525.Az

Əlifbamızın keçdiyi yol - Elçin İbrahimov yazır


 

Əlifbamızın keçdiyi yol - <b style="color:red">Elçin İbrahimov yazır </b>

(tarixi oçerk, fikirlər, islahatlar)

Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılmışdır. Bununla belə, tarixdə Azərbaycanın mədəni in­kişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik tö­rə­dən əlifbalar da olmuşdur. Məhz bu baxımdan da, haqlı olaraq, Azər­bay­canın tərəqqipərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbaların (əsasən, ərəb əlif­ba­sı) islah edilməsi və ya digər daha mükəmməl yazı sistemi ilə əvəz olun­ması uğrunda illərlə və müntəzəm mübarizə aparmışlar.

Tarixi sənədlərdən də məlum olduğu kimi, bütün türk dün­ya­sın­da və həmçinin Azərbaycanda bu işi başladan və əlifbanın də­yiş­di­rilməsi ilə bağlı ilk təşəbbüs göstərən Mirzə Fətəli Axundzadə olmuşdur.

M.F.Axundzadənin ərəb əlifbasının islahatı haqqında düşün­dü­yü­nü onun 1854-cü ildə yazdığı bəzi məktublarında görmək olar. Bu yol­da planlı, sistemli fəaliyyətə isə o, 1857-ci ildən başlayır. M.F.Axundov tər­cümeyi-halında yazırdı: “1857-ci il miladidə islam əlif­basını də­yi­ş­dir­mək üçün fars dilində bir kitabça yazıb, əlifbanı dəyiş­dirməyin vacib mə­sələ olduğunu həmin kitabçada göstərdim”.

Maarifpərvər M.F.Axundzadə kiril və ərəb əlifbaları ilə paralel şəkil­də işlədiyinə görə ərəb əlifbasının qüsurunu görür və XIX əsr Şər­qindəki, daha doğrusu, Azərbaycandakı elmi geriliyi və savad­sız­lı­ğı bununla əlaqələndirirdi.

M.F.Axundzadəyə görə, ərəb əlifbasının nöqsanları aşa­ğı­da­kı­lar­dan ibarət idi:

-       Hər bir danışıq səsi üçün xüsusi əlamət tələb olunduğu hal­da, ərəb dilindəki səslərin hamısının ifadəsi üçün lazım olan hərflər bu əlifbada çatışmır.

-       Bir çox sait səslər samitlərin yanında yazılmır və bunun nəticəsində oxucu sözü müəyyənləşdirməkdə çətinlik çəkir və bu da əlavə vaxt itkisinə səbəb olur.

-       Bəzi hərflər eyni şəkildə yazılır və bir-birindən yalnız nöq­tə­lərlə fərqlənir: nöqtə düşdükdə hərflərin fərqləndirilməsi oxucunun ehti­malına verilir, bunun nəticəsində mütaliə zamanı qarışıqlıq və çətin­lik törənir.

-       Bu əlifba ilə hər hərf sözün başında, ortasında, axırında və tək­likdə ayrı-ayrı şəkillərdə yazılır, hərf yerinə görə də dəyişir ki, bu da yazıb-oxumaq işini çətinləşdirir.

Məhz bu şərtlər daxilində M.F.Axundzadə ərəb əlifbasının islahı yo­lunda 10 ildən çox ciddi mübarizə aparmışdır.

Uzunmüddətli səylərinə baxmayaraq, M.F.Axundov nəinki əlifbanın dəyişdirilməsinə, hətta onun islah olunmasına da nail ola bilmədi.

Azərbaycanda ərəb əlifbası yerinə latın əlifbası əsasında yeni bir sistemin qəbul edilməsinə dair Mirzə Kazımbəyin də fikirləri mövcuddur. Mirzə Kazımbəy 1870-ci illərdə M.F.Axundovun əlifba islahatı fəaliyyətlərini dəstəkləyənlərin önündə gedənlərdəndir.

Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti (28 may 1918) istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər kimi qiymətləndirmək olar. Siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.

Bu sahədə ilk addım müvafiq hüquqi bazanın yaradılması oldu. 1918-ci il iyunun 27-də milli hökumətin qərarı ilə yeni və ən yeni dövrdə ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlandı. 1918-ci il avqustun 28-də Azərbaycan dilində savadlı milli kadrların hazırlanması məqsədilə ölkədəki təhsil müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan dilində fəaliyyət göstərən ali təhsil müəssisələrinin yaradılması və Azərbaycan əlifbasının islahatı üçün ilk addımların atılması da 1918-1920-ci illər müstəqillik dövrünün əsas nailiyyətlərindəndir.

Bu baxımdan 1918-1920-ci illər dövrünü son 200 ildə Azərbaycan dilinin funksional inkişafında dönüş nöqtəsi hesab etmək olar. Belə ki, XX əsrin sonrakı onilliklərində bu sahədə baş verən proseslər 1918-1920-ci illərdə əsası qoyulmuş tendensiyaların xeyli dərəcədə inkişafı və dərinləşməsinin təzahürü idi.

Məhz sonrakı proseslərdə bütün türk dünyasında başlanan milli ədəbi dil, əlifba kimi məsələlərin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Tədqiqatımızın bu hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə cümhuriyyət tərəfindən qəbul olunmuş qərarlar haqqında geniş şəkildə danışmaq istəyirik. Azərbaycan Xalq Cümhuriyyətinin dillə bağlı ilk qərarı 21 iyun 1918-ci ildə "Azərbaycan Respublikası Nazirlər Şurasının bəyannaməsinin dərc olunması haqqında" qəbul etdiyi qərardır.

Qərarda qeyd olunurdu ki, hökumətin deklarasiyasının (bəyannaməsinin) türk və rus dillərində dərci qərara alınsın. Əlbəttə, qərarın adından da göründüyü kimi, AXC hökumətinin bütün bəyannamələri türk və rus dillərində dərc olunmalı idi. Rus dilinin həmin dövr üçün işləkliyi məlum idi, ancaq həmin dövrdə türk dilində də deklarasiyaların (bəyannamələrin) dərc olunması cəmiyyətdə çox yüksək səviyyədə qiymətləndirilməklə AXC-nin Azərbaycan türk dilinə verdiyi dəyəri göstərirdi.

Yeni yaranmış cümhuriyyətin cəmi bir ay sonra, 27 iyun 1918-ci ildə dövlət dilini qəbul etməsi son dərəcə mühüm addım idi. Xalq Cümhuriyyətinin "Dövlət lisanı türkcə qəbul edilərək müvəqqəti hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında" Nazirlər Şurasının qərarında deyilirdi: "Dövlət lisani-türk dili qəbul edilərək içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin".

AXC-nin dillə bağlı qeyd olunan qərarı mövcud vəziyyət nəzərə alınaraq verilmişdi; belə ki, həmin qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrdə çalışanlar dövlət dilini lazımi səviyyədə öyrənənədək  hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə (müsaidə) verilirdi.

Dövlət dilini Azərbaycan (türk) dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklarativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı olaraq parlamentin iclaslarında müzakirə olunur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi. Bundan başqa, AXC hökuməti həmin məqsədlə dövlət büdcəsindən 351 min manat vəsait də ayırmışdı. Bu qərardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşir "Azərbaycan" qəzetinə verdiyi müsahibədə dövlətin dil siyasətinin əsaslarını bu cür şərh etmişdi: "Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar".

Qeyd etdiyimiz kimi, cümhuriyyət hökuməti qısa zaman kəsiyində dil, tədris və təhsillə bağlı bir çox qərarlar qəbul etmişdi. Azərbaycanda XIX əsrin sonlarında M.F.Axundzadə ilə başlayan ərəb əlifbasının islah edilməsi, yeni əlifbanın (latın) qəbulu kimi məsələlər XX əsrin əvvəllərində də aktuallığını saxlamaqda idi. Ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri cümhuriyyət dövründə də çox qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal yenə də Fərhad Ağazadə olmuşdur.

F.Ağazadə həmin dövr mətbuat səhifələrində tez-tez əlifba ilə bağlı məqalələrlə çıxış edir, müxtəlif müəlliflər tərəfindən təklif olunan əlifba layihələri haqqında məlumatlar verir, əlifba məsələsini mətbuatın diqqət mərkəzində saxlayırdı. Artıq əlifba məsələsinin kifayət qədər müzakirə obyektinə çevrildiyini görən hökumət məsələyə müdaxilə edir və 21 mart 1919-cu ildə öz nümayəndəsi Xudadat bəy Məlikaslanovun məruzəsi dinlənilir. Nəticə olaraq 427 saylı "Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması haqqında" Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı qəbul edilir. Qərarda Xudadat bəy Məlikaslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması Xalq Maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq Xalq Maarifi naziri yanında xüsusi komissiya yaradılır.

Fərhad Ağazadə bu komissiyanın üzvü olsa da, o vaxt müəyyən səbəblərdən (böyük ehtimalla xəstəliyinə görə) komissiyanın iclaslarında iştirak edə bilmir. Buna baxmayaraq, o öz fikirlərini "Azərbaycan" qəzetinin 276, 278, 281, 294, 296 və 302-ci nömrələrində çap etdirdiyi "Əlifba tarixində türklərin vəziyyəti" və "Dilimizin türkləşməyinə çarələr" adlı silsilə məqalələrində bildirir. O, bu yazılarında ərəb əlifbasının faydasızlığını sübut edir və inkişafa nail olmaq üçün latın əlifbasına keçidin yeganə düzgün yol olduğunu ciddi dəlillərlə əsaslandırır.

Hökumət tərəfindən yaradılan komissiyada 3 layihəyə baxılır. Bunlardan biri Abdulla bəy Əfəndizadənin, digəri Məhəmməd ağa Şahtaxtlının, biri də Abdulla Tağızadə ilə Mir Əbdüləziz Seyidovun birlikdə təqdim etdikləri layihə idi.

Uzun müddət davam edəm müzakirələrdən sonra Abdulla bəy Əfəndizadənin layihəsi qəbul edilir və onun “Son türk əlifbası” adı ilə çapına icazə verilir. Layihənin ölkə miqyasında tətbiq edilməsi üçün parlamentə müraciət edilir. Lakin bu məsələnin parlamentdə müzakirəsinə imkan olmur və 1920-ci il aprelin 28-də Azərbaycanda hakimiyyət çevrilişi baş verir və layihə tətbiq olunmur.

“Son türk əlifbası” Cümhuriyyətin təşəbbüsü kimi

Beləliklə, “Son türk əlifbası” tətbiq olunmamış qalır. Bu haqda Fərhad Ağazadə yazır: “Abdulla bəyin əsəri olan “Son Türk əlifbası” həm ərəb, həm də latın hərfləri ilə çap edilib ortalığa çıxmışdı isə də, aprel döndərişi səbəbilə məktəbə, məişətə tətbiq edilməyib, boş-boşuna əllərdə qalmışdı”. Təbii ki, bundan sonra müəyyən müddət əlifba məsələsi arxa plana keçir və məsələnin müzakirəsi müvəqqəti olaraq unudulur.

Cümhuriyyət dövründə dil, əlifba, tədrislə bağlı qəbul olunan qərarlar həmin dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Cümhuriyyətin 23 ay öz mövcudluğunu qoruyub saxlaya bilməsinə baxmayaraq, bunun  müqabilində həmin dövrdə qəbul olunan qərarlar sonrakı dövrdə dil və təhsillə bağlı bir çox məsələlərdə öz aktuallığını qoruyub saxladı. Bundan başqa, dillə bağlı başladılan dil siyasəti cümhuriyyət süqut etdikdən sonra da davam etdi.

Bundan sonra əlifba məsələsində daha praktik addımlar atıl­ma­ğa başlanılır.

1921-ci ilin dekabr ayından başlayaraq N.Nərimanovun tə­şəb­bü­sü ilə dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilir. Bu mü­za­kirələr zamanı iki cərəyan yaranır: “latınçılar” və “ərə­bist­lər”. “La­tın­­çılar” komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi: F.Ağa­­zadə (sədr), X.M.Aslanov, A.Tağızadə, M.Ə.Əfəndizadə, H.Şah­­­taxtlı, A.Əmi­rov, Ə.Pepinov və H.İsrafilbəyov. “Latınçılar” komis­siyasına F.Ağa­zadənin sədr seçilməsi onun əlifba məsələsində latın­çılar arasında bö­yük hörmət və söz sahibi olduğunu göstərirdi. Azər­baycanda istifadə olu­nan ərəb əlifbasına müəyyən dəyişikliklər etmək­lə bu əlifbanın sax­la­nılmasının o dövrdə xeyli tərəfdarı olsa da, əlif­banın yeni latın əlifbası ilə əvəz olunmasını yeganə düzgün yol he­sab edənlər daha sistemli və əsas­lı dəlillər gətirməklə bu mü­ba­ri­zə­dən qalib çıxmağa çalışırdılar.

Azərbaycanda 1922-ci ildən fəaliyyət göstərən Yeni Türk Əlifba Komitəsinin (YTƏK) apardığı işlər nəticəsində Azərbaycan Mər­kəzi İcraiyyə Komitəsinin 1924-cü il 27 iyun tarixli qərarı ilə yeni əlifba məcburi və dövlət əlifbası hesab olundu.

Komitənin hazırladığı latın əsaslı əlifba 33 hərfdən ibarət idi. Yeni əlifba ilə 21 sentyabr 1922-ci ildə Bakıda ilk mətbu orqan olan “Yeni yol” qəzeti nəşr olunur. Qəzet ilk sayında yeni əlifbanın hazır­lan­mış olduğunu xalqa elan edir və əlifba heyəti üçün beş səhifədən iba­rət bir təbrik mesajı nəşr edir.

Belə bir dövrdə, təbii ki, SSRİ-də yaşayan başqa türk-tatar xalq­larının bu məsələyə münasibəti və bu prosesin həmin xalqlar ara­sın­da yayılması diqqətdən kənarda qala bilməzdi. Bu məsələdə real mən­zərəni öyrənmək üçün 1924-cü ildə Azərbaycan Mərkəzi İc­raiy­yə Komitəsinin sədri S.Ağamalıoğlunun rəhbərliyi ilə xüsusi nü­ma­yən­də heyəti yaradıldı və bu heyət Simferopol, Daşkənd, Orenburq, Ufa və Kazan şəhərlərinə səfər edərək, orada yeni əlif­ba­nın tərəf­dar­la­rı və əleyhdarları ilə görüşlər keçirdi.

Bu səfərin yaranma zərurəti, səfər zamanı aparılan görüşlər, bu görüşlərdə ayrı-ayrı türk-tatar xalqları arasında yeni əlifba ideyasının həyata keçirilməsi yolunda meydana çıxan çətinliklər və bunların aradan qaldırılması tədbirləri və s. haqqında yeni əlifba ideyasının həyata keçirilməsinin fəal iştirakçısı, milliyyətcə özbək olan Xalid Səid 1929-cu ildə Bakıda nəşr etdirdiyi “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı xatirə-memuarında geniş bəhs edir. Qeyd edək ki, bu kitab birləşmiş yeni türk əlifbası ilə Azərbaycan dilində dərc olunan ilk kitabdır. X.Səid türk xalqları arasında yeni əlifba ilə bağlı yaranmış vəziyyəti qısaca olaraq belə qiymətləndirirdi: “1924-cü ilin axırlarında SSRİ daxilindəki cümhuriyyətlərdən Azərbaycan, Krım, Dağıstan, Başqırdıstan cümhuriyyətləri, Gürcüstan türkləri yeni əlifbanı qəbul edəcəklərinə dair son sözlərini vermişdilər. Qaza­xıstan və Tatarıstan da qəbul edəmiyəcəklərini qəti olaraq bil­dir­miş­di. Ancaq məsələ hələ tamamilə həll edilməmiş, ayrı-ayrı cüm­hu­riy­yət­lər tərəfindən vaqe olan təklifə görə, ümumi bir qurultay çağı­rıl­ma­sının qəti surətdə lazım olduğu anlaşılmışdı”.

Bu işlərin davamı olaraq 1926-cı il fevral ayının 26-dan martın 5-nə qədər Bakıda “İsmailiyyə” binasında Birinci Türkoloji Qurultay keçirilir. Azərbaycandan da çoxlu sayda elm adamının iştirak etdiyi qurultay çox yüksək səviyyədə təşkil edilir.

Qurultayın ən çox müzakirə olunan əlifba məsələsi ilə bağlı iş­ti­rakçıların çıxışlarından sonra yeni əlifbanın qəbul edilib-edil­mə­mə­si səsverməyə qoyuldu. Bu tarixi səsvermə nəticəsində 101 nəfər la­tın əlifbası tərəfdarlarının təkliflərinə, 7 nəfər ərəb əlifbası tə­rəf­dar­la­rı­nın təklifinə səs verdi, 9 nəfər isə bitərəf qaldı və beləliklə də, latın əlif­basının bütün türk-tatar respublikalarında tətbiqi yolunda çox cid­di bir qərar qəbul edildi: “Yeni türk (latın) əlifbasının ərəb əlifbası və is­lah olunmuş ərəb əlifbası üzərində üstünlüyünü və texniki asan­lı­ğı­nı, eləcə də ərəb əlifbası ilə müqayisədə yeni əlifbanın mədəni, tarixi və tərəqqi baxımından böyük əhəmiyyətini nəzərə alaraq, qurultay yeni əlifbanı qəbul edir və onun həyata keçirilmə yollarını hər bir türk-tatar respublikasının öz öhdəsinə buraxır”.

Qurultayın bu məsələdə çox uğurlu işlər görmüş Azərbaycanın təc­rübəsindən yararlanması da türk-tatar və başqa xalqlara tövsiyə edilmişdi.

Bu qurultaydan sonra, təxminən 1 il ərzində, demək olar ki, türk-tatar xalqlarının yaşadıqları bütün ərazilərdə yeni əlifbanın hə­ya­ta keçirilməsi üçün yerli əlifba komitələri yaradıldı.

Azərbaycanda 1922-1933-cü illərdə tətbiq edilən latın əlif­ba­sı­nın ilkin forması aşağıdakı şəkildə idi: a, b, c, ç, d, e, ə, f, g, h, i, ı, j, k, l, m, n, ŋ, o, ɵ, p, q, o, r, s, t, u, v, x, y, z, ƶ, ʒ.

1933-cü ildə birləşdirilmiş yeni türk əlifbasına uyğun yeni Azər­baycan-latın əlifbası layihəsi hazırlanır. 33 hərflik layihədə ı hər­fi ь ilə, ʒ hərfi də ş ilə dəyişdirilir. Həmçinin ķ samiti q ilə, k sa­mi­ti ka samiti ilə, ġ samiti o ilə qarşılanmağa başlayır. Y hərfi 1922-ci ildə tərtib edi­lən əlifbada u saitini, yeni tərtib qaydalarına uyğun ola­raq isə ü saitini təm­sil edir. U hərfi 1922-ci ildə qəbul edilən əlif­ba­da ü saitinin qar­şı­lı­ğı kimi işlənirdisə, 1933-cü ildən etibarən u sai­tini təmsil edirdi. 1922-ci ildə qəbul edilən əlifbada ç hərfi ç səsinin, c hərfi də c səsinin qar­şı­lı­ğı kimi işlənmiş, 1933-cü ildən etibarən ç hərfi c səsini, c hərfi də ç sə­sini qarşılamaq üçün istifadə edilmişdir.

Azərbaycanda əlifba məsələsinin üçüncü mərhələsi rus-kiril hərf­­­­lə­rinin qəbul edilməsi ilə başlayır. Azərbaycan-kiril əlifbası 1939-cu ildə təs­diq olunsa da, Azərbaycanda sovet hakimiyyəti qu­rul­­duqdan (1922) son­ra kiril əlifbasının tətbiqi məsələsi tez-tez gün­də­­liyə gə­ti­ril­miş­dir. An­caq latın əlifbası tərəfdarlarının çoxluğu kiril əlif­­basının 1920-ci il­lər­də qəbul edilməsinə mane olmuşdur.

8 may 1939-cu ildə Azərbaycan Elmlər Akademiyası və Azər­bay­­can Yazıçılar İttifaqı ilə birgə keçirilən iclasda rus-kiril əlif­ba­sı­nın Azərbaycan dilinə uyğunlaşdırılması və Azərbaycan-kiril əlifbası la­yihəsi müzakirə edilir. İclasda rus-kiril əlifbasının latın əlifbasından daha üstün olması qeyd edilir. Kiril əlifbasının Azərbaycan dilində is­tifadə olunan hərflərdən üstün olduğu dilə gətirilir. Buna sübut ola­raq latın əlifbasındakı 25 hərfə qarşılıq kimi kiril əlifbasında 32 hər­fin olması göstərilir. Həmçinin iclasda kiril əlifbasının üstünlükləri qeyd olunur, gələcəkdə tətbiq ediləcəyi təqdirdə onun müsbət yönləri haq­qında geniş şəkildə danışılır. “Təbii ki, bu və buna bənzər iclas­la­rın mahiyyəti SSRİ-də yaşayan türk xalqlarının kiril əlifbasına keç­mə­lərinin sürətli şəkildə reallaşdırılmasını həyata keçirmək və bunun “elmi, akademik” dairələr tərəfindən qəbul edilməsini göstərmək son dərə­cə böyük əhəmiyyətə malik idi”.

15 noyabr 1939-cu ildə Azərbaycan Ali Soveti Xalq Ko­mis­sar­lı­ğı 1 yanvar 1940-cı ildən etibarən Azərbaycanda rus əsaslı kiril əlifbasına keçmək haqqında qərar qəbul edir. Beləliklə, kiril əlifbası Azərbaycanda rəsmi olaraq istifadə olunmağa başlanır.

Əlifbaya bir də ʼ (apostrof) əlavə edilmişdir. Bu əlifba daha ön­cə­ki dövrdə istifadə edilən qeyri-rəsmi Azərbaycan-kiril əlif­ba­la­rın­dan çox fərqli deyildir. Sadəcə, çox gərgin müzakirələr nəticəsində rus-kiril hərfləri əlifbaya əlavə edilmişdir. Bunun müsbət tərəfi isə əlif­bada ҹ, ғ, ҝ, ү hərflərinin yer tuta bilməsindədir.

Təsdiq olunan hərf sayının 36 olması qəbul edilmişdir. Əlavə edi­lən hərflərdən rus dilindən qəbul edilən sözlərin yazılışında xə­ta­la­ra yol verilməməsi üçün istifadə edilməsi nəzərdə tutulmuşdu. Yeni tərtib edilən əlifba bir çox tənqidlərə məruz qalır. Tənqidçilərdən M.A.Şir­əli­yev əlifbada qarışıqlığa səbəb olan e, ц, ю, я səslərinin Azərbaycan dili üçün yararsız olduğunu söyləyir. M.A.Şirəliyevin yeni qəbul edi­lən əlifbadakı hərflərə belə müxalif yanaşması ondan irəli gəlirdi ki, əgər bu hərflər alınma sözlərin düzgün yazılışında isitfadə edilmək üçün­dürsə, o zaman alınma sözlər də (rus mənşəli söz­lər) keçdiyi dilin qa­nunlarına uyğun olaraq işlənməlidir.

1955-1958-ci illərdə aparılan davamlı müzakirələrdən və M.Şi­r­əliyev, Ə.Dəmirçizadə, Ə.Rüstəmov, Z.Budaqova kimi dilçi mü­tə­xəs­sis­lərin kəskin etirazı və əsaslı izahlarından sonra Azər­bay­can əlifba və imla komissiyası (Əlifba və imla komissiyasının tərkibi: S.Vurğun, İ.İb­ra­himov, M.D.Dadaşzadə, M.Ş.Şirəliyev, Ə.M.Də­mir­çi­zadə, D.Z.Qa­ci­yev, M.A.Paşayev, M.Y.Quluzadə, R.A.Rüstəmov, M.Q.Hü­seyn­zadə, C.H.Əfəndiyev, A.A.Orucov, A.S.Cəfərov, A.Q.Mah­mudov) 1958-ci ildə əlifbadan ю, я, й, э səslərini çıxarır.

Əlbəttə, Azərbaycan tarixinin ən mürəkkəb dövrünü əhatə edən 1980-1990-cı illərdə bütün sahələrdə olduğu kimi, Azərbaycan dili ilə bağ­lı da ciddi və qızğın müzakirələr gedirdi. Böyük Azərbaycan ta­rix­çi­si akademik Z.Bünyadov isə 1989-cu ildə Azərbaycan dilinin latın əlif­ba­sı ilə yazılmasına ehtiyac olduğunu ifadə edirdi. Bu dövrdə əlifba mə­sələsi ilə bağlı dəyişikliklə əlaqədar hərəkat da geniş vüsət almışdı. Əlif­ba məsələsi ilə bağlı yaranan fərqli yanaşmalar Azərbaycan zi­ya­lı­la­rı­nı iki hissəyə bölmüşdü: ərəb və latın əlifbasını müdafiə edənlər.

Azərbaycanda latınlaşma hərəkatının rəhbərlərindən olan F.Cə­li­lov 30 mart 1990-cı ildə “Azərbaycan” qəzetində nəşr etdirdiyi “Zi­ya­nın yarısından” adlı məqaləsində yazırdı: “Azərbaycan xalqı latın əlif­ba­sını öz istəyi ilə, kiril əlifbasını isə təzyiq altında qalaraq qəbul et­miş­dir. Azərbaycan xalqı son iki yüz ildə bütövlüyünü, müs­tə­qilliyini, milli ənənələrini, imanını, inancını, oğullarını, milli adını, so­yadını, yazı mədəniyyətini itirdi. Xalqın mədəniyyətinə ziyan vu­ran, eyni dil­də danışan doğmalarından uzaq salan bir əlifbanı çətin və­ziyyətdə ol­saq belə dəyişdirməliyik. Anadoludakı qardaşlarımız bir baş­qa əlif­ba­da, Arazın o tərəfindəkilər də bir başqa əlifbada, biz isə hər ikisinin başa düşmədiyi bir əlifbada “tarix” yazırıq.

Bu mübahisəli məsələlər Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci ildə keçirilən iclasında həll edildi. Müza­kirələr nəticəsində “Latın əlifbası əsaslı Azərbaycan əlifbasının islah edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət di­li­nin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qra­fikalı əlifbaya keçməsi rəsmiləşdirildi. Azərbaycan Prezidentinin əlif­ba ilə bağlı fərmanından sonra bütün dövlət idarələrində, mət­bu­at­da, məktəblərdə, özəl iş yerlərində, rəsmi sənədlərdə və s. sahələrdə la­tın əlifbasının istifadə edilməsinə keçildi və bunlar haqqında mət­buat­da da çox geniş məlumatlar verildi.

4 iyul 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Dil Ko­mis­siyasının tərkibinin təsdiqi haqqında sərəncam verən Heydər Əli­yev həmin il avqustun 9-da imzaladığı fərmanla Azərbaycan Dili və Əlifbası Gününü təsis etdi. Məhz həmin tarixdən etibarən, fərmana uy­ğun olaraq, hər il avqustun 1-də Azərbaycan Dili və Əlifbası Günü qeyd edilir.

Həmin tarixdən etibarən Azərbaycan dövlət dilinin tətbiqi və ge­nişləndirilməsi ilə bağlı verilmiş bəzi fərmanları xatırlatmaq istər­dik:

1. “Dövlət dili haqqinda” Azərbaycan Respublikasının Qanu­nu (30 sentyabr 2002-ci il).

2. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qa­nu­nu­nun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fər­manı (2 yanvar 2003-cü il).

3. “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Azər­baycan Respublikası Prezidentinin Sərəncamı (12 yanvar 2004-cü il).

4. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin hə­yata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 yanvar 2004-cü il).

5. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tə­lə­b­lə­ri­nə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proq­ramı haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərən­camı (23 may 2012-ci il).

6. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı (9 aprel 2013).

 





01.08.2019    çap et  çap et