525.Az

Hacı Zeynalabdin Tağıyev - Sağımbay Jumaqulun məqaləsi


 

Hacı Zeynalabdin Tağıyev - <b style="color:red">Sağımbay Jumaqulun məqaləsi</b>

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun unudulmaz xeyriyyəçilərimizin, o cümlədən, Hacı Zeynalabdin Tağıyevin mesenatlıq fəaliyyəti haqqında araşdırma yazıları ilə bağlı tövsiyəsi bir jurnalist kimi mənim də ürəyimcə oldu.

Qeyd edim ki, Qazaxıstanın Uralsk şəhərində çıxan "Priuralye" ictimai-siyasi qəzetində "Şəxsiyyət" rubrikası altında Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev haqqında tanınmış qazax alimi, filologiya elmləri doktoru, professor Sağımbay Jumaqulun maraqlı elmi məqaləsi dərc olunub. Burada məşhur milyonçunun mesenatlıq fəaliyyəti, o cümlədən, "Qazaxıstan" qəzetinə göstərdiyi maliyyə yardımı haqqında tarixi faktlar və səmimi fikirlər yer alıb.

2017-ci ilin dekabr ayında çap olunsa da, Azərbaycan oxucuları üçün maraqlı olacağını nəzərə alıb rus dilindən tərcümə etdiyim həmin elmi məqaləni "525-ci qəzet"in oxucularına da təqdim etmək istədim. Fürsətdən istifadə edib "Priuralye" qəzetinin mənə təqdim olunmasında göstərdikləri köməyə görə azərbaycanlı jurnalist və alim Füzuli Məcidliyə və gənc qazax alimi Aliyə Kairovaya minnətdarlığımı bildirirəm.

Düşünürəm ki, Hacı Zeynalabdin Tağıyevin mətbuata da daimi yardımını nəzərə alaraq Milli Mətbuat Günü ərəfəsində xeyirxah milyonçunu yada salmaq bizim təkcə jurnalistlik fəaliyyətimizlə bağlı deyil, həm də vətəndaşlıq borcumuzdur.

Ağahüseyn Şükürov, jurnalist

Sağımbay JUMAQUL
Filologiya elmləri doktoru, professor 

Çar Rusiyasının boyunduruğu altında müstəmləkəçiliyə qarşı mübarizə aparan türkdilli müsəlman ictimaiyyətinin siyasi və mənəvi mübarizəsi XIX əsrin sonu - XX əsrin əvvəllərində yeni və keyfiyyətli məzmuna malik olmuşdu. İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik!" şüarı cədidçilik və millətçilik prinsiplərinə riayət edən Türk dünyasının son hədəflərini və vəzifələrini müəyyən etmişdi. Damarlarında əcdadlarının isti qanı axan nəcib türk nümayəndələrinin vətənpərvər şəxsiyyətləri yalnız öz millətinin deyil, həm də çarizmin boyunduruğu altında əzəb çəkən digər qardaş xalqların taleyinə biganə qala bilməzdilər. Qalimjan Barudi (1857-1921), Rizatdin Fəxretdinov (1859-1936), Əlimərdən bəy Topçubaşov (1863-1934), Qaysa Enikeyev (1864-1931), Muxlisa Bubi (1869-1937), Fatih Kərimi (1870-1937), Musa Begiyev (1873-1949), Jüsip Aqşora (1876-1935), İbinamin Ahtyamov (1877-1941), Sədri Maqsudi (1878-1958), Qayaz İsxaqi (1878-1954), Zəki Validi Toqan (1890-1970) kimi millət fədailəri Dövlət Dumasının tribunasındakı çıxışları və bəzi müsəlman nəşrlərindəki məqalələri ilə ictimaiyyətin diqqətini qazaxların da sosial problemlərinə diqqət yönəldirdilər.

Mərcani və Nasiri kimi türk müsəlman mənəviyyatı islahatçılarının parlaq ideyalarını və əməllərini davam etdirən xadimlər müstəmləkə sisteminin qəsbkar təzyiqinə məruz qalsalar da, mənəvi dirçəlişin təməli sayılan bir sıra təhsil müəssisələri açmışlar. Ziya Kamalinin təməlini qoyduğu "Qaliya" (1872), ilk sütunlarını Qalimjan Barudinin inşa etdiyi "Məhəmmədiyyə" (1882), Zeynulla Rəsulayevin başlatdığı "Rəsuliyyə" (1883), Xeyrulla Qusmanovun əsasını qoyduğu "Qusmaniyyə" ("Osmaniyyə") (1887), Əhməd və Mahmud Hüseynovların maddi yardımı ilə inşa olunmuş "Hüseyniyyə" (1891) kimi mədrəsələr Turanın geniş çöllərində bilik ziyasını yaymışdır.

Müsəlman türklərin nümayəndələrinə mənsub olan Kazan, Ufa, Orenburq və Sankt-Peterburqdakı mətbəələrdə qazax yazıçı və şairlərində kitabları çap olunurdu.

Rusiya imperiyasının Dövlət Dumasının yüksək tribunasından çıxış edən 20 müsəlman millət vəkili bütün türkdilli xalqların mühüm problemlərini qaldırırdılar. Məsələn, IV Dövlət Dumasında (7 dekabr 1912-ci il) İbinamin Ahtyamov müsəlman fraksiyası adından çar Rusiyasının milli və köçürmə siyasətindəki yanlışlıqları ifşa edirdi. O, dini etiqad azadlığına, mədəni maarifçilikdə milli müstəqilliyə, yerli özünüidarəetmədə məhdudiyyətlərin aradan qaldırılmasına dair III Ümumrusiya Müsəlmanları Konqresi tərəfindən baxılmış məsələlər üzrə proqram həllərini inandırıcı şəkildə təqdim etmişdi. 1914-cü il aprelin 15-25-də keçirilmiş IV Ümumrusiya Müsəlmanları Konqresində türk müsəlman ictimaiyyətinin təxminən 40 görkəmli nümayəndəsi iştirak etmişdir. Onların arasında IV Dumanın 6 deputatı və Dumanın əvvəlki çağırışının 9 deputatı, o cümlədən, Əlixan Bökeyxan, Baxıtjan Karatayev də var idilər.

Türk müsəlman ictimaiyyətinin başlıca təmsilçiləri Zeynalabdin Tağıyev (1823-1924), Mollaqali Yauşev (1864-1926), Mustafa Lütfi İzmaylov (1880) qazax nəşrlərinə maliyyə dəstəyi göstərmişdilər.

İlk qazax milli çap nəşrlərindən biri olan "Qazaxıstan" qəzetindəki "Qəzet nədir" adlı məqaləsində Qumar Karaş yazırdı: "Hamımızı bir məqsəd, bir niyyət ilə yalnız qəzet birləşdirə bilər. Buna görə qəzet bizim liderimiz, bizim sifətimiz, dostlarımızın qarşısında simamızdır. O, düşmənə qarşı bizim silahımızdır, bilmədiyimiz şeyləri göstərəcək müəllimimizdir, qəzet bizə qaranlıqda doğru yol açacaq məşəldir". Alaşın səsinə çevrilmiş qəzetin çapına Azərbaycan torpağından çıxmış məşhur, möhtəşəm xeyriyyəçiliyiilə ad çıxarmış Zeynalabdin Tağıyev özünün pul vəsaiti ilə yardım etmişdir.

Bütün türk dünyasında məşhur olan bu insanın halal və gərgin zəhməti sayəsində qazanılmış vəsaiti onun öz xalqının mənəvi dirçəlişinə və inkişaf etməsinə əvəzsiz töhfəsi olmuşdur. Adi bənnalıqdan neft maqnatına qədər çətin yol keçmiş belə bir mərhəmətli insan dəstək və köməyə ehtiyacı olan bir çox istedadlı şəxslər üçün yol açmışdır. O, Vətənə və xalqa qarşı övladlıq borcuna məsuliyyətli yanaşmağa çağırış edərək özünün müdrik ata sözlərini gənclərə ünvanlayırdı: "Mən yorulmaz əzmlə oxumağınızı, fədakarlıqla keyfiyyətli bilik axtarmağınızı və əldə etməyinizi istəyirəm. Yaddaşınızda möhkəm saxlayın ki, xoşbəxtliyin açarı - təhsildədir! "Gənclərə maliyyə dəstəyi göstərən Zeynalabdin Tağıyev onların qarşısında cəmi bir şərt qoyaraq təhsil aldıqdan sonra geri qayıdacaqlarını və vətənə xidmət edəcəklərini, yalnız öz dinindən olan qızlarla evlənəcəklərini yazılı etibarnamə ilə təsdiqləmələrini tələb edirdi. Bu, Tağıyev şəxsiyyətinin hələ erkən yaşlarında formalaşmış özünəməxsusluğu idi. O deyirdi: "Sağ əlimdəki Quran mənim ata-babalarımın ənənələrinə olan bağlılığımı və ehtiramımı bildirir, sol əlimdəki qəzet isə yalnız irəli getmək arzumu simvollaşdırır. Beləliklə, siz də iman və tərəqqi yoluna riayət edin!"

Bütün cəmiyyət tərəfindən hörmət bəslənilən Tağıyev milli dirçəliş prosesinə təsir edən "Həyat" və "Kaspiy" qəzetlərini maliyyələşdirirdi. Kasıb ailədən çıxdığı üçün o, adi insanların sosial ehtiyaclarına qarşı həssas idi. Yəqin ki, elə bu səbəblə də o, öz işçilərinin əmək haqqını mütəmadi olaraq artırmağı unutmurdu. İşçilərinin mənəvi cəhətdən maarifləndirilməsi üçün məscid, onların uşaqları üçün isə məktəb inşa etdirmişdi. O, əczaçılıq və tibbi yardım məntəqələri açaraq insanlara olan qayğıkeşliyini nümayiş etdirirdi.

Millətinin sivilizasiya yolu ilə inkişafına diqqət göstərərək, 1883-cü ildə öz vəsaiti ilə Dram teatrının möhtəşəm binasının tikintisinə kömək etmişdi. 1893-cü ildə bu sənət məbədi daha da genişləndirilmişdi. 1909-cu ildə teatr vandallar tərəfindən yandırıldıqdan sonraisə teatrın binasını yenidən qurmuşdu.

Azərbaycanda ilk kitabın nəşri, müqəddəs Quran-ı Kərimin Azərbaycan dilinə tərcümə olunması kimi xoş niyyətli əməllər də Tağıyevin adı ilə bağlıdır. Quranın tərcümə olunmasına rəsmi icazə almaq üçün o, Mirməhəmməd qazını Bağdada göndərmişdi. Leypsiqdə ərəb şriftini sifariş verərək onun əsasında Azərbaycan dilində Quran nəşr etdirmişdi.

O, Seyid Əzim Şirvaninin, Məhəmməd Hadinin kitablarını nəşr etdirərək, öz xalqının böyük övladlarının irsini də təbliğ etməyi unutmamışdı.

Səxavətli xeyriyyəçinin köməyi ilə Azərbaycan torpağında dünyəvi təhsil verən məşhur təhsil müəssisələri yaradılmışdır. O, qızlar üçün ilk müsəlman məktəbinin tikintisinin təşəbbüskarı olmuş, onun maliyyə dəstəyi ilə 1901-ci ildə Bakıda ilk qızlar məktəbi açılmışdır. Bu məktəb yalnız Azərbaycanda deyil, bütün müsəlman aləmində də Avropa nümunəli ilk və yeganə məktəb olmuşdur. Həmin təhsil ocağının açılışında o demişdir: "Gələcəkdə bu qızlar məktəbini gimnaziyaya çevirəcəyik. Bu, mənim çoxdankı arzumdur".

Məktəb məzunlarına Azərbaycan dilinə tərcümə olunmuş Quran-i Kərimi təqdim edir, Tolstoy, Puşkin, Lermontov kimi dünya ədəbiyyatı klassiklərinin kitablarını hədiyyə verirdi. Həmçinin, onlara təzə geyimlər və qiymətli mükafatlar da hədiyyə olaraq paylanırdı.

Doğma torpağından güc və enerji alan böyük şəxsiyyət doğma diyarın inkişafı və rifahı naminəvəsaitini əsirgəməmişdir. O, Bakı şəhərinin yaxınlığındakı Mərdəkan adlı yaşayış məntəqəsində bağbanlar və gülçülər üçün məktəbin əsasını qoymuşdur. Qumlu torpaqlarda meşə salaraq Bakının yaşıllaşdırma və abadlıq işlərində öz xatirə izlərini buraxmışdır.

Quraqlıq və digər təbii fəlakətlər səbəbindən yarana biləcək aclığın və heyvanların kütləvi surətdə azalmasının qarşısını almaq məqsədiləsu hövzələrinin yaradılması və su çəkilişi işlərini planlaşdırmışdır. Belə ki, bu məqsədlə Frankfurt-Mayn şəhərindən Vilyam Lindley adlı məşhur mühəndisi xüsusi olaraq Bakıya dəvət etmiş və suötürücü boruların çəkilişi məqsədilə kanalların salınmasını həyata keçirmişdir.

Şuşa şəhərində aclıq çəkənlər üçün bir-birinin ardınca içərisində ərzaq məhsulları olan karvanlar göndərərək, onlara maddi yardım etmişdir.

Avrasiya regionunda səxavətliliyi ilə nüfuz və hörmət qazanmış bu nəcib insanın xeyriyyə yardımı da xüsusi yer tutur. O, 1100 rubl Peterburqda bir məscidin tikintisinə, 5000 rubl Qafqaz və Dağıstan məscidlərinin təmirinə, 5000 rublHəştərxan məscidlərinin bərpa edilməsinə, 55000 rubl Tehranda mədrəsə tikintisinə, 5000 rubl "Səadət" məktəbinə kömək kimi, 8500 rubl yetim və xəstə insanlara dəstək olaraq, 50000 rubl məbləğində isə kommersiya məktəblərinə və müsəlman uşaqlarının təhsilinə maliyyə yardımı göstərmişdir.

Alaş övladları da xeyriyyəçilik mərhəmətindən kənarda qalmayıblar. 1911-ci ilin 10 martından 1913-cü ilin 15 noyabrınadək nəşr edilən, ilk milli nəşrlərdən biri olan "Qazaxıstan" qəzetinə bilavasitə maliyyə dəstəyi göstərməsi onun mesenatçılıq təbiətinin miqyasını aydın şəkildə xarakterizə edir.

Qəzetin nəşrinin maliyyələşdirilməsində çətinliklər yarandığı üçün Şangerey Bökeyulı Qumar Karaşı və Eleusin Buyraulını yardım məqsədi ilə Zeynalabdin Tağıyevin yanına göndərmişdir.

Şangereyin Tağıyevə öz əliylə məktub yazdığını Qumar Karaşın sultanın qarşısında oxunan şeir də təsdiq edir...

Şangerey Bökeyulı, Qumar Karaş, Eleusin Buyraulı (Buyrin), Bakıtjan Karatayev, Qubaydulla Berdiyev "Qazaxıstan" qəzetinin nəşrini təşkil etməkdə misilsiz sədaqət göstərmişlər. Əsl sənət sevdalısı, möhtəşəm incəsənət və ədəbi yaradıcılığa malik Şangerey yazırdı: "Əgər Abılayın rəngarəng bayrağının altında səfərə çıxırsansa, bu yolun ardıcıllarından biri də mən olacağam". Təsadüfi deyil ki, o, qəzetə maliyyə yardımı göstərmiş və onun sponsoru olmuşdu. Müasir ifadə ilə desək, o, Esenkul hacı Maman, Ahmet işan Orazay ilə birlikdə qazax ərazisində milli mesenatlığın təməlini qoymuşdu.

(ardı var)

 





18.07.2019    çap et  çap et