525.Az

Canlı və cansız təbiətin vurğunu olan Sirri-Xuda


 

Canlı və cansız təbiətin vurğunu olan Sirri-Xuda<b style="color:red"></b>

Məleykə QASIMQIZI

Azərbaycanın ölkəmizin elm xəzinəsinə bəxş etdiyi dahilərdən biri də Xudu Surxay oğlu Məmmədovdur.

Professor Xudu Məmmədov xarakterinə, səmimiyyətinə, insanpərvərliyinə, əxlaqına və ən nəhayət, elminə görə böyük insanlardan biridir.

“İnsanlar kəhkəşanlar içində bir cılız yolçuya bənzəyir. O kiminsə xeyirxahlığına, köməyinə möhtacdır. Yazıq və miskin bir varlıq olan insan dünyanın intəhasız sarsıntılarına necə davam gətirməlidir? Elə ona görə də onun həyatı səhvlər və büdrəmələrlə, yanlışlıqlarla və fanatizmlə dolu olur. İnsan öz həyatının çox hissəsini bu səhvlər məngənəsində çırpınmaqla, çox az, cüzi bir hissəsini isə bu səhvlərin həlli, onun təsiri və düzəldilməsi yolunda sərf edir. Bəzən bu səhvlər o qədər şirin, aldadıcı olur ki, insan son günlərini, o səhvləri xatırlamaqla onun təsirindən xumarlanmış halda xəyallara dalmaqla yaşayır”.

Ancaq Xudu Məmmədov ömrünün son günlərinə qədər heç bir səhvə yol verməmişdir desəm, yəqin ki, yanılmaram. Onun qısa ömür yolunda insani paklığı, mənəvi cəhətdən təmizliyə, yüksək əməllər uğrunda mübarizəyə çağıran fikir və mülahizələri həddindən çox olduğu üçün əlbəttə ki, Allah ona bir qədər də ömür versəydi o, ancaq yaxşı əməllərini xatırlayardı. Belələri xalqın çətin anlarında çox işlər görüb. Onların elədiklərini zərgər dəqiqliyi ilə araşdırıb gələcək nəsillərə tanıtmalıyıq. Bu hər birimizin borcudur.

Xudu müəllim son dərəcə insaflı, səmimi və mülayim adam idi.

Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə naxışlar arasında, elmi və bədii yaradıcılıq arasında əlaqələrin böyük tədqiqatçısı Xudu Surxay oğlu Məmmədov 14 dekabr 1927-ci ildə Qarabağ mahalında – Ağdamın Mərzili kəndində ziyalı ailəsində anadan olmuşdu.

Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu “Borosilikat-aksinit mineralının quruluşunun təyini” olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər.

1953-cü ildə Londonda III Beynəlxalq sement simpoziumu keçirilmişdir. Simpoziumda Dünya sülh şurasının sədri olmuş, görkəmli fizik və kristalloqraf Con Bernal çıxışında: “Sementin bağlayıcılıq və bir sıra başqa xüsusiyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər”, – söyləmişdir. Con Bernalın simpoziumda dediyi bu sözlərdən sonra dünyanın bir çox görkəmli alimləri və dövrünün müasir cihazları ilə zəngin elmi-tədqiqat laboratoriyaları bu kristalın quruluşunu açmaq üçün sanki yarışa çıxmışdı. Məhz belə bir məqamda Xudu Məmmədovun elmi rəhbəri akademik N.V.Belov bu “sement sehrinin” açarını tapmağı çoxsaylı tələbələri arasında gənc Xuduya həvalə edir.

Dünyanın bir sıra ölkələrində görkəmli alimlərin həll edə bilmədiyi problemləri qısa bir müddətdə Xudu Məmmədov həll etdi. Bu yenilik o dövrdə kristalloqrafiya sahəsində böyük qələbə və böyük elmi nailiyyət idi.

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.

1956-cı ildə Moskva şəhərində Beynəlxalq Sülh Konfransına gələn Con Bernal ixtirası ilə forumlardan tanış olduğu Xudu Məmmədovla görüşür. Kristalloqrafiya İnstitutunda görüşdən və elmi söhbətlərdən sonra onu Londona “Sement silikatlarının quruluşunun tədqiqi” elmi mərkəzinə dəvət edir.

Bu tanışlıqdan sonra Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Con Bernal da, öz növbəsində, Bakıda Xudu müəllimin qonağı olmuşdur. Ona bağışladığı “Elm haqqında” kitabında belə avtoqraf yazmışdı: “Canlı və cansız təbiəti vəhdətləşdirən böyük alim Xudu Məmmədova”.

Beləliklə, silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edən, böyük şöhrət qazanmış Xudu Məmmədovu Moskva və Leninqradın bir çox elmi-tədqiqat institutları və ali məktəbləri işə dəvət edirlər. Ancaq Vətənə məhəbbət, doğma el-oba istəyi nailiyyətlərini, arzu və istəklərini xalqının adı ilə bağlamaq, müasir və yeni elmi istiqamətlərinin doğma Azərbaycanda məktəbini yaratmaq arzusu onu Bakıya Kimya İnstitutuna qaytardı.

Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə “Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazır. Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşirlərindən sifariş olsa da, ingilis dilini yaxşı bilməsinə baxmayaraq, bu monoqrafiyanı Xudu Məmmədov öz dilimizdə yazdı. Bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi. Monoqrafiya ingilis və ya rus dillərində çap olunsaydı, dünya şöhrəti qazanmış gənc azərbaycanlı-türk alim Xudu Məmmədovun dünya elminə böyük töhfəsi olardı. Ancaq “Mənim ilk oxucum öz millətim olmalıdır” kəlamları bu insan haqqında çox söz deyirdi.

Xudu Məmmədovun kitabı haqqında görkəmli fəlsəfə tədqiqatçısı, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşov belə yazırdı: “Təbiətdəki hər şey öz ahəngi, öz nizamı ilə onu, doğrudan da, heyran etmiş və indi də heyran edir. O, uzun-uzadı bu nizamın sirləri barədə düşünməkdən yorulmur. Xudu Məmmədovu təbiət şairi adlandırsaq səhv etmərik, onun həssas qəlbi gur qaynayan lirika çeşməsidir. Buna görə də onun sənət məsələlərinə belə maraq göstərməsi, elmlə sənətin əlaqəsinə xüsusi bir əsər yazması çox təbii idi”.

Xudu Məmmədovun Azərbaycan televiziyasında uzun müddət aparıcısı olduğu “Elm və həyat” verilişi neçə-neçə gəncin elmə marağının formalaşmasında böyük rol oynamışdır. Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödəmək baxımından bu gün də TV kanalları üçün bir örnək, ən gözəl nümunədir.

O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri  kristallokimya sahəsindədir.

1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.

1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü idi.

Dostları onu “Sirri-Xuda”, “Sən dənizsən”, “Doyulmaz insan”, “Asan adam” və s. adlar qoymuşdular.

O, işi düz gətirməyən, ötəri uğursuzluqlarla üzləşən dost-tanışına: “Həyatın böyük çətinlikləri səni üzürsə, Füzulini oxu, ölməz “Koroğlu”nun uvertürasına qulaq as, muğamlarımızı, aşıq havalarımızı dinlə ki, sənə yenidən ayağa qalxıb irəli getmək, nəyisə əldə etmək həvəsi gəlsin”, – söyləyərmiş. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif edilmişdir. Böyük alimin zəhmətini qiymətləndirən rəhbərliyimiz onun adının əbədiləşdirilməsi üçün paytaxtımızın ən böyük küçələrindən birinə də Xudu Məmmədovun adını vermişdir. Lakin bu formal göstəricilər, görkəmli Azərbaycan alimi və ilk elmşünaslarımızdan biri Xudu Məmmədovun bu xalq üçün elədiklərinin bir qismidir. Bütün bunlarla yanaşı, Xudu Məmmədov həm rəssam, həm musiqiçi, həm jurnalist, həm də şair idi. “Naxışların yaddaşı”, “Qoşa qanad” kimi məhşur kitabların müəllifidir. Ağdam şəhərinin mərkəzində yerləşən məhşur “Çay evi”nin (hal-hazırda ermənilər onu dağıtmışdır) ideya və layihəsi də bu böyük insanın hərtərəfli sənətkar olmasına bir sübutdur. Elə yazmaqla bitmək bilməyən yazımızı onun bir bənd şeiri ilə tamamlayaq.

Əlim köməyim olsun,
Dilim köməyim olsun.
Elimə yük olanda
Ölüm köməyim olsun. 

Ömrü boyu canında-qanında, sözündə-söhbətində milli azadlıq, müstəqillik arzusu ilə yaşayan əvəzolunmaz insan geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə (61 yaşında) Bakı şəhərində vəfat edib. Bir Alim, Şəxsiyyət, Ziyalı və nəhayət, Sirri-Xuda  kimi isə Xudu Məmmədovun mənəvi ömrü əbədidir.

 





14.10.2013    çap et  çap et