525.Az

Balıqçı kəndi - Türkan Turanın səfər qeydləri


 

Balıqçı kəndi - <b style="color:red">Türkan Turanın səfər qeydləri </b>

Bura dağların arasında, Ağ dənizin sahilində, göl kənarına bənzəyən, durğun, sakit, havasından, suyundan, daşından, torpağından hüzur süzülən, uzaqdan ulduz kimi parıldayan Selimiyedir. Marmarisin Bozburun yarımadasında balaca, şirin bir balıqçı kəndidir. O qədər kiçikdir ki, iki-üç saat ərzində bütün ərazisini gəzib-dolaşmaq olur. Kəndin cəmi 1252 nəfər sakini var. Ondan qat-qat çox isə gələni, gedəni olur.

Selimiye Türkiyənin ən önəmli dəniz limanlarından biridir. Kənd eradan əvvəl 600-cü illərdə qurulmuş olan Hydas ərazisinə yaxın olduğu üçün bir müddət Hidas, Bizans dönəmində isə Losta adlandırılmışdı. 1391-ci ildə Osmanlı torpaqlarına qatılmış, cümhuriyyət elan edildikdən sonra kəndə gəlmək sərbəst olmuşdu. Selimiyedə yaşayanlar girit kökənli türklər olmağına baxmayaraq, kəndə türkmən yörük mədəniyyəti hakimdir. Kəndin möcüzə sayılacaq qədər təmiz havası var. Elə oksigenin bu qədər bol olduğuna görə, addımbaşı yaşı 100-ü keçmiş insanla rastlaşmaq mümkündür.

Turist bölgəsi olmağına baxmayaraq, burada qəribə sakitlik hökm sürür. Əslində, Selimiye ruha dinclik bəxş edən bu sükutu bir az da kəndə gəlməyin zəhmətli olmağına borcludur. Ölkə xaricindən bura üz tutanlar əvvəlcə Dalaman Hava limanına enir, orada avtomobillə 2 saata yaxın Marmaris mərkəzinə, ardınca da 1 saata yaxın yol qət edərək Səlimiyəyə gəlib çatır. Mənim kimi uzun yol getməyi sevməyənlər üçün isə bu, bir növ işgəncə sayılır. Kəndin bir neçə kilometrliyində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yayda qalmaq üçün yeni tikdirdiyi saraydan dolayı yolun xeyli hissəsi yenidən qurulub. Buna görə də, böyük məsafəni mərmər kimi düz yolla gəlmək mümkündür. Ardınca sonu gəlməyəcəyini sandığın dolanbac yollar başlayır. Amma sağda-solda sıralanan mənzərələr o qədər gözəl, elə əsrarəngizdir ki, yolun hardan başlayıb, harda bitdiyindən xəbərin belə olmur və bütün yorğunluğun canından çıxır.

Yüksəklikdə dayanırsan - Ege ilə Ağ dənizin qovuşduğu möhtəşəm mənzərəni seyr edirsən. Sənə elə gəlir ki, təbiətin bütün rəngləri coğrafiyanın məhz bu hissəsində toplanıb. Buradakı torpağın rəngi də əlvandır - gah qırmızı, gah boz, gah qara, eyni zamanda, gur gün işığından dolayı müəyyən edə bilmədiyim xeyli çalarını müşahidə etdim. Selimiye Hisarönü körfəzindəki ən güvənli yerlərindən biridir. Tarix boyu insanlar üçün önəmli sığınağa çevrilib. Xüsusilə pis hava şəraitində bir çox gəminin, yaxtanın, qayığın dayanma nöqtəsi olub.

Kəndin sahillə kəsişən hissəsi isə sözün əsl mənasında nağıllar aləminə bənzəyir. Sahil boyunca restoranlar, kafelər, butik otellər, ələməyi, göz nuru ilə hazırlanmış məhsulların satıldığı növbənöv mağazalar qarşısından keçənləri maqnit kimi özünə çəkir. Məhsulların üzərindəki qiymətlər avro ilə göstərilib. Ucuzluğundan isə söhbət belə gedə bilməz. Bu bahalığı daha çox geyimlərdə müşahidə etmək olur. Sahilboyu sıralanan hər məkanın özünəməxsus dekoru, rəngi, masası, stol-stulu, bəzək-düzəyi var. Restoran və kafelərlə çimərliklər demək olar ki, iç-içədir. Sahildə o qədər yaxta dayanır ki, hardasa dəniz görünməyəcək vəziyyətə gəlir.

Diqqətçəkən, heyran edən ən maraqlı yerlər isə burada yerləşən otellərdir. Yox, 5-10 mərtəbəli, dəbdəbəli, daşlı-qaşlı, şüşə kimi asfaltla gəlib, lüks avtomobillərdən enib, fəxri qarovul kimi sıraya düzülən bir dəstə insanın önündən keçərək içəri girilən otellərdən deyil. Sadə, adi butik otellərdir. Ən hündürü ikimərtəbəlidir. Taxtadan, müxtəlif rənglərə boyanmış, önündə ucaldıqca ucalan beqonya güllərinin, sarmaşıqların, növbənöv çiçəklərin yetişdirildiyi bu yerlər insanı köçüb qoynuna yerləşməyə səsləyir. Butik otellərin əksəriyyəti kənd sakinlərinin şəxsi evidir. Burada həm özləri, həm də turistlər qalır. Şərait, xidmət isə eyni ilə 5 ulduzlu oteldəki kimidir. Addımbaşı qarşına çıxan qəzet köşkləri, kitab rəfləri insanın içində qəribə sevinc yaradır. Fikirləşirsən ki, internet nə qədər surətli olursa olsun, yenə də çap mediasını yox edə bilmir. Bir daha toxunmağın nə qədər önəmli olduğunu düşünüb, xeyli ümidlənirsən, azalsa belə, yox olmayacağına inanırsan!

Marinadan qalxan təknələrlə ətraf əraziləri, adaları, kəndləri də kəşf etmək mümkündür. Gündə iki dəfə dəniz turları olur. Birincisi səhər saat 9-10 radələrində, ikincisi isə 4-5 arası başlayır. Bu vasitə ilə Kamelya adası, Aşk adası, Bencik, Kız Kumu kimi yerləri ziyarət etmək mümkün olur. Ərazi qədim olduğu üçün bura ilə bağlı əfsanələr, miflər də bitmək bilmir. Bunlardan ən məşhuru isə Kız Kumu çimərliyidir. İnsanın ağzını açıb seyr edəcəyi mənzərəsi olan yerlərdəndir. Buranı məşhur edən təbii gözəlliyi, dəniz üzərində yeriyirmiş kimi hiss verən 600 metrlik suyun üzündəki qumluqdur. Əvvəlcə sənə elə gəlir ki, insanlar suyun üzündə yeriyirlər. İnanmaqda çətinlik çəkirsən, ilk baxışda möcüzədir deyirsən. Amma bir az yaxınlaşanda bunun möcüzə yox, sadəcə dənizin ortasından gedən bir cığır olduğunu görürsən. Bu əsrarəngiz yerin əfsanəsi isə elə görüntüsü qədər maraqlıdır. Rəvayətə görə, qədim zamanlarda kralın qızı kasıb balıqçıya aşiq olur. Ancaq kral qızını ona vermir. Qız isə sevgilisidən əl çəkmir, onunla gizli-gizli görüşməyə davam edir. Bunu görənlər vəziyyətdən kralı agah edirlər. Deyirlər ki, qızın sahildə dayanıb balıqçıya işıqla işarə verir, o da qayığına minib sahilə gəlir və səhərə qədər eyş-işrətlə məşğul olurlar.

Bunları eşidən kralın hirsdən gözü dönür. Pusqu qurur. Gecə qızı sahilə gələndə onu yaxaladır. Adamlarına isə "işarə edin, balıqçı gəlsin" əmri verir. Oğlan işığı görən kimi qayığına minib sahilə doğru üz tutur. Bu məqamda qız atasının adamlarının əlindən çıxır və sevgilisinə qurulan tələnin qarşısını almaq üçün dənizə doğru qaçmağa başlayır. Amma qayığa yetişə bilmir. Suda çırpınarkən möcüzə baş verir. Qızın boğulmaq üzrə olduğu yer quma çevrilir. Arxasınca onu tutmaq üçün gələnlər isə dənizdə boğulur. Qız özünü qayığa çatdırır. Qovuşduq deyərkən, kralın adamlarının oğlanı öldürmək üçün atdığı ox qızın kürəyinə sancılır.

Oğlan yaralı sevgilisi ilə çıxıb gedir. O gündən sonra bir daha onları nə görən olur, nə eşidən. Geriyə isə bu Musa peyğəmbərin dənizi ikiyə bölüb keçdiyini ağıla gətirən bu mənzərə qalır. Kənddə bənzər rəvayətlər həddən artıq çoxdur. Bunu böyük zövq və həyəcanla danışırlar. Sənin də özünü inanmış kimi göstərməkdən başqa yolun qalmır. Təəccüb dolu baxışlarla hərdən qaşlarını çatırsan, bir az da özünü fikrə dalmış kimi göstərirsən, bu, onların çox xoşuna gəlir.

Selimiye Günəş kimi parlaq və isti yerdir, ona toxunmaq istəyən yolunu mütləq Muğladan salsın.

 





27.07.2019    çap et  çap et