525.Az

Milli dəyər - Loğman Rəşidzadə şeyxülislamdan yazır


 

Milli dəyər - <b style="color:red">Loğman Rəşidzadə şeyxülislamdan yazır </b>

(Şeyxülislam hacı Allahşükür Paşazadənin ömür yolu, yaşam prinsipləri və həyat fəlsəfəsi barədə düşüncələr)

Şeyxülislam! İsti, səmimi, munis bir ad... Yönəldilən və yoldan çıxanları yönəldən, yoldan çıxaranları hidayətə səsləyən humanist, qayğıkeş ilahi bələdçi... Aydın niyyət daşıyıcısı, mənəvi təmizliyin, ruhi saflığın və insanlığın əbədi səfiri...

Şeyx həzrətləri! İnsanlara bütün qəlbi və ruhuyla, yolu və yolçuluğuyla bağlı, həyatı sevən, sevdirən zəngin mənəviyyat qaynağı... Hər kəsin inam, etiqad, hüzur aradığı və tapdığı bir ünvan...

Bütün Qafqazın şeyxi! Ağır sanbal, böyüklük və əzəmət... Böyük camenin, geniş, mürəkkəb, rəngarəng və narahat bir regionun - Qafqazın daim can atdığı, işığına yığışdığı inam, etiqad ünvanı...

Şeyxülislam hacı Allahşükür Paşazadə! Bütün bu dediklərimizə səmimiyyət qovuşduran munis bir ad... Sadə insan, müdrik, dərin zəkalı alim, qəlbində əmanət kimi Allah xofu, ilahi sevgi və Tanrı işığı yaşadan nurani həmdaşımız... O, hamıyla birgədir, bizimlə çiyin-çiyinədir, xalqın xeyrində-şərində, xoş günündə, ağır dəqiqələrində ağsaqqal statusunda camaatın önündədir.

Ömür bir borc olaraq da yaşanılır

Şeyx həzrətlərinin uşaqlıq və yeniyetməlik yaşantıları, təbii ki, bizim gözümüz önündə olmayıb. Amma ona verilmiş ilahi tapşırıqla həyatının mənasını dində, islam aləmində tapması barədə kifayət qədər əfsanələşmiş söhbətləri, hətta rəvayət xarakterli xatirələri eşitmişik. Onun ilahi aləmə və islam elminə sonsuz marağı və təşnəsi Lənkəranın Çil kəndindən qışın sazağında, yayın qızmarında neçə kəndi adlayıb Masallının Babaser kəndinə gəlməsi, dövrünün müqtədir üləması, görkəmli ilahiyyatçı alim Şeyx Qüdrət axunddan dərs alması, din elmini ehtiras və inamla öyrənməsi doğrudan da rəvayət dolu söhbətlərdə bu gün də yaşamaqdadır. Sonralar ehtiras və inamı, sevgi və məhəbbəti onu Buxaraya, ali dini universitetə gətirəndə bu rəvayətlərə bir az da əfsanəvi çalarlar qatıldı. Amma bütün bunlar reallıq və xoş bir həqiqət idi.

***

Sovet dövründə təbii ki, hər deyən yerdə, respublikada, şəhərdə ilahiyyat təyinatlı ali təhsil ocaqları yox idi. Ən hörmətlisi isə Buxara Universiteti idi. Burada təhsil almaq, təbii ki, müəyyən seçkin insanların qarşısıalınmaz arzusuyla qovuşurdu.

Belə bir kəlam var: Ömür bir borc olaraq da yaşanılır. Allah insanları əbədi təyinatları ilə yaradır. Qədər ömrümüz boyu bizi izləyir və həyatımızı tənzimləyir. Dinin urvatdan salındığı bir zamanda A.Paşazadə də təhsilini başa vurub vətənə döndü və çox keçmədən qurumun tarixində ilk ən gənc Şeyxülislam kimi Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik eləməyə başladı. Borc verilmiş ömür, eləcə bu borcun əvəzi kimi Allah xidmətinə yönəldi. 

Ağır miras... və sınaq anları 

Zamanın qeyri-müəyyənlik və ziddiyyətlər içərisində çabaladığı, dünyanın birrəngli və birspektirli qavrayışının dövlət siyasəti səviyyəsində, ideoloji doktrina qismində qəbul edildiyi, şəxsiyyətin və şəxsi təşəbbüslərin, subyektiv fəallığın arxa plana keçdiyi, neqativlərin pozitivləri öz örtüyünə bürüdüyü, bəşəri inkişafın və mənəvi islahatçılığın kölgədə qaldığı bir vaxtda gənc Allahşükür Paşazadə Qafqazın şeyxi kimi fəaliyyətə bütün bu naqisliklərə qarşı mübarizə ilə başladı.

Hacı Allahşükür Paşazadə idarəni bir rəhbər olaraq qəbul edəndə və dini lider kimi fəaliyyətə başlayanda Sovet ideologiyası basqılarının ən tüğyan vaxtıydı. Dini fanatizmə qarşı mübarizəylə bağlı Sov.İKP MK-nın qərarları bir-birinin dalınca çıxırdı. Üstəlik, idarənin özü də inzibati-təşkilati cəhətdən və kadr potensialı baxımından son dərəcə məhdud bir vəziyyətdə idi. Maliyyə mənbələrindən, yardımlardan danışmağa dəyməzdi. Bir sözlə, islam ögeyləşmiş, sanki Allahın özü də unudulmuşdu. Belə bir şəraitdə gənc dini lider nə etməliydi? O, çox düşünmədi, çünki bu vəziyyətin içindəydi və mübarizəyə tam hazır idi. O, sağlam və sınaqdan çıxmış ənənəvi metodları saxlamaqla idarədə ciddi reformalara girişdi. Və sübut elədi ki, islam öz-özlüyündə, mahiyyətcə, demokratik təbiəti etibarı ilə dünyəvi əxlaqla zəngin bir hərəkatdır, tərbiyə məktəbidir. O, islamın demokratizmini, tolerant ruhunu, sülhə və əmin-amanlığa xidmət mahiyyətini, mənəvi dünyamızın ədalətli, anlaşıqlı düzəni uğrunda mübarizələrlə zəngin tarixi barədə bilgilərin yayılmasına geniş rəvac verdi. Bunun üçün idarənin fəaliyyət dairəsini genişləndirmək, nəzərdə tutulan reformaları, yenilikləri həyata keçirmək üçün kadr potensialını gücləndirdi, həyatın müxtəlif künc-bucağında itib-batmış gənc istedadlı ilahiyyatçıları, intellektual ziyalıları, görkəmli şərqşünasları, alimləri işə cəlb etdi.

***

Ötən əsrin 70-ci illərindən sonra respublikamızda ictimai-siyasi və mənəvi aləm çox ciddi təkamül və yüksəlişlə izlənilir. Bu dövr dramatik zənginliyinə görə böyük zaman kəsimlərindən də üstün oldu, xalq üçün taleyüklü ana çevrildi. Əsrlərdən bəri, sanki tıxaclı şüşədə saxlanan dini ehkamlar, teoloji təsəvvürlər və sxolastik təlimlər də yeniləşir, cəmiyyətə adekvat inkişaf edirdi. Bəli, bu, o dövr idi - Ulu öndərimiz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövrü... Şeyx həzrətləri, məhz bu əlverişli məqamda Azərbaycanda dini islahatların, ilahi işarətlə dünyəvi fəaliyyətin birləşdirici bayraqdarına çevrildi. Şeyxin xoşbəxtliyi ondaydı ki, kürəyində böyük bir dövlət xadiminin, güclü şəxsiyyətin əlinin hərarətin hiss edir və bundan yeni quruculuq, kardinal dəyişikliklər üçün qeyri-adi siyasi dəstək və stimul alırdı. Din xadimi, eyni zamanda, həm də dövlət adamı statusundaydı. O, beynəlxalq konfranslarda, diplomatik görüşlərdə təkcə din xadimi kimi iştirak etmir, həm də Azərbaycan dövləti və Azərbaycan xalqı adından söz sahibi kimi çıxış edir, israrlı və qətiyyətli iradə göstərirdi.  

Qara Yanvarın işıqlı adamı 

Kütləvi coşğunun irrasional təhdidləri qarşısında bəzən bəşəri duyğu və düşüncələr, ağlın, dərrakənin fədakarlığı, şüur aktları arxa planda qalır. Uzaq məqsədlərə yönələn humanist əqidələr görürsən ki, ciddi dağıntılarla izlənir, ictimai toqquşmalar dəlisov dalğalarıyla hər şeyi ağzına alıb aparır. Müqəddəs çabalar, qəhrəmancasına mücadilələr, gələcəyə köklənən xoş niyyətlər qeyri-ənənəvi faciələr də törədir. Bu çaxnaşmalar fonunda bəzən humanizm nifrətə, insanlıq qaba düşmənçiliyə, kobud siyasətə çevrilir, xeyir şərə xidmət edir. Kütləvi ağılsızlıq, total azğınlıq anlarında milli birlik, xalqçılıq, vətənçilik yolunda ayrı-ayrı işıqlı, müdrik insanların, kütləyə təsir gücü ola bilən şəxslərin, şüuru və ağlı zəmanədən daha yüksəkdə dayana bilən qüdrətli seçkinlərin səfərbəredici sözünə, yenilməz iradəsinə daha çox ehtiyac duyulur.                                             

***

Ötən əsrin 90-cı illərində respublikamız, məhz belə bir qeyri-müəyyən vəziyyətdə idi, kütləvi ağılsızlıq və ictimai dəlilik həddinə gəlib çıxmışdı. Qarabağ yenidən erməni fitnəsinin girdabına düşmüşdü, nüfuzunu itirmiş kommunist partiyası millətin nəzərində şərə qulluq edən şeytan və iblis simasında idi. Milli ideologiya hələ kamil biçimdə deyildi; nifrət və birtərəfli doktorinalar içində çabalayırdı. Bütlər və ehkamlar qırılmışdı - şübhə və çaşqınlıq ictimai aləmin əsas atributuna çevrilmişdi. Erməni qəsbkarları tərəfindən yeri-yurdu yağmalanmış, incidilmiş, təhqirə-tənəyə tuş gəlmiş bu nəcib xalq dərd-səri azmış kimi 1990-cı ildə yanvar faciəsilə də üz-üzə gəlməli oldu, sarsıdıcı bir ağrını da yaşadı. O ağır günlərdə Şeyxülislam hacı Allahşükür Paşazadə öz ağsaqqal missiyasını ləyaqətlə yerinə yetirdi. Kütləvi qırğına məruz qalmış vətən oğullarının, tankların qarşısına əliyalın çıxmış və faciəli surətdə həlak olmuş milli qəhrəmanlarımızın dəfni, xeyratı ilə işini bitmiş hesab etmədi, dövrün müdrik siyasi xadimi, diplomatı kimi informasiya blokadasını, mətbu sədləri və qadağaları qıraraq bəyanatlar verdi, bu başıbəlalı xalqın dərd-sərini bütün dünyaya car çəkdi. İnam və etiqadların qırıldığı bir vaxtda din xadiminin, Ali ruhaninin bütün dövləti məsuliyyəti öz üzərinə götürüb ən çətin vaxtlarda xalqı arxasınca aparmaq missiyası tarixdə az-az rast gəlinən hadisələrdəndir. Şeyx həzrətləri o zaman təkcə çaşqın xalqın ümid və arzularını özünə qaytarmadı, həm də islam dininin nüfuzunu, ruhani silkinin dəyərini ucaltdı.

***

Tarix həmişə məğlublara qarşı ədalətsiz olur. Məğlub xalq nə qədər nəcib, mərd, əxlaqlı olsa da belə, taleyin və tarixin ironiyasından yan keçə bilmir. 20 yanvar qırğınından sonra ideoloji mübarizələrdə tökülmüş qanlar azmış kimi, xalqımıza  hələ nə qədər də şərlər, böhtanlar atılmadı? Vəhşi xalq dedilər, ekstremist damğası vurdular, nadanlıqda, mədəniyyətsizlikdə ittiham etdilər. Hələ bəzi liderlər haqqında nələr uydurmadılar... Şeyx haqqında da hakəza. Bu iyrənc ittihamlar onun hakimiyyət həvəsinə düşməsi kimi sərsəm fikrə qədər gedib çıxdı.

***

Sonrakı dövrlərdə də, çaxnaşan, təlatümlü ictimai-siyasi burulğanların fonunda Şeyx həzrətlərinin barışdırıcı, tolerant və demokratik fəaliyyətinin şahidi olur, hakimiyyətin gəlişməsində, müstəqil dövlətimizin bünövrəsinin qoyulmasında və yeni formalaşmağa başlayan dövlətçiliyimizin qorunmasında müqtədir əməllərini izləyirik. 1990-1993-cü illərdəki dramatik hadisələr hamımızın xatirindədir. Yaxın keçmişimizin ibrət dərsləri kimi bu olaylar dövlət quruculuğu tariximizdə ən kövrək, mütəhərrik və narahat yaşantıları ilə yaddaşımızda qalıb. Bu vaxtlarda, çaşqınlıq və narahatlıq dövründə dayanmadan çalışan, gecə-gündüz bilmədən fəaliyyət göstərən güc, enerji sahibi, intellektual yaradıcı bir zəka vardı. Bu, Şeyx Allahşükür Paşazadə idi. O, böyük ilahi tapşırığı əzmlə yerinə yetirdi, üz-üzə dayanmış qüvvələri tam barışdıra bilməsə də, sakitləşdirdi, cəmiyyəti hədələyən vətəndaş müharibəsini dayandırdı, milli konsensusa nail oldu. Sonsuz səbri, iti, çevik zəkası, həssas duyğularıyla o, bunu bacardı. Burada onun inamı, ədalətli və fasiləsiz mücadilələri az rol oynamadı. Həzrət Əli (ə.s.) buyurmuşdur ki, iman dörd dirək üstündə dayanır: səbr, yəqin, ədalət və cihad. Bütün mübarizələri dövründə Şeyxin fəaliyyətinin bu qızıl postulatlar üzərində qurulduğunu görürük. Tolerant ruh, döyüşkən xarakter, ədalət hissi, demokratik düşüncə, fasiləsiz mücadilə, səbr və təmkin elə özü Allahın böyük lütfü deyilmi?

***

Həqiqət, insani qaynaqlara qayıtmağın, bəşəri duyğuların ilahi paklığını dərk etməyin yeganə yoludur. Ötən əsrin doxsanıncı illərində Azərbaycanda məhz həqiqətin bu paklığını axtarmaq, ilahi təyinatı arayıb üzə çıxarmaq, ictimai-siyasi pərakəndəliyi qaydaya salmaq yada düşmürdü. Kabinet dəllalları və süngü "qəhrəmanları"na belə hisslər yad idi. Vətən, Qarabağ torpaqları beş-on fədakar vətənpərvərin ümidinə qalmışdı və günü-gündən cuna kimi süzülürdü. Toxum səpən kəndlinin bərəkət dolu əli havada qalmışdı, fəhlə dəzgah başında fikrə dalmışdı, ziyalı öz qınına çəkilib hadisələrin sonunu gözləyirdi. Respublikanın Ali Məclisində bəlağətli nitqlər söylənilir, fərdiləşmiş siyasi qruplar və partiyalar daha çox boğaz yırtmaqla daha çox pay əldə etmək amacında bulunur, Prezident Aparatının mirzələri də öz siyasi mantiyası altında gizlənərək, sanki möcüzə gözləyirdilər. Zaman isə öz çaparındaydı. Belə bir gərgin vəziyyətdə, sınaq anında Allahın ona verdiyi ilahi missiyanı yerinə yetirmək üçün yenə də Şeyx Allahşükür Paşazadə öz sinəsini irəli verdi. O vaxt Şeyx həm də millət vəkili idi.

Şeyx Həzrətləri baş verən və baş verə biləcək olayları rasional istiqamətə yönəldə bilirdi. Ağız deyəni qulaq eşitməyən bir vaxtda görürdün ki, onun sakit, təmkinli, lakin qətiyyətli səsi eşidildi. Belədə hamı susur, hadisələr müəyyən mənada öz məcrasına düşürdü. Ən cığal, mühafizəkar iqtidar nümayəndələri də, ən çılğın, dotələb müxalifətçilər də onu məmnuniyyətlə dinləyir, sözünü eşidir, dərin məzmunlu kəlamlarından nümunə götürür, onun ilahi təyinatına hörmət edirdilər.

Az keçmədən küçələrə axışmış kütlələrin və müxalif qüvvələrin təzyiqi ilə prezident Ayaz Mütəllibov hakimiyyəti təhvil verməli oldu. Müvəqqəti sakitlik yarandı; amma daxili bir narahatlıq qalmaqdaydı. Xalq içdən nehrə kimi çalxalanırdı. İndi də Ayaz Mütəllibovun "qardaşları" hay-harayla halay çəkib parlament meydanını tutaraq onun "pozulmuş hüquqlarının" bərpasına çağırış edirdilər. Belə bir ağılsız inadkarlığı, kor zorakılığı özünü və həyatı dərk eləməyən, bütün dünyanı öz qapalı iradəsi altına almaq istəyən bir qrup fanatik avantüristlər irəli sürürdülər. İnsanların bir qrupu öz fərdi mozaxist istəklərini, sanki digərlərinə təsir mexanizmi kimi işə salır, bəşəri amallar, milli dəyərlər bir tərəfdə qaldığı halda həmin qrup öz nifrət və qəzəbini digərinin üzərində sınamağa çalışırdı. Yenə Şeyx Həzrətləri... Yenə Allahşükür Paşazadə... Yenə sarsılmaz iradəli Qafqazın Ali dini lideri... O, bu dönəmdə də gecəli-gündüzlü çalışırdı, tərəflər arasında yenə də barışığa can atırdı. Amma hadisələr get-gedə daha da mürəkkəbləşir, hədələyici ton alırdı; Ayaz Mütəllibovun eyforiya və hay-harayla hakimiyyətə yenidən qaytarılması məsələni daha da qəlizləşdirdi. Silahlılar, artıq parlament binasının dəhlizlərində, iclas salonunda var-gəl edirdilər. Hadisələr daha da dramatikləşməyə başlamışdı. Qan töküləcəyini hiss edən Şeyx Həzrətləri uzun danışıqlardan sonra Ayaz Mütəllibovu istefa ərizəsi verməyə axır ki, razı sala bildi. Vətəndaş müharibəsi həddinə gəlmiş vəziyyət nisbətən sakit məcraya yönəldi. Xalq Cəbhəsi hakimiyyətə gəldi. Yeni narahatlıqlar, yeni qayğılar, dövlət və dövlətçilik üçün yeni problemlər cücərməyə başladı.

***

Stefan Sveyq yazır: "Ayrılıqda götürülmüş bir şəxs zəmanəsinin həlledici problemlərinə doğru qətiyyətlə addımlayırsa, həmişə baş verənlər baş verir: onun ətrafına yığışıb özlərinin gözləntiləri ilə həmin insanın yaradıcı gücünü artırırlar... Bütün güclərini, ümidlərini, səbirsizliklərini mənəviliyə və insanlığın ucaldılmasına yönəldərək öz ideallarını, nəhayət, bu insanda tapırlar: zamanın yaratdığı azman gərginliyi ya o yox edə bilər, ya da heç kəs". O vaxt Azərbaycanda belə bir adam Heydər Əliyev idi.

Şeyx Həzrətləri əvvəllər olduğu kimi, yenə də ümid yeri kimi Heydər Əliyevi görürdü. Bütün ömrünü xalqın birliyi və rifahı yolunda daim şam kimi əritmiş Heydər Əliyev yenə də onun içindəydi. Qədim və zəngin tarixə malik, lakin son dövrlərdə unudulmuş bir diyarı, ulu Naxçıvanı az müddətdə ayağa qaldırmış Heydər Əliyev gec-tez kompasını itirmiş Azərbaycan gəmisinin sükanı arxasına keçməliydi. Bu düşüncələr onu duyğulandırır və rahatlıq vermirdi. Mövcud hakimiyyətin şəkkaklığına və xoflu davranışlarına baxmayaraq, o, bu fikir və düşüncələrini yaymaqdan çəkinmir, xütbələrində, dini toplantılardakı çıxışlarında, xeyir-şər məclislərində dəfələrlə xalqa bəyan edirdi, Ulu öndərin özü ilə də bu düşüncələrini tez-tez bölüşürdü. Dövlətçiliyə dəxli olmayan eksperimental "cəbhə iqtidarı"nın günü-gündən "çiçəklənən" kobud və acı idarəçiliyi yeni lider zərurətini özü diktə edirdi. O, göylərdən aldığı mənəvi gücü yerdə, ictimai sferada həmişə enerji mənbəyi kimi gördüyü Heydər Əliyevin siyasi iradəsi, himayəsi və əbədi, sarsılmaz ruhi əzəmətilə yükləyirdi. Xalqı xaosdan, çaşqınlıqdan xilas etməyin, yolsuzluqdan qurtarıb haqqa qovuşdurmağın əsas məqamı artıq yetişmişdi. Hadisələrin üfüqündə o gün görünürdü, yeni liderin doğum günü...

1993-cü il 15 iyun tarixində (Qurtuluş Günü) Heydər Əliyevin xalqın tələbi ilə respublika rəhbərliyinə dəvət edilməsində, ölkəni təhdid edən münaqişələrə və hakimiyyətsizliyə son qoyulmasında Şeyx Həzrətlərinin rolu danılmazdır. Surət Hüseynov qiyamının yatırılması, ölkədə milli qarşıdurmanın aradan qaldırılması, siyasi hakimiyyətin möhkəmləndirilməsində Şeyx Allahşükür Paşazadə Heydər Əliyevlə yanaşıydı, çiyin-çiyinəydi. Tərəqqiyə ağlın, siyasi iradənin və mənəviyyatın sinonimi kimi baxan Heydər Əliyev bu mənada səmimi dini əqidəni, sağlam teoloji baxışları da dövlət idarəçiliyində sınaqdan çıxarır və təqdir edirdi. Dövlət-din münasibətlərinin uğurlu tənzimlənməsində Heydər Əliyev Şeyxin fəaliyyətini kifayət qədər bəyənir və qiymətləndirirdi.  

Bütün yollar məbədə aparır... 

Zamanın və qoca Avropanın özü qədər qocaman bir mənəviyyat şüarı... Dünyaya xilas çağırışı, qardaşlıq, həmrəylik və birlik düsturu... İnsanlığı mağara və qəbilə psixologiyasından çıxarıb bəşəri dəyərlər müstəvisində kökləmək arzusu... Bu gün ən mükəmməl ictimai-siyasi struktur kimi təqdir olunan Avropa Birliyi ideyası XIII-XIV əsrlər intibah humanistlərinin konsepsiyası idi. Dünya birliyi ölkələrinin və xalqlarının eyni məkanda və mənəvi, əqli, intellektual iqlimdə qovuşması çabası bu humanist ideyaların daha qlobal təqdimi arzusu kimi tarixdə yaşamaqdadır. Qloballaşan dünyanın ideya-estetik bünövrəsində isə multkultural estetika dayanmalıydı. Bu xoşniyyətli arzu bütün dünya üzrə artıq bəşəri bir reallığa çevrilməkdədir. Azərbaycan xalqı güclü bir siyasi iradə və mənəvi-əxlaqi dəyərlərlə bu bəşəri çağırışın önündədir.

Ümummilli Lider Heydər Əliyev siyasətinin bütün sahələrdə uğurlu davamçısı Prezident İlham Əliyev bu siyasi məntiqi və əliyevçilik fəlsəfəsinin tərkib hissəsi olan bu tolerant düşüncəni yeni ideyalarla, hərəkat və nəzəriyyələrlə zənginləşdirmiş, buna yeni məzmun vermiş, çevik formalar əlavə etmişdir. Onun idarəçilik dövrünün lap ilk illərindən multikultural fəaliyyətə yaşıl işıq yandırılması, tolerant mühitin və cəmiyyətin formalaşdırılması, dini konfensiyaların inkişafı üçün bərabər şəraitin yaradılması, dini və milli zəmində ekstermizmin, ksenofobiyanın, antisemitizmin aradan qaldırılmasında permanent fəaliyyət göstərilməsi xoşniyyətli Avropa Birliyi ideyasının daha da genişlənib Dünya Birliyi ideyasına çevrilməsində ölkəmizi cəlbedici nümunə kimi ortaya qoyur. Şeyx Həzrətləri isə bu ideyaların nəzəri və əməli, mənəvi və praktiki şərhində, tətbiqində, reallaşmasında İlham Əliyevlə bir sırada, bir cəbhədədir. Şeyxin humanist təbiəti, xeyirxah və saleh əməlləri bu sahənin də ilahi tapşırığa qovuşmasına ciddi zəmanət vermiş olur. Bütövlükdə götürdükdə isə Qafqaz Müsəlmanları İdarəsinin məqsədyönlü fəaliyyəti multkultural dəyərlərin Azərbaycan modelinin həm elmi, fəlsəfi və estetik mahiyyətinin, ictimai-siyasi xəttinin, həm də dini-teoloji istiqamətinin bütün dünyaya kompleks təqdimatındakı rolu son dərəcə təqdirəlayiqdir. Dini mərkəz kimi QMİ-nin özü, onun nəzdindəki Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi, Şeyx Həzrətlərinin rəhbərliyi altında fəaliyyət göstərən, qloballaşan dünyanın ahəng və nizamına xidmət edən irili-xırdalı digər hüman təşkilatlar Azərbaycanın multkultural hərəkatının ideya mənbəyi kimi çıxış edir. Şeyxin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə bu mövzuda keçirilən beynəlxalq və regional forumlar, konfranslar təkcə problemin elmi-nəzəri, fəlsəfi-estetik çözümü ilə yadda qalmır, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin üstün cəhətlərinin təbliğində, dünyaya tanıtdırılmasında bir nümunəyə çevrilir.

***

Öncül ziyalılarımız, müqtədir aydınlarımız Azərbaycan intibahının ən gəlişən dövrü olan XIX əsrin sonları və XX əsrin əvvəllərində yeni, özünü tanıyan, özünü dərk edən azərbaycanlı insan tipi uğrunda mücadilə etmişlər. Onlardan biri, azad sözün, demokratik ruhun sönməz işığı, maarifçi, islahatçı Azərbaycan fədaisi Əli bəy Hüseynzadə türk (azərbaycanlı) insan tipinin modelini təxminən belə vermişdir: türk hissiyyatlı, islam əqidəli, Avropa qiyafətli (Bu, həm də bayrağımızın rəmzi rənglərində, Əli bəy Hüseynzadə triadasında ifadə olunmuşdur). Ə.Hüseynzadə milli dəyərlər, dini əqidə və bəşəri keyfiyyətlərin vəhdətindən ibarət olan azərbaycanlı insanın mükəmməl obrazını yaratmaqla əslində, milli nicatın konsepsiyasını vermişdir. Uzun müddət sovet dönəmində bu düstur, təbii ki, vəhdətdə inkişaf edə bilməmişdir. Xüsusən, müstəqillik ideyaları kimi dini baxışlar bu mənada özəl təzyiqlərlə izlənmiş, küncə sıxışdırılmışdır. Dövlət müstəqilliyimizi əldə edəndən sonra dini əqidə, teoloji baxışlar da dəyişdi, ilkin məzmununa qayıtdı və yeniləşib dünyaya açıldı. Bu işlərə müəlliflik edən Şeyx Allahşükür Paşazadə felən Əli bəy Hüseynzadənin arzularını həyata keçirib islam dinini, Azərbaycan islam təfəkkürünü lokal dairədən xilas edib dünya müstəvisinə çıxardı və ona tolerant, demokratik din kimi dünyəvi status qazandıranlardan biri oldu.

***

İnsanlar arasında aydınlıq və vicdanlılığı, haqq və ədaləti israrla yayan bu adam pedant paxıllar, gözügötürməzlər tərəfindən daim şərə, böhtana, çirkin ittihamlara tuş gəlib. O, bütün bunlara cavab vermək əvəzinə, həmişə yüksək əzəmət, səbr, təmkin və aydın etinasızlıq nümayiş etdirib. Yeri gəlmişkən, bir hadisəni qeyd edim. Üç-dörd nəfərlik, Şeyx Həzrətləri ilə dayanıb söhbət edirdik. Kənardan bir adam qəfil yaxınlaşıb Şeyxi bağrına basdı və "sən bizim böyüyümüzsən, ağsaqqalımızsan", - dedi. Halbuki Şeyxin qarasınca daim şər-böhtanlar yağdırırdı, hətta mətbuat səhifələrində belə (Dünyasını dəyişdiyindən həmin adamın adını çəkmək istəmirəm). Şeyx Həzrətləri heç nəyi büruzə vermədi, hətta xoş üz göstərdi. Adam tələsik uzaqlaşdı. İçərimizdən biri dözməyib dedi ki, Şeyx Həzrətləri, axı bu adam Sizin haqqınızda olmazın hədyanlar söyləyir, Siz isə onu xoş üzlə qarşılayıb yola salırsınız. Şeyx Həzrətləri yenə təmkinini pozmayıb sakitcə cavab verdi: "Peyğəmbərimiz (s) bilirsən, bu barədə nə deyib? Deyib ki, sənə pislik edənə sən də pislik edib ikinci bir şər əməl törətmə! İndi o, nə deyir, qoy desin. Mən onun tayı ola bilmərəm. Mən Şeyxəm axı! Onda onunla mənim aramda nə fərq olardı?" - dedi. Bax, əsl səbrin, təmkinin, azad ruhun əzəməti budur.

Şeyx Allahşükür Paşazadə ömrü boyu soldan, sağdan, üfüqi və şaquli istiqamətlərdən zərbələr alıb. Ona hər tərəfdən daş atıblar. Yaxınlar da, uzaqlar da... Dostlar da, düşmənlər də... Doğmalar da, yadlar da... Yaxşılıq etdikləri də, təsadüfən diqqətdən yayındırdıqları, etina göstərmədikləri də... Bəlkə bu da Tanrının bir sınağıdır? Onun səbrini, dözümünü, səbatını, müsəlmançılığını, iman və əqidəsini yoxlamaq vasitəsidir? Axı, Tanrı sevdiklərini həmişə çətin və məşəqqətli sınaqlardan keçirir!.. Amma hərcayilər də, daş atanlar da bilməlidirlər ki, Şeyx Allahşükür Paşazadə dövrün və zamanın həqiqətidir. Həqiqətə isə nə qədər istəsən daş atmaq olar, amma onu daşlamaq olmaz...

 





23.07.2019    çap et  çap et