525.Az

Frankfurt kitab sərgisində Heydər Əliyevin 90 illik yubileyi qeyd olundu- Foto


 

Frankfurt kitab sərgisində Heydər Əliyevin 90 illik yubileyi qeyd olundu- <b style="color:red">Foto</b>

Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında Azərbaycan kitabları da nümayiş  etdirilir.

525.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi i ilə ölkəmiz dünyanın bu nüfuzlu kitab sərgisində artıq altıncı dəfə təmsil olunur.

Ötən illərdən fərqli olaraq, bu il ölkəmizin stendi daha genişdir. Kitablarımız "Messe Frankfurt" sərgi şəhərciyində 48 kvadrat metr sahədə gözəl tərtibatlı stenddə nümayiş olunur. Qız qalasının fiquru və Qala divarları fonunda dizayn edilən stenddə ölkəmizin tarixini, mədəniyyətini, dövlətçiliyini, Qarabağ həqiqətlərini əks etdirən nəşrlər yer alıb. 

Sərgi çərçivəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan, Ümummilli liderə həsr edilmiş "Heydər Əliyev adına" kitab-albomun təqdimatı keçirildi. Tədbirdə Hessen əyaləti rəsmiləri, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, diplomatlar iştirak edirdilər. Tədbirdə çıxış edən ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında iştirakçılara məlumat verdi. Dünya siyasətinin nəhəng simalarından olan Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu vurğuladı. Diplomat Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kursun keçmişdə və bu gün olduğu kimi gələcəkdə də Azərbaycana böyük nailiyyətlər qazandıracağını ifadə etdi. Səfir Ulu öndərin siyasi kursunun prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini də söylədi. O, Ümummilli liderimizə həsr olunmuş “Heydər Əliyev adına" kitab-albomun geniş oxucu kütləsinin böyük marağına səbəb olacağınıbildirdi.

Mərasimdə çıxış edən Türkiyə Respublikasının Frankfurtdakı Baş  konsulu Ufuk Ekici, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Frankfurt şəhərinin bələdiyyə başçısı və başqaları tədbirin əhəmiyyətini qeyd etdilər. Çıxışlarda  Heydər Əliyevin Azərbaycan diasporunun inkişafı, türk dünyasının birliyinin təmin olunmasındakı misilsiz rolundan minnətdarlıqla bəhs olundu.
 
Ölkəmizin stendində ziyarətçilərə 200 adda kitab, Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşrlər, respublikamızın turizm imkanları haqqında bukletlər və digər çap məhsulları təqdim edilir. "Şərq-Qərb" nəşriyyatı Azərbaycan guşəsinin yaxınlığında Nazirliyin dəstəyi ilə xüsusi stenddə kitablarını nümayiş etdirir.





 





14.10.2013    çap et  çap et