525.Az

Adaşım... Yaşıdım... - Pərvin yazır


 

Adaşım... Yaşıdım... - <b style="color:red">Pərvin yazır </b>

Sokrat hələ eradan əvvəl V əsrdə "Onu bilirəm ki, heç nə bilmirəm" - deyəndə bəsitlikdə, qeyri-səmimilikdə günahlandırılırmış.

Necə yəni, bu nə söz oyunudu axı... Ya bilirsən, ya bilmirsən! Daha "sözbaz"lıq nəyə lazım?! Həm də bunu Sokrat deyirsə, necə inanasan... Yəni doğrudan heç nə bilmir və bunu etiraf edir?! İndi bu fikrin dillərdən düşmədiyini görəndə adam pessimist olur. Deməli, insanın bu yerə gəlib çatması və bunu anlaması üçün əsrlərə, hətta eralara ehtiyac varmış?! Ümumiyyətlə, anlayıbmı çağdaş insan bunu?! Yoxsa elə gəlişi gözəl söz kimi, Sokratdan nümunə gətirən "intellektual" obrazından ötrü təkrarlayır, başlıqlara çıxarır?! Doğrusu, gün-gündən şəbəkələr (sosial əlbəttə) səviyyəsində intellektləri, şəkillərə sığan səadətləri, sms boyda ağılları, paylaşıldıqca eybəcərləşən, mutant bir duyğuya çevrilən sevgiləri görəndə Sokrata yazığım gəlir. Eradan əvvəl sözün insanlığa təsirinə inanırmış, nə bilsin ki, əsrlər keçəcək, minilliklər əvəz edəcək bir-birini və adamın "MƏN-MƏN" deməkdən yara olacaq dili. Və baxdıqca onu da başa düşürsən, bu BİZ olmağı bacarmayan mənliksiz "MƏN"lərin dövranı bəlkə də heç  zaman bitməyəcək! Neçə Sokrat gəlməlidi müasir insanı "əslində, heç nə bilmirsən" düşüncəsinə inandırsın?!

Ümumiyyətlə, bu bir cümləyə nələr sığışır?! Heç nə bilmədiyini anlamaq zəiflikdi, ya gücün, təmkinin, ağlın üst mərtəbəsi, demək çətindi. Sadəcə onu söyləməliyəm ki, bu günlərdə Azərbaycanın qadın şair, yazıçılarının əsərlərindən ibarət bir neçə toplunu vərəqləyəndə (hələ dərindən oxumaqdan danışmıram) sözün əsl mənasında xəcalət çəkdim... Əlbəttə, sənət "nə" yox, "necə" deməyi məqsədə çevirir və hər kəs dünya qədər qədim mövzuları özünün baxış bucağından göstərir... Məsələn, bircə elə qədim əfsanələri, mifləri oxuyanda başa düşürsən ki, hər şey elə eradan əvvəl deyilib, yazılıb, bitib. Və bu məntiqlə gərək sənət yerində saysın, yeni heç nə yazılmasın, yaranmasın. Dünya isə günəş ətrafında öz xoşu ilə fırlanan deyil, sənət hərəkətə gətirməlidi onu. Amma... Çalışdıqca, oxuduqca, yazdıqca qəribə bir boşluq dolur içinə. Deməli, səndən əvvəl bütün bu işləri ən yüksək səviyyədə görən olub, indi estafet əlindədi, qaçırsan, harasa can atırsan, bacardığın qədər irəliləyirsən, amma qabaqda da gözləyən var... Yəni sələflərindən aldığını xələflərinə ötürməyin ölüm qədər qaçılmazdı. Elə isə sən sadəcə ortada qalansansa, necə "mən-mən" deyə bilərsən?! "Mən"inə aşiqlərin bircə təsəllisi (nə qədər saxta olsa da) var;  kimsə bunu mənim kimi etməyib, bacarmayıb... Əminsən?!

Qadın poeziya antalogiyalarını oxuduqca heyrətlənirdim... Qadının qara örpək  altından çıxmadığı, Sevil çadrasını atandan sonra da hansısa qandallardan azad ola bilmədiyi dövrlərdə necə yazıblar axı bunları?! Və biz, o fədakarlıqlardan xəbərsizlər necə rahat-rahat böyük hərflə yazırıq Qadın sözünü... Bağdaddan, kor xəlifədən,  filandan keçib artıq... Hansısa mənasız bir adamın ömrünü beş-üç kəlməmizlə doldura bildiyimiz üçün Qadınıq, adamıq, fərqliyik, üstünük?!

Və mən bu antalogiyada adaşımın şeirlərinə yoluxanda suallar içində itdim. Cənubi Azərbaycanlı şairə Pərvin Ehtisaminin 34 yaşı tamam olub, 35-in içində olanda dünyasını dəyişib. Əvvəllər sadəcə adını eşidib bir-iki şeirini oxuduğum şairə hər şeydən əvvəl yaşı və adı ilə diqqətimi yenidən cəlb etdi. 16 mart 1907-ci ildə dünyaya gələn Pərvinə uşaqlıqdan Rəxşəndə də deyə müraciət edirlər. Bu, cənublu ailələrdə şirin, parlaq, gözəl mənalarında uşağa aid əzizlənmə imiş. Amma doqquz yaşında ilk şeirlərini yazanda, çap edəndə birmənalı qərar verir, Pərvin imzası ilə gəlir ədəbiyyata. Hələ Sovet dövründən Azərbaycanda Pərvin Ehtisami Təbrizli fars şairəsi kimi araşdırılır, haqqında məqalələr yazılır. Bu məqalələrin böyük bir qismini əldə edib oxuyanda fars dilindən çevrilmiş mətnlərdəki cəsarətə heyrət elədim. Belə bir zamanda İranda siyasi və mədəni prosesslərin dinamik, həm də qəliz olduğu dövrdə zərif qızcığac necə yazıb axı bunları?! Deməli,  "Sərxoş, lakin agah" adlı romantik şeirlər məcmuəsi ilə şöhrət tapan Pərvin az sonra ictimai-siyasi məzmunlu əsərlər yazır və əzilmişlərin haqq səsinə çevrilir, misraları qəddarlığa qarşı mübarizə şüarı kimi istifadə olunur. Və sual - hardan idi bu cəsarət?! Kişidən! Atasından!

Atası Yusif  Ehtisami İranın müasir təcüməçi və şairlərindən idi və hətta o qədər nüfuzlu adamdı ki, Təbrizdən müasir dillə desək, millət vəkili seçilmişdi. Amma bütün işlərinin qəlizliyinə, ümumiyyətlə, ölkədəki çətin duruma baxmayaraq, qızının formalaşması, istedadının üzə çıxması, poeziyanın dərinliklərinə yiyələnməsində  əhəmiyyətli rol oynadı. Pərvin Tehranda yerləşən Amerikan məktəbində təhsil almaqla, burda ingilis, ərəb dillərini mükəmməl öyrənməklə bərabər, həm də ən məşhur şairlərin, qələm adamlarının yanına fərdi ədəbiyyat dərslərinə gedir. Belə bir arxası, dayağı, təhsili olan qadını, yaxud onun sözünü qaralara bürümək sadədirmi?! Əslində, nə özünü, nə də sözünü mümkündü... Elə ona görə də istəmədiyi adamla ailə qursa da, cəmisi iki aydan sonra ata evinə qayıdır şairə və yazır:

Ey gül, bağ ara təhlükədən qeyri, nə gördün?
Neştər kimi sözdən, ləkədən qeyri, nə gördün?

Bəsdir bu qədər parladın ulduz kimi, ey ləl.
Yoxdur olanın, səksəkədən qeyri, nə gördün?

Düşdün çəmənə, leyk nəsibin qəfəs oldu,
Ey quş, burada mərəkədən qeyri nə gördün?

Oxuyuram və düşünürəm məsələ iki aydan sonra ata evinə qayıtmaq cəsarətində deyil, bütün bunları dərk etməkdə və yazmaqdadı...

Əqlilə evraqi dünyaya girərkən ey könül,
Eşqi də bir giz kimi içdə nihaan saxlamaq...
Can bağında anbaan əkmək gərək min türlü rəng,
Ol könül bağında yetkin baağbaanı saxlamaq.
Eşq üçün bəslər ikən sirlərlə dolğun bir könül,
Ərməğan ol yar üçün sevdalı caanı saxlamaq...

Axı hisslərlə ağılın vəhdətini, "özünü qoru, amma həm də doya-doya yaşa" düşüncəsini nə qədər yazıblar, deyiblər?! İndi də müasir belletrist romanların, motivasiya xarakterli əsərlərin əsas ideyası budur; yaşa, sev, amma ağlını itirmə. XX əsrin əvvəlində, elə bir şəraitdə bunların yazılması təəccüblü deyilmi?!
Hə, Pərvin bütün bunları dərk etdikcə təklənir, tənha bir ömür sürür. İndi Tehranda şairənin yaşadığı ev muzeyə çevrilib. Az qala hər köşəsində şəkilləri, kiçik heykəlləri olan şairənin bu möhtəşəm təkliyi adamı çəkib aparır... Muzeyin fotoşəkillərinə baxdıqca burda, bu bağça və divarlar arasında yaşanan təkliyin anlamını, yozumunu tapmağa çalışıram... Və Pərvin cavab verir: Düşdün çəmənə, leyk nəsibin qəfəs oldu...

Əsərlərində gah quşların, gah heyvanların, gah səma cismlərinin, hərdən də lap İskəndərsayağı sərxoşların diliylə ağrılarını, etirazlarını ifadə edən gənc qadın rahat ola bilərdimi?! İnanmıram!

Yalnız farsca yazdığı üçün sadəcə tərcümə olunmuş şeirləri və haqqında yazılanlara əsasən çıxarıram nəticələrimi... Ona görə adaşım haqqında dərin bir araşdırma aparmaq imkanım təəssüf ki, yoxdur. Amma bununla belə indi adına festivallar, qiraət müsabiqələri düzənlənən, heykəlləri Tehranda, Təbrizdə ucaldılan xanımın şəkilləri, gözlərindən yağan kədər çox şeyi deyir... Baxıram və düşünürəm, görəsən, Ənvər Məmmədxanlı Cənubi Azərbaycan mövzusunda olan bir neçə əsərində qəhrəmanına bu adı verəndə, yaxud Babəkin Pərvin adlı sevgilisi haqqında - "Unudulmayan qadın budur" - deyəndə onu nəzərdə tutub?! Hər halda o zaman İrana səfər edən yazıçı belə bir adda şairədən, şeirlərindən xəbərdar olub və adın da ondan gəlməsi istisna deyil...  

Pərvin Ehtisami 1941-ci ildə qarın yatalağı xəstəliyindən vəfat edir. Ölməzdən qabaq qəbri üstə həkk olunacaq şeirini də seçir. Yəni o qədər güclüymüş... 35 yaşın astanasında o qədər rahat qəbul edir ölümünü... Və mən elə adaşımdan təsirlənib başqa qadın şairlərin, yazıçıların misralarının, cümlələrinin birini götürüb, birini qoyuram. Başa düşürəm ki, Sokrat haqlı idi, bu kiçik esseni yazıb Pərvin Ehtisamini yada salmağım da vəfa borcumdu. Təşəkkür edirəm, əziz Pərvin! Sokrata inandırdığın üçün minnətdaram!

 





27.07.2019    çap et  çap et