525.Az

Günəş toplayan Adam! - Zülfü Livaneli ilə müsahibə


 

ZÜLFÜ LİVANELİ: "AVROPANIN TÜRKİYƏYƏ VƏ DÜNYANIN YERDƏ QALAN HİSSƏSİNƏ MÜNASİBƏTİ CAHİL MÜNASİBƏTDİR"

Günəş toplayan Adam! - <b style="color:red">Zülfü Livaneli ilə müsahibə </b>

Bakının 38 dərəcə isti axşamından ayrılıb İstanbulun leysan tökən səhərinə düşmüşdüm. Bir yağış yağırdı, tut ucundan göyə çıx.

Hələ təyyarədəykən bir anlıq mənə elə gəlmişdi ki, belə havada nə kimisə görüşə çağırmaq, nə də hansısa gün üçün vaxt təyin etmək mümkündür. Səngimək bilməyən leysan gözünü yumub-açınca adamı təpədən-dırnağa selə qərq edirdi. Aylar əvvəl qışın soyuğunda, özü də gecə hazırlıqsız vəziyyətdə İstiqlal caddesində kirpiyimə qədər islandığım günü xatırlayıb, gülümsündüm. Üç-dörd günlük aramsız yağan yağışa rəğmən müsahibə almış insanı yay yağışımı qorxudacaqdı?! Saatlar sonra qara buludların arxasından oğrun-oğrun boylanan günəş üzümü güldürmüşdü. Artıq heç bir əngəl qalmamışdı, müsahibəyə hazır idim.

Həmsöhbətim yazıçı, ssenarist, siyasətçi, musiqiçi, rejissor Zülfü Livaneli idi. Sonuncu söhbətimizdən sonra çox yeniliklər baş vermişdi - həm Türkiyədə, həm də müsahibimin yaradıcılığında. Məsələn, İstanbul yenilənmişdi, böyük yazıçının bir neçə gün sonra işıq üzü görəcək kitabının müjdəsi gəlmişdi, uzun müddətdən sonra konsert vermişdi və aylardır, gizli qalan sirrinin üstü açılmışdı - ölkənin bütün manşetlərində, sosial şəbəkələrdə bundan bəhs edilirdi...

Ən yaxşısı ətraflı öz dilindən eşitməkdir.

- Uzun müddətdir, söhbətlərimizdə yaradıcılığınıza toxunmuruq. Bildiyim qədəri ilə xeyli yeniliklər var. Məsələn, elə başlayaq Amerikada çapa hazırlanan "Serenad"dan. Nə zaman işıq üzü görəcək?

- Hazırda “Nyu-York” yayın evində "Serenad" romanımın çapı üçün hazırlıq işləri gedir. Romanı çox bəyəniblər, buna görə də üzərində böyük həssaslıqla çalışırlar. Kitabın Amerikada bestseller olması üçün əllərindən gələni edirlər. Hətta buna görə çox həyəcanlıdırlar. Təqdimat ya fevral, ya da mart ayında olacaq. Təsadüfə bax ki, elə naşirim də məni görmək üçün İstanbula qədər gəlib. Onunla sabah görüşəcəyik. Artıq çap edəcəkləri növbəti kitabı da müəyyənləşdiriblər - "Serenad"dan sonra "Hüzursuzluq" gələcək. Deyirlər ki, sizin bütün kitablarınızı biz çap etmək istəyirik, başqa yayın evinə getməyin. Eyni halı Rusiyada da yaşadım. "Eksmo" yayın evi "Qardaşımın hekayəsi"ndən sonra "Mutluluq"u çap etdi. İndi isə "Serenad" üzərində işləyirlər. Noyabr ayında Moskva kitab sərgisində təqdimatı keçiriləcək. Daha əvvəl “Qızıl meydan”da "Qardaşımın hekayəsi"nin təqdimatı keçirilmişdi. Əvvəllər heç adını da çəkə bilmədiyimiz ölkədə kitabımın çıxmağı mənim üçün böyük həyəcan idi. Çox maraqlı səfər olmuşdu. Yaxınlarda yenə Moskvaya getmişdim. Bir neçə qəzetə müsahiblər verdim. Yanılmıramsa, "Komsomolskaya pravda"nın müxbiri idi, dedi ki, bizə elə gəlir, "Mutluluk" romanını oxumaqla Türkiyəni tanımaq olar. Kitab təkcə Rusiyada deyil, Amerikada, Çində də eyni rəğbəti gördü, çox sevildi və dillərdən düşmədi. Fransa və İtaliyada ayın kitabı oldu.

- Çin demişkən, deyəsən, bu yaxınlarda həmin ölkəyə səfəriniz var.

- Hə, bir neçə gündən sonra Çinin Yazarlar qurumunun dəvəti ilə Şanxaya yola düşəcəm. Universitetlərdən birində konfransım var. Eyni zamanda, Yazarlar qurumunda bir sıra görüşlərim nəzərdə tutulub. Səfər proqramım zəngindir.

- Bəlkə, bir neçə gün sonra çap ediləcək kitabınızdan danışaq, oxucuları sevindirək? Çünki sosial şəbəkələrdən, sizə aid səhifələrdən izləyirəm, hər kəs yeni kitab istəyir.

- Hə, 15-20 gün içində yeni kitabım çıxacaq. Bu, bir düşüncə kitabıdır. Bizdə "Nehir söyleşi" deyilir. İl yarımdır, məni çox yaxşı tanıyan, fəlsəfəyə bələd olan dostlardan biri gəlib məni danışdırırdı. Bu kitab da həmin söhbətlərdən doğan fikirlərin məhsuludur. Dörd yüz səhifəni keçdiyi üçün bir az qısaltmağa çalışırıq. Kitabın adı yayın evinə məxsusdur: "Livanelinin pəncərəsindən". Alt başlığı isə özüm qoydum: "Batının kibri ilə Doğunun cehli arasında". Əslində, bu bizim faciəmizdir. Biz hara aid olduğumuzu tapa bilməyən millətik. Ərəblər bizə onsuz da gavur kimi baxırlar, onlarda qorxunc şəkildə bir türk nifrəti var. İllər əvvəl gəlib onları əzdiyimizi iddia edirlər. Biz xüsusilə Mustafa Kamal Atatürkdən sonra Qərb təhsili ilə yetişmiş insanlarıq. Məsələn, mən ingilis dili tədris olunan məktəblərdə təhsil alaraq, Şekspir, Qərb ədəbiyyatı oxuyaraq böyümüşəm. Amma di gəl, Qərbə gedərkən o da səni qəbul etmir. Deyir ki, türk ərəb dünyasına aiddir. Almaniyada kitabım çıxan zaman onların bir oxuma gəzintisinə qatılmışdım. Deməli, belə gəzintilərdə müxtəlif yerlərdə oxucularla görüşlər təyin edirlər və bu şəkildə bir çox yeri dolaşmalı olursan. Bir gün həmin oxuma turlarından biri Berlindəki Perqamon muzeyində təşkil edildi. Naşirim dedi ki, baxın, bu kitab Türkiyədə böyük bestsellerdir. Soruşdular ki, böyük bestseller nə deməkdir? Dedi ki, kitabın tirajı 600 mini keçib. Hamısı təəccüblü və sual dolu baxışlarla gözlərini üzümüzə zilləmişdilər. Necə yəni 600 mini keçib? Üzlərində "Türkiyədə oxumağı, yazmağı bacaran 600 min adam var ki?" şübhəsi açıq-aydın hiss edilirdi. Naşirim dedi ki, heç bir alman ədəbiyyatçısının tirajı 50 mini aşa bilmir. Fransada, Amerikada da eyni vəziyyətdir. Amerikanın özündə belə, detektiv romanlar istisna olmaqla, siyahılarda ön sırada dayanan ədəbi əsər yoxdur. Dedim ki, baxın, Türkiyəni anlamaq üçün içərisində bir neçə ölkə olduğunu başa düşməyiniz lazımdır. Hə, siz burada dükan açan, tərəvəz satan, bərbər işləyən, dönər bişirən əməkçi insanlarımızı görürsünüz. Çox kitab oxumurlar, haqlısınız. Amma onlardan başqa da çox böyük insan kütləsi var. Təkcə Türkiyədə deyil, elə Avropanın özündə də. Məsələn, 10 milyonluq ölkə düşünün, bir çox Qərb ölkəsindən böyük olar. Həmin insanlar kitab oxuyurlar, operaya gedirlər, film izləyirlər. Kitabları da elə həmin kütlə alır, 80 milyon deyil. Bunu deyəndə təbii ki, ağıllarına batdı və fikirləşməyə başladılar. Yəni Qərbdə bu cür ayrı-seçkilik var. İngiltərəyə get, görəcəksən ki, olduqca mədəni insanlardırlar, çox incə danışır, zərif davranırlar, amma onların beyinlərində "dünyada ingilislərdən başqa millət yoxdur, bütün dünya ingilislərə xidmət etmək üçün yaradılıb" düşüncəsi hökm sürür. Bunu silmək mümkün deyil.

Ziyalısından avtobus sürücüsünə qədər eyni fikirdədirlər. Fransaya get, eyni mənzərə ilə qarşılaşacaqsan. Özlərinə "böyük millət" deyirlər, amma adi xidmətçisinin belə beynindən "ən böyük bizik" düşüncəni silə bilməzsən. Almanlar onsuz da belədir. Heç Rusiya da bu sıralamada geridə qalmır. Deyirlər ki, "uca rus milləti", daha nə olsun?! Onlar da bizi fərqli qəbul edirlər. Çinə gedəndə rahat oluram, ora- da bu cür yanaşma yoxdur. Almaniyada, Fransada kitablarım çox satılır. Televiziyalar, radiolar, qəzetlər müsahibə alırlar, çoxlu oxucularım var. Yəni şəxsi şikayətim yoxdur. Amma ümumən "bu adam üçüncü dünyadan gəlir" kimi bir rəftarları, davranışları hiss olunur. Fikirləşirlər ki, özünü inkişaf etdirib, amma digərləri hər halda çapan, talayandır. Bu baxış həmişə var. Məni ən çox sinirləndiyim şey "Siz həqiqətən türksünüz?" sualıdır. Hə, qardaşım, türkəm, deyirəm. Anam da, atam da, yoldaşım da mənim kimi insanlardır. Deyirlər ki, həmişə belə geyinirdiniz? Telefonumu çıxardıb nənəmin rəsmini göstərirəm. Baxın deyirəm, bu şəkildəki mənim nənəmdir, 1947-ci ildə  çəkilib. Diqqət edin, başında örtük var?! Yox! Mədəni qadındır. Onların belə münasibətindən yorulmuşam. Qərb bizi israrla rədd edir, qəbul etmək istəmir. Dünən bir alman qəzetinə müsahibə verdim. Çox sərt danışdım. Deyirəm ki, bunu qəbul edin, Avropanın Türkiyəyə və dünyanın yerdə qalan hissəsinə münasibəti cahil münasibətdir. Cəhalət yaxşı hal deyil. İnformasiya dövründə yaşayırıq. İnternet əlinizin altındadır. Lütfən, Avropanı mətbuat vasitəsi ilə məlumatlandırıb, bu cəhalətdən qurtarın. Bunu özüm də başda olmaqla deyirəm, bu qədər cahil olmağa haqqınız yox deyirəm (gülür).

- Uzun aradan sonra fərqli formatda konsertlər verdiniz. İllər keçməsinə baxmaraq, yenə coşğu, sevgi seli vardı.

- Hə, illərdir konsert vermirdim. Əslində, mən bəstəkaram - musiqi bəstələyir, simfoniya, film musiqisi yazıram. Mən müğənni deyiləm. Sadəcə, bir dönəm öz mahnılarımı zümzümə etdim və insanlar onları dinləmək istədi. Dünyada yunan, italyan sənətçiləri kimi möhtəşəm səsə malik xalqlar var. Onlara sevərək, böyük zövqlə qulaq asıram. Çünki onlar həqiqi solistdirlər. Engin Gökmen adlı böyük orkestr rəhbərimiz var. Prezident simfonik orkestrinə başçılıq edir. İki opera sənətçisi ilə yanıma gəldi. Dedilər ki, biz sizin əsərlərinizin filarmoniya orkestri ilə ifa etmək istəyirik. Dedim ki, əvvəllər bu parçaları London, Moskva, Berlin simfonik orkestrləri ifa etmişdilər. Buna görə də fikirləşdim ki, yaxşı olar və edin, məmnun olaram dedim. Dedilər ki, mahnıları həmin iki nəfər opera sənətçisi səsləndirəcək. Zövqlə dinləyəcəyimi söylədim. Razılaşdıq, amma bir problemimiz var, afişada sizin adınız yazılmasa, heç kim bilet almaz dedilər. Dedim ki, mən konsert verəsi olsam, bunu özüm edərəm, amma bunu istəmirəm. İsrar etdilər. Dedim, yaxşı, mən sizə əla formul tapdım. Siz konsertə hazırlaşın, həmin vaxt mən də gəlib bəstələdiyim mahnıların tarixçəsini, hekayəsini, hansı duyğularla yazdığımı, yəni ədəbi tərəfini danışaram. Görüntülər də var, səhnədə onlar da yayımlanar. Bunun əla fikir olduğunu dedilər. Beləliklə, yeni bir format ortaya çıxdı. İlk iki konsert İstanbul Harbiye Açıq Hava Teatrında oldu və möhtəşəm keçdi. Amma çox təəssüf ki, biletlər həddən artıq bahadır.

- Amma baha olsa da, salon dolu idi. Dayanmadan "biletlər tükəndi" deyə elanlar verirdilər.

- Doğrudur. Hər iki gecədə beş min olmaqla, on min nəfərə konsert verdik. Hələ qarşıda 20 konsert var. Növbəti konsert iyulun 21-də Bodrumdakı Amfiteatra keçiriləcək. Ardınca müxtəlif şəhərlərdə təşkil ediləcək. Təşkilatçılar deyir ki, indiki zamanda ən çox maraq doğuran sizin konsertlərinizdir, bu tərzdə olan konsertlər çox gözəldir. Orkestrin rəhbəri hər şeyi  çox gözəl idarə edir. Mən də arada çıxıb həyatımın acı-şirin əhvalatlarını danışıram, Yaşar Kamaldan, Nazim Hikmətdən bəhs edirəm. Bu, yaxın tarixin xülasəsi kimi olur və insanlar zövqlə dinləyirlər.

- İlk konsertdə xeyli sürprizlər oldu.

- Elədir, Əkrəm İmamoğlunun gəlməyi çox xoş idi. Bu ərəfələr insanlar çox sevinclidir. Çünki bələdiyyə seçkilərindən daha artığı oldu. Xalqın içindən yeni lider çıxdığına və ilk dəfə Rəcəb Tayyib Ərdoğanın yenildiyinə görə sevinirlər. Əkrəm İmamoğlu ilk konsertdə günün qəhrəmanı oldu. Səhnəyə çıxdı, gözəl çıxış etdi.

- "Tuhaf" dərgisinin iyul sayı isə lap skandal idi. Xüsusilə Əkrəm İmamoğlunun yazdığı yazı...

- Əkrəm İmamoğlu "Tuhaf" dərgisinə yazdığı yazı insanlar üçün sürpriz oldu. "Mənə bələdiyyə başqanı olmamı ilk söyləyən və ağlıma salan Zülfü Livaneli oldu dedi. Türkiyənin lideri olacaqsan, bələdiyyə başqanı ol...ol...ol dedi". Xalq da həmin yazıda bunu öyrəndi,  ona görə "seçkinin gizli qəhrəmanı" deyə hər kəs bundan danışır. İnsanlar coşğuludur, təkrar Atatürkçülərin, layiqlərin geri qayıtmasına görə xoşbəxtdirlər. Son 17 ildə Türkiyə çox acı çəkdi. Barbarlıq, təcavüzlər, kobudluq artdı, kübar insanların hərəsi bir küncə çəkildi, səslərini çıxara bilmədilər. Ümidsizlik, əxlaqsızlıq önə çıxdı. İnsanların üzü gülməz oldu. Baxırsan ki, məhkəmə məhkəmə deyil, ədalət işləmir, mətbuat, ümumiyyətlə, bitib. Axı, bu nədir?! Ərəblərə qarışdıq, artıq qurtula bilməyəcəyimizi düşünürdük. Amma birdən-birə gün doğdu. Siyasət mövzusunda xalq mənə güvənir. Çünki bu günə qədər məndən yalan eşitməyiblər. Mövqe, məqam arxasınca qaçdığımı görməyiblər. Zorla millət vəkili etdilər, istefa verdim, UNESCO-dan istefa verdim. Birdən iqtidar hansısa sözümü eşitməkdən xoşlanmaz deyə, heç vaxt səsimi qısmadım, buna əhəmiyyət vermədim. Xalq mənim keçmişimi bilir və inanır. Ona görə də belə bir işə qol qoymağı özümə borc bildim!
Bəli, illərdir, xalqın dilindən düşməyən "Günəş topla mənim üçün" mahnısı gerçək oldu. Livaneli günəşi toplayıb milyonlarla insanın qaranlığını aydınlatdı. Yəqin ki, ən böyük səadət elə bu idi. Bir, beş, on deyil, milyonlarla insanın ruhuna toxuna bilmək!..

İSTANBUL

 





20.07.2019    çap et  çap et