525.Az

Bayburta aparan Dədə Qorqud izi... - Fotolar


 

II YAZI

Bayburta aparan Dədə Qorqud izi... - <b style="color:red">Fotolar </b>

Ətrafımızı hər an vətənini müdafiəyə hazır əsgər, balasını qoruyan ata kimi çevrələmiş dağların arxasından günəş saçlarını yellədərək gülümsəyir. Bayburtda növbəti səhər açılır...

Qaldığımız balaca, sevimli otelin balkonundan günəşi seyr edirəm. Balkonumuzla üz-üzə, dağın başında bütün əzəməti və müqəddəsliyiylə Bayburta keşik çəkən məsciddən az öncə ucalan azanın səsi hələ də qulaqlarımda, ruhumda əks-səda verir. Gecənin üşütdüyü saçlarıma isti əlləriylə sığal çəkən günəşə xoş gəldin deyib, bu balaca, sakit şəhəri dəli coşğusuyla hərəkətə gətirən, ərazisi kimi sakitliyini də ikiyə bölüb axan Çoruh çayına gülümsəyirəm. Səhər hələ indi-indi açılsa da, şəhər çoxdan oyaqdır. Amma nə ora-bura qaçışan insanlar, nə də növbəti günün proqramlarına hazırlaşan yerlilər Bayburtun sükutunu poza bilirlər. Yenicə tanış olduğum bu balaca şəhəri mənə belə sevdirən nədir deyə düşünərkən də elə ilk cavabım bu sakitlik oldu. Səssiz və təmiz... Amma bu sakitlikdə soyuqluq yoxdur. Dağlarından qopub iyulun ortasında bədənimizi üşüdən soyuğundan fərqli olaraq, ruhu istidir Bayburtun. Onun səssizliyi ulu ozan Dədə Qorqud təmkinini andırır. Bu günlərdə təkcə bayburtlular deyil, daşıyla, torpağıyla, dağlarıyla, çayıyla, hətta səmasında süzən quşlarıyla bərabər Bayburt özü də Dədə Qorqud havasına bürünüb. Bu havanı ciyərlərimə çəkib bu günə planlanmış tədbirlərə qatılmaq üçün hazırlaşmağa başlayıram.

Dədə Qorqud ətirli Saray Bağçası

Türkiyə səfirliyinin Mədəniyyət və tanıtma müşavirliyinin dəstəyi ilə qatıldığımız 25-ci Bayburt Beynəlxalq Dədə Qorqud festivalı başladığı həyəcan və coşğuyla davam etməkdə idi. 1300 ildən bəridir nəsihətləri, müdrik fikirləri ilə yaşayan, böyük türk xalqının ən qədim tarixini özündə hifz edən Dədə Qorqudun sevgisinə, hörmətinə bütün Türk dünyasından qonaqlar Bayburta üz tutmuşdular. Yüksək keyfiyyətlə hazırlanan proqramlar 22-28 iyul tarixləri arasında bir-birini əvəz edəcəkdi. Şəhərin hər küçəsində bir coşğu, hər küncündə festivalla bağlı təntənə vardı. Əlbəttə, eyni vaxtda düzənlənən proqramlara qatılmaq imkanımız olmasa da, bacardığımız qədər çox tədbirdə iştirak etmək, Dədə Qorqud ab-havasına bürünmək istəyirdik. Hətta bizə istirahət üçün verilən sərbəst vaxtda belə şəhər sakinlərinə qoşulub hansısa yürüşə, sərgiyə qatılırdıq.

Onlardan biri Saray Bağçası deyilən yerdə keçirilən tədbir idi. Qısa müddət öncə tamamlanaraq istifadəyə verilən Saray Bağçası meydanında səmada uçuşan Solo Türk adlı Türk hava qüvvətləri Bayburtun yerli əhalisini və qonaqlarını salamladı. Festival Komitəsi tərəfindən Dədə Qorqudun abidəsinə çələng qoyulduqdan sonra rəsmilər, müxtəlif ölkə və topluluqlardan festivala qatılan qonaqlar və şəhər sakinləri Ağşəmsəddin küçəsindən Cümhuriyyət küçəsinə kimi uzun bir yürüşə qatıldılar.

Coşğulu, həyəcanlı açılışdan sonra rəsmi hissə başladı. Açılış nitqi üçün kürsüyə çıxan Bayburt valisi Əli Həmzə Pəhləvan Dədə Qorqudun ortaq türk dünyasının dəyəri olduğunu, xüsusən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olmaqla bunun bütün dünya tərəfindən də qəbul edildiyini söylədi: "Dədə Qorqud çox önəmli mesajlar verir. Biz bu mesajları gənclərimizə çatdırmağa borcluyuq. Çünki Dədə Qorqud ailədən, ailənin önəmindən danışır, birlikdən, qardaşlıqdan, paylaşmaqdan bəhs edir. Biz bunu hər zaman yaşatmalı, öz əməllərimizdə, böyük türk dünyasının qüvvətində əks etdirməliyik".

Bayburt Valisi Əli Həmzə bəy Türkiyənin başqa bir bölgəsinə -  Şırnağa təyinatı çıxdığından bu vəzifəsi ilə vidalaşmaq üzrə idi. Ona görə də bu festival onun Bayburtdakı vəzifə dövründə qatıldığı sonuncu tədbir olacaqdı. Bu səbəbdən hörmətli vali bütün çıxışlarının sonunda çox sevdiyi Bayburt əhalisiylə vidalaşır, onlara dərin sevgi və sayğısını izhar edirdi. Gördüyümüz qədərilə, Bayburt əhalisi də Əli Həmzə bəyi çox sevir. Hər fürsətdə onun iki il ərzində Bayburt üçün gördüyü işlərdən danışır, onu yeni vəzifəsinə minnətdarlıqla yola salırdılar.

Saray Bağçasındakı tədbirdə çıxış edən Bayburt Millət vəkili Fetani Battal Dədə Qorqud hekayələrinin gənc nəslə danışılmasının önəmini vurğuladı: "Bu il 25-cisi keçirilən festivalın bəyi - Bayburt Bələdiyyə sədri türk dünyasına bir çağırış etdi və dünyanın hər tərəfindən, Türkiyənin müxtəlif yerlərindən onun bu çağırışına səs verildi. Bu günlər Bayburt böyük bir bayrama ev sahibliyi edir. Bayram danışmaq, dərdləşmək, sabahlara planlar cızmaq, hədəflər seçmək deməkdir. Biz də bu günlərdə dünənimizdən danışıb, sabaha necə qol-qola gedəcəyimizlə bağlı planlar edəcəyik. Əgər biz hekayələrimizi uşaqlarımıza anlatmasaq, onlar öz uşaqlarına başqalarının hekayələrini anladacaqlar. Ona görə də bu proqram və sonrasında görüləcək işlər çox önəmlidir".

Bayburt Bələdiyyəsinin və festival komitəsinin sədri Hükmü Pəkməzçi çıxışında Türkiyə daxilindən və xaricindən böyük mədəniyyət bayramına qatılan hər kəsi salamladı, bu böyük tədbirin Bayburtun gələcək sosial, mədəni və ictimai həyatındakı önəmindən danışdı: "Məna birliyimizə, diriliyimizə vəsilə olan Dədə Qorqudun mənəvi kimliyində bizi bir yerə toplayan bu xoşbəxt gündə Ata yurddan Ana yurda körpülər qurulur".

TÜRKSOY-dan Bilal Çakıcı, TİKA-dan Yaşar Nuri Kılıç, Türk dünyası Sənətçilər və Yazarlar Vəqfinin başqanı (TÜRKSAV) Yəhya Akengin və başqaları çıxış edərək keçirilən bu böyük şənliklərə görə Bayburt şəhər rəhbərliyinə, Dədə Qorqudun adını uca tutan hər kəsə öz təşəkkürlərini bildirdilər.

Nitqlərdən sonra tədbir Türkiyənin xalq musiqi qrupu olan Mehtəranın çıxışı ilə davam etdirildi. Burada Türkiyənin məşhur aktyoru Turan Çakırın ifasında Bamsı Beyrək rolu izləyicilərin böyük marağına səbəb oldu.  

Daha sonra Azərbaycan, Gürcüstan, Elazığ və Giresundan gələn xalq rəqs qrupları öz ifalarını sərgilədilər. Bayburt xalq rəqslərinin də yer aldığı proqram hər kəsi XXI əsrdən qoparıb keçmişin ənginliklərinə doğru səyahətə aparırdı.

Keçmişə göndərilən poçt zərfləri

Sözügedən Cümhuriyyət küçəsi başdan-başa rəsmlərlə bəzənmişdi. Dədə Qorqud festivalı çərçivəsində Bayburt Elm-Sənət Mərkəzi tərəfindən təşkil edilən 4-cü Beynəlxalq Poçt Sənəti "Kitabi-Dədə Qorqud"dan təsirlənənlər mövzulu sərginin açılışında Bayburt rəsmiləri, festival qonaqları, mətbuat nümayəndələri və şəhər əhalisi iştirak edirdi.

Türkiyənin dörd bir yanından gələn Elm-Sənət Mərkəzinin tələbələrinin zərflər üzərində çəkdiyi rəsmlərin sərgiləndiyi tədbirdə mərkəzin müdiri Aydın Doğan əsərlər haqqında geniş məlumat verdi.

Bayburtda Azərin dalğası

Bayburta ayaq qoyduğumuz andan bəri hər yerdə Xalq artistimiz Azərinin konsertinin elanları ilə qarşılaşırdıq. Nəahyət, hər kəsin böyük maraqla gözlədiyi an gəlib çatmışdı. Şair Zihni Kənd ormanında yerləşən amfi-teatrda baş tutan konsertdə Azərin tək deyildi. Naci Ahıskalıoğlunun aparıcılığını etdiyi konsert Azərbaycan Xalq rəqs ansamblının ifası ilə başladı. Rəqsdən sonra səhnəyə çıxan Azərin ikinci ildir ki, Bayburtda Dədə Qorqud festivalı çərçivəsində konsert verdiyini söylədi, bu il də təkrar onun dəvət edilməyini istəyən bayburtlulara təşəkkür etdi. Bir saatlıq proqram çərçivəsində gözəl səsli müğənnimiz "Yaşa, mənim xalqım", "Sarı gəlin", "Dağlar qızı Reyhan", "Qal, sənə qurban", "Sən gəlməz oldun", "Şən ol, Bayburt", "Türklər gəlir", "Türkiyəm", "Çırpınırdı, Qara dəniz" mahnıları ilə bayburtluları feyziyab elədi. Azərin təkcə mahnıları ifa etməklə qalmır, bəzi Azərbaycan mahnılarının tarixi haqqında da dinləyicilərə qısa məlumatlar verirdi.

Həmin gün onunla eyni səhnəni Türkiyənin məşhur müğənnisi Tuba Yurd da bölüşürdü. Bayburt rəsmilərinin də iştirak etdiyi konsert proqramı müğənnilərə təşəkkürnamələrin təqdimi ilə başa çatdı.

Türk dünyasının ortaq rəngləri

Həmin günlərdə daha bir sərgi Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfi (TÜRKSAV)  tərəfindən açıldı. Tarixi Taşhanda açılan Türk Dünyası Karma Rəsm sərgisi şəhər əhalisinin və sənətsevərlərin marağına səbəb oldu.

25-ci Bayburt Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət bayramı çərçivəsində keçirilən sərginin qırmızı lentini Ə.H.Pəhləvan, Samsun Valisi Osman Qaymaq, H.Pəkməzçi, TÜRKSAV başqanı, şair, yazıçı Yəhya Akengin və Fikrət Gülər birlikdə kəsdilər. Sərgi haqqında qısa məlumat verən Y.Akengin Türk Dünyası karma sərgilərini 23 ildir ölkə daxili və ölkə xaricində təşkil etdiklərini dedi. Sərgidə bütün türk dünyasından olan rəssamların müxtəlif mövzulu rəsm əsərləri nümayiş edilirdi. Rəssamlar, əsasən, Türkiyənin, xüsusən, İstanbulun tarixi yerlərini, türk birliyini özündə əks etdirən mövzulara müraciət etmişdilər.

Çinimaçin Çini

2015-ci ildən bu günə kimi bir çox layihələrə qucaq açan Kənan Yavuz Mədəniyyət Evi və Etnoqrafiya muzeyi bu festivala da öz töhfəsini sunmuşdu. Bayburtun şəhərdən xeyli kənar ərazisində, tamamilə sakit və səssiz bir küncdə yerləşən muzey "Çinimaçin Çini" sərgisi ilə bizləri özünün doğma qollarında qonaq edirdi.

Sərginin açılış nitqini öz üzərinə götürən muzeyin qurucusu Kənan Yavuz Bayburtun bənzərsiz çinilərini gündəmə gətirən sərginin gələcəkdə çini və Bayrburt daşı qovuşmasına yol açacaq proyektlərə, memarlıq işlərinə ilham olması baxımından əhəmiyyətini vurğuladı: "Türk-İslam mədəniyyətinin, Anadolu torpaqlarında məskən salmasına gətirib çıxaran ən önəmli mədəniyyət kodlarından biri, şübhəsiz, Dədə Qorqud hekayələridir. Bayburt valiliyi və bələdiyyəmizin keçirtdiyi ənənəvi Dədə Qorqud şənliklərinin bir parçası olaraq planladığımız Çinimaçin-Çini sərgimizdə Səlcuklu və Osmanlı motivləri ilə hazırlanmış 210 özəl çinini Bayburt daşı ilə qovuşdurduq. Dünyada Çinili Qala olaraq bilinən Bayburt qalamızın, önəmli Səlcuklu əsərlərindən Ulu Məscidimizin, Qırx Çeşmələrin, Bədəstanın bənzərsiz çinilərini nümayiş etdirən sərgimiz qədim şəhərimiz Bayburt üçün gözəl bir atmosfer yaradacaqdır".

Rəsmilərin çıxışından sonra Kənan Yavuzun şəxsi səyi nəticəsində yaratdığı etnoqrafiya muzeyi ilə tanış olduq. Qədim dəyirman, ayrıca olaraq dəyirman daşları, silahlar, məişət əşyaları, əl işləri, xalçalar və sair kimi keçmişin bağrından qopub 2019-cu ilə qədər gəlib çıxmış nümunələr insanda heyrətlə yanaşı, böyük bir sevinc hissi də yaradırdı. Yaranmış şərait əlini uzatsan 2-3 əsir öncəyə gedə biləcəkmişsən kimi hiss etdirirdi.

Bayburtun milli yeməyi hesab olunan pidəyə qonaq olan iştirakçılar sonra Bayburtun məşhur türkücülərinin ifasında xalq mahnılarını, türkülərini dinlədilər.

Şeirin qanadlarında

Elə həmin axşam sənətsevərlər rəsmlərin, tarixin qoynundan çıxıb şeirin qoynunda Bayburt gecəsinin gözəlliyinə daldılar. Şair Zihni Şeir Gecəsi əsl ədəbiyyatsevərlərin yeri idi.

Şair Yəhya Akenginin moderatorluğu ilə Naci Ahıskalıoğlunun aparıcılığını etdiyi gecədə Ataol Bəhrəmoğlu, Cazim Gürbüz, Həsən Ağdaş, Bəxtiyar Aslan, Tələt Ülkər, Özcan Ünlü, Fazil Əhməd Bahadır, Nurullah Gənc, Tudor Zent, Həsən Akar, Mərdan Qaraoğlu, Səid Ağdaş və Avazollah Safari Kaşkooki ən gözəl şeirlərini oxudular. Şeir gecəsinin Azərbaycandan da qonağı vardı. Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhminin fərqli və özünəməxsus çıxışı hər kəsin marağına səbəb oldu.

Gecənin sonunda şair Ataol Bəhrəmoğlu oxucular üçün kitablarını imzaladı. Bayburt Dədə Qorqud festivalından xatirə olaraq şairlərə təşəkkürnamələr də verildi.

Bayburt-Bakı

 





31.07.2019    çap et  çap et