525.Az

Aqil Abbasın yalanı, iki Ağdam, Məzahir və kənddəki evimiz - Ruslan Dost Əli yazır


 

Aqil Abbasın yalanı, iki Ağdam, Məzahir və kənddəki evimiz - <b style="color:red">Ruslan Dost Əli yazır </b>

Qədir Rüstəmov Türkiyədə xəstəxanada komada olanda, Aqil Abbas Qədirin qulağına deyir, ay Qədir, Ağdamı almışıq ey, dur, gedək. Qədir Rüstəmovun əlləri tərpənir, amma xəbərin doğru olmadığını hiss eləyir, nədi, ayılmağa gücü çatmır.

Azərbaycan xalqı olaraq xeyli özümüzə xas xüsusiyyətlərimiz var. İnsanları ya ad günlərində yada salırıq - zəng edib, mesaj yazıb təbrik edirik, ya öləndən sonra xatırlayırıq, deyirik, yaxşı kişiydi, ya da işimiz düşəndən-düşənə axtarıb tapırıq, deyirik, bəs, ay kişi, biz qohumuq, dədələrimiz bir evli kimi olublar, günorta yeməyini bizdə yeyəndə, axşamı sizdə yeyiblər. Qalan günlərdə isə, heç adamlar yadımıza da düşmür. Yaranan bu biganəlik, laqeydlilik tendensiyası son illərin "əməyi" deyil, köklü-köməclidi. Heç olmasa, qırx-əlli illik tarixi var. Yəni artıq irsi məsələdi. Onillərlə formalaşan və özünün kuliminasiya nöqtəsinə çatan psixologiyamızdı. Düzdü, bunu da çox vaxt zəmanənin, dövrün üstünə yıxmağa çalışırlar, olsun.

Eynilə işğal altında olan torpaqlarımızı da ancaq işğal günlərində xatırlamağın, yalnız həmin günlər kütləvi şəkildə məqalələr yazmağın, verilişlər hazırlamağın tərəfdarı deyiləm. Bu işlər sistemli şəkildə aparılmalıdı. Bir də ki, indi yazmaq və danışmaq da kifayət eləmir, axı. Amma neyləyək ki, bizim də əlimizdən azdan-çoxdan, pisdən-yaxşıdan bunlardan başqa heç nə gəlmir.

Bizim kənd Ağdama çox yaxındı. Arada cəmi bir neçə kilometr məsafə var. Cəbhə xəttində atəşkəs pozulanda, elə bilirdik, qulağımızın dibində atırlar. Bu səs həmişə bizə maraqlı və qorxulu gəlirdi.

Atam Rusiyadan babat pulnan gəlmiş və kənddə yaxşı ev-eşik tikdirmək niyyətindəymiş. Materialı yavaş-yavaş alıb gətirməyə başlayırlar. Qohum-əqraba, kəndin ağsaqqalları deyir, ay bala, bu evi niyə tikdirirsən? Onsuz da, ermənilər bu gün-sabah gəlib buraları da viran qoyacaq. Puluna heyfin gəlsin, zülmnən qazanmısan. Buna biz tərəfdə əsnəmək, evin bünövrəsinin üstünə danışmaq deyirlər. Əlqərəz, bir gün kəndə hay düşür ki, bəs, ay-haray, ermənilər gəlir. Bəziləri əl-ayağa düşür, şələsini-küləsini yığır və "start" vəziyyətində gözləyir. Atam oturur Rusiyadan gətirdiyi vaz "21011" markalı maşına, dayımla birgə gedirlər "Dördyol" deyilən yolayrıcına. Ki, görək, bu erməni köpəyuşağı gəlir, yoxsa yox. Buradan bir yol Bərdəyə, bir yol Ağdama, bir yol Tərtərə, bir yol da Quzanlıya gedib çıxır. Bizim kəndimiz Quzanlı yolunun üstündədi. İndi Ağdam istiqamətinə gedən yol bağlıdı, qarşıda post var. Nəysə, dayımgil gediblər, görüblər bir inni-cinni yoxdu.

Televizorda, demək olar, hər gün Qarabağda gedən döyüşlərdə çəkilmiş kadrları göstərirdilər. İki kadr dəqiq yadımdadı: Çingiz Mustafayevin ağlamağı və bir də vertolyota minməyə tələsən camaatın içində bir qadının qışqıra-qışqıra "Ay Məzahir, hardasan?" deməyi.

İki körpə uşağın əllərindən tutan bu arvadın Məzahiri çağırmağına gülürdüm həmişə. Sonralar o kadra bir də baxa bilmədim. Elə bil, utanırdım o arvaddan. Xəcalət çəkirdim. Açığı, o vaxtkı hərəkətimə görə, elə indi də xəcalət çəkirəm.

Qonşu kəndlərdən birində hərbi hissə var. Tez-tez bizim kəndin içindən içi əsgərlə dolu üstü çadırlı hərbi maşınlar keçirdi. Hərdən məktəbdən çıxanda o maşınları görürdük və arxasıyca nəfəsimiz yetincəyə qədər yüyürürdük. Bir dəfə də kəndimizdən onlarla tank keçdi. Qonşu kəndə gedirdi. Evimizin pəncərələri silkələnirdi. Ancaq bu, bizim üçün xeyli maraqlı və əyləncəl idi. Qaçıb, tanklara daha yaxından baxmaq istəyirdik. Biz ilk dəfə silahları o çadırlı maşınlarda çömbələn əsgərlərin əllərində, tankları da evimizin pəncərələri silkələnəndə gördük. Bu hadisədən sonra kənddə danışırdılar ki, yaxınlarda müharibə başlayacaq. Hərə bir söz deyirdi. Bir də, deyirdilər, elə şey olsa, bizim kəndi köçürəcəklər.

O dövrdə dünyaya gəldiyimizə görəydi, ya nəyə görəydi, bilmirəm, nədənsə, ən çox sevdiyimiz oyun "atışma" oyunu idi. Taxtadan özümüzə müxtəlif ölçülü və "tipli" "silah" düzəldib, bütün günü səpələnirdik küçələrə. Torpağın üstündə sürünürdük, arxlara uzanırdıq, özümüzü yoncalıqlara, şax-şəvəlliyə, kolların arxasına verirdik, suya, palçığa batırdıq. Üzümüz, dirsəyimiz, dizimiz sıyrıq-sıyrıq olurdu. Nə var-nə var, "düşmən" bizi görməsin, "döyüşdə" qalib gələk. Ağlımız kəsməsə də, bəlkə də, uduzduğumuzu qeyri-şüurlu şəkildə hiss eləyirdik və bu dəfə öz düşmən gözündə gördüyümüz qonşu küçənin uşaqlarına qalib gəlmək istəyirdik. Görünür, doğulduğumuz dövr uşaqlıq həyatımıza sirayət eləmişdi. Böyüdük və uşaq vaxtı taxta "avtomatla" "atdıqlarımızı" səngərdə silaha sarılan - çiyin-çiyinə əsl düşmənə qarşı mübarizə aparan və döyüşən gördük.

Bugün həmin uşaqların artıq 25-26 yaşı var. Onlar işğal olunmuş torpaqlarımızla həmyaşıddılar. Həm də bu yaş, elə əsl vuruşmaq yaşıdı. Onların içində Qarabağ sevgisi və intiqam hissi var. Onların təkcə özləri yox, sözləri də - yazıb-yaratdıqları əsərlər də Qarabağlıdı. Onların yetişdirdiyi və yetişdirəcəyi nəslin isə, ittihamlarına cavab vermək çətin olacaq, çox çətin olacaq. Hələ ki, gec deyil...

Keçən il o qaçhaqaçda atamın kənddə tikdirdiyi evi satmaq istəyirdik. Bu haqda uzun-uzadı danışmış və razılığa gəlmişdik. Onsuz da alıcı yox idi deyə, elə sataq-sataq deyirdik, elə bilirdik, onsuz da heç vaxt alan olmayacaq. Bir gün evdən zəng gəldi. Mən onda Qazaxıstanda idim. Atam dedi: "Evi alan var, neyniyək? Atanın canı haqqı, sən nə desən, onu elijəcəm". Tutuldum. "Mənə bir söz de. Camaat gözdüyür" - dedi.

Gecə yata bilmədim. Səhərə qədər düşünüb-daşındım, çək-çevir elədim. Elə bil, nəsə pis bir hadisə baş vermişdi. Nə baş verdiyini kəsdirmək çətin idi, anlamırdım. Özümə gələ bilmirdim. O deyirlər ey, elə bil, adamın ölüsü ölüb, bax ondan. Axır, evə zəng elədim, doluxsuna-doluxsuna, "Evi satmayın" - dedim. "Gün gələr, biz o evi satıb, Ağdamda - Qarabağda özümüzə qəşəng bir ev tikərik" - amma bu cümləni ürəyimdə demişdim...

Ağdamın işğal günüydü. Amma biz 2011-ci ildə Ağdamı bir də itirdik. - Bir Ağdamı da itirdik...

Qədir Rüstəmovu deyirəm!

İkinci bizi qoyub gedib, birincini biz qoyub gəlmişik.

İkinci səsini qoyub gedib, birincidən canımızdan başqa heç nə gətirməmişik.

Bəlkə də, o vaxt Aqil Abbasın dediyi xəbər doğru olsaydı, Qədir Rüstəmov ayılardı, kim bilir.

Onda bir Ağdamımızı geri almış olardıq, o biri Ağdamımızı da itirməzdik.

Allah birinci Ağdamımızı geri qaytarmağı bizə nəsib eləsin.

24.07.2019
Qazaxıstan

P.S. Sözü həmişə qələmlə demirlər. Onu deməyin və ya yazmağın müxtəlif vasitələri və üsulları var. 2016-cı ilin aprel ayında sözlər muncuq kimi düzülmüşdü. Amma o sözləri qələmlə yazmamışdılar...

 





26.07.2019    çap et  çap et