525.Az

VII Henrinin saray üzvlərinin həyatı - Tüdorların uğurları və bədbəxtliklər seriyası


 

VII Henrinin saray üzvlərinin həyatı - <b style="color:red">Tüdorların uğurları və bədbəxtliklər seriyası </b>

(Əvvəli ötən şənbə sayımızda) 

III Riçardın saray rəisi lord Lovel ilk dəfə 1486-cı ildə qiyam qaldırdı, lakin qiyam pis hazırlandığından elə bir əhəmiyyətə malik olmadı. 1487-ci ildə Lambert Simnelin daha ciddi qiyamı baş verdi: "O, özünü III Riçardın böyük qardaşı, Klarens hersoqu Corcun oğlu, Varvik qrafı kimi qələmə verirdi. Həm də Linkoln qrafı Con de la Polun nəhəng köməyinə arxalanırdı və onun 2 min nəfər alman muzdlu əsgərinə Burqundiyalı Marqaret pul ödəmişdi. Qiyamçılar 1487-ci ilin iyununda Stokdakı çətin döyüşdə məğlub oldular. Henriyə məlum oldu ki, Simnel sadəcə aldadılmış bir adamdır, ona görə də sonralar onu kral mətbəxində işlətdi.

1491-ci ildə isə daha ciddi təhlükə meydana gəldi. Fleminqin qəşəng gənci olan Perkin Uorbel üzə çıxdı, onu Marqaret qızışdırıb ortaya atmışdı ki, IV Eduardın gənc oğlu Riçardın rolunu oynasın. Bu və ya digər vaxtlarda Fransanın, Niderlandın regenti Avstriyalı Maksimilianın, Şotlandiya kralı IV Ceymsin, həmçinin, İrlandiya və İngiltərənin qüdrətli adamlarının dəstəyi ilə Perkin üç dəfə İngiltərəyə müdaxilə etdi, ancaq 1497-ci ildə əsir götürüldü. İspan monarxları Ferdinand və İzabella Henrinin salamat qalacağına hələ də şübhə edirdilər. Ona görə də qızlarını İngiltərə printsi Artura ərə verməyə razılıq verməmişdən əvvəl bədbəxt qraf Varvikə sığınacaq vermişdilər.

Hətta bundan sonra da Henri Saffolk qrafı Edmund la Polun xəyanətindən təşviş keçirirdi, o, IV Eduardın bacısı Elizabetin sağ qalan oğlu idi, 1499-cu ildə Niderlanda qaçmışdı və Maksimilian tərəfindən dəstəklənirdi. Şübhəsiz ki, qəsdçilər Henrinin oğullarının ölümündən cəsarətləndilər. Onlardan körpə Edmund 1500-cü ildə, gənc Artur isə (onu əfsanəvi ingilis kralı Arturun şərəfinə belə adlandırılmışdı) 1502-ci ildə ölmüşdülər. Henrinin arvadı Elizabet isə bir il sonra 1503-cü ildə öldü. Yalnız Saffolk 1506-cı ildə Londondakı Tauerdə həbs edildikdən sonra Henri axırıncı dəfə artıq özünü təhlükəsiz hiss edə bilərdi. 21 aprel 1509-cu ildə isə Henrinin özü öldü və onun həyatda sağ qalan yeganə oğlu VIII Henri, müxalifət nəfəsinə çəkməyə heç imkan tapmamışdan atasını taxt-tacda əvəz etdi.

Hakimiyyətinin erkən illərində VII Henri əbəs cəhd edirdi ki, Breton hersoqluğunun Fransaya qovuşmasının qarşısını alsın. Henri İspaniya və həmçinin, Müqəddəs Roma imperatoru ilə Fransaya qarşı müharibəyə qoşuldu. Lakin tezliklə başa düşdü ki, müharibə öz krallığını yoxsulluğa və təhlükəyə düçar edir və 1492-ci ildə Fransa ilə sülh müqaviləsi bağladı. Şərt də belə oldu ki, onun sülaləsi tanınsın və ona xeyli pensiya ödənilsin.

Hətta Fransanın İtaliyanı işğal etməsi də dinc münasibətləri mümkün etdi, lakin Maksimilianın və IV Ceymsin Yorbekə dəstək verməsi, Niderlandla Şotlandiya arasında ciddi sözləşməyə səbəb oldu. İngiltərənin Niderland üçün iqtisadi əhəmiyyəti Henriyə imkan verdi ki, 1496-cı ildə sülh müqaviləsi bağlasın və azad ticarət qaydası qoysun. Bunun hər ikisi ölkə üçün faydalı idi.

Uzun müddətli düşmənçilik ənənəsinə görə Şotlandiya ilə münasibəti dəyişdirmək çətin idi. Lakin Henri 1499-cu ildə sülh müqaviləsi bağlamağa müvəffəq oldu. 1502-ci ildə Henrinin qızı Marqaret ilə IV Ceymsin nikahının bağlanması baş verdi. Ceyms nikahın real olaraq tez baş tutması ilə də razılaşdı, Şotlandiya kralı hələ 1501-ci ildə prints Arturla Katerina Araqonlunun toyunda iştirak etmək üçün İngiltərəyə gəlmişdi.

İspaniya qəflətən Avropa dövlətləri arasında birinci dərəcəli dövlət səviyyəsinə yüksəldi. İspaniya ilə nikah ittifaqının meydana gəlməsi də Tüdor sülaləsinin nüfuzunu qaldırırdı. 1501-ci ildə ispan monarxlarının nikahın baş tutmasına icazə verməsi Avropa dövlətlərinin gözündə Tüdor rejiminin gücünün artmasına yönələn bir plan idi. Ümumiyyətlə, VII Henri matriomonial (kral ailə üzvlərinin bir-birilə izdivaca girməsi) əlaqələrə böyük diqqət verirdi axı, o, özü də bundan faydalanmışdı, mərhum kral IV Eduardın qızı Elizabetlə evlənməklə taxt-tacı ələ keçirməkdə və nisbətən təhlükəsiz etməkdə uğur qazanmışdı

1502-ci ildə Arturun ölümündən sonra kral Henrinin güclü mövqedə olması, ona Katerinanın öz sağ qalan oğlu Henri (sonralar kral VIII Henri) ilə evlənməsini israr etməsinə imkan verdi. O vaxtdan Henri həm şəxsən Katerinanın özünə, həm də onun cehizinin yarısına sahib oldu. Həmin dövrdə İspaniyanın özü də Fransaya qarşı ingilislərin dəstəyinə ehtiyac duyurdu. Həqiqətən də, onun hökmranlığının bu son illərində Henri öz mövqeyi üçün elə etimad qazandı ki, o, bir sıra qeyri-adi matrimonial diplomatiya sxemlərinə əl ata bildi.

Ömrü boyu o, ehtiyatlılığı hesabına ölkəsini müharibəyə cəlb olunmaqdan kənarda saxlaya bilirdi və onun xarici siyasəti bütünlüklə sonrakı yanlışlıqlar, yolu azmalar üçün heç də əsas verməmişdi. O, öz diplomatiyasından təkcə şəxsi sülaləsi üçün deyil, həm də öz ölkəsinin varlanması üçün istifadə edirdi, hər bir imkandan yapışırdı ki, ingilis ticarətini inkişaf etdirsin. Bu məqsədlə çox sayda kommersiya müqavilələri bağlayırdı. Belə müqavilələr İspaniya ilə, Niderland, Florensiya və Danimarka ilə imzalanmışdı. O, öz ölkəsini inkişaf yoluna çıxarmışdı və onu qüdrətli etmişdi. Bu isə imkan verirdi ki, o, öz qızı Merini ershersoq Karla (sonralar imperator V Karl) nişanlasın. Bu izdivac həmin dövrün ən böyük ittifaqı olmalı idi.

Vətənindəki işlərdə isə Henri ənənəvi metodlar vasitəsilə təəccüb doğuran nəticələr qazanırdı. IV Eduard kimi, Henri görürdü ki, zaman tələb edəndə, tac onun sahibinə əla mükafat olmaqla yanaşı, həm də güc mənbəyi ola bilər. Bu vacib var-dövlət kralı, Parlamentdən və kreditorlardan olan utandırıcı asılılıqdan azad edirdi. Haqqında qərar verilən xərc ölkə iqtisadiyyatından irəli gəlir, beləliklə, müharibədən uzaqlaşmaqla administrasiyada səmərəliliyi yüksəltmək və gəliri artırmaq bir vəzifə kimi ön plana keçirdi. Gömrük rüsumlarından gəliri artırmaqdan ötəri Henri çalışırdı ki, ixracı həvəsləndirsin, ölkəsindəki sənaye sahələrini inkişaf etdirsin, zamanın şərəfləndirdiyi naviqasiya metodları vasitəsilə əmin olunsun ki, ingilis əmtəələri, əsasən, ingilis gəmilərində daşınacaqdır.

Məşhur səyyah Con Kabotun və onun oğlunun köməyi ilə yeni bazarlar tapılırdı. Sarayın leqal cərimə kimi fiskal hüquqlara cəsarətlə yiyələnməsi daha bəhrəli oldu. Yorkçu metodlarının davam etdirilməsi ilə, əsasən buna nail olundu. Henrinin maliyyə metodları çox səmərəli və rəhmsiz idi, xüsusən hökmranlığının son illərində Henri öz varisinə taleyin bir hökmü şəklindəki, öz maliyyə köməkçilərinə isə nifrət olunmaq irsini qoyub getdi.

Vətəndaş müharibələrindən sonra qaydanı bərpa etməkdə Henri yenicə düşünülənlərdən daha çox ənənəvi metodlardan istifadə edirdi. Yorkçu krallarına bənzər qaydada saray şurasına özü sədrlik edirdi, şuranın tərkibindəki hüquqşünaslar, din xadimləri və kiçik torpaq sahibləri onun fəal üzvləri idi. Şura hüquqi məsələlərə də baxırdı. Qanunsuz silah gəzdirən adamların üzərinə ağır cərimələr qoyulurdu. Şura çalışırdı ki, Uels və ölkənin şimalı inkişaf etdirilsin, oralarda şuranın xüsusi iclasları keçirilirdi. Ordunun və cəmiyyətin çox hissəsi vassal tituluna mövcud rütbənin təbii əlavəsi kimi hesab etdiyindən, Henri vassallar institutunu ləğv edə bilmədi. Buradan göründüyü kimi, Henri hökuməti konservativ idi, onun Parlamentlə və kilsə ilə əlaqələrində də bu, belə idi.

Henrinin bütün cavanlığı düşmənçilik şəraitində, çox hallarda xəyanət edilməsi və ölüm təhlükəsində və adətən, yoxsul vəziyyətdə keçmişdi. Onun hökmranlığının sabitliyə əmin olmaması ilə birlikdə, bu təcrübələr onu məxfi hərəkət etməyə və ehtiyatlı olmağa öyrətmişdi. O, öz ehtiraslarını və özünü nümayiş etdirməsini iradəsinə tabe etməyi hesablamaqla davranırdı, onun siyasəti daim səbirli və sayıq olurdu. Belə şəhadətlər vardır ki, o, alimliklə maraqlanmışdı, qan tökülməsini və sərtliyi sevmirdi, onun bütün emosiyaları salamat qalmaq ehtiyaclarını nəzərə almağa istiqamətlənmişdi.

Portretində və onun haqqındakı yazılarda VII Henri yorğun və qayğılı bir adam təsiri bağışlayır. Onun kiçik mavi gözləri var idi, dişləri xarab idi, nazik ağ saçları var idi. Təcrübələri və ehtirasları onu çox şeyi mənimsəyən bir adam etmişdi. Münasibəti də yaşına və uğurlarına uyğun olaraq yaxşılaşırdı və bu həm taxt-tac, həm də səltənətin özü üçün əlverişli və faydalı idi. 

VII Henrinin saray üzvlərinin həyatı. 1501-ci ilin noyabrı 

Kralın iki qızı və bir oğlu qalmışdı. Marqaret həm qardaşı, adətən, Harri adlandırdıqları Henridən, həm də bacısı Meridən böyük idi. Printsessaların sarayda müəyyən davranış qaydaları var idi, buna vaxtsız vəfat etmiş anaları, həm də Ledi nənələri nəzarət edirdi. Tüdor printsessası ağ və yaşıl rəngdə paltar geyinməli idi. Balaca qız Merini isə süd anası götürüb aparırdı ki, onu yeni gəlinə - Arturun arvadı Katerina Araqonluya göstərməsinlər. Yeganə printsessa kralın böyük qızı Marqaret idi. Kralın Uels printsi Arturdan başqa, gələcəkdə kiçik oğlu Harri də var idi.

Merinin yalnız beş yaşı var idi. Marqaret isə 12 yaşında idi. O, özünün nişan məclisində öz rolunu oynamalı idi, çünki bu məclis onun iştirakı olmadan yekunlaşa bilməzdi. Onun nənəsi, kralın anası özü haqqında da onlara çox şeyləri söyləmişdi.

Marqaretə artıq məlum idi ki, əgər o, yetişmiş qız kimi görünsə və nəhayət, ərə getmək üçün kifayət qədər böyüsə, şotland lordları, yəqin ki, onu müşahidə edəcəkdilər. Qız özü əmin idi ki, artıq o, bu mərhələyə çatmışdır, həqiqətən də, o, iri sümüklü bir qız idi, Uels ponisi kimi əndamlı, süd dayəsi kimi isə sağlam idi. Onun da kiçik qardaşı Harri kimi mavi gözləri var idi.

Londondakı Beynard qəsrində nənəsi ona dedi ki, "Növbəti köçən gəlin sən olacaqsan. Onlar deyirlər ki, bir toydan sonra başqa birisi baş verəcəkdir". Qız nənəsinə cavabında dedi: "Mən istəmirəm ki, printessa Katerina kimi uzağa səfər edim. Belə olsa, mən evimizə qonaq kimi gələcəyəm". Nənə dedi: "Belə olacaqdır. Sən qonşumuza ərə gedəcəksən və sən onu bizə yaxşı dost və müttəfiq edəcəksən".

Printessa Katerina, həqiqətən də, İspaniyadan İngiltərəyə böyük yol gəlməli olmuşdu. Vaxtilə İngiltərə sarayı Fransa ilə mübahisədə idi, ona görə də qız dəniz yolu ilə gəmidə üzməklə gəlməli olmuşdu, yolda dəhşətli tufana düşmüş, az qala, ölümcül qəzaya uğramışdı.

Marqaret ərə gedəndə isə Vestministerdən Edinburqa gəlib çatmaq üçün 400 mil məsafə qət etməli idi. O, dənizlə üzməyəcəkdi. Printsessa Katerinaya gəldikdə o, bir daha öz vətənini və valideynlərini görməyəcəkdi. Belə deyirdilər ki, o, ilk dəfə Arturu görəndə ağlayıbmış. Bu, bir qədər gülməli görünmüşdü, elə bil ki, gəlin Meri kimi lap körpə imiş.

Marqaret nənəsindən soruşurdu: "Toyda mən rəqs etməliyəmmi?" Nənə bildirdi ki: "Sən və Harri birlikdə rəqs etməlisiniz. Sonra isə İspaniya printsessası və onun lediləri bizə ispan rəqsini göstərməlidirlər. Sən isə ona ingilis printsessasının nəyə qadir olduğunu göstərməlisən". Qız bildirdi ki, "Yaxşı, onda biz məşq etməliyik".

İspan printsessası Kastiliyalının və Araqonlunun, kraliça İzabellanın və kral Ferdinandın qızı idi. Marqaretin anası və atası isə Plantagenet və Tüdor idilər. Katerina, yəqin, düşünürdü ki, guya yeni ailəsinin üzvlərinin hamısı onun gəlişinə sevinir. Ancaq Marqaret heç də özlüyündə istəmirdi ki, sarayda başqa bir printsessa da olsun.

Katerina və onu müşayiət edənlər qoşa qapıdan müdaxiləçi ordu kimi daxil oldular, onların geyimi, nitqi, saçları ingilislərinkinə heç cür bənzəmirdi. Mərkəzdə onların "İnfanta" adlandırdıqları, gözəl paltar geyinmiş bir qız dayanmışdı, onun 15 yaşı var idi, Artur da elə o yaşda idi. Harri ona xüsusi rəğbətlə baxırdı, gözünün ifadəsi bildirirdi ki, onun könlündən bu qıza vurulması keçir. Axı bu oğlan qəribə əhvalatları sevirdi. Katerinanı ilk dəfə görəndə qız ona çox böyük təsir bağışlamışdı.

(Ardı var)

 





23.07.2019    çap et  çap et