525.Az

Bayburta aparan Dədə Qorqud izi... - Şahanə Müşfiqin reportajı


 

Bayburta aparan Dədə Qorqud izi... - <b style="color:red">Şahanə Müşfiqin reportajı</b>

Təxminən 15 gün öncə Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəvəti ilə "Bayburta 25-ci Beynəlxalq Dədə Qorqud festivalına gedirsən" - deyəndə, "ora haradır?"- deyə soruşmuşdum. "Türkiyənin ən balaca şəhəri" cavabını vermişdilər.

Əlimin altındakı klaviatura internetdən tapdığı materiallarla festival, Bayburtla bağlı suallarımın bir qisminə cavab verdisə də, ən böyük suallarım hələ cavabsız idi. Bunun üçün Bayburta getmək lazım idi...

Bayburt yolunda...

Səfərə iki gün qalmış biletlərimizi aldıq: İstanbul və Ərzurumdan keçib Bayburta gedəcəkdik. Bizi uzun və yorucu yol gözləyirdi. Hələ bir anlıq "görəsən, getməklə düzmü edirəm, qərarımı dəyişə bilərəmmi?"- deyə də düşünmüşdüm. Amma tez də bu fikrimdən vaz keçmişdim. Axı bu səfər əcdadımız, ozanımız, Türk dünyasının atası Dədə Qorqudun adı ilə çağırırdı məni. Deməli, Bayburtda məni tarix, keçmiş, mədəniyyət gözləyirdi. Getmək lazım idi, hökmən getmək...

Bu ərəfədə Avrasiya Yazarlar Birliyinin başqanı, hörmətli dostumuz Yaqub Öməroğlu redaksiyamıza iki mətn göndərdi: "Bir baxın, bəlkə lazım olar"- deyə. Hər ikisi "Kitabi-Dədə Qorqud" dastanının yenicə tapılmış yeni nüsxəsi və 13-cü boyuyla bağlı idi. Onlardan və bir günün içərisində tapdığım mətnin özündən istifadə edərək böyük bir məqalə yazdım. Məqaləm "525-ci qəzet"in 20 iyul sayında çap olundu. Yəni mən Bayburta- Dədə Qorqud festivalına yola düşən gün. Məqalənin Azərbaycan mediasından da bu işə biganə qalmadığını göstərmək baxımından önəmli olacağını düşündüyümdən qəzetin şənbə sayından bir neçəsini götürüb yola düşdüm.

İyulun 20-si axşam Bakıdan İstanbul təyyarəsi ilə Bayburta doğru yol aldıq. Ondan bir gün öncə əvvəllər Bayburtda olan bir tanışım oranı o qədər tərifləmişdi ki, bir həftə öncəki çəkingənliyim artıq qalmamışdı. Bizi nələrin gözlədiyini bilməsəm də, gözəl günlər yaşayacağımıza əmin idim.

KUDAKA-nın dostluğu

İstanbulu keçib Ərzuruma gələndə bizi 25-ci Beynəlxalq Dədə Qorqud festivalının dəstəkçisi Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) əməkdaşları Mehmet Öksüzer və Fateh Baltacı qarşıladı. Öyrəndik ki, bizim bu səfərimiz məhz KUDAKA-nın dəstəyiylə reallaşıb, bu iki gülərüz, mehriban adam da bizim Bayburt səfərimizdə koordinatorlarımız olacaqlar. Ərzurumdan Bayburta qədər olan saat yarımlıq zaman müddətində Mehmet bəy və Fateh bəy bizə Bayburtun tarixi, coğrafiyası, keçirilən ənənəvi Dədə Qorqud festivalları və KUDAKA haqqında geniş məlumatlar verdilər. Dedilər ki, KUDAKA Türkiyənin Ərzurum, Ərzincan, Bayburt bölgələrini əhatə edən, mədəni, ictimai, sosial layihələrə dəstək göstərən, sosial sərmayəni genişləndirməyi hədəf seçmiş qurumdur. Mərkəzi Ərzurumdur. Elə adlarını çəkdiyim koordinatorlarımız da festivalda iştirak edən jurnalistlərə bələdçilik etmək və idarə işlərində iştirak etmək üçün şirkət tərəfindən Ərzurumdan göndərilmişdilər. Amma təbii ki, heç biri Bayburta yad deyildilər.

"Bayburt mənim ata yurdumdur"- deyən Mehmet bəy təxminən 15 il boyunca bu şəhərdə yaşayıb. Onun 12 ilini Bayburt radiosunda aparıcılıq edərək keçirib. Bayburtda ilk bədii radio verilişlərinin qurucularındandır. Həm də bulaq kimi qaynar səsiylə şeirlərə can verir - bədii qiraət ustasıdır. Səsini dinlədikcə heç də yad olmadığını hiss edirdim. Sonra isə bu səsdən şeirlər dinlədiyimi xatırladım. Yəni səsi Türkiyənin balaca şəhərindən Azərbaycana qədər gəlib çıxmışdı. Və beynimdəki suallara qarşılıq o səs bizə heç də yad yerdə olmadığımızı anladırdı.

Dədə Qorqudun izində-sözündə

Bayburt Bələdiyyəsinin ev sahibliyi ilə keçirilən "25-ci Bayburt Dədə Qorqud Beynəlxalq Mədəniyyət və Sənət festivalı" bütün Türk dünyası dostlarını Türkiyənin ən kiçik şəhərində bir araya gətirmişdi.

İyulun 21-i başlayan səfərimizin ilk tədbiri iyulun 22-də keçirildi. Şair Zehni Kültür Mərkəzində baş tutan Beynəlxalq Dədə Qorqudun izində-sözündə simpoziumunda Bayburtdan, Türkiyənin müxtəlif şəhərlərindən, o cümlədən, digər Türkdilli ölkələrdən gələn professorlar, alimlər, ziyalılar, jurnalistlər iştirak edirdilər.
Mehmet Öksüzerin aparıcılığı ilə keçirilən simpozium Türk dünyasının əmin-amanlığı, azadlığı uğrunda canından keçmiş insanların, şəhidlərin bir dəqiqəlik sükutla anılması və Türkiyənin İstiqlal Marşı ilə başladı.
Açılış və protokol nitqlərində layihənin rəhbəri Selma Kösəoğlu, Azərbaycanın layihə koordinatoru Aynur Qəzənfərqızı, Üçler Bulduk, Azərbaycandan Əli Şamil, Elza Səmədova, Bayburt Universitetinin rektoru Selçuk Coşkun, Bayburt Bələdiyyə sədri Hükmü Pəkməzçi, Bayburtun artıq buradakı vəzifəsindən ayrılmaqda olan valisi Əli Həmzə Pəhləvan və başqaları çıxış edərək Dədə Qorqudun Türk dünyası mədəniyyətində, sənətindəki yeri, rolu haqqında danışdılar, onun adını tutub Bayburta gələn hər kəsə təşəkkürlərini bildirdilər.

"Dədə Qorquddan danışarkən ağıla ilk Bayburt şəhəri gəlir" - deyən Əli Həmzə Pəhləvan şəhərin Türk dünyasındakı önəminə diqqət çəkdi. Belə bir ənənəvi festivalın keçirilməsindən böyük məmnunluq duyduğunu deyən başçı, bayburtluların da bu festivala böyük önəm verdiklərini, hər ilin iyul ayını sevinclə, həyəcanla gözlədiklərini dedi: "Dədə Qorqud ailədən və ailənin önəmindən danışır. Birlikdən, qardaşlıqdan, paylaşmaqdan bəhs edir. Bunlar bizi bir-birimizə bağlayan, keçmişdən bu günümüzə güclü bir şəkildə gəlməyimizi və gələcəyə də güclü, ümidli baxmağımızı təmin edən xüsusiyyətlərdir. Dədə Qorqud və eləcə də Bayburt bütün Türk dünyasının ortaq dəyəridir".

Sonra simpozium məruzələrlə davam etdirildi.

Azərbaycanlı folklorşünas Əli Şamilin moderatorluğunda keçirilən hissədə Üçler Bulduk (Türkiyə) "Dədə Qorqudda Oğuz şəhərləri", Çingiz Buyar (Qırğızıstan) "Türk dünyasında dastan ənənəsi və "Dədə Qorqud" dastanı", Əbdürrəhman Dəvəçi (Türkiyə) "Türkmən mədəniyyətində Dədə Qorqud", Kakajan Janbekov (Türkmənistan) "Dədə Qorqud kitabının Türkmənistanda öyrədilməsi və yayınları", Əsgər Turganbayev (Qazaxıstan) "Qazaxlarda Dədə Qorqud hekayələri", Turgay Kabak (Bayburt Universiteti) "Dədə Qorqud və Bayburt", Mirzə Maşov (Gürcüstan) "Dədə Qorqud və Gürcüstan", Mehmet Tufan Kösəoğlu (Türkiyə) "Dədə Qorqud nüsxələri/Türkmən Səhra-Künbət yazması araşdırması və yeni boylar üzərinə", Əli Şamil (Azərbaycan) "Kitabi-Dədə Qorqud" mövzusunda köhnə bir araşdırmaya yeni baxış: Əmin Abidin "Azərbaycan türklərinin ədəbiyyatı" adlı əsəri haqqında son dövr araşdırmaları" mövzusunda məruzələrlə çıxış etdilər.

Mən və elə hamı üçün də simpoziumun ən əlamətdar hadisələrindən biri Dədə Qorqud dastanlarının yeni nüsxəsini tapan, "Türkmən Səhra" nüsxəsinin sahibi Vəli Məhəmməd Xocanın oradakı iştirakı idi. Türk dünyası ədəbiyyatına belə bir önəmli töhfəni sunmaq üçün Tanrının məhz onu seçməyindən xoşbəxt olduğunu deyən Xoca türkiyəlilərin bu dastana və onun yeni əlyazmasına çox böyük önəm verməklərini də xüsusi vurğuladı.

Masat kəndi - Dədə Qorqudun hüzurunda

Simpoziumdan sonra festivalın bədii hissəsinin açılışı Dədə Qorqudun Masat kəndindəki məzarın və türbəsində baş tutdu. Fateh Baltacı "Dədə Qorqudun məzarına gedirik" deyəndə daha bərli-bəzəkli, adətən, öyrəşdiyimiz cah-cəlalda bir türbə gözlədiyimi etiraf etməliyəm. Amma bayburtlular Dədə Qorqudun müqəddəs adını süni cah-cəlalla bəzəməyiblər. Hələ avtobusun içərisində uzaqdan gördüyüm bu sadə mənzərə məni çox sevindirdi və duyğulandırdı.

Dağların qoynunda yerləşən Masat kəndinin demək olar ki, tam ortasında olan türbənin önü insan qaynayırdı. Qələbəliyin içərisində qrupumuzdan olan insanları itirməmək üçün ətrafa baxarkən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi və Türkiyəli yazıçı, tərcüməçi İmdat Avşarla qarşılaşdım. Onlar da hələ təzə başlayan festivaldan məmnun görünürdülər.

Biz içəri keçərkən bir qrup rəsminin artıq türbəni ziyarət edib çıxdığını və televiziyaya reportaj verdiklərini gördük. Burada da vali Əli Həmzə Pəhləvan, Bayburt millət vəkili Fetani Battal, Bələdiyyə sədri Pəkməzçi və başqaları iştirak edirlər.

Millət vəkili Fetani Battal çıxışında milli düşüncənin yeni nəsillərə ötürülməsində öhdəlik sahibi olduqlarını, bütün fəaliyyətlərinin də bu istiqamətdə irəlilədiyini dedi: "Biz Dədə Qorqud festivalları çərçivəsində milli düşüncəmizi yüksək tutmaq və qədim mədəniyyətimizi yeni nəsillərə ötürmək üçün özümüzü öhdəlik sahibi kimi hiss edirik. Bu baxımdan Bayburt Bələdiyyəsi və Bayburt valiliyinin hazırladığı, hər il təkrarlanan bu festivalın idrakımızın dərinləşməsinə və sabahlara aid üfüqlərimizi daha da geniş tutmağımıza vəsilə olmağını diləyirəm".

Bayburt Bələdiyyəsinin sədri Hükmü Pəkməzçi isə Türk dünyası və məməkətin müxtəlif bölgələrindən gələn qonaqları qarşılamaqdan sevinc duyduqlarını dedi. Bayburtun önəmli bir layihəyə ev sahibliyi etdiyini deyən sədr dedi: "Dədə Qorqudun ayaq izlərini təqib edərək onun geridə qoyduğu mədəniyyəti gələcək nəsillərə ötürmək üçün çalışırıq. Bu işdə əməyi olan bütün qurumlara və şəxslərə təşəkkür edirik".

Onlardan sonra türbəyə biz daxil olduq. Çöldəki sadəlik burada da hökm sürürdü. Balaca bir otağın ortasındakı məzarın başdaşında Dədə Qorqud adı yazılmışdı. Otaqda az öncə rəsmilərin gətirdiyi və məzarın üzərinə qoyduğu çələngdən başqa heç bir bəzək yox idi.

Bütün türklərin atası Qorqudun məzarı Türk dünyasının müxtəlif ölkələrində var. Hətta bəzi ölkələrdə birdən artıqdır. Bu, xalqın keçmişinə, müqəddəs hesab etdiyi ozanına sevgisinin, hörmətinin bariz nümunəsidir.

Dədə Qorqudun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, "Dədə Qorqud" bulağından su içəndən sonra yol aldıq Masat yaylasına. Orada Masat Kəndi Dərnəyinin hazırladığı böyük bir şənlik bizi gözləyirdi.

Bütün sakinlər şənliklərin həvəsilə yaylada öz yerlərini almışdılar. Kimi ağacların kölgəsində, kimi şırıl-şırıl axan çayın kənarında, kimi də səhnəyə yaxın bir yerdə oturmuş maraqla proqramı seyr edirdi. Öyrəndik ki, hər il dəyişmədən, ənənəvi şəkildə keçirilən bu şənliklər kənd sakinlərinin ən böyük həyəcan və sevinclə gözlədiyi tədbirlərdən biridir.

Çıxışlardan sonra söz mədəniyyətin, musiqinin idi. Türkiyənin, Azərbaycanın, Gürcüstanın və digər türkdilli ölkələrin folklor qrupları öz ölkələrinin xalq rəqslərini ən gözəl şəkildə ifa etdilər. Ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balet truppası ən yüksək şəkildə təmsil etdi. Onların ifası kənd camaatının coşğunluğunu daha da artırırdı.

Yayla bəyi Enis Arslanın aparıcılığı ilə davam edən proqramda bu layihədə zəhməti olanlara təşəkkürnamələr təqdim olundu.

Dağların arasında yerləşən, havası, suyu, mehriban, gülərüz insanları ilə seçilən Masat kəndi xatirimizdə Türk dünyasının Dədə Qorqud əmanətini qoynunda ən gözəl şəkildə qoruyub-saxlayan və gələcəklə keçmişimiz arasında körpü yaradan tarixin mərkəzi kimi qaldı.

Bayburt səfərimizin ilk günü bu kövrəklik və qürur hissləriylə bitərkən gələcək günlərdə bizi gözləyən gözəlliklərin əminliyi ilə "yaxşı ki, burdayam" deyirdim.

Bakı-Bayburt-Bakı.

 





27.07.2019    çap et  çap et