525.Az

Qənirə Paşayeva kitabından gələn gəliri bir şairə bağışladı- Foto


 

"O"nun təqdimatı oldu

Qənirə Paşayeva kitabından gələn gəliri bir şairə bağışladı- <b style="color:red">Foto</b>

Qənirə Paşayevanın  “Özümə yolçuluq” trilogiyasının yeni çapdan çıxmış “O…” adlı ikinci cildinin “imza günü” “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində yerləşən dükanında keçirilib.
 
525.az-ın məlumatına görə, imzalanma mərasiminə xanım yazarın sadiq oxucuları, tanınmış sənətçilər, yazarlar, kitabsevərlər, çoxsaylı QHT və KİV təmsilçiləri, işadamları qatılıb.

Mərasimi açıq elan edən “Park Bulvar”ın PR meneceri, tanınmış jurnalist Günay Malikqızı, xanım Paşayevanın kitab təqdimatı ilə bağlı Ticarət və Əyləncə Mərkəzinə gələn çoxsaylı mərasim iştirakçılarını salamlayaraq, bu qədər insanın kitab almaq üçün, o kitabı yazara imzalatmaq üçün vaxt ayırmasından məmnunluq duyduğunu ifadə etdi, yazara və oxuculara uğurlar arzulayıb.

Kitabın redaktorları Əkbər Qoşalı və Sərvaz Hüseyinoğlu “O”nun məziyyətləri haqqında fikirlərini bölüşdükdən sonra söz kitabın yazarı Qənirə Paşayevaya verilib.

Xanım millət vəkili ilk öncə hər kəsə təşəkkürünü bildirib və bu mərasimə tək gəlmədiyini vurğuladı. “O”nun imzalanma və təqdimatını mənəvi qızları kimi sevdiyi Zeynəb, Nərminə, Günel və Samirə ilə birlikdə etməyi məqsədəuyğun saydığını bildirən Q.Paşayeva, bu dörd yeniyetmə Azərbaycan övladının hər birinin ayrı-ayrılıqda bir Tanrı lütfü olduğunu qeyd etdi. Kitabda bu dörd örnək qızın çox maraqlı və minlərlə böyüyən uşaqlarımız üçün örnək həyat hekayələrini də qələmə aldığını deyən Qənirə Paşayeva, onların “O”nun qəhrəmanları arasında olduqlarını dedi. O, “O”nu, kitabı bu dörd yeniyetmə qəhrəmanı ilə birgə imzalayacağını dedi.

Sonda “İmzalanma mərasimi”nə gələn bütün insanlara bir daha təşəkkür edən Q.Paşayeva kitabın satışından gələcək bütün gəliri ağır xəstəliyə düçar olmuş və uzun müddətli müalicəyə ehtiyacı olan dəyərli bir şairə bağışladığını bildirib.

Qeyd edək ki, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin xətti ilə “Elm və Təhsil” Nəşriyyatında nəfis tərtibatla çıxan, “O” adlı bu yeni kitabda xanım millət vəkilinin Allah, Dünya və İnsan, Haqq Yolu və bu qəbildən digər ana xəttlər üzrə düşüncə yazıları toplanıb. Dünyanın yaradılış fəlsəfəsinin çağdaş təfəkkür süzgəcindən keçirilməsi, bir xanım və bir yazar həssaslığı ilə Ulu Dərgaha üztutmalar yeni nəşrin əsas leytmotivini təşkil edir: “Ona aparan Yolun könül xoşluğunu bütün qapsamı ilə özündə ehtiva edən bu kitabda yazılanlar həm də müəllifin həyata baxışını da ortaya qoyur.

...“O”  hökm yox, sadəcə, “öyrən, dərk et, yadda saxla” ismarıncları kimi oxunur, öyrədir, dərk etdirir, yaddaşa köçürür... Ağır sınaqların, çəxtin sınaqların asan yolunu tapmağa kömək edir...” – kitabın “tanıtım”ında belə yazılır.

Onu da əlavə  edək ki, “Özümə yolçuluğ”a daxil olan, “Məndən sonra…” adlanan birinci kitab bir neçə ay bundan öncə işıq üzü görüb. Ümumən “Özümə yolçuluğ”un mövcud iki kitabı (habelə gələcəkdə ayrıca təqdim olunacaq “Səndən sonra” kitabı), anlamaq istəyən hər kəsə açıq olub, ruhən “O”na bağlı olan, “O”nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun duyğu, düşüncə, fikir və qənaətləri, nəhayət bir xanım yazarın yolların ən çətini ilə - ÖZÜNƏ YOLÇULUQla gedişi kimi maraqlıdır.

 





14.10.2013    çap et  çap et