525.Az

Hamının tanıdığı Tbilisi: Dəyişən gürcülər və dəyişdirən turistlər


 

Hamının tanıdığı Tbilisi: <b style="color:red">Dəyişən gürcülər və dəyişdirən turistlər </b>

Əslində, bu oyunun taleyinin hələ ilk görüşdə həll olunduğunu düşünmək olar. Ona görə də Tbilisi "Dinamo"su ilə "Qəbələ" arasındakı Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün Gürcüstan paytaxtı Tbilisiyə yollanmaq çoxları üçün artıq iş görünə bilər. Hər şeyi bu axşam Boris Payçadze adına "Dinamo" stadionunda keçiriləcək oyun göstərəcək.

Tbilisiyə yəqin ki, çoxumuzun yolu düşüb, həm də dəfələrlə. Şəxsən özüm on dəfəyədək burada olmuşam. Bu mənada Gürcüstan paytaxtından hər hansı təəssürat bölüşməyin özü belə bəlkə də maraqsızdır. Amma bu oyun elə bir vaxta təsadüf edib ki, idman mübarizəsindən çox siyasi yükünün daha çox olduğu görünür. Əslində, Azərbaycan və Gürcüstan arasında münasibətlərin tam qaydasında olduğu vaxtlarda da oyunlar zamanı qarşı tərəfin müxtəlif təxribatçı hərəkətlərinə rast gəlmişik. Amma bunlar stadion tribunaları hüdudunu aşmayıb. İndi isə sərhəddə baş vermiş insidentin stadiona sirayət etməyəcəyinə heç kim təminat verə bilməz.

Bunu elə Qırmızı körpü sərhəd-keçid məntəqəsinin Gürcüstan ərazisinə aid hissəsinə daxil olarkən gördük. Təsəvvür edin ki, sərhəd polisləri ölkə ərazisinə daxil olmaq istəyən azərbaycanlıları kiçik zalda gözlədir, onları pasport nəzarətindən keçmək üçün iki-üç nəfərlik hissələrə bölməklə buraxırdılar. Bu iş 18-20 yaşlı oğlan və qıza tapşırılmışdı. Sərhəd polisinin zabitləri isə arabir öz otaqlarından çölə boylanaraq, basırığı görür və kinayəli gülüşlə tamaşa edərək, sanki bu mənzərədən zövq alırdılar. Əlbəttə, öz vətəndaşlarımız da belə vəziyyətin yaranmasında az rol oynamırdılar. Onlar növbəyə əməl etmir, vaxtından tez irəli keçmək üçün özlərini xəstəliyə vurmaqdan belə çəkinmirdilər. Həmin "xəstələr" onlara yol verildiyini gördükdə özləri ilə 5-6 nəfəri irəli aparırdılar. Bir gənc isə özünü daha ağıllı sanaraq, gürcülərin çəkdiyi ip səddin altından içəri keçməyə cəhd etdi. Bu zaman ona qarşı tərəfdən verilən təpkini görmək doğrudan da ağrılı idi.

Məskunlaşdığımız otel köhnə Tbilisi məhəlləsində Narıqalanın alt hissəsindədir. İki il əvvəl filippinlilər tərəfindən ərsəyə gətirilib. Normal sayılacaq otel sayılsa da, buranı gəlib tapmaq əməlli-başlı çətin oldu. Səbəb isə odur ki, yerli sakinlər, hətta yaxınlıqdakı məhəllədə yaşayanlar belə bu adda oteli tanımadıqlarını bildirdilər. Sonradan məlum oldu ki, gürcülərin əksəriyyəti paytaxta yaxşı bələd deyillər. Hər hansı ünvanı tanımır və ya yerini izah etməkdə çətinlik çəkirlər. Ötən gün axşam oteldən "Yandex" vasitəsilə sifariş verdiyimiz taksi bizi az qala Boris Payçadze yox, Mixail Mesxi adına stadiona aparacaqdı. Özü də telefonuna ünvan proqramını qoşaraq...

Otel əməkdaşları deyirlər ki, bu, Tbilisiyə dolanacaq və digər səbəblər üzündən digər şəhərlərdən çoxlu sakinin dolması ilə əlaqədardır. Amma burada xarici turistlərin də sayı yetərincədir. Təkcə qaldığımız otelin qarşına çıxıb Narıqaladan üzüaşağı düşənlərə baxmaq kifayətdir ki. buranı nə qədər əcnəbinin ziyarət etdiyini görəsən. Özü də xaricilər yalnız ərəblər, hindilərdən ibarət deyil. Onların əksəriyyəti avropalı, bir hissəsi isə postsovet ölkələrindəndir. Tbilisidə gəzib-dolaşan azərbaycanlıların sayı da yetərincədir və hər addımbaşı onlarla rastlaşmaq mümkündür. Dağın başında gürcü çarı Tamaranın heykəlindən əlavə, bir iqamətgah da diqqət çəkir. Bu, elə bir tikilidir ki, daha çox sarayı xatırladır. Yerli sakinlər deyirlər ki, həmin saray Gürcüstanın sabiq baş naziri Bidzina İvanişviliyə məxsusdur.

Bir sözlə, şəhər turistlərlə dolub-daşır. Bu qədər insanın Gürcüstana gəlişinin səbəbi təkcə mənzərəli təbiəti deyil, həm də otel və restoranlardakı qiymətlərdir. Qaldığımız oteldən tutmuş yeməyimizədək ödədiyimiz məbləğ doğrudan da sərfəlidir. Amma nə faydası?

"Ölkəmizə bu qədər turist gəlsə də, son zamanlar lari xarici valyutalar qarşısında dəyərini itirməkdədir. Hazırkı vəziyyət doğrudan da ağırdır". Bunu isə gürcü jurnalist Tamara Jişkariani deyir. Onun sözlərinə görə səbəb heç də münasibətlərin Rusiya ilə yaxınlaşmağa doğru getməsi deyil: "Görünür, bunu kimlərsə bilərəkdən edirlər. Məqsədləri isə aydındır: qarışıqlıqdan istifadə edib varlanmaq istəyirlər".

Hazırda Tbilisidə 1 dollar az qala 3 lari həddinə - 2,93 lariyə çatıb. Manat da mövqeyini möhkəmləndirməkdədir. Bu gün bəzi valyutadəyişmə məntəqələrində Azərbaycan valyutası 1,74 lariyə satılırdı.

Tbilisidə gecə həyatı çox da rəngarəng deyil. Bəlkə də bu, səfərimizin iş günlərinə təsadüf etməsi ilə əlaqədar idi. Hər halda axşamlar mərkəzi hissədə bir neçə restoran və gecə klublarından başqa heç bir yerdə bəni-bəşərə rast gəlməzsən. Yerli əhali işləyib-qazanmağa elə də meylli olmadığı üçün hər fürsətdə xaricilərdən pul qoparmağa cəhd edirlər. Bunun üçün barlara qızları cəlb edərək, onlar vasitəsilə müştəriləri "soyurlar". Burada qanuni və qanunsuz - "qədimi xidmət" geniş yayılıb. Hər iki xidmətlə məşğul olanlara küçələrdə nə qədər desən, rastlaşmaq olar. Kimisi isə Gürcüstanın müxtəlif şəhərlərinə turlar, hətta Kür çayında kater gəzintisi belə təklif edir. Ölkədəki siyasi gərginliyi, Azərbaycanla münasibətlərdəki problemləri isə yerli sakinlərin davranışlarında sezmək mümkün deyil.

Bu axşam "Qəbələ" "Dinamo"nun qonağıdır. Bir tərəfdə Azərbaycan futbolunu öz akademiyasının yetirmələri ilə təchiz etməyə başlayan, digər tərəfdə isə dünyanı futbolçularla təchiz edən 94 yaşlı klub. Amma "Dinamo" 14 yaşlı "Qəbələ"nin tarixində xüsusi yer tutur. "Qırmızı-qaralar" 4 il əvvəl avrokuboklarda ilk qolunu məhz Tbilisi təmsilçisi ilə görüşdə vurub, ilk dəfə mərhələni bu komandanı iki oyunun nəticəsində udaraq, keçib. Azərbaycan komandasının tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə gedən yolu buradan başlanıb. Görək bu dəfə necə olacaq?

 





01.08.2019    çap et  çap et