525.Az

Hacı Zeynalabdin Tağıyev


 

Hacı Zeynalabdin Tağıyev<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun unudulmaz xeyriyyəçilərimizin, o cümlədən, Hacı Zeynalabdin Tağıyevin mesenatlıq fəaliyyəti haqqında araşdırma yazıları ilə bağlı tövsiyəsi bir jurnalist kimi mənim də ürəyimcə oldu.

Qeyd edim ki, Qazaxıstanın Uralsk şəhərində çıxan "Priuralye" ictimai-siyasi qəzetində "Şəxsiyyət" rubrikası altında Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev haqqında tanınmış qazax alimi, filologiya elmləri doktoru, professor Sağımbay Jumaqulun maraqlı elmi məqaləsi dərc olunub. Burada məşhur milyonçunun mesenatlıq fəaliyyəti, o cümlədən, "Qazaxıstan" qəzetinə göstərdiyi maliyyə yardımı haqqında tarixi faktlar və səmimi fikirlər yer alıb. 2017-ci ilin dekabr ayında çap olunsa da, Azərbaycan oxucuları üçün maraqlı olacağını nəzərə alıb rus dilindən tərcümə etdiyim həmin elmi məqaləni "525-ci qəzet"in oxucularına da təqdim etmək istədim. Fürsətdən istifadə edib "Priuralye" qəzetinin mənə təqdim olunmasında göstərdikləri köməyə görə azərbaycanlı jurnalist və alim Füzuli Məcidliyə və gənc qazax alimi Aliyə Kairovaya minnətdarlığımı bildirirəm.

Düşünürəm ki, Hacı Zeynalabdin Tağıyevin mətbuata da daimi yardımını nəzərə alaraq Milli Mətbuat Günü ərəfəsində xeyirxah milyonçunu yada salmaq bizim təkcə jurnalistlik fəaliyyətimizlə bağlı deyil, həm də vətəndaşlıq borcumuzdur.

Ağahüseyn Şükürov, jurnalist 

(Əvvəli ötən sayımızda) 

Azərbaycana səfəri Qumar Karaşın "Qazaxıstan" qəzetində nəşr edilmiş "Bakı" oçerkinin leytmotivi olmuşdu. "Keçən 1911-ci ildə mayın əvvəlində xalq arasında müzakirələrdən sonra qəbul edilmiş qərara əsasən və "Qazaxıstan" qəzetini ayaq üstə saxlamaq məqsədi ilə, biz, iki nəfər, Allahın mərhəmətinə güvənərək, Bakıda yaşayan Hacı Zeynalabdin Tağıyevin görüşünə yola düşdük. Çoxları məqsədimizin boşa çıxacağını söyləyirdilər, amma bilirdik ki, bizə ürəkdən uğurlu səfər arzulayan və niyyətlərimizin yerinə yetirilməsi üçün dua edənlər də vardır. Allah bu duaları eşitdi, saf düşüncələrimizə yardımçı oldu və Hacı bizim istəyimizi təmin etdi. "Qazaxıstan"a kömək olaraq 1000 rubl pul verdi. O, səmimi qəlbdən gələn arzularını bir ata kimi ifadə edərək, qazax xalqına yeni şərhlərlə çap olunmuş müqəddəs Quran kitabının 3 nüsxəsini də hədiyyə etdi. Vidalaşarkən kövrələrək söylədi: "Məndən bütün qazaxlara salam söyləyin - sərvət mənə deyil, xalqa, millətə məxsusdur". Məşhur Əlimərdən bəy Topçubaşov istəyimizi təmin etməkdə böyük kömək göstərdi. Allah onlara uzun ömür versin və bu cür insanların sayını artırsın. Qumar Karaşşünas Maksat Tacmurat vurğulayır ki, "O dövrdə xalqına qayğıkeş yanaşanlar, millətini birləşdirməyə çalışanlar məhz belə olmuşlar".

Öz insanlığı ilə bütün qazax xalq kütlələri arasında sonsuz hörmət qazanmış bu vətənpərvər şəxsiyyətə qarşı xalqın minnətdarlığı millətin səsinə çevrilmiş "Qazaxıstan" qəzetinin hər nömrəsində ifadə edilmişdi. Məsələn, nəşrin ikinci nömrəsində "Hörmətli oxuculara"adlı redaksiya məqaləsində Tağıyevin işgüzar xüsusiyyətləri aydın göstərilmişdir: "Qazaxıstan"ın ikinci nömrəsi gecikmə ilə çıxmışdır, naşirlərin nələr çəkdiyini yalnız Allah bilir. Biz çox əzablı günlər, yuxusuz gecələr keçirmək məcburiyyətində qalmışdıq. İrəlidə daha böyük çətinliklər var, amma naşirlər imtina etməyi fikirləşmirlər. Tanınmış və hörmətli general Zeynalabdin Tağıyev bizə dəstək verdi, qəzetimizə min rubl pul bağışladı.

Bu insan "bir dövlətdə yaşayan insanlar "sən russan", yaxud "sən qazaxsan" deyərək bir-birlərini yad kimi baxmamalıdırlar" fikrinə şərik olaraq həm ruslara, həm də müsəlmanlara bərabər səviyyədə yanaşır".

Bakıtjan Karatayev də "Vətəndaşlara daha bir neçə söz" məqaləsində ilk qazax qəzetlərinə və jurnallarına maliyyə dəstəyi göstərən Zeynalabdin Tağıyev və Yauşevin xidmətlərini qeyd etmişdir.

"Qazaxlar Troitsk şəhərində qazax dilində "Ayqap" jurnalının, Uralsk şəhərində isə "Qazaxıstan" qəzetinin nəşrə başlamasına sevinirlər. Bunu bilərək, onlara bir neçə söz demək istərdim: "Ayqap" jurnalının işıq üzü görməsi üçün troitskli müsəlman Yauşev xərcləri öz üzərinə götürdü, "Qazaxıstan" qəzetinin nəşr olunmasına isə bakılı müsəlman, general Zeynalabdin Tağıyev və Cahangir xanın nəvəsi, müsəlman sultan Şahangerey yardımçı oldular. Tağıyev min rubl, Şahangerey sultan isə beş yüz rubl verdilər".

Qəzetdə nəşr olunmuş Jubaken Tleybergenovun "Beş vətəndaşa tərif", Qabdulla Kobjasarovun "Sadə xalqın adından bir neçə söz" məqalələrində də Zeynalabdin Tağıyev, Mollaqali Yauşev, Şangerey Seyitkereyulının vətəndaş mövqeyi dəyərləndirilirdi.

Mustafa Şokay xüsusi missiya ilə Bakıya yola düşən Alaş nümayəndələrinin Tağıyev ilə görüşmələrinə vasitəçilik etmiş, 1934-cü ildə mühacirətdə vəfat edən Əlimərdən bəy Topçubaşovun dəfn mərasimində iştirak və çıxış etmişdir. O, bütün türk xalqlarının adından Azərbaycan xalqının oğluna rəğbətini aşağıdakı sözlərlə ifadə etmişdir: "1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Əlimərdən bəy Milli Məclisin sədri seçilmişdi. Lakin amansız tale öz işini gördü. Azərbaycan qırmızı imperiyanın boyunduruğuna düşərək öz müstəqilliyini itirdi. Qərbi Avropada Azərbaycan milli nümayəndəliyinin sədri vəzifələrini yerinə yetirən Əlimərdən bəy mühacirətdə qalmalı oldu. Harada yaşasa da, o, yalnız öz Vətəni və millətini düşünürdü, o, əsl mübariz döyüşçü idi.

... Biz, Türküstan türkləri, Əlimərdan

bəyi çox görkəmli türk xadimi hesab edirik. Əlimərdan kimi insanların gözündə Türküstan türkləri də, Kazan türkləri də, Krım türkləri də öz Azərbaycan türkləriylə eyni idi".

Qazaxlara kömək etmiş türk müsəlman ictimaiyyətinin varlı şəxslərində olan xeyriyyəçilik hisslərinin milli ziyalıları düşündürməməsi mümkün deyildi. Mirjakıp Dulatulı "Öyrənənlərə kömək" adlı məqaləsində yazırdı: "Başqa xalqlardan danışmayıb, bizə yaxın olan varlı noqaylara baxaq. Orenburqdan Əhməd və Maqsud Həsənovlar, Qafqazdan Tağıyev və Seydullayev özlərinin yüz min məbləğində pulu ilə 10 min noqayı oxudur, elm dünyasına atılmalarına şərait yaradırlar. Orenburqda "Hüseyniyyə", Ufada "Qaliya", Kazanda "Mahmudiyyə" kimi böyük mədrəsələr noqay varlılarının pulları ilə tikilib, tələbələrin təlim-tərbiyə işi və müəllimlərin məvacibi də onlar tərəfindən maliyyələşdirilir. Var-dövlətinə görə ikinci, üçüncü səviyyəli noqay varlıları isə öz vətənlərində təhsil verilməsinə kömək edərək məktəb və mədrəsələri maliyyələşdirirlər". Beləliklə, o, savada can atan gəncləri dəstəkləyən, öz pulları ilə məktəblər və mədrəsələr açan, eyni kökə malik olan qardaş xalqların bu xadimlərindən nümunə götürməyə çağırır.

Tağıyevin timsalında danışarkən, o, varlı qazaxlara səslənir: "Keçən il Uralskda "Qazaxıstan" qəzeti çıxanda bakılı zəngin Zeynalabdin Tağıyev min rubl verərək kömək göstərdi. Bunu bilən qazax bəylərinin düşüncəsi və şərəfi varsa, əgər onların damarlarından qazax qanı axırsa, utanmalıdırlar. Minlərlə mal-qara sürüsünə sahib olan qazax bəyləri bu nəcib işlər üçün 5-10 rubl verə bilmir, amma hansısa bir çərkəz düşünmədən min rubl bağışlayır".

Qabdalhəmid Hüseynov 25 rubl verərək "Qazaxıstan" qəzetinə kömək göstərmiş, digər soydaşlarımız da bu nəcib əməldən kənarda qalmamışlar. Beləliklə, Maman sülaləsinin nümayəndələri qazax çöllərinə təhsil işığı gətirmişlər. Seyitbattal hacı Mamanov, Xudaybergen Turısbekov, İşanqali hacı Mamanov, Qaydmahmud Turısbekov maliyyə dəstəyi göstərmişlər.

"Qazaxıstan" qəzetinin hazırlanmasında "Mamaniyyə" məktəbinin müəllimləri Qabdulqaziz Musaqaliyev, Mustahim Maldıbayulı fəal iştirak etmişlər. İşanqali Mendıqaliyev, Bilaş Şoltırov qəzetə abunə işinin təşkilində xalq arasında yorulmadan çalışmış, maliyyə cəhətdən köməklik göstərmişlər. Mustahim Maldıbayulı milli nəşrləri dəstəkləməyə çağıraraq, "Xeyirli saatda" məqaləsində yazırdı: "Qazax oğulları! İşin təşkilatçıları tapıldı, indi sizin dəstəyiniz lazımdır. "Ayqap" və "Qazaxıstan"ı birləşdirsək, onların ümumi dəyəri bir quzunun dəyərini aşmaz. ...Fikirləşin! Belə çətin günlərdə vicdanı və şərəfi olanlar köməyə gəlirlər. Qazaxlar arasında təhsilli insanlar, mollalar, müəllimlər çoxdur, xalqı xəbərdar edin, xalq sizi dəstəkləyəcək".

Sankt-Peterburqdan Alaş xadimi Xəlil Dosməhəmmədovun Kazan Baytarlıq İnstitutunun tələbəsi Qubaydulla Berdiyevə göndərdiyi 7 oktyabr 1904-cü il tarixli məktubunda yazırdı: "Səndən başqa yüzlərlə, minlərlə qazaxın ali təhsil aldığını xatırlasaq, hesab etmək olar ki, bizim xalq əməksevərdir və irəliyə getməyi bacarandır. Bu o deməkdir ki, yurdumuz müəyyən müddətdən sonra dünyada ən aparıcı yerlərdən birini tutaraq ikinci Yaponiya olacaqdır". O, millətin yaradıcı potensialına olan inamını bu cür ifadə edirdi.

Qubaydulla Berdiyev "Hörmətli başçı" məqaləsində "Qazaxıstan" qəzetinin əhəmiyyəti haqqında belə yazırdı: "Sağlam düşüncəli insan yuxudan oyanmalıdır. Narahatlıq üçün səbəb yoxdur, bizi bir çox ümidlər irəliyə doğru aparır. Xalq hər şeyi görür. Xalq çox şey edə bilər. Onu isə oyada biləcək vasitə qəzetdir". Məhəmmədqali bin Qabdrahman Orazbayev "Alaş oğulları!" məqaləsində Alaş xadimlərinin Yaponiya inkişaf yolunu seçmək zərurəti haqqında fikirlərini dəstəkləyirdi: "Müsəlmanca oxu, rusca oxu, yaponca oxu, əsas odur ki, oxuyasan. Həyatı boşa vermə, indi tənbəlliyin zamanı deyil".

O, "Qazax" qəzetinin nəşrə başlamasını sevinclə xəbər verirdi: "Orenburqda qazax dilində "Qazax" qəzeti çap olunmuşdur. Baş redaktoru məşhur şairimiz, "Qırx nümunə"nin müəllifi Əhməd Baytursunov, qəzeti öz pulları ilə çap etdirən naşir isə Mustafa Orazayevdir. Qəzetin məqsədi, qısaca desək, qazax üçün göz və qulaq olmaqdır".

Bu qəzetdə Əhmətqali Mametulı, Mağcan Jumabayulı, İşanqali Bisenulının ədəbiyyat aləmində xalqın oyanışına böyük təsir göstərmiş "Cəhd et", "Qazaxın dünənki səsi", "Qazax xalqına" şeirləri də çap olunmuşdur.

Bütün deyilənləri ümumiləşdirərək təsdiq edə bilərik ki, qazax xalqı öz nəcibliyi ilə ilk milli mətbu nəşrlərimizdən biri olan "Qazaxıstan" qəzetinə maliyyə yardımı göstərmiş Türk dünyasının böyük oğlu Zeynalabdin Tağıyevə dərin ehtiramla yanaşır. Bu, türk xalqlarının cədidçilik və millətçilik ideyaları ətrafında mənəvi birliyinin parlaq bir nümunəsidir. Qoy, türk müsəlman ictimaiyyətinin mənəvi birliyi bundan sonra daha da möhkəmlənsin.

Qazaxıstan, "Priuralye" qəzeti, №154, 28 dekabr 2017-ci il, səh.6-7.

Sağımbay JUMAQUL
Filologiya elmləri doktoru, professor 

 





19.07.2019    çap et  çap et