525.Az

Udilərin mədəni irsi - Layihə


 

Udilərin mədəni irsi - <b style="color:red">Layihə </b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.

İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.
Layihə çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc edilir.

Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.

10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək, KİV orqanlarına hədiyyə veriləcək.

Sizə layihənin ikinici yazısını təqdim edirik. Yazı udi xalq haqqındadır. İlk məqalə ləzgi xalqına həsr olunmuşdu.

Azərbaycanda yaşayan xalqlardan biri də Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının qərb ətəklərində, Şəki-Zaqatala bölgəsinin cənubunda yaşayan udilərdir. 2009-cu ildə keçirilən ümumilli siyahıya alınmanın nəticələrinə görə, Azərbaycandakı udilərin sayı dörd min nəfərə qədərdir. Onların əksəriyyəti Qəbələ rayonunun Nic kəndində yaşayır. Udi etnosunun qalan hissəsi Oğuz şəhərində məskunlaşıb. Azərbaycandan kənarda təxminən udi xalqının 6-7 min təmsilçisi var. Həmin insanların əsas qismi Gürcüstan Respublikası və Rusiya Federasiyasında yaşayırlar. Udilərin dili Şimali Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna aiddir.

Hələ antik dövrün müəlliflərinin əsərlərində qeyd etdikləri Qafqaz Albaniyasının tayfalarından olan utilər-udilər müasir udilərin əcdadlarıdır.

Günəşə, Aya sitayiş edən udilər Qafqaz Albaniyasının başqa əhalisi kimi IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər. Buna baxmayaraq, udilər arasında qədim dini etiqadlar bu gün də özünü göstərir. Məsələn, onların əqidəsində hər həftənin bazar günü "Günəş günü" və Günəşə sitayiş günü sayılır. Udilər həmin günü "beğeği" adlandırırlar. Ay udilər üçün daha müqəddəsdir, bu planetə inam "xaşa-beluğ" adını daşıyır. Udu dilində Aya "Xaş" deyirlər. "Xaşdesun" termini "xaç çevirmək" mənasını indiyədək saxlayır. Udilər oda, müqəddəs daşlara, ağaclara, arxlara, bulaqlara da sitayiş edirlər. Bu xalqın nümayəndələri hətta xristianlığı qəbul edəndən sonra, digər alban tayfaları kimi, özlərinin əvvəlki adətlərini yaddan çıxarmayıb, inanclarını yeni din ilə uzlaşdırıblar.

Qafqaz Albaniyasının siyasi cəhətdən zəifləməsi, Alban katolikosluğunun zorla Erməni kilsəsinə tabe edilməsi nəticəsində alban-udi yazısı istifadədən çıxarılmışdır. Sovet hakimiyyəti illərindən etibarən udilər orta təsillərini həm rus, həm də Azərbaycan dilində alıblar.

Udi dili ibtidai siniflərdə bir fənn kimi tədris olunur. 2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən Nic qəsəbəsində tikilən yeni müasir tipli məktəbin açılış mərasimi olub.

52 səsdən ibarət udi dili üçün latın əlifbası əsasında xüsusi əlifba hazırlanıb. Bu əlifbanın hazırlanmasında maarifçi, yazıçı, tədqiqatçı Qeorqi Keçaarinin (1930-2006) böyük əməyi var. Qeorqi Keçaari udi xalqının folklor toplularının da müəllifidir. Xalqın bir çox nümayəndəsi ölkə elminin və mədəniyyətinin inkişafına töhfələrini veriblər. Tanınmış alim-dilşünas, şərqşünas, filologiya elmləri doktoru Voroşil Qukasyan qədim türk, udi və Azərbaycan dillərinin tədqiqatına həsr olunan çoxsaylı elmi məqalə və monoqrafiyalar yazıb. O, həm də ilk udi-Azərbaycan-rus lüğətinin müəllifidir.

Əsrlər boyu oturaq həyat tərzi keçirən udilərin təsərrüfatlarının inkişafında başlıca yeri əkinçilik və bağçılıq tutur. Bu sahələrə üstünlük vermək həyat tərzi və məhsuldar torpaqların olması ilə əlaqədardır. Udilər hələ XIX əsrdən çəltikçilik, ipəkçilik, bağçılıq, tərəvəzçilik bacarıqları ilə tanınırdılar. XIX əsrin sonlarında təkcə Nic kəndində 30 su dəyirmanı və yüzdən çox düyü taxıldöyəni işləyirdi. Udilərin həyatında bağçılıq da xüsusi yer tutur. Hər tərəf meyvə bağlarıdır, bu bağlar udilərin yaşadıqları bütün ərazi boyu uzanır. Həm keçmişdə, həm də indi əsas bağçılıq məhsulu olan fındıqdan başqa, udilər müxtəlif növ meyvələr yetişdirirlər.

Nic kəndinin görməli yerlərinin siyahısında on dörd məhəllədən birinin mərkəzində yerləşən XVII yüzilliyə aid məbəd xüsusi yer tutur. Kənd sakinlərinin sözlərinə görə, keçmiş dövrlərdə məbəd ən yaxında yerləşən dörd - Vəzirli, Dərya, Hil və Dəlləkli məhəllələrinə xidmət göstərirmiş. Məbəd inşa ediləndən sonra sakinlər kənd adəti üzrə tikintinin hər küncündə bir çinar ağacı əkiblər. Bu gün həmin ağaclar həm hündürlüyü, həm də gövdəsinin böyüklüyü ilə görənləri heyrətə gətirir.

Dində, dildə fərqlərə baxmayaraq, udi və Azərbaycan türklərinin çoxəsrlik birgəyaşayışı xalqların mədəniyyətində və məişətində çox sayda oxşar cəhətlərin formalaşmasına imkan yaradıb. Bu münasibətlərin qədimliyini həm azərbaycanlıların, həm də udilərin eyni adətlərə riayət etməsi faktı təsdiq edir. Bu adətlərdən biri qadın dünyaya uşaq gətirən an onu "hal" aparmasın deyə, yastığının altına xəncər, bıçaq, sarımsaq qoymaq vərdişidir. Yaxud azərbaycanlılarda olduğu kimi, udilərdə də uşaq doğulandan 40 gün müddətində evə adam buraxılmaz, gəlin evdən çıxmaz. Hətta xristian mərasimi hesab olunan və mahiyyətcə məhsul bayramını xatırladan Vərtivər bayramı zamanı udilər bəzi mahnıları Azərbaycan dilində oxuyurlar. Onlara məxsus nağıllar, zərb-məsəllər, rəvayətlər, lətifələr həm məzmununa, həm də ifadə tərzinə görə azərbaycanlıların folkloru, şifahi xalq ədəbiyyatının digər nümunələri ilə oxşardır.

Udilərin ən sevimli bayramlarından biri baharın gəlişi zamanı keçirilən, təxminən martın ortalarında qeyd olunan "Joğulun axsibay" bayramıdır. "Joğulun axsibay"ın əsas əlamətlərindən biri ondan ibarətdir ki, həmin gün hamının evində ənənəvi udi xörəklərindən sayılan "hərsə" bişirilməlidir. Digər tərəfdən evlərdə qaynadılan yumurta xüsusən qırmızı rənglə boyanır. Bayram mərasimlərində uşaqların yumurta döyüşdürməsi adətdir. Göründüyü kimi, "Joğulun axsibay"ın bir çox elementləri Novruz bayramını xatırladır və udi ənənəvi mədəniyyətinin ümumi Azərbaycan kontekstinə inteqrasiya olunduğunu təsdiqləyir.

Udilərin bilavasitə təsərrüfat məişəti ilə bağlı mərasimlərindən biri də "tulaferepsun" adlanır. Bunun mənası üzümün dualanması deməkdir. Ayin üzümün hələ dərilmədiyi, lakin yetişdiyi vaxt icra edilir. Adətə görə üzüm qorası ilə doğramac yemək əsas şərt kimi irəli sürülür. Qoranın qurtarması ilə üzümün dərilməsinə başlanılır.

Azərbaycanda yaşayan başqa xalqlar kimi, udilərin qədim mədəniyyətləri, dilləri, adətlərinin mühafizə olunması üçün ölkədə çox işlər görülür. Udi Milli Mədəniyyət Mərkəzi bu dildə dərsliklərin hazırlanması, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinin tərcümə olunması istiqəmətində geniş fəaliyyət göstərir. Alban-Udi Xristian dini icması 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəndən qeydiyyata alınıb. 2009-cu ildə qurumun yenidən qeydiyyatdan keçirilməsi, bununla yanaşı, 2011-ci ildə Oğuz Alban-Udi Xristian dini icmasının fəaliyyətinin rəsmiləşdirilməsi bu etnosun təmsilçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Yenidən bərpa olunan, Rus Pravoslav kilsəsi tərəfindən təsdiqlənən Niç kəndindəki "Çotari" alban-udi kilsəsinin 2006-cı il mayın 19-da rəsmi açılışı udilərin mənəvi həyatında böyük hadisəyə çevrilib. Udi kilsəsi bu gün Alban Apastol Aftokefal kilsəsinin tərkib hissəsidir.

Azərbaycan dövləti digər xalqlara göstərdiyi münasibət kimi, udilərin də ölkəmizdə dinc yanaşı, fəaliyyətinə tam şərait yaradır.

Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmək üçün hazırlanıb.

 





27.07.2019    çap et  çap et