525.Az

Məşhur gürcü şairləri Naxçıvanda


 

AZƏRBAYCAN-GÜRCÜSTAN DOSTLUĞUNUN XIX ƏSRİN İLK YARISINDA YAZILMIŞ MARAQLI SƏHİFƏLƏRİ

Məşhur gürcü şairləri Naxçıvanda<b style="color:red"></b>

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru
 

Azərbaycan və Gürcüstan xalqlarının tarixi qonşuluq əlaqələri çox qədimdir. Bu mehriban, sədaqətli qonşuluq əlaqələri əsl mənəvi dostluğa çevrilmiş və salnamələrdə, bədii ədəbiyyatda öz əksini tapmışdır.

Əvvəlcə qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında mənəvi dostluq körpüsü Nizami Gəncəvi, Şota Rustaveli, Molla Pənah Vaqif, Besiki, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Aleksandr Çavçavadze, Nikoloz Barataşvili, İlya Çavçavadze, Səməd Vurğun, Georgi Leonidze, Simon Çikovani... kimi söz bahadırlarının əsərlərində böyük ustalıqla təsvir edilmişdir. Hər iki xalqın nəsilləri arasında yaranmış bu poetik dostluq haqqında onlarca maraqlı, sanballı elmi-tədqiqat əsərləri yazılmışdır. Ona görə də biz bu haqda söhbət açmaq fikrində deyilik. Gürcüstanın məşhur romantik şairlərindən ikisinin XIX əsr Naxçıvan tarixində iştirak etmələrindən danışacağıq.

XIX əsrin birinci yarısında Gürcüstanda romantik poeziyanın əsasını qoyanlardan biri – Aleksandr Qarsevanoviç Çavçavadze həm də dövrünün siyasi xadimi və məşhur hərbçisi olmuşdur. Bu haqda bir az sonra.

Maraqlı və ziddiyyətli tale yolu keçmiş Aleksandr Çavçavadze Şərq, xüsusən İran poeziyasının təsiri altında yazıb-yaratmışdır. Onun şeirlərinin adları, forması, mövzusu və bədii üslubu da buna əsaslı sübutdur. Məşhur gürcü ədəbiyyatşünası Dmitri Kipiani 1846-cı ildə A.Çavçavadze haqqında yazmışdır: “Gürcülərə məlum olan mahnıların, həm də yüksək hiss və fikirlərlə aşılanmış ən yaxşılarının, demək olar ki, hamısının, yaxud heç olmasa dörddə üçünün müəllifi Aleksandr Çavçavadze idi”.

Aleksandr Çavçavadzenin yazdığı mahnı və nəğmələrin əksəriyyəti azərbaycancadır. Təsadüfi deyil ki, onun ən çox sevdiyi söz ustadlarından biri Aşıq Allahverdi (N.Nərimanovun babası – müəllif) olmuşdur. Hətta Aşıq Allahverdi şair dostunun gürcü dilində yazdığı mahnıları da oxuyurmuş. Onun yazdığı müxəmməslər, müstəzadlar, qəsidə və qəzəllər bu gün də oxucunun qəlbini riqqətə gətirir. İki əsrin qovşağında yaşayan Aleksandr Çavçavadze 1812-ci il Fransa-Rusiya, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin fəal iştirakçısı olmuşdur. Hətta sürgün həyatı da yaşamışdır. Burada vacib bir haşiyə yerinə düşər.

Aleksandrın atası Qarsevan Çavçavadze görkəmli siyasi xadim olmuşdur. Kartli-Kaxetiya çarlığının II İrakli və XII Georgi hakimiyyəti illərində gürcü çarlarının Rusiya İmperiyasında səfiri vəzifəsində çalışmışdır. II İraklinin Naxçıvan xanlığı ilə apardığı danışıqların fəal iştirakçısı olan Qarsevan 1803-cü il Georgiyevsk müqaviləsinin (bu müqaviləyə əsasən, Rusiya Daryol dərəsindən Cənubi Qafqaza daxil olur) iştirakçılarındandır. O, 1811-ci ildə Sankt-Peterburqda vəfat etmiş və oradakı Aleksandr Nevski monastrında dəfn edilmişdir.

Aleksandr Çavçavadze 1786-cı ildə Sankt-Peterburqda anadan olmuşdur. Qarsevan oğlunun 9 yaşı tamam olanda onu oxumaq üçün Bamanın pansionuna göndərir. Aleksandr 1795-ci ildən 1799-cu ilədək həmin pansionatda yaşayır və oxuyur. Atasının ölümündən bir neçə il sonra anası ilə Tiflisə qayıdır.

Aleksandrın 19 yaşı olanda, yəni 1805-ci ildə evdən qaçır və Gürcüstanın azadlığı uğrunda üsyanlara başlayan gürcü şahzadəsi Parnooz Batonişvilinin dəstəsinə qoşulur. Üsyançılar istəyirdilər ki, Baqratiləri hakimiyyətə gətirsinlər. Üsyançılarla birlikdə həbs edilən Aleksandr mühakimə olunur və 30 noyabr 1805-ci ildə üç illiyə Tambova sürgün edilir. Bu zamanlar onun atası sağ olduğundan o, sürgündə çox qalmır. Atasının xidmətlərini nəzərə alan Rusiya çarı I Aleksandr onu paytaxta – Peterburqa çağırtdırır və Paj korpusunda oxumasına icazə verilir. Elə bu vaxtdan da onun hərbçi həyatı başlanır. 1809-cu ilin dekabrında onu saray qvardiyasının Qusar (rus ordusunun macar geyimli suvari əsgəri) polkuna hərbi xidmətə göndərirlər. 1811-ci ilin sentyabrında poruçik rütbəsilə (kiçik zabit) Gürcüstana qayıdan Aleksandr Çavçavadze 1813-1814-cü illərdə Rusiya-Fransa müharibəsində iştirak edir və Parisin alınmasında fəallıq göstərir. O, rus ordusunun baş komandanı Barklay de Tollinin yavəri idi.

Xarici hərbi yürüşlərdən qayıdan Aleksandr yenə də xidmətini davam etdirir. O, Abbasabad qalası, Naxçıvan, İrəvan, Diadin, Torpaqqala və Bəyazid ətrafında gedən döyüşlərdə iştirak edir.

Qeyd edək ki, Aleksandr Çavçavadze azadfikirli hərbçi olduğu üçün həmişə ona gizli nəzarət edirdilər. Onu demək olar ki, ən çətin döyüşlərə göndərirdilər.

O, 1827-ci ildə Naxçıvana gəlmiş və Türkmənçay müqaviləsinədək Naxçıvanda yaşamışdır. Müasirlərinin xatirələrinə əsasən demək olar ki, o, yerli sakinlərə – azərbaycanlılara rəğbətlə, ehtiramla yanaşırmış. Baxmayaraq ki, özü Rusiya qoşununun tərkibində Naxçıvanı tutmaq üçün gəlmişdi. Bir çox hərbçilər kimi, o da günahsız insanları amansız qırğınlardan qorumağa çalışmışdır. Yəqin ki, buna görə sonralar onun Naxçıvanın hərbçi süvarilərinin komandiri I Ehsan xanla dostluğu olmuşdur.

Aleksandr Çavçavadze müharibədən sonra general hərbi rütbəsini almış və bir çox missiyalara rəhbərlik etmişdir.

 Çar hökuməti 1828-ci ildə yaratdığı qondarma “erməni vilayəti”nə Krasovskidən sonra Aleksandr Çavçavadzeni rəis təyin etmişdir. Ermənilərin, yunanların və assuriyalıların İrandan və Türkiyədən Ararat ovalığına (Vedibasara) köçürülməsinə rəhbərlik ona həvalə olunubmuş. Əslində, sənədlərdə olan məlumatlardan aydın olur ki, köçürülmə işinə rəhbərliyi assuriya əsilli general Lazarev və erməni Katakilosu Nerses Əştərəkli (Aştaraketsi) etmişdir.

Bir çox məsələlərdə qraf Paskeviçlə sözü düz gəlməyən Knyaz Çavçavadze 1830-cu ildə istefaya çıxmağa məcbur olur. Burada yenə də vacib bir haşiyəyə çıxaq.

Qraf Paskeviçin Naxçıvanla bağlı fəaliyyətinə dair Tiflis arxivlərindən yeni sənədlər əldə etmişik. Məqsədimiz onun Rusiya Dövlət Tarix Arxivində saxlanılan fondunda araşdırma apardıqdan sonra həmin sənədləri elmi dövriyəyə daxil etməkdir. Çünki qraf Paskeviç Nerseslə kəskin mübarizə aparmış, bir sıra məsələlərə obyektiv yanaşaraq naxçıvanlıların tərəfini saxlamışdır. Hətta Rusiya çarının hədələrinə məhəl qoymayaraq katalikosu Moldaviyanın Bessarabiya əyalətinə sürgün etmişdir. Gürcüstan Milli Arxivindən Naxçıvan əyanlarının 50-dən çox möhürləri ilə təsdiqlənmiş bir məktub tapdıq. Bu, 1829-cu ildə Qraf Paskeviçə yazılmış təşəkkür məktubudur.

Bu ziddiyyətli, əzablı illərdə qraf Paskeviç heç kimə, hətta knyaz Çavçavadzeyə də icazə vermirdi ki, düşünülməmiş hücum əmrləri versin. Belə bir əmri ona bağışlamır (belə ki, Paskeviç əmri olmadan Çavçavadze Təbrizə daxil olmuşdu).

Aleksandr Çavçavadze “qondarma erməni vilayəti”nə rəhbərlik etdiyi vaxtlar Naxçıvanın da iqtisadiyyatı ilə yaxından maraqlanırmış. O, Azərbaycan dilini yaxşı bildiyindən yerli əhali ilə yaxından ünsiyyət saxlaya bilirdi.

1830-cu ildə Tiflisə qayıdan Aleksandr 1832-ci ildə gürcü zadəganlarının Rusiya İmperiyası əleyhinə yaradılan bir hərəkata rəhbərlik edir. Xainlər tərəfindən üstü açılan gizli hərəkatda əsas fiqur olan Aleksandr Çavçavadzeni yenidən həbs edib Tambova sürgünə göndərirlər. Bu dəfə onu sürgündən qraf Paskeviçin çara yazdığı xüsusi məktub xilas edir. Rusiya çarının göstərişi ilə onu Sankt-Peterburqa gətirirlər və o, üç il məcburən burada yaşamalı olur. Sonralar Tiflisə dönən Aleksandr Çavçavadze ömrünün sonunadək Sinandali malikanəsində yaşayır. O, 1846-cı il noyabrın 6-da bədbəxt bir hadisənin qurbanı olur. Yaşadığı Sinandalı malikanəsinə yaxınlıqda yerləşən Şuamta ailə sərdabəsində dəfn edilir.

XIX yüzilliyin birinci yarısında Naxçıvan şəhərində yaşayıb-işləyən məşhur gürcü romantik şairlərindən biri də Nikoloz Barataşvilidir. O, 15 dekabr 1817-ci ildə Tiflisdə anadan olub. Anası adlı-sanlı gürcü knyazı Zurab Orbelianinin qızı idi. Dayısı Qriqol Orbeliani də gürcü romantik ədəbiyyatının əsas simalarındandır. Maraq üçün deyək ki, Q.Orbeliani də 1829-cu ildə bir müddət Naxçıvanda ezamiyyətdə olmuşdur. Nikoloz rus, fransız və alman dillərini təhsil aldığı pansionda əla öyrənmişdi. Ən çox sevdiyi müəllimi Solomon Dodaşvili Gürcüstanın tanınmış maarifçilərindən idi. Sankt-Peterburq Universitetini bitirmiş Solomon 1832-ci ildə yaradılmış gizli cəmiyyətin üzvü idi. O da istəyirdi ki, Gürcüstan azad, müstəqil ölkə olsun. Qeyd edək ki, bu cəmiyyətin üzvlərinin əksəriyyəti Nikolozun (evdə onu hamı “Tato” çağırırdı) qohumları idilər: Qriqol Orbeliani, Aleksandr Çavçavadze, Georgi Eristavi, Aleksandr və Vaxtanq Orbelianilər. Onların hamısını Rusiyaya sürgünə göndərirlər.

1844-cü ilin noyabr ayında Nikoloz Barataşvilinin gimnaziyada birlikdə oxuduğu Levan Melikişvilini keçmiş Naxçıvan xanlığında yaradılmış qəzaya rəis təyin edirlər. O, məktəb yoldaşı Nikolozu özünə köməkçi təyin edir. Nikoloz o vaxtlar Poliçeyski küçəsində yerləşən Qəza İdarəsində (indiki Naxçıvanşünaslıq Mərkəzi yerləşən bina) işləyir və həmin məhəllədə də yaşayırdı. Əvvəllər heç kimi tanımayan Nikoloz darıxsa da, sonralar Naxçıvanın yaradıcı gəncləri ilə ünsiyyət qura bilir. Rus dilini bilən naxçıvanlı gənclərlə yaxından tanış olan şair o vaxtlar Naxçıvanda məşhur ədəbi məclis olan “Qonçeyi-Ülfət”in şeir yığıncaqlarında müntəzəm iştirak edirmiş. Nikoloz Barataşvilinin 1845-ci ildə Naxçıvandan dayısı qızı Maiko Orbelianiyə yazdığı məktubda deyilir: “İndi Naxçıvanda Qonçabəyim adında on səkkiz yaşlı qızın mahnıları məşhurdur. O, xan qızıdır, çox gözəl və cazibədardır. Yazıq öz ərindən çox yanıqlıdır, ondan ayrılmaq istəyir. Binəvanı 12 yaşında ikən ərə vermişlər. Əgər onların həyatını bilsəydiniz, gözəl bir romandır”.

Yeri gəlmişkən, tədqiqatçı alimlərdən Dilarə Əliyeva, Lətif Hüseynzadə və Müzəffər Nəsirli Qonçabəyimin I Ehsan xanın qızı olduğunu yazmışlar. Amma son illərin gərgin axtarışları nəticəsində tapılan arxiv sənədləri bu məlumatı təsdiqləmir. İstər 1831-ci ildə, istərsə də 1846-cı ildə (onun vəfatından sonra) tərtib edilmiş sənədlərdə, daha doğrusu, kameral siyahılarda I Ehsan xanın Qonçabəyim adlı qızı yazılmayıb. I Ehsan xanın iki qızı olub: Sonabəyim və Lalabəyim.

Atası Sonabəyimi Qarabağlı şair Məhəmməd bəy Aşiqə (Cavanşirlərdəndir) ərə vermişdi. Lalabəyim isə atası vəfat edəndə 8 yaşında idi.

Tapılan arxiv sənədlərində qeyd edilir ki, I Ehsan xanın şəriki və dostu Əlincəli Paşa bəyin iki qızı varmış. Adları da qeyd edilib. Onlardan biri Qonçabəyim Ehsan xanın oğlunun nişanlısıdır.

Sonralar nəyəsə görə Ehsan xanın oğlu II Kalbalı xan bu nikahdan imtina edir və Qonçabəyimi Cəmşid xana ərə verirlər. Tiflis arxivlərində son dəfə axtarışlar apararkən bir məhkəmə sənədinə rast gəldik. I Ehsan xanın vəfatından sonra Bibixanım adlı bir qadın onun evini və varidatını tələb edir. İsmayıl xan və qardaşı II Kalbalı xan bu məhkəmə sənədində I Ehsan xanın belə bir qadınının olmadığını israrla qeyd ediblər. Hətta sənədlər də təqdim ediblər ki, bizim atamızın qanuni belə bir qadını olmayıb, hətta müsəlman qaydası ilə də bunu təsdiqləyən sənəd yoxdur.

Bəlkə, Qonçabəyim Bibixanımın qızıdır?! Buna axtarışlar cavab verə bilər. Amma əsl həqiqət odur ki, Qonçabəyim I Ehsan xanın qızı deyil. Və Nikoloz da yazmayıb ki, o, Ehsan xanın qızıdır. Həmin vaxtlar Naxçıvanda “xan” titulu daşıyan digər xanlar da yaşayırdı. Çox zəruri olan bu açıqlamadan sonra söhbətimizə qayıdaq.

Nikolozun dostu Levan 1845-ci ilin may ayında Tiflisə qayıtdığından o da doğma şəhərinə qayıdır. Tiflisdə Levanı Telaviyə rəis təyin edirlər. O, yenə də Barataşvilini özünə köməkçi götürmək istəyir. Amma Niloloz Gəncə qəzasına rəis təyin edilən yaxın qohumu Mamuka Orbelianinin köməkçisi olur.

Gəncədə çox darıxan şair dəfələrlə istəyir ki, Tiflisə qayıtsın. Amma M.Orbeliani buna mane olur. Nikoloz 1845-ci ilin iyulundan oktyabrınadək Gəncədə yaşamalı və işləməli olur. Tiflisə vacib bir iş üçün gedən Orbelianini müvəqqəti əvəz edən Nikoloz Barataşvili dinc əhalini soyan quldurları təqib edərkən sətəlcəm olur və xəstəliyinə ciddi fikir vermədiyindən oktyabrın 9-da (köhnə stillə) vəfat edir. Doğmalarının xəbəri olmadan gənc şairi 1845-ci ilin 11 oktyabrında qaladakı kilsənin həyətində dəfn edirlər.

Aradan çox illər keçəndən sonra, 1893-cü ildə onun tabutu Tiflisə gətirilir və Didube panteonunda torpağa tapşırılır. Bu dəfndən 45 il sonra onun cəsədinin qalıqlarını Didubedən gətirib Şeyx Sənan dağının (gürcü və “Mtaçminda”) ətəyində olan Davudovski kilsəsinin həyətindəki Fəxri Xiyabanda dəfn edirlər. Şair sağlığında ölməzlik nəğmələrini ithaf etdiyi Şeyx Sənan dağının sinəsində əbədi rahatlıq tapır.

Gürcüstanın məşhur şairləri Aleksandr Çavçavadze və Nikoloz Barataşvili Naxçıvan tarixində silinməz iz qoyub getmişlər.

Bu gün Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Gürcüstanla tarixi dostluq əlaqələrini daha dərin təməllər üzərində quraraq gələcəyə inamla addımlayır. Naxçıvanla Acarıstanın paytaxtı Batumi qardaşlaşmış şəhərlərdir. Təməli Naxçıvan xanı I Kalbalı xan və Gürcüstan çarı II İrakli tərəfindən qoyulan bu tarixi dostluq son illər yeni mərhələyə qədəm qoymuşdur. Biz tədqiqatçıların ümdə vəzifəsi isə tarixi və əbədi əlaqələrimizi yenidən dərindən hərtərəfli şəkildə araşdırmaqdır.

 





14.10.2013    çap et  çap et