525.Az

Əliabbas Müznibin “Türkcə qəzəllər” antologiyası


 

Əliabbas Müznibin “Türkcə qəzəllər” antologiyası<b style="color:red"></b>

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri doktoru 

Görkəmli şair, nasir, publisist və ədəbiyyatşünas, Stalin repressiyaları qurbanı Əliabbas Müznib (1883-1938) özündən sonra böyük bir irs qoyub getmişdir. Onun ədəbiyyatımız, ədəbiyyat tariximiz qarşısındakı xidmətləri son illərdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hərtərəfli tədqiq edilir, əsərləri üzə çıxarılaraq nəşr edilir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Müznibin zəngin ədəbi irsi, XX əsrin əvvəllərində çapdan çıxmış kitabları (tədqiqatçıların bildirdiyinə görə, ötən əsrin əvvəllərində onun altmışa qədər kitabçası nəşr edilib), ədibin əli ilə müxtəlif mənbələrdən köçürüb tərtib etdiyi topluları saxlanmaqdadır. Klassik ədəbiyyatımızın gözəl bilicisi, tariximizin, ədəbiyyat tariximizin araşdırıcısı Ə.Müznibin tərtib etdiyi bəzi toplular əski dövrlərdə əlyazma şəklində yazılıb yayılan çüng, məcmuə və bəzən də təzkirələri  xatırladır. Yazıçının arxivində öz əli ilə yazdığı iki hissəli “Bakı” kitabı şəhərin tarixinə dair müxtəlif mənbələrdən toplanmış məlumatlar toplusudur. Son dövrlərdə müəyyən edə bilmişik ki, 1928-ci ildə Azərnəşrdə  çap edilmiş “Natəvan Xurşudbanu” kitabının müəllifi Ə.Müznibdir (redaktor və ön söz müəllifi Hənəfi Zeynallıdır). Bu kitabı və onun həcmcə  daha böyük olan ikinci nəşrinin əlyazmasını müəyyən mənada cüng, antologiya kimi nəzərdən keçirmək olar. Burada Natəvanın şeirləri, həyat və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr barədə məlumatlar toplanmışdır (1934-cü ildə tamamlanmış bu əlyazmanı kitab halında nəsr etdirmişik). Toplu barədə dediklərimizə onu da əlavə etmək istərdik ki, müəllifin araşdırma xarakterli qeydləri ona həm də bir tədqiqat əsəri kimi baxmağa imkan verir. Yazıçının tərtib edərək 1928-ci ildə Azərnəşrdə nəşr etdirdiyi “Aşıq Pəri və müasirləri (XIX əsrin birinci yarısı)” kitabı da orta əsrlər antologiyalarını-cüngləri xatırladır.

Əliabbas Müznibin tərtib edərək 1917-ci ildə Orucov qardaşlarının elektrik mətbəəsində nəşr etdirdiyi “Türkcə qəzəllər (əski ədəbiyyatımız nümunələri)” kitabı bir neçə baxımdan diqqətə layiqdir.  Müəllif özü kitabın cildində yerləşdirdiyi məlumatda toplu haqqında yazır: “Bu kitabda Əmir Əlişir Nəvai, Füzuli, Cənnəti, Abbasqulu ağa Qüdsi, Növrəs Osmani, Hüdayi, Mikayil Seydi, Mirzə Abbas Şahin, Ağa Kərim Salik, Məhəmməd ağa Cürmi, Ağadadaş Müniri, Nabi, Cənab Şihabəddin, Məzaqi, Ağadadaş  Sürəyya, Asi, Seyid Əzim, Raşid, Səid, Qasım bəy Zakir, Məhəmməd Bəliğ, Nişati, Əsmət, Rüşdi, Məhəmməd Ehsan, Zakir, Natəvan, Vəhdəti, Vəfa, Baki və sair bunlar kimi qəzəlsəralıqda məşhur olan yüzdən ziyadə şairlərin qəzəlləri dərc edilmişdir”. Kitabı nəzərdən keçirdikdə görürük ki, Ə.Müznib burada orta əsrlərdən son dövrlərə qədər davam etmiş cüng, məcmuə tərtibi ənənəsini uğurla davam etdirmişdir.

Qeyd etmək istərdik ki, şeir topluları – cünglər, məcmuələr, bəyazlar bütün dövrlərdə şairlər, yazıçılar, ədəbiyyatşünaslar, ədəbiyyat həvəskarları tərəfindən yüksək dəyərləndirilmiş, bu antologiyalardakı klassik poeziya haqqında məlumatlar ədəbi zövqləri inkişaf etdirmişdir. Müasir tədqiqatçılar bu topluların köməyi ilə müxtəlif dövrlərdə ədəbiyyat haqqında təsəvvürləri, ədəbi əlaqə və ədəbi zövqləri öyrənmək imkanına malikdirlər. Orta əsr şeir toplularından XVII əsr şairimiz Mürtəzaqulu xan Zəfərin 1994-cü ildə aşkar edilimiş, türk, fars və qismən də ərəb dilində tərtib edilmiş cüngünü nümunə göstərə bilərik. 2004-cü ildə faksimilesi “Jünge-Mürtəzaqulu xan Şamlu” adı ilə Tehranda nəşr edilən, 650 səhifədən ibarət bu kitabın tərtibinə II Şah Abbas dövründə, 1658-ci ildən Mürtəzaqulu xanın rəhbərliyi ilə başlanmışdır. Ön sözdə verilən məlumata görə, bu qiymətli əlyazmanı vaxtı ilə təbrizli Əsədulla Naziməddövlə İstanbulda İran səfiri olduğu zaman, 1892-ci ildə almışdır. Əlyazmalar İnstitutunda Mir Möhsün Nəvvabın, M.Məxfinin, İsgəndər bəy Rüstəmbəyovun, Hüseyn əfəndi Qayıbovun və bir sıra digərlərinin şeir topluları mühafizə edilir. Buraya onu da əlavə etmək istərdik ki, Ə.Müznibin şəxsi arxivində türkcə və farsca şeirlərdən ibarət əlyazma halında şeir toplusu vardır. Bəzi şeir topluları hələ XIX əsrdə çap edilmişdir. Məsələn, Mirzə Yusifin “Məcmueyi-divani-Vaqif və digər müasirin” kitabı 1856-cı ildə Teymurxanşurada, Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədir” kitabı 1867-ci ildə Leypsiqdə çapdan çıxmışdır.

“Türkcə qəzəllər” digər şeir məcmuələrindən bəzi cəhətləri ilə fərqlənir. M.Füzulinin şeiri ilə başlanıb Sabirin şeiri ilə qurtaran bu kitabda türkdilli ədəbiyyatda sələf-xələflik məsələləri, türk xalqları ədəbiyyatları arasındakı əlaqələr, bütövlükdə türk ədəbiyyatına ümumi bir baxışla baxmaq meyli ilkin diqqəti cəlb edir. Böyük Azərbaycan şairi, ədəbiyyatşünası və rəssamı Sadiq bəy Sadiqi (1533-1610) Ə.Nəvainin “Məcalisin-nəfais” adlı təzkirəsini örnək götürərək yazıb 1607-ci ildə tamamladığı “Məcməül-xəvas” təzkirəsində Azərbaycan, osmanlı və cığatay şairləri haqqında məlumat, əsərlərindən nümunələr verilmiş, professor Turxan Gəncəyinin sözləri ilə desək, “siyasi hüdudları və sülalələr arasında ixtilafları bir tərəfə buraxaraq, türk dili və ədəbiyyatını bir bütün halında götürmüşdür”. Ə.Müznibin S.Sadiqinin irsindən nə dərəcədə xəbərdar olduğunu bilməsək də, deyə bilərik ki, onun toplusu da elə həmin məqsədlə tərtib edilmişdir. Məlum olduğu kimi, orta əsrlər və sonrakı dövrlər türk xalqları ədəbiyyatına Nəvai və Füzulinin çox güclü təsiri olmuşdur. Füzuli ədəbiyyata gəlib geniş miqyasda tanındıqdan sonra Nəvai təsiri müəyyən qədər zəifləsə də, bəllidir ki, hətta XX əsrin əvvəllərində də Azərbaycanda Nəvai şeirlərinə nəzirə və təxmislər yazılmışdır.

Topluda diqqəti cəlb edən cəhətlərdən biri Nəvai-Füzuli əlaqələrinə xüsusi fikir verilməsi, bu iki şairdən (əsasən Füzulidən) bəhrələnən sənətkarların əsərlərindən nümunələr verilməsidir. Məsələn, bir yerdə Nəvainin

Bu ki, hər yandan gögərdibdir
yüzini kaci-vərd,
Cism evi taqini altun birl
qıldım lacivərd.
– mətləli qəzəli verilir və ardınca Füzulinin ona nəzirə olaraq yazdığı
Gərmdir şamü səhər mehrinlə
çərxi-lacivərd,
Gəh sirişki-al edər izharü
gəh rüxsari-zərd.
– beyti ilə başlanan şeiri nümunə gətirilir.

Təəssüf hissilə qeyd etməliyik ki, indiyə qədər bizdə Ə.Nəvainin külliyyatı nəşr edilməyib, ümumiyyətlə böyük şairin heç bir lirik şeirlər toplusu işıq üzü görməyib. Nəvai şeirlərindən xəbərsiz olsaq, onun əsərlərindən neçə şairimizin bəhrələndiyini bilməyəcəyik, bütövlükdə ədəbiyyat tariximiz barədə təsəvvürlərimiz natamam olacaqdır.

Başqa bir maraqlı cəhət: məcmuə divanlar kimi əlifba sırası ilə düzülmüşdür. Hardasa əvvəldə Füzuli şeirini, ona yazılan nəzirələri və ya onun təsiri ilə yazılan şeiri oxuyuruqsa, ortada, sonda da bunu görürük. Nəvai, Füzuli ədəbiyyat tariximizdə olduğu kimi, bu toplunu da əvvəldən axıra qədər müşayiət edir. Ədəbiyyatımızın inkişafında ən diqqətəlayiq cəhətlərdən biri odur ki, orta əsrlərdən XX əsrə qədər yüzilliklər ərzində Türkiyə, Azərbaycan və Orta Asiya xalqları ədəbiyyatları heç bir vaxt bir-birindən təcrid olunmamışdır. Aralarında müharibə gedən dövrlərdə belə, bu xalqların ədəbiyyatları sıx əlaqələrini itirməmişdir. Təəssüf ki, bir sıra ədəbiyyat dərsliklərində, tədqiqatlarda biz bu mənzərəni görmürük və bu da ədəbiyyat tariximizin bəzi məqamlarının obyektiv işıqlandırılmamasından xəbər verir. Kitabda üç qardaş türk xalqının – Türkiyə türklərinin, azərbaycanlıların və özbəklərin poeziyası bir şeir toplusu-divan kimi tərtib edilmişdir. Üç qardaş türk xalqının ədəbiyyat tarixini əhatə edən antologiyanın bir şeir toplusu – divan kimi tərtib edilməsi maraqlı ideyadır. Kitaba osmanlı şairlərindən Baqi, Nədim, Bəliğ, trabzonlu Fəhmi, Növrəs Osmani, Bağdad valisi Əli paşa, Rüşdü Qədim, Bursalı Nüzhət, Kazım paşa, Xəlil Ədib, Cənab Şihabəddin və başqalarının şeirləri daxil edilmişdir. Buraya Azərbaycanın müxtəlif bölgələrini təmsil edən sənətkarların – Qarabağdan Molla Zeynalabdin Sağəri, Qasım bəy Zakir, Abdulla bəy Asi, Növrəs, Mir Mehdi Xəzani, Məhəmmədəli bəy Məxfi, Mehdiqulu bəy Vəfa, İbrahim Tahirin, Bakıdan Məşhədi Azər, Ağadadaş Sürəyya, Ağadadaş Münirinin, Şamaxıdan Seyid Əzim Şirvaninin, Cənubi Azərbaycandan Zikri, Əttar Ərdəbili, M.M.Şükuhinin şeirləri salınmışdır.

Və əlbəttə ki, diqqətəlayiq cəhətlərdən biri də toplunun Füzuli şeiri ilə başlanıb Sabir şeiri ilə qurtarmasıdır. Kitab çap edilərkən Sabir artıq altı il idi ki, vəfat etmişdi. Toplunun daha əvvəllərində şeiri verilmiş Əliağa Vahid isə şeir-sənət aləmində ilk addımlarını atan gənc idi. Ədəbiyyat tarixini gözəl bilən, özü də Sabirin təsiri ilə satirik şeirlər yazan Ə.Müznib Ə.Vahidin klassik poeziya ənənələrini davam etdirdiyini, Sabirin yaradıcılığının isə ədəbiyyatımızın yeni səhifəsini təşkil etdiyini yaxşı başa düşürdü. Antologiyanın üzərində “Birinci kitab” yazan tərtibçi yeni kitaba ən müasir poeziya nümunələrini salmağı planlaşdırmşdı. Onun məntiqinə görə, Sabirin simasında ədəbiyyatımız klassik dövrü ilə vidalaşaraq müasir dövrünə qədəm qoyur. Beləcə, bir antoloyada, sadəcə müxtəlif şairlərin əsərlərini düzməklə Ə.Müznib ədəbiyyat tariximiz barədə bu yazıda qeyd etdiyimiz və etmədiyimiz fikirlərini söyləmişdir. Ümidvarıq ki, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Gəncəlinin nəşrə hazırladığı, son günlərdə işıq  üzü görmüş bu kitab (redaktoru: Arif Ramazanov) XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının ədəbiyyat, poeziya barədə fikirləri, bədii zövqü haqqında müəyyən təsəvvür yaratmağa kömək edəcəkdir.

 





14.10.2013    çap et  çap et