525.Az

Qırx il öncənin heyrəti - Rəşad Məcid yazır


 

Qırx il öncənin heyrəti - <b style="color:red">Rəşad Məcid yazır </b>

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə "Qanun" Nəşrlər evində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Əli Kərimin (1931-1969) əsasən məşhur şeirlərinin toplandığı "Metronun yaylı qapıları" adlı kitabı çapdan çıxıb.

Nəşrdə yer verilən əsərlər bu yaxınlarda vəfatının 50-ci ildönümü tamam olan Əli Kərimin şair kimi əbədiyaşarlığını bir daha isbatlamaq, poeziyasının ən səciyyəvi cəhətlərini əks etdirmək baxımından xüsusi önəm daşıyır.

Kitab Əli Kərim poeziyasının vurğunları, eləcə də şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər, gənc qələm sahibləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid kitaba "Qırx il öncənin heyrəti" adlı ön söz yazıb. Ön sözü oxuculara təqdim edirik.

Əli Kərim imzasıyla düz qırx il öncə, 14-15 yaşlarımda, onun "Seçilmiş əsərləri" ilə tanış olmuşam. Məkan da, şərait də dəqiq yadımdadır: Laçının Ağoğlan kəndində babamın evindəki kitabların arasından götürmüşdüm o nəşri. Həmin göy rəngli qalın kitabda şairin, demək olar ki, bütün şeirləri toplanmışdı. Bu da yadımdadır ki, kitaba məşhur tənqidçi Asif Əfəndiyevin yazdığı, mənsur şeiri xatırladan ön söz də qeyri-adiliyilə diqqətimi çəkmişdi.

Əli Kərimin o kitabdakı əsərləri məni yaxşı mənada təəccübləndirmişdi, çünki o vaxta kimi oxuduğum, sevdiyim, əzbərlədiyim şeirlərdən xeyli fərqlənirdi. Məndə xoş bir heyrətə səbəb olan həmin şeirlər, aradan qırx il keçməsinə baxmayaraq, bu gün də yaddaşımda dipdiri, canlı qalır.

Sonralar Əli Kərim poeziyasını daha çox və tez-tez oxumağa başladım. Xatırlayıram ki, təxminən 16-17 yaşım olanda, 1980-ci illərin əvvəllərində "Ulduz" jurnalına şeirlərimi aparmışdım. Həmin vaxt jurnalın şeir şöbəsinin müdiri Vaqif Cəbrayılzadə idi. Vaqif müəllim şeirlərin üzərinə belə bir qeyd yazmışdı: "Əli Kərim, Məmməd Araz, Nazim Hikmət, Mayakovski... Bu şairləri oxumalı". Vaqif Cəbrayılzadənin bu qeydi Əli Kərim poeziyasına diqqətimi yönəldən ikinci mühüm məqam oldu. Və həmin o vərəqlərin üstünə əllə yazılan "Əli Kərim" sözləri indi də gözlərimin qarşısındadır.

Əli Kərimin "Seçilmiş əsərləri"ndən ən çox yadımda qalan, fərqli gələn şeirlər bunlar idi: "Daş", "Metronun yaylı qapıları", "Babəkin qolları", "Əllər", "Qaytar ana borcunu", "Bəzən haqq qazanır insan öləndə"...

"Əllər" şeirində boru daşıyan fəhlələrin adi, sıxıcı işini şair elə qeyri-adi, dəqiq, canlı şəkildə təsvir edir ki, o mənzərə insanı dərindən təsirləndirir, yaddaşına unudulmaz bir lövhə kimi həkk olunur:

Güclü çiyinlərində
Uzun-uzun borular
Yeriyirlər neftçilər...
Qalın qar çıxır dizə,
Sanki tutub ayaqdan
İstəmir ki, buraxa.
Neftçilər boruları
Daşıyırlar buruğa.
Ağ vulkanlar içində
Alıb dərindən nəfəs,
Fəhlələr bir-birini
Tez-tez eləyir əvəz.
Əllər duyur boruda
Əvəz olunmuşların
Əlinin istisini.
Amma dostların biri
Borudan yapışanda
Bu istini duymadı,
Çıxarmadı səsini
Bildi: kimsə boranda
Göz görməyən zamanda,
Başqası çalışanda
Avaratək verməyib işə canını,
şəksiz,
Dostlarının yanıyla
Yeriyibdir ürəksiz...

"Metronun yaylı qapıları" şeirini gündəlik həyatda lap tez-tez xatırlayıram. Laqeyd, başqalarını düşünməyən, etinasız insanlar var olduqca, hətta get-gedə artdıqca bu şeir də aktuallığını qoruyur. Xırda, adi, bəzilərinə əhəmiyyətsiz görünən bir detalla şair fərqli insan portretləri yaradıb:

Adam var bu qapıları açar,
Bir az
saxlayar, deyər:
"Birdən,
Arxadan gələnə dəyər".
Bəzən
heç dönüb baxmaz da
Heç özü bilməz də
Kimdir: dostdur,
yoxsa düşmən.
Qapını yavaş-yavaş
buraxar əlindən.
Eləsi də olur ki,
Tələsik özünü içəri soxur,
Elə bil
Heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki,
insanların alnına.
Qapılar
Açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına.

Bu cür epik məzmunlu şeirlər mənim üçün təzə idi. Şair ən adi həyat hadisələrini şeirə çevirib, düşündürə, yaddaşa hopdura bilmişdi.

Əli Kərimin yaradıcılığı ilə daha geniş tanış olduqca onun başqa şeirlərinə də heyrətlənirdim. "Nə xoşbəxt imişəm bir zaman, Allah", "İki sevgi", "Qayıt", "O qıza" kimi sevgi şeirləri də məni öz yeniliyi, sevgiyə və sevgiliyə fərqli yanaşması ilə təsirləndirmişdi.

"Atamın xatirəsinə" şeirini tez-tez xatırlayır, hərdən əzbər deyirəm. Bu şeirdə bir atanın sərt xarakteri və o sərtliyin arxasında gizlənən valideyn məhəbbəti yüksək poetik keyfiyyətlə, çox dəqiqliklə, eyni zamanda, kövrək dillə qələmə alınıb:

O sərt idi, səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan silsilə nəşrlər siyahısına məmnuniyyətlə Əli Kərimin də kitabını daxil etdik. AYB sədri, Xalq yazıçısı Anar təklifimizi ürəkdən dəstəklədi. Anar müəllimin dəyərlərə münasibəti həmişə örnəkdir. Bu baxımdan, Əli Kərim irsinə yanaşmada üst-üstə düşən sevgimiz, doğmalığımız xoş idi. Əli Kərimin oğlu Paşa Əlioğlu xahişimizlə atasının şeirlərini bizə təqdim etdi.

İndi bəzi gənclərdən Əli Kərimi xəbər aldıqda məlum olur ki, oxumayıblar, eşitməyiblər, bizim sevdiyimiz, o məşhur şeirlərdən xəbərdar deyillər. Ona görə də ilk növbədə məqsədimiz bu oldu ki, kitabda Əli Kərimin əsasən məşhur, həm də onun yaradıcılığı üçün ən səciyyəvi olan şeirlərini toplayaraq gənc oxucu auditoriyasına təqdim edək.

Nəşrin adını da o zaman məni heyrətləndirən şeirlərinin birindən - "Metronun yaylı qapıları"ndan götürdük.  Kitab "Atamın xatirəsi" şeiri ilə başlayıb, oğlanlarına yazdığı "Vəsiyyət" şeiri ilə tamamlanır. Düşünürəm ki, bunda da rəmzi bir məna var. Bu, insan həyatının başlanğıcına və sonuna, həmçinin, əbədiyyət anlayışına işarədir.

Fikrimcə, kitabdakı əsərlər şeirdə yeni eksperimentlər aparmaq iddiasında olan gənclərə də maraqlı gələcək. Görəcəklər ki, onların can atdıqları, haqqında düşündükləri bir çox yeniliklərə Əli Kərim - həyatı erkən qırılan unudulmaz şairimiz hələ 60-70 il öncə imza atıb. O, bənzərsiz yaradıcılığı ilə həm ustad Rəsul Rzadan başlanan yolu uğurla davam etdirib, həm də özü yeni bir yol açıb. Bu yolun davamçıları müasir poeziyamızda da çoxdur.

Bax belə munis hisslər və düşüncələr içində, həvəslə bu kitabı tərtib etdiyimi, ona ön söz yazmaqdan sonsuz məmnunluq hissi duyduğumu bildirir, oxucuları bir daha Əli Kərimin zəngin söz dünyasına dəvət edirəm!

 





24.07.2019    çap et  çap et