525.Az

Bu nömrəyə zəng çatmır - İsfəndiyar Vahabzadənin hekayəsi


 

Bu nömrəyə zəng çatmır - <b style="color:red">İsfəndiyar Vahabzadənin hekayəsi </b>

Türkiyənin iri əyalət şəhərlərindən biri.

... 6 noyabr.      

Yağış yağır. Ötən yazılarımda dediyim kimi, hər ikimiz yağışlı havanın, xüsusilə də payız fəslinin dəlisiyik.

Bu gün onun ad günüdür. Bu şəhərin saysız-hesabsız restoranlarının birində üzü dənizə doğru oturub onun doğum gününü qeyd edirik. Elə ikimizik. Yanımızda heç kim yoxdur. Heç kimi dəvət etməmişik.

Xoşbəxtlik, uzun ömür, can sağlığı, səadət, nə bilim daha nələr... Belə şablon mənasız, cansıxıcı, həmişə hər il ad günlərində bir-birimizə dediyimiz və eşitdiyimiz sözlərdən bir-birimizə demirik. Çünki mənası yoxdur. Çünki bunlar hamısı dünənlərdə qalıb. Və dünənlər də get-gedə çoxalacaq. Və günlərin bir günündə də qəfil bitəcək. Sabahlara şlaqbaum qoyulacaq. Can sağlığı olubsa olub. Səadət olubsa və varsa, o da olub (bundan sonra nə səadət). Uzun ömür arzulamağın isə heç bir mənası yoxdur, çünki atam demişkən bu dünyada ən böyük mədəniyyət vaxtında bu dünyadan getməkdir. Yoooox... Məncə, mədəniyyət göstərməyimizə hələ çox qalıb. Həə... O ki, qaldı xoşbəxtliyimizə bu saat hər ikimiz xoşbəxtliyin və səadətin ən son həddindəyik. Çünki bir-birimizin yanındayıq. (Onsuz da mən dedim, ya demədim, hamı nə vaxtsa bu dünyada xoşbəxt olur. Az və ya çox. İndi baxır xoşbəxtliyi kim necə görür və nədə görür, bunu necə hiss edir). Uşaq kimi bir-birimizə sığınmışıq. Bu restoranda oturanların heç birini görmürük. Sanki burada bizdən başqa heç kim yoxdur, elə ikimizik. O və mən.

Mən elə qurtum-qurtum sağlıqsız-filansız suya qarışdırılmış türk rakısı içir, o isə yüngül, az dərəcəli qırmızı şərab. Ötən günlərimizdən, etdiyimiz mənasız mübahisələrdən, qısa müddətli küsülü qaldığımız vaxtlardan, sonra bir-birimizə zəng edib səsimizi eşidib "otboy" verməyimizdən, daha sonralar barışmağımızdan, bir-birimizsiz qala bilməməyimizdən danışıb gülüşürük. Axı zarafat deyil, 20 ilə yaxındır ki, biz bir yerdəyik. Nəyə görəsə o zamanlar bizə elə gəlirdi ki, nə zamansa həyatımızda möcüzələr baş verəcək. Qəribə və maraqlı möcüzələr. İndi isə danışa-danışa güldükcə və gülə-gülə bütün olub-keçənlərdən danışdıqca birgə addımladığımız xatirələrimizin kol-kos basmış cığırları ilə addımbaaddım, dünənbədünən, geriyə qayıtdıqca görürük ki... Ay aman... həyatımız çox mənalı, çox möcüzəli, çox maraqlı keçib. Çox hay-küylü, məşəqqətli keçib. Elə bu hay-küylərin içində də şirin-şirin möcüzələr olub. Biz isə bu şirini dadıb onu acı bilmişik. Bütün bunları məşəqqətli, əzablı günlər bilmişik. Elə ona görə də, həmişə sabahlarımızı gözləmişik. Sabahları səbirsizliklə gözləmişik. Sabahlar isə bir-bir gəlib ötüb. Biz isə yenə  də yeni-yeni sabahları gözləmişik. Möcüzələri gözləmişik. Möcüzələr isə bir-birinin ardıyca gəlib keçib. Biz isə bunu bilməmişik və görməmişik.

Həəə... Adamlar da müxtəlif cür içir və müxtəlif cür sərxoş olur. Bəzi adamlar içki içən kimi sabahları haqqında danışır. Nəsə vəd verir. Sabahlarının boynuna nəsə qoyur. Elə hey... Sabah filan işi filan cür edəcəyəm, sabah filan işi başqa cür edəcəyəm - deyir və inanır. Eyni zamanda, onu da anlayır ki, sabah ayılıb onsuz da heç nə edən deyil. Sözdü də deyir... Bəziləri isə... Yox... Elə içi mən özüm qarışıq. Dilimə bir az içki dəyən kimi gözlərim yol çəkə-çəkə dünənlərimi  xatırlayır, elə hey dünənlərimdən danışıram. Dünənlərimin həsrətini çəkirəm. Dünənlərimə səyahət edirəm. Elə bu gün də. Rakıdan elə hey qurtum-qurtum içir, dünənlərimlə qəlyanaltı edir, siqaretin tüstüsü ilə bərabər cəsarətsizliyimdən bacarıb həyata keçirə bilmədiyim yarımçıq qalan arzularımı da içəri çəkirəm. Yana-yana içəri çəkirəm. Acı tüstünü  acgözlükdə uduram. Xatirələrimlə qəlyanaltı edirəm. Sən demə, bu dünyada ən şirin, ən maraqlı gəzinti dünyaya olunan səyahət deyil. Yox... Dünyada yeni heç bir şey yoxdur. Dünya barəsində dəfələrlə yazıblar və deyiblər. Vallah yeni heç bir şey yoxdur. Ən gözəl səyahət "kruiz", dünənlərə olan səyahətlərdir. Bu səyahətlərə viza lazım deyil, xarici pasport lazım deyil. Sadəcə hər şeyi xatırlamaq lazımdır. Dünənlər çox olub, lap çox olub. Sabahlar isə nə bilim... Nə qədər qalıb ki... Ağlıma qəfildən qəribə bir fikir gəldi. Bu dünya qum saatına oxşayır. Sabahlar boşalır, dünənlər dolur. Elə bunu ona demişdim ki, o gülə-gülə:

- Yaxşı, yaxşı romantikaya keçmə. Sən axı, diplomatsan. Diplomatiya hara, romantika hara.

Elə bu vaxt onun telefonu zəng çaldı. Götürdü.

- Əfəndim.

O biri xətdə nə dedilərsə, o da gülə-gülə dərhal ruscaya keçdi.  Ümumi hal-əhval, o tərəfdən ona ad günü münasibətilə təbrik, bir az gülüş.

- Bəli, bəli mənim yanımdadır. Bir yerdəyik. Bir şey olmayıb ki? Hə, bu saat telefonu ona verirəm.

Başa düşdüm ki, zəng edən yoldaşımdır. Nigarançılıqla:

- Salam, nə olub?

- Qulaq as, telefonu niyə söndürmüsən? Bir saatdır səni yığıram, nigaranam axı.

- Nə olub axı, uşaqlardan... nəsə olub?

- Yox, yox, narahat olma. Uşaqlar yaxşıdırlar. Hm… Atan səni axtarır. Bilmirəm kimdənsə eşidib ki, sən Türkiyədəsən. Ihı... Ihı... Onun yanındasan. Mən də and-aman elədim ki, yox səni təcili əlim-yandıda ezamiyyətə göndəriblər. Nə bilim, dedim ki, sən indi Buxarestdəsən. Birdən ağlıma gəldi, dedim də. Amma deyəsən inanmadı. Vallah bilmirəm. İkinizin arasında qalmışam. Əgər sənə zəng edib soruşsa, mənim yalanımı açma... Mən daha yoruldum sənin yalanlarını ört-basdır eləməkdən. Telefonunu aç, atanla danış, axı yaşlı kişidir. Sən axırda onu infarkt dərəcəsinə çatdıracaqsan.

- Yaxşı, yaxşı indi özüm ona zəng edib danışaram. Nə isə...

- Bura bax, sən canın az iç, yeməyinə fikir ver. Bir də... Hə, de yaxşı özündən muğayat olur. Telefonunu aç, kişiyə zəng elə.

O, nigarançılıqla mənə baxırdı:

- Nə olub, ciddi bir şey olmayıb ki?...

- Yox, yox atam məni axtarır.

O, birdən gözlərini məchul bir nöqtəyə dikdi. Gözləri yol çəkirdi. Gözlərini həmin nöqtədən ayırmadan:

- Vallah, sənin ailə cəhətdən bəxtin əla gətirib. Şikayətlənməyə heç haqqın yoxdur. Sənin həyat yoldaşın məlakədir, nə bilim mələkdir. Vallah ondan yoxdur. Sənin bütün bu işləklərinə ki, o dözür... Səsini də çıxartmır. Başqa qadın buna dözməzdi. Baxmayaraq ki, sənin dəlinəm, heç mən özüm də buna dözməzdim. İki uşaq olmur, lap belə beş uşaq olsun dözməzdim. Vallah onun ürəyinə qibtə edirəm.

Yavaş səslə, bəlkə də həyatımda bu barədə ilk dəfə utana-utana:

- Həə... Düz deyirsən. Doğrudur. Elə sən özün də məlakəsən, nə bilim mələksən, nəsən. İndi neyləyim ki, iki məlakənin arasında qalıb başımı itirmişəm. Birdən mənə elə gəldi ki, bütün bu işlərdə mən nə həyat yoladışıma, nə də ona xəyanət edirəm. Çünki heç birindən heç nəyi gizlətmirəm və gizlətməmişəm. Yox. Yeganə xəyanət etdiyim adam atamdır. Atamın məsləhətlərinə, onun verdiyi öyüd-nəsihətlərinə xəyanət edirəm. Çünki mən heç kimi  yox, bircə atamı aldadıram. Onun qarşısında verdiyim andlara xəyanət edirəm. Hər şeyi qulaq ardına vururam. Hər bir şeyi özüm bildiyim kimi edirəm. Amma yox... Dərindən fikirləşəndə görürəm ki, qətiyən yox. Əslinə qalsa, elə hər bir şeyi onun dediyi kimi edirəm. Ondan kənara çıxmıram. Amma onun məsləhətlərinə özüm tərəfimdən bəzi əlavələr edirəm ki, atam onu da mənə çox görür. Axı, mən də insanam... Doğrudan da insan olmaq çox çətin məsələdir, hər şeyi ürəyə salmaq çox ağır bir işdir. Gərək bir tərəfin qalın olsun. O gözlərini dikdiyi məchul nöqtədən ayırmamışdı. Fikirli idi. Onun fikrini yayındırmaq üçün:

- Bura bax, mən indi fikir verirəm, sən nə gözəl türkcə danışırsan. Bakıda olanda Azərbaycan dilində danışa bilmirdin. Danışmağına danışırdın, belə də sınıq-salxaq. İndi isə.... Amma burada... Ümumiyyətlə, rusdillilər türkcə danışanda çox gözəl, şirin alınır.

- Bakıda məni Azərbaycan dilində danışmağa heç kim məcbur etmirdi. Burada isə bu dili öyrənməyə məcburam.

Gözləri yol çəkirdi. Fikrini dağıtmaq üçün:

- Bax, indi də gəl bu günün şərəfinə içək. Sabah axı bu gün də bitəcək, dünənə çevriləcək. Sabahlar da bu günü də xatırlayacayıq - dedim. (Amma nə biləydim ki...)

- Yox, bir dəqiqə dayan. Əvvəl bir atana zəng elə. Axı, bayaq arvadın dedi ki, atan səni axtarır. Daha doğrusu, mənim qiyabi qaynatam. Kişini nigaran qoyma.

- Yox, telefonumu açmağa açmayacağam. Ona zəng də etməyəcəyəm. Çünki zəng etsəm, məni uzun-uzadı sorğu-suala tutacaqdır. Birdən türkcə danışıq eşidər, bilər ki, mən Türkiyədəyəm.

- Yəni onun qeyri-qanuni gəlininin yanındasan.

- Başlama, başlama. Axı nəyə lazımdır ki, mən zəng edəm, əlavə başağrısı olsun. Elə sakitcənə oturmuşam da yerimdə. Əlavə başağrısı heç kimə lazım deyil. Nə ona, nə mənə, nə də sənə (amma mən hardan biləydim ki, bu payız atamın sonuncu payızıdır. Qışda artıq atam olmayacaq. Əgər bilsəydim telefonu açardım, özüm zəng eləyərdim, indi ömrümün sonuna qədər həsrət qalacağım onun öyüd-nəsihətlərinə qulaq asardım. Lap elə bu gecə Bakıya uçardım, onu öpərdim, qucaqlayardım. Amma yenə də onun bu barədə verdiyi məsləhətlərə qulaq asmazdım. Amma nə biləydim).

Və mən başa düşdüm ki, həyatımda müəyyən bir çərçivə vardır. Bu çərçivənin içində yaşayıb ömrümü birtəhər başa vurmalıyam. Yoldaşım hər şeyə göz yumurdu. Heç nəyi üzümə vurmurdu. Əlbəttə, məndən incik olmasına incik idi. Çox mübahisələrimiz olmuşdu. Amma sonralar başa düşdü ki, mənasızdır, kiriyib oturdu. Onun üçün vacib olan şərt bu idi ki, uşaqlar böyüsün, təhsil alsın, işlə təmin olunsun, oğlumuz evlənsin, qızımız ərə getsin. Ailədə birinci uşaqlar, ikinci mən idim. Atam üçün ailənin möhkəmliyi, ailə üçün çalışmaq vacib idi, ailəni dağıtmaq olmaz. Kənarda isə nə istəyirsən et. Amma bunu heç kim bilməsin. Ad batırmaq olmaz. Ona isə mənim bir quru canım lazım idi. Onu heç nə maraqlandırmırdı. Onun üçün mən əsas idim. Birgə uşağımız ikinci dərəcəli idi. Mənə isə tək o lazım idi. O, mənim qanadlarım idi. Mən onunla nəfəs alırdım, onunla uçurdum. Birgə uşağımız isə mənim üçün ikinci dərəcəli idi.

İçib dünənlərimə səyyahət edirdim. Dünənlər bir-bir üzə çıxırdı. Ən adi hadisələr belə yavaş-yavaş hafizəmə qayıdır və dərhal da itib yox olurdu. "Yadındadır filan iş filan olmuşdur? Bəs sənin yadındadır filan işdə filan cür oldu". Beynimdə aləm bir-birinə qarışmışdı. Dünənlər, bu günlər, sabahlar, bəyaz şaxtalar, ilıq gündüzlər, çin çıxmayan arzular, ötəri sevinclər, monoton günlər, həsrət, içib keflənmək əvəzinə kədərlənmək və başağrısı ilə açılan səhərlər. Zülümlə gəlib çıxdığım axşamlar... vəssalam.

Dünənlərə səyahət etdikcə hər şey üzə çıxırdı. Lap o, şeirdəki kimi. Bilmirəm bu şeirin müəllifi kimdir. Amma çox gözəl deyib. Dedim qulaq as:

- Köhnə məhəbbətlər, köhnə nağıllar

Sayrışır illərin dumanlarından

Batmış gəmilər tək üzə çıxırlar

Qəlbimin ən uzaq limanlarından

O, yenə gülə-gülə:

- Dedim axı, romantikaya keçmə.

Uzaqlardan əski bir türk mahnısı eşidilirdi.

"Nədən saçların belə bəyazlamış arkadaş

Sana da benim gibi çəkdirənmi var?"

O, diqqətlə mənə baxırdı. Birdən:

- Bura bax, bayaq soruşmaq istəyirdim. Niyə belə arıqlamısan? Saçların bu iki-üç ay ərzində nə yaman ağarıb? Sən nəyin fikrini çəkirsən? Sənin nəyin çatmır?

- Bilmirsən nəyim çatmır? Sənim çatmır. Sən çatmırsan. Başa düşürsən, həyatımda sən çatmırsan. Sənsiz qala bilmirəm. Sənin yanında olanda belə sənsiz darıxıram. Sənin yanında olanda belə həsrətəm sənə. Əllərinə, barmaqlarına, saçlarına, gözəlliyinə, söhbətlərinə... Şopen, Bethoven, Motsart, Raxmaninov, dünya ədəbiyyatı və s... i.

- Həə... Mən heç nə edə bilmərəm. Bu yolu sən özün seçmisən. Yox, səhv etdim, bu yol özü səni seçib. Sən, ümumiyyətlə, heç zaman yollarını müəyyənləşdirə bilməmisən. Yolunu seçə bilməmisən. Yollar özü səni tapıb. Yollar özü səni seçib.  Axı, nə qədər olar Bakı-Türkiyə, Türkiyə-Bakı. Bu yollardan birini sən seçməlisən. Axı, mən sənə görə Bakıdan qaçdım. Və ildə də bir neçə dəfə gəlirəm sənin yanına. Sən də gəlirsən ildə bir neçə dəfə yanıma. Və yaxud da işlədiyin xarici ölkələrə gəlirəm. Sən də ordan gəlirsən yanıma. Hər dəfə də özümə söz verirəm ki, daha bir də gəlməyəcəyəm. Amma yenə də özümlə bacara bilmirəm. Hər ikimiz yorulduq bu yollarda qalmaqdan. Sən heç zaman ürəyin istəyən kimi yaşamamısan. Heç vaxtı da həyatında dəyişiklik eləmək istəməmisən. Və ömrünün sonuna qədər də etməyəcəksən. Çünki...

Az qala iki əlimlə ağzını tutmaq istəyirdim:

- Bəsdir. Yalvarıram dalını demə. Eşitmək istəmirəm. Xahiş edirəm demə. Saxla. Məni özümdən yaxşı tanımayacaqsan.

Sonra o aradakı gərginliyi yumşaltmaq üçün bir qədər gülümsəyərək:

- Amma bilmirəm sənin nəyinə aşiq olmuşam?

- Bəsdir, bəsdir. Mən bu dünyada özüm üçün çox şeyi dəyişmişəm, dəyişirəm və dəyişəcəyəm də. Heç nədən də qorxmamışam, çəkinməmişəm. Bu dünyada qorxduğum iki şey olub. Və həmişə də bundan qorxmuşam və qorxacağam da. Birincisi, atamı itirməkdən, ikinci sənsiz qalmaqdan. Sənsiz qala bilmirəm, atamdan da üz çevirmək istəmirəm.

O, bir qədər gülümsəyərək:

- Yaxşı, yaxşı əsəbləşmə. Əllərini ver mənə. Əllərimi ovcunda tutub sığallamağa başladı. Ötən yazılarımda dediyim kimi, bu, onun ən çox sevdiyi adət idi. Həmişə də barmaqlarıma  baxıb deyərdi:

- Ay aman, heç inanmağım gəlmir ki, bu əllər bir vaxtlar silah götürüb döyüşsün (Əfqanıstanı nəzərdə tuturdu).

- Yaxşı, getdik.

Və ad günü bitdi.

***

Xarici ölkələrdən biri.

... 6 noyabr

Yağış yağır. Kədərli, qüssəli payız axşamlarından biri. Mən bu ölkəyə iki gündür gəlmişəm. Bu ölkəyə diplomatik xidmətə gəlmişəm. Qərib ölkə, tanış olmayan üzlər, sərt iqlim və axşam toranlığı. Yarı qaranlıq otel otağı. Çay rəngli abajurun işığında tək oturmuşam. Təkəm, heç kim yoxdur yanımda. Onun ad gününü tək başına qeyd edirəm. Bir saatdan artıqdır ki, onun telefonunu yığıram. Avtomat qızdan bir kəlmə eşidirəm: "Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, yaxud da əhatə dairəsindədir". Artıq bəlkə də yüzüncü dəfədir ki, bu nömrəni yığırdım. Və mənə elə gəlirdi ki, artıq avtomat qız da məndən utanır. Dediyi sözlərdən utanır. Stolun üstündə türk rakısı və bir də az dərəcəli qırmızı şərab. Və indi kədərlə başa düşüb bilirəm ki, atam bir də heç bir zaman mənə zəng eləməyəcək. Mənə daha məsləhət verməyəcək, öyüd-nəsihət verməyəcək. Çünki, bu illər arasında atamı itirdim. Məsləhət, öyüd-nəsihət verən atamı itirdim. Telefonum açıqdır. Türk rakısından qurtum-qurtum içirəm, dünənlərimə səyahət edirəm. Gözüm telefonda, öz-özümə danışıram, onun sağlığına içirəm, dünənlərimə səyahət edirəm. Dünənlərimdən geri qayıtmaq istəmirəm. İçki məni tutmurdu. Birdən telefon zəng çaldı. Dəstəkdə nömrə əvəzinə "Moye sçastiye" sözləri yazılmışdı. Düyməni basdım çığırdım: "Eşidirəm, eşidirəm". Heç kim cavab vermədi. Sadəcə olaraq gözümə görünmüşdü. Telefonu ovcumda tutmuşdum, buraxmaq istəmirdim. Bilmək istəyirdim ki, görüm zəng hardan olmuşdur. Amma zəng olmamışdır axı. Gözümə görünmüşdür. Telefonu ovcumdan yerə qoymaq istəmirdim. Elə bilirdim ki, ovcumda öz səadətimi tutmuşam, sıxıram.

Və mən dəqiq bilirəm ki, bundan sonra hər kədərli payız axşamlarında "moye sçastiye" mənə zəng edəcək, mən isə götürüb çığıracağam, sonra isə məlum olacaq ki, heç kim zəng etməyib, sadəcə olaraq gözümə görünüb. Telefonu ovcumdan kənara qoymaq istəməyəcəyəm.

Və əgər adamlar bilsəydilər ki, səadətləri öz ovuclarının içindədir və onu buraxmaq olmaz, onda daha nə var idi ki...

 





31.07.2019    çap et  çap et