525.Az

Mətbuat Şurası KİV nümayəndələrinə müraciət ünvanladı


 

JURNALİSTLƏR PEŞƏ FƏALİYYƏTİ ZAMANI QARŞILAŞDIQLARI PROBLEMLƏRİN HƏLLİ ÜÇÜN MONİTORİNQ QRUPUNA MƏLUMAT VERƏ BİLƏRLƏR

Mətbuat Şurası KİV nümayəndələrinə müraciət ünvanladı<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələri təmsilçilərinin peşə vəzifələrini sərbəst və maneəsiz icrasının daha səmərəli yollarını müəyyənləşdirmək, mövcud istiqamətdəki prosesləri tənzimləmək məqsədilə Daxili İşlər Nazirliyi ilə birgə koordinasiya edilmiş iş rejimində fəaliyyətdədir. Bu barədə Mətbuat Şurasından verilən məlumatda qeyd olunub.

Bildirilib ki, Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələrinə hər zaman ciddi önəm verib. Bunun tənzimlənməsi üçün şuranın Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası fəaliyyətdədir. Komissiyanın tərkibinə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Daxili İşlər və Ədliyyə nazirliklərindən nümayəndələr daxildir.

Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu da var ki, onun missiyası bilavasitə kütləvi aksiyalar zamanı jurnalistlərin peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə dəstək göstərilməsinə yönəlib.

Xüsusən, paytaxt Bakı şəhərində müxtəlif rəy sorğuları aparmaq, reportajlar hazırlamaq, jurnalist fəaliyyətindən irəli gələn digər tədbirlər görmək istəyən KİV əməkdaşları hər hansı çətinlik və anlaşılmazlıqla qarşılaşacaqları təqdirdə hər iki qurumun nümayəndələrindən ibarət monitorinq qrupuna məlumat verə bilərlər.

Qeyd edək ki, media nümayəndələri müvafiq problemlərlə bağlı Bakı Şəhər Baş Polis İdarəsindən Elşad Hacıyev, Mətbuat Şurasından Əvəz Rüstəmovla əlaqə saxlaya bilərlər.

C.ABASOV

 





30.07.2019    çap et  çap et