525.Az

Kimə gülzar, kimə xəzəl dünyadı... (Məmməd Araz 80)


 

Kimə gülzar, kimə xəzəl dünyadı... <b style="color:red">(Məmməd Araz 80)</b>

Məmməd Arazın anadan olmasından 80 il ötür

"9-cu sinifdə oxuyanda, sinif yoldaşım mənə Səməd Vurğunun kitabını bağışladı. Kitabı açan kimi birinci misra məni ildırım kimi vurdu: "Yenə səni gördüm Dilican dərəsi..." bax, o bircə misra məni şair elədi. Məmməd Arazın sözləridir. 80 yaşlı Məmməd Arazın...

 

***

 

Böyük Azərbaycan şairi Məmməd Arazın anadan olmasından 80 il keçir. 

 

O, 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Yaradıcılığa tələbəlik illərində İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyində başlayıb. Əvvəl-əvvəl Məmməd İbrahim, sonra isə Məmməd Araz imzasıyla tanınıb, sevilib, milyonların ürək qızdırdığı şair olub. İlk mətbu şeiri olan "Yanın, işıqlarım" 1952-ci ildə çap olunub. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra bir sıra məsul vəzifələrdə çalışıb. Doğma kəndi Nursuda müəllimlik etməklə başlayıb. Daha sonra Bakıya köçən Məmməd Araz Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində, "Ədəbiyyat və incəsənət" qəzetində, "Ulduz" jurnalında məsul katib vəzifəsində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini kimi çalışıb. Şair  1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalında baş redaktor olub.  O, uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə də rəhbərlik edib. Məmməd Arazın göstərdiyi xidmətlər  diqqətdən kənar qalmayıb. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunub. 2004-ci ilin dekabr ayının 1-də Bakıda vəfat edən Məmməd Araz Fəxri Xiyabanda dəfn olunub. 

 

Yaradıcılığına yaxından bələd olanlar onun şeirlərində əsas sujet xəttinin Azərbaycan olduğunu yaxşı bilir. Onun ilham qaynağı məhz ana vətən, Azərbaycan xalqı, onun istək və arzularıdır. Şairin Araz təxəllüsünü seçməsi də vətən yanğısından, torpağa olan sevgidən qaynaqlanır. Böyükdən- kiçiyə hər kəsin əzbər bildiyi "Vətən mənə oğul desə" şeirini xatırlamaq kifayətdir ki, şairin Azərbaycana bağlılığını biləsən. İstər milyonlarla insanların şairə olan sevgisi, istərsə də onun Azərbaycan üçün göstərdiyi xidmətlər bu istəyinə çatdığını deməyə əsas verir. Məmməd Araz təkcə şeirlərində deyil, həm də ictimai fəalliyyətində ziyalı mövqeyi ortaya qoyaraq vətəninə xidmət edib. İnsanın ağrılarını, düşüncələrini təbiət üzərində çox ustalıqla köçürə bilirdi. 

 

Məmməd Arazdan oxucularına "Daş harayı" , "Dünya düzəlmir" , "Qayalara yazılan səs" , "Yol ayrıcında söhbət" , "Vətən deyin" kimi kitabları miras qalıb. O, yaradıcılığında uşaqları da unutmurdu. Şairin uşaqlar üçün yazılmış şeirlərindən ibarət "Şikayət dəftəri" kitabı kiçik yaşlarından insanların ədəbiyyata olan sevgisini artırmağa xidmət edirdi. Məmməd Araz şeirləri ilə yanaşı, bir sıra xarici müəllifləri dilimizə tərcümə edərək ədəbiyyatımıza töhfələr vermişdi. Sergey Mixalkovun "Foma" , Taqorun "Təbiətin intiqamı", Nekrasovun "Rus qadınları" şeirlərini Azərbaycan dilinə tərcümə etmişdi.

 

14 oktyabr 2013-cü il Məmməd Arazın 80 illik yubileyidir. Azərbaycan Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən dünən Bakıda və regioanlarda şairin anım mərasimləri keçirilib. Tədbirlər çərçivəsində mədəniyyət xadimləri, ziyalılar, dövlət rəsmiləri Fəxri Xiyabanda Məmməd Arazın məzarını ziyarət ediblər. Mərasimi Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid giriş sözü ilə açıb. O, 14 oktyabr tarixinin ələmətdar bir gün olduğunu bildirib. "Məmməd Araz 14 oktyabr tarixini öz şeiri ilə tarixə yazıb". Daha sonra iştirakçılar şair haqqında fikirlərini bildiriblər. Onların fikirlərini "Gündəlik teleqraf" oxucularına təqdim edirik. 

 

AYB-nin sədri Anar Rzayev:

 

"Məmməd Araz Azərbaycan ədəbiyyatında və şeirində öz dəsti-xəttini və məktəbini yaradan sənətkarlardan olub. Onun yaradıcılığı poeziyamızda xüsusi yer tutur. Düşünürəm ki, onun şeirlərinin ən üstün cəhəti azərbaycançılıq ideyasının mühüm şəkildə vurğulanmasıdır".

 

Məmməd Arazın qızı, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay

 

"Ola bilər ki, bu günü mən öz içimdə bir az hüznlə, kədərlə qeyd edim. Amma bu, mənim üçün böyük bir şairin dünyaya gəlişi və əslində, xalqın böyük bir bayramıdır. Düzdür, atam həmişə deyərdi ki, yaz ayında doğulub. O, zamanlar insanlar hansı ayda, ayın neçəsi doğulduqlarını bilməzdilər. Təxmini deyərdilər ki, filan vaxt doğulmuşam. Ancaq daha sonra şəxsiyyət vəsiqəsi alarkən atamın doğum gününü bu günə qeyd ediblər. Düşünürəm ki, payız fəslində qeyd edilməsi çox yaxşıdır. Bu fəsil məhsuldarlıq, şeir fəslidir. Şairlərin əsl həyatı onların ölümündən sonra başlayır. Nə qədər insanın qəlbində yaşayırsa, xüsusən də şairdisə, onun sözləri nə qədər insanın dilində varsa, deməli, bir o qədər yaşayır".

 

Millət vəkili Aqil Abbas:

 

"Bu gün Məmməd Arazın anadan olmasının 80 illiyidir. Bu məqsədlə Məmməd Araz sevərlər şairin məzarını ziyarət etməyə gəliblər. Onlar öz ürək sözlərini bildirdilər. Hətta gördünüz ki, orta məktəb şagirdləri də gəlib şairə baş çəkdilər. Bu da, əslində, çox normaldır. Çünki Məmməd Araz Azərbaycan xalqının sevdiyi bir şairdir. Onu da qeyd edim ki, möhtərəm prezidentimiz İlham Əliyev cənabları Məmməd Arazın 80 illik yubileyi ilə bağlı sərəncam verib. Bu sərəncama uyğun olaraq şairin yubileyinin ölkədə geniş qeyd olunması  və müəyyən anım tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi ilə birgə silsilə tədbirlər nəzərdə tutub. Sərəncama görə, dövlət başçısına öz təşəkkürlərimi bildirirəm. Məmməd Araz Azərbaycan xalqının istəyini, arzusunu yazan bir şair idi. O, Azərbaycanın daşını, torpağını - hər bir şeyini poeziyaya köçürdü. Təbii ki, insanın ömrünün bitən bir vaxtı var. O, təxminən ömrünün 30-35 ilini evdən bayıra çıxmayacaq dərəcədə xəstə idi. Ancaq o, heç vaxt xəstəliyə baş əymədi. Onun bir misrası var ki, "ölə-ölə yazmıram, yaza-yaza ölürəm.

 

O, Azərbaycanı müstəqil görə bildiyi üçün xoşbəxt idi".

 

Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli :

 

"Siz bilirisiniz ki, o, uzun illər heç yanda çıxış etməyib. Öz səsi ilə deyilmiş şeirləri, demək olar ki, heç bir yerdə yoxdur. Çox şadam ki, bir gün qismət oldu və mən onun öz səsindən "Salamat qal", "Məni qoymayın təklənəm" şeirlərini yaza bildim. Bu gün Məmməd Arazın məzarı başında onun bu səs yazılarını səsləndirəcəyik". Düşünürəm ki, bu hadisə oxucularına çox gözəl hədiyyə olacaq".

 

Çıxışlardan sonra məktəblilər şairin məzarı önündə şeirlərini səsləndirdilər. Onun həyat və yaradıcılığından bəhs etdilər. Daha sonra oxucular və ictimai xadimlər şairin məzarına gül dəstələri düzdülər.

 

***

Səməd Vurğunun bir misrasının havasına şair olan Məmməd Araz ömrünün son günlərində kağız-qələm götürüb elə hey Aşıq Alının bu misralarını yazırmış:

 

Sürünərəm dizin-dizin

Ölüncə gözlərəm səni...

 

Xalqının bağrından qopan halal-hümmət nəfəsi elə həmin halallıqda, həmin saflıqda və duruluqda əbədiyyətə, xalqın əbədi yaddaşına geri qaytarırmış. 

 

***

Bu adi bir reportaj idi. Azərbaycanın qüdrətli şairi barədə bir müxbirin yazdığı reportaj. Məmməd Araz elə böyük ucalıqda dayanıb ki, bizim onun barəsində deməyə əlavə sözümüz yoxdur. Gücümüz yazımızı bu böyük şairin öz sözləri ilə bitirməyə çatır: 

 

Öz ömrümü şum elədi öz əlim,

Yazında gül, payızında xəzəlim.

Gündoğandan günbatana mənzilim...

Bu da belə bir ömürdü, yaşadım.

 

Zarımağa ömür deyib ağlama,

Hər ölümə ölüm deyib ağlama,

Tale döyüb, haqlı döyüb, ağlama,

Bu da belə bir ömürdü, yaşadım.

 

Oğlun yoxdu - sonun yoxdu, dedilər,

Sağın yoxdu, solun yoxdu, dedilər,

Odun boyda suyun yoxdu, dedilər,

Bu da belə bir ömürdü, yaşadım.

 

Gah özümü özüm qovdum, yoruldum,

Öz diqtəmin buyruğuna qul oldum.

Vətən göyü göylüyündə duruldum,

Bu da belə bir ömürdü, yaşadım.

 

Zirvədəki əl çatmayan qala mən.

Ətəkdəki sinə - cığır tala mən.

Xudafərin harayından qalan mən...

Bu da belə bir ömürdü, yaşadım.

 

Ocaq oldum, ocaq daşı olmadım,

Hər çalaya axan naşı olmadım,

Arazımla yol yoldaşı olmadım,

Bu da belə bir ömürdü, yaşadım.

 

RÖVŞƏN DANYERİ

FOTO: ELÇİN MURAD


teleqraf.com

 





16.10.2013    çap et  çap et