525.Az

Müharibə şəraitində media, yoxsa mediada müharibə? - Əkrəm Bəydəmirli


 

Müharibə şəraitində media, yoxsa mediada müharibə? - <b style="color:red">Əkrəm Bəydəmirli </b>

Milli Mətbuat günü ərəfəsində Azərbaycanın jurnalistika tarixinə, keçdiyi yola təkrar nəzər salıb oxucunu yormaq  istəmirəm. Çünki bu barədə kifayət qədər danışılıb. Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur.

Ümumiyyətlə, jurnalistikanın inkişafı cəmiyyətdə gedən proseslərin, dünyada baş verən qlobal hadisələrin və digər çoxsaylı faktorların təsiri nəticəsində  mümkün olur. Ən əsası cəmiyyətdə baş verən inkişaf və yaxud durğunluq jurnalistikadan yan keçmir.

Bugünlərdə litvalı hərbi jurnalist Riçard Lapatislə söhbət zamanı maraqlı bir fikir eşitdim. O, hərbi jurnalistikadakı fəaliyyətini, səngərdəki işini insanlıq borcu kimi dəyərləndirir. Əslində, Riçard haqlıdır. Öz komfortlu həyatını  münaqişə bölgələrinə dəyişmək fədakarlıq və insanlıq borcudur.

30-40 ildən sonra  junalistikada belə fədakarlıq qalacaq və  yaxud qalmaycaq, onu demək çətindir. İndi yaşlı və orta nəslin nünayəndələri həmin  fədakarlıq ənənələrini bütün çətinliyə rəğmən qoruyub saxlayırlar. Maddi problemləri başlarından aşsa da, öz qələmlərini və özlərinin qürurunu sındırmayaraq bu peşəni davam etdirirlər.

Ancaq getdikcə jurnalistikaya maraq azalır. BDU-nun jurnalistika fakültəsində təhsil almaq, qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin sayı azalır. Bu ciddi məsələni etiraf edib üzərində düşünmək lazımdır. Bunun səbəbləri çoxdur. Ən başlıcası media iqtisadiyyatı ilə bağlıdır.

Media iqtisadiyyatı, reklam bazarı  və ümumilikdə  medianın təmərküzləşməsi ilə bağlı bir sıra yazılar yazaraq  təkliflərimi dəfələrlə açıqlamışam. Yenidən həmin mövzuya qayıtmadan digər məqamlara nəzər salmaq istərdim.

Müşahidələr göstərir ki, jurnalist olmaq istəyən tələbələrin, müasir gənclərin jurnalistikaya baxışı fərqlidir. Tez bir zamanda mediada və yaxud televiziyalarda məşhurlaşmaq, yaxşı para qazanmaq və başqa istəklərini heç gizlətmirlər. Bəlkə də bu, normal yanaşmadır.

Ancaq mövcud reallıqları, regionda və dünyada gedən prosesləri nəzərə almaq lazımdır.  Jurnalist bioloji varlıq olmaqla bərabər, həm də sosial varlıqdır.  Hazırda dünyanın heç bir regionunu müharibəsiz, münaqişəsiz, hətta terrorsuz təssəvür mümkün deyil. Təbii ki,  Dağlıq Qarabağ münaqişəsi hər zaman medianın gündəmini zəbt edib. Unutmaq olmaz ki, hərbi əməliyyatlar zamanı  medianın peşəkar davranışı həm Ordumuz üçün, həm də cəmiyyət üçün zəruridir.

Məlum məsələdir ki, müharibə yalnız səngərlərdə getmir. Bu gün internet məkanında, sosial şəbəkələrdə çox düşünülmüş informasiya müharibəsi gedir. Təbii ki, biz haqlı mövqeyimizi, əsl həqiqəti ortalığa qoymaqla bərabər, erməni saxtakarlığını ifşa etməliyik. Çağdaş dünyamızda və mövcud şəraitdə gerçəyi ortalığa çıxarmaq, litvalı hərbi jurnalist Riçard Lapatisin təbirincə,  jurnalistin insanlıq borcudur.

Bu gün KİV-də, elektron mediada müharibə şəraitində jurnalistin davranışının təkmiləşməsi ilə bağlı zəruri addımların atılmasına ehtiyac var. Münaqişəsinin  davam etdiyi bir vaxtda hərbi hərəkətlərlə bağlı informasiyaların yayılmasında medianın həssas davranışı zəruri məsələdir. Heç şübhəsiz ki, dünyada müharibə şəraitində medianın davranışı və müxtəlif ərazilərdə gedən döyüşlər, münaqişə ocaqları haqqında verilən informasiyaların düzgün idarəolunması ilə bağlı beynəlxalq aləmdə müxtəlif metodologiyalar var. Belə məsələlərin  tənzimlənməsi hüquqda əks olunub. Hərbi təcavüzlə üzləşən ölkə olaraq Azərbaycan tərəfi təbii ki, həmin hüquqa və media təcrübəsinə istinad etməlidir.

Biz media və QHT təmsilçisi olaraq bir neçə il öncə  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində müharibə şəraitində medianın davranışı mövzusunda 500 nəfər QHT-media və ictimaiyyət nümayəndələri arasında  3 ay müddətində sorğu-araşdırma aparmışdıq. Səmimi etiraf etmək lazımdır ki, fikrini öyrəndiyimiz şəxslərin böyük əksəriyyəti  hərbi  jurnalistikanın ixtisaslaşmasını, bu sahədə peşəkarlığın artırılmasını, müxtəlif qanunlarda məhdudiyyətlərin tətbiqinin zəruri olduğunu açıqlayıblar.

Mənim şəxsi qənaətim  hər zaman belədir ki, Azərbaycan  mediasının ekstremal şəraitdə davranışını tənzimləmək məqsədilə hərbdən yazan jurnalistlər üçün maarifləndirici  vəsaitlərin, kitabların çapı həyata keçirilməlidir.

Jurnalistika ixtisaslaşmalıdır, yəni hərbdən yazan  jurnalistlərin  peşəkar səviyyədə formalaşması üçün kompleks tədbirlərin və QHT layihələrinin icrasına ehtiyac var. Müharibə  şəraitində  media ilə bərabər sosial şəbəkələrdə vətənpərvərlik ruhunu qaldırmaq üçün  bu sahədə fəaliyyətlə məşğul olan ictimai qurumların davamlı koordinasiyasının təşkil olunması əhəmiyyətli ola bilər.

Nəhayət, yekunda onu demək istərdim ki, fədakar, öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman qələmini və qürurunu qırmayan jurnalistikanın qorunub saxanması, inkişafı üçün və həmçinin, dövlətimizin strateji maraqları naminə  medianın maddi  texniki bazası zənginləşməli, medianın iqtisadiyyatı  formalaşmalıdır.

 





19.07.2019    çap et  çap et