525.Az

Məmməd Arazın 80 illik yubileyi münasibətilə məzarı ziyarət olunub


 

Məmməd Arazın 80 illik yubileyi münasibətilə məzarı ziyarət olunub<b style="color:red"></b> Bu gün xalq şairi Məmməd Arazın doğum günüdür. APA-nın məlumatına görə, şairin 80 illik yubileyi münasibətilə mədəniyyət xadimləri, ziyalılar, dövlət rəsmləri Fəxri Xiyabanda Məmməd Arazın məzarını ziyarət ediblər.
 
Mərasimdə çıxış edən millət vəkili, yazıçı Aqil Abbas Məmməd Arazın keçdiyi həyat yoluna nəzər salıb, şairin yaradıcılığı haqqında danışıb. “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirib ki, Məmməd Araz 14 oktyabr tarixini öz şeiri ilə tarixə yazıb.
 
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Məmməd Araz poeziyası haqqında fikirlərini bildirib, xatirələrini danışıb: “Məmməd Araz Azərbaycan ədəbiyyatında və şeirində öz dəsti-xəttini və məktəbini yaradan sənətkarlardan olub”.
 
Şairin qızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, millət vəkilləri Nizami Cəfərov, Musa Urud, ədəbiyyatşünas Arif Əmrahoğlu, professor Cahangir Məmmədli, şair Adil Cəmil və başqaları Məmməd Arazın yaradıcılığı, həyatı, Azərbaycan poeziyasındakı yeri haqqında söz açıblar. Mərasimdə xalq şairi Məmməd Arazın öz səsindən şeirləri dinlənilib.
 
Qeyd edək ki, Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. 1959-1961-ci illərdə Moskvada SSRİ Yazıçılar İttifaqının nəzdindəki ali ədəbiyyat kurslarının müdavimi olub. "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini kimi çalışıb. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub.
 
Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə “İstiqlal” ordeninə və xalq şairi fəxri adına layiq görülüb. Məmməd Araz 2004-cü ildə Bakıda vəfat edib.
 





14.10.2013    çap et  çap et