525.Az

S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq


 

"TÜRKİYƏNİN MÜDAFİƏ QABİLİYYƏTİNİ ARTIRMASI AZƏRBAYCANIN DA MARAQLARINA XİDMƏT EDİR"

<b style="color:red">S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq</b>

"Rusiyanın S-400 raketləri artıq Türkiyədədir. Bu, sıradan bir hadisə deyil. Bu, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Soyuq müharibə illərində Türkiyənin ABŞ-ın strateji müttəfiqi olduğunu deyən politoloq SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığının azaldığını və Ankaranın Moskva ilə sıx münasibətlərinin bünövrəsinin qoyulduğunu bildirib. E.Şahinoğlunun sözlərinə görə, son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir: "Bu, həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır".

Mərkəz sədri hesab edir ki, S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq: "Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən, Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırkı prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə Patriot raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi".

E.Şahinoğlu qeyd edib ki, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır: "Doğrudur, Tramp Türkiyə ilə münasibətləri daha da gərginləşdirilmək istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaq. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq, Amerikadan da hərbi texnika almağa çalışacaq. Bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin. Əks halda, Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək".

Politoloq əlavə edib ki, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir: "Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu, silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir".

"Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir. Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən, artan Rusiya-Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir", - deyə E.Şahinoğlu bildirib.

Qeyd edək ki, Türkiyənin sifarişi ilə Rusiyada istehsal olunan S-400 zenit-raket komplekslərinə aid hissələrin Ankaraya daşınmasına iyulun 12-dən start verilib. Həmin hissələr "Ruslan" çoxtonnajlı yük təyyarələri ilə gətirilir. Artıq kompleksə aid hərbi məhsulları daşıyan 14-cü təyyarə Ankaradakı "Mürted" aerodromunda qəbul olunub.

C.ABASOV

 





19.07.2019    çap et  çap et