını işə salaraq oğlu Uzun Həsənin tapşırığını yerinə yetirə bildi. II Mehmed Ağqoyunlu dövləti ilə müharibə etmək fikrindən vaz keçərək sülhə razı oldu. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti vardı. Məhz Sara Xatunun bağladığı bu müqavilə sayəsində Türkiyə ilə döyüşmək iqtidarında olmayan kiçik Ağqoyunlu dövləti öz varlığını və müstəqilliyini qoruyub saxlaya bildi.

Təsadüfi deyil ki, hökmdar xarici siyasət məsələlərində onunla məsləhətləşir, ən mürəkkəb diplomatik danışıqlara bir qayda olaraq onu göndərirdi. Avropa dövlətləri Ağqoyunlu dövlətinə diplomatik nümayəndə göndərərkən buna xüsusi diqqət edir, ən yaxşı diplomatlarını seçir və Sara xatun faktorunu nəzərə alırdılar.

Bonapart qeyri-adi çalışqanlıq və bacarıq nəticəsində hədəflərinə bir-bir çatırdı, artıq 24 yaşında general, 34 yaşında isə imperator idi.

Bütün tarixi mənbələrdə Azərbaycan diplomatiyasının çiçəklənmə dövrünün orta əsrlərdə, xüsusilə də Ağqoyunlular dövləti ilə başladığı deyilir və qeyd olunur: Uzun Həsənin dövründə Azərbaycanın Şərq-Qərb əlaqələrindəki rolu daha da artdı. Azərbaycanın ənənəvi əlaqələr saxladığı Şərq ölkələrindən başqa, Avropa dövlətləri ilə də geniş diplomatik münasibətlər yaratdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin, bir çox qonşu Şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparırdılar. Təbrizdə - Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. O zaman Ağqoyunlular dövlətinin dünyanın 30-dan çox ölkəsində daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.

1796-cı ildə İtaliya ordusunun komandanı vəzifəsi Napoleon Bonaparta həvalə olunur.

Daha bir maraqlı məqam isə, Şirvanşah İbrahimin xalqı naminə Teymura qarşı etdiyi jestdir. Bu, ilk baxışdan aşağılayıcı təsir baxışlasa da, onun nə üçün belə davrandığı məlumdur və bu qətiyyən Şirvanşah İbrahimin şəxsiyyətinə qarşı alçaldıcı bir məqam kimi qiymətləndirilə bilməz. Hadisə tarixi yazılarda belə keçir: Ağıllı dövlət başçısı odur ki, Şirvanşah İbrahim kimi xalqını, dövlətini müharibədən, qanlı qırğından qorusun. Teymurun ordusu Şirvan dövlətini işğal etmək istəyəndə Şirvanşah İbrahim Teymurun sevdiyi bütün nemətlərdən 9 sayda götürüb onu qarşılamağa gedir. 9 rəqəmini sevən Teymur görür ki,  9 qabda qızıl gəlib, 9 gözəl at gəlib, bütün hədiyyələr doqquzdur, yalnız qulların sayı səkkizdir. Bunun səbəbini soruşanda Şirvanşah İbrahim deyir ki, 9-cu qul İbrahim şah özüdür. Şah bu yolla xalqını qırğından qoruyur. Düşmənin güclü olduğunu, məğlub olacağını bildikdə xalqını qırğından qorumaq məqsədilə düşmən qarşısında əyilmək də igidlikdir.

1804-cü ildə Bonapart Napoleon özünü imperator elan edir və bu dövrdə Fransa Avropanın ən güclü dövlətinə çevrilir.

1920-ci ildə Azərbaycan diplomatlarının Paris sülh konfransında iştirakı və qazandığı uğur diplomatiyamızın parlaq səhifələrindən biridir. Bu konfransdan sonra Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyi rəsmən tanındı və ona beynəlxalq iclaslarda iştirak etmək, danışıqlar aparmaq imkanı verildi. Yüz il öncə Böyük Britaniyanın, Yunanıstanın, ABŞ-ın diplomatik korpusları Azərbaycanda fəaliyyətə başladı. Bu fakt bugün beynəlxalq arenada Azərbaycana müxalif və əks mövqedə dayanan dövlətləri sarsıtmaq gücünə malikdir və bu dövlətlərin zaman-zaman fiaskoya uğradığının şahidi oluruq.

Bonapartın Türk xalqlarına hər zaman böyük ehtiramı olub. O deyirdi: "Mənə türklərdən ibarət bir ordu verin, sizin üçün dünyanı fəth edim".

1992-ci ildə dövlətimiz yenidən öz müstəqilliyini əldə etdikdən sonra, tarixi ənənələrinə sadiqliyini nümayiş etdirdi və bu ənənələri yaşatmağa, onlara yenidən nəfəs verməyə başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə dövlətimiz öz xarici siyasət strategiyasını müəyyənləşdirdi və Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin diplomatik manevrləri və duyumu nəticəsində Azərbaycan dövləti yenidən böyük dövlətlər tərəfindən qəbul edilməyə, beynəlxalq münasibətlər sistemində söz sahibi olmağa və öz mövqeyini açıq şəkildə nümayiş etdirməyə başladı.

Napoleon davam edir: "İnsanları ucaldan iki böyük məziyyət var: kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də var: yeri gələndə tərəddüdsüz şəkildə, canını fəda edə bilcək qədər vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə sahib qəhramanlardır. Türklər öldürülə bilər, lakin məğlub edilməzlər".

Bugün müasir azərbaycan diplomatiyası ölkə prezidenti İlham Əliyevin innovativ yanaşması fonunda öz məqsədinə doğru irəliləyir. İstənilən fənd və istənilən radikal addım təməlləri möhkəm olan və ənənələrinə sadiqliyini nümayiş etdirən dövlətin uğuru, yüksəlişi qarşısında acizdir.

Tarixi minillərə dayanan Azərbaycan diplomatiyası fonunda tarixi düşmənlərimiz olan Ermənistan hər keçən gün məhvə bir addım daha yaxınlaşır. Müxtəlif təxribatlara, qarayaxma kampaniyalarına və qarışıq, yalnız bir istiqamətə yönəlmiş lobbiçilik fəaliyyətinə baxmayaraq, mötəbər beynəlxalq təşkilatlarda, böyük dövlətlərin və dünya ictimaiyyətinin gözləri qarşısında dövlətimiz öz düşmənini hə zaman nokaut vəziyyətinə salmağı bacarıb.

Bir sıra dövlətlər əvvəllər Azərbaycanı coğrafi cəhətdən strateji əhəmiyyət kəsb etdiyinə görə sıxışdırır, geosiyasi oyunlara qurban verməyə çalışırdısa, bugün artıq bunun mükün olmadığının fərqindədir və Azərbaycan dövləti ilə razılaşmağa məcburdur.

Azərbaycan ərazi və əhali baxımından kiçik olsa da, addımları kifayət qədər böyükdür.

Azərbaycan müharibənin nəinki bitmədiyini, hətta hələ başlamadığını sübüt elədi.

Azərbaycan general yaşında Aprel döyüşlərini həyata keçirdi və Lələ-Təpəni işğaldan azad elədi.

Azərbaycanın imperator yaşına az qalıb.

 





18.07.2019    çap et  çap et