525.Az

Cinayət və cəza, yaxud “ikinci çubuq”


 

Cinayət və cəza, yaxud “ikinci çubuq”<b style="color:red"></b>

Məsələ tam aydın olmasa da, məşhur romanın adını daşıyan bu başlıqda “dırnaq”ların qoyulmaması başqa bir ehtimalı xatırladır: İnsan nə üçün cinayətə bilərəkdən əl atmalıdır və bunun qanuni nəticəsi olaraq cəzasını almalıdır? Əslində hər iki bir-birinin ziddinə duran və bir-birini tamamlayan anlayışlar insan xilqətinə məxsus deyilmi? İnsanın davranış psixologiyasındakı fəsadlar doğrudanmı anadangəlmədir, təmiz, möcüzəli ana bətninin günahıdır, yoxsa cəmiyyətin aşıladığı fəsadlardan irəli gəlir? Hər bir fərd psixoloqdur, amma bunun peşəkarlığı və qeyriliyi var; birinci elmlə məşğuldur, axtarır, tapır və yazır. Digəri kortəbii müşahidə aparır, yaxşını və pisi görür, gücsüzlüyünü duyub çiynini çəkir. Və özünü təhlil edir. Bəs “birincilər” nə edir, nəyi görür, nəyi yazır? Bax, bu “nəyi yazır” sualı məni həmişə düşündürür – əlbəttə, Azərbaycan mühitində!

Hələlik dahi F.M.Dostoyevskidən uzaqlaşmaq istəmirəm: hər halda Zamanında “Cinayət və cəza”nı qələmə alıb, insana xas qəribəlikləri təsvir edib, lakin özünü psixoloq saymamışdır və bunu rəsmi yazmışdır. Və o, müasir dövrün (yaşadığı illər kəsiyini nəzərdə tutmuşdur) psixologiyasına: həm elmdə, həm bədii ədəbiyyatda, həm də məhkəmə praktikasında psixologiyaya mənfi münasibətini gizlətməmişdir – dahilik budur – cəsarətlilik buradan başlayır. Yazıçı bu psixologiyada İnsan qəlbinin, ruhunun onu alçaldan, onun azadlığını, bitməzliyini, təsvirin mühüm predmeti olan xüsusi qeyri-müəyyənliyi, “həlledilməz”liyi nəzərə almayan əşyalaşdırmanı görürdü. Ədib onu da görürdü ki, insan daima son qərarın astanasında, varlığının böhranlı məqamlarında hansı qərara gələcəyini düşünmək istəmir. O vaxt qərara gəlir – artıq hər şey qurtarmışdır – bitmişdir.

Yazıçı mexaniki psixologiyanı, eyni zamanda təbiilik və fayda anlayışlarına söykənən praqmatik xəttini, o cümlədən, onun psixologiyanı fiziologiyaya gətirib çıxaran xəttini kəskin tənqid edirdi. Hətta o, belə bir psixologiyanı əsərlərində gülünc hədəfinə çevirirdi.

Pedaqoqlar psixoloq deyillər, amma onların nəticələrini məmnunluqla qarşılayırlar. Psixoloqlar pedaqoq olmaq fikrinə düşmürlər, amma hər iki elm sahibləri “yola” gedirlər və bir-birilərinə həsəd aparmırlar. Amma cəmiyyətin sağlam nəsil yetişdirməsində psixologiya və pedaqogikanın aparıcıları cavabdehlik daşıyırlar.

Mənim səmimi və ehtiyaclı gileyim çağdaş psixoloqlaradır, aşağı dərəcəsi – dosentlərdir, yuxarısı professorlardır və sırasında Milli Elmlər Akademiyasının müxbir üzvü də vardır. Bəs nə üçün əlimizdən getməkdə olan xeyli sayda – yüzlərlə, minlərlə gənc (və yeniyetmə) hələ şagird ikən narkomaniyaya, içkiyə, intihara, qətlə yol verir, aludə olur?! Nədir ciddi, siyasi-sosial əhəmiyyətli bu fəsadların səbəbləri?! Təkcə qanunlarımızdakı bir sıra “boşluqlarmı”, qanun və qaydaların ilkin olaraq müstəntiqlərin, sonra xalq məhkəmələrin ədalətsiz münasibətlərimi? Bəlkə təhsilimizdəki “intiqrasiya” fenomeninin hələ bədəncə, ruhca bərkiməmiş, beyin yükünün yetkinləşməməsimi, dərsdə müəllimin tərbiyəvi söhbət aparmaq imkanından tamamilə məhrumluğumu? Bəlkə hələ də yoxsulluq, işsizlik girdabında vurnuxan ailələrin köçkünlüyü, evsizliyi, övladlarının üzünə şax baxmaq imkansızlığımı? Hansı ki, bu sağlam uşaqlar ifrat zənginlərin yanında – eyni məktəbdə, sinifdə özlərini miskin hesab etmələrimi? Və başqa “suallar” da yox deyil.

Fikrimcə, yüksək əxlaqlı, intellektli sağlam (fiziki mənada) nəslin yetişməsində ilk məsul amil uşaqların hələ məktəbə ayaq açmasına qədər fəaliyyətə – tədqiqat işinə başlamaq lazımdır. Sonra gecdir və fəlakətin yolu görünür. Bu elmi missiya psixoloqların vəzifə – ixtisas – elmi borcudur: “triada”! Bunun öhdəsindən gəlirlərmi?

Görəsən Azərbaycanda neçə sayda psixologiya üzrə elmlər namizədi, elmlər doktoru, professor fəaliyyət göstərir? Təəssüf ki, mənə məlum deyil. Bizdə o dərəcəyə çatıb – psixoloq alimlər də istisnna deyil – dissertasiyanı yazırlar ki, “alim” çağırsınlar onları, vəzifə tutsunlar, uzağı müxbir üzvü, akademik səviyyəsinə əlləri çatsın. Yenə Lev Tolstoy, yenə bu müdrik insan demişdir: “Alimliyə bir tac kimi baxma ki, bununla öyünəsən; bir inək kimi də baxma ki, onu sağasan”. Kəskin səslənsə də həqiqətdir – həqiqətsə acı dadır.

Daha bir hal adətə-vərdişə çevrilib: psixoloqlarımız girişiblər monoqrafiyalar, dərsliklər yazmağa – məqalələr demirəm – ömürlərində bu qədər məktub belə yazmayıblar. Belə dırnaqarası psixoloqlardan tanıdıqlarım da az deyil. Soruşuram: ayağınız tədqiqat laboratoriyasına dəymir, heç bir təbii müşahidə də onun kimi: məktəblərdə eksperiment aparılmır, bir insanın hətta xarakterilə: mənfi və müsbət xüsusiyyətlərilə yaxından maraqlanmır, hətta Z.Freydi, P.Piajeni, Q.Lebonu, P.Ferrisi... mənimsəməmişsə, necə 400-500 səhifəlik kitablar yazır, dərslik tərtib edir. Unutmayaq ki, insan (uşaq, yeniyetmə, gənc də) psixologiyasını, xüsusilə, milli zəmində öyrənib – eksperiment aparmaq son dərəcə problem məsələdir, ilk öncə, söhbət gen-yaddaş-davranış “üçlüyündən” gedir. Əvvəla, insanın psixolojisi mürəkkəb prosesdir, efemerlik – dəyişkənlik paradoksallığından xali deyil. İkincisi, zəngin laboratoriya olmalıdır və yüksək modern avadanlıqla təchiz edilməlidir. Üçüncüsü, duymaq, içində yaşatmaq və ümumiləşdirmək qabiliyyətin qismətinə düşməlidir.

Mən yenə insan faktoruna gəlirəm və yazıçı İbsendən iqtibas gətirirəm: “İnsan təbiəti soğana bənzəyir, orada hər bir təbəqəni açırsan – yeni təbəqə üzə çıxır və sən axıra çıxa bilmirsən”.

Axı, belə halda bir psixoloq bir ildə neçə monoqrafiya yazır? Azı üçünü! Bizim klassikləşmiş müasir psixoloqlarımız bu gün də xatırlanır: Əhməd-Karadi Zəkuzadə, İbrahimbəyov, Əkbər Bayramov, Əbdül Əlizadə, İsmayıl Seyidov kimi. Onların tədqiqatları dərin zəkadan, fasiləsiz mütaliədən, orijinal qələmdən, zəngin laboratoriyadan qidalanırdı. Və rəsmi şərait yaradılırdı. Məsələn, hələ 60-cı illərdə o vaxtkı Elmi-Tədqiqat Pedaqogika İnstitutunun orta məktəbdə psixologiya laboratoriyası fəaliyyət göstərirdi. Eksperimental işlər aparılırdı: nəticələri nəşr edilirdi. Bu gün elə təhsil müəssisəsi var – hətta “Psixologiya” kafedrası mövcuddur, lakin laboratoriyası yoxdursa... ortada qalın-qalın dərsliklər, kitablar, saysız elmi əsərlər çıxarılır. Demək istəmirəm başqa dil mənbələrindən köçürmələrdir, amma bu kitablar necə yaranır?!

Xatırlayıram, professorlar Əkbər Bayramovla Əbdül Əlizadənin ötən əsrin sonlarında “Psixologiya” adlı müştərək dərsliyi “Maarif” Dövlət Nəşriyyatında çapdan çıxdı. Bu kitab hər iki görkəmli psixoloqun uzun illik tədqiqatlarının nəticəsində başa gəlmişdi. Yeri gələndə dünya psixoloqlarının əldə etdiyi mütləq elmi nəticələrə əsaslanırdı, orijinal müəllif axtarışları ilə zəngindi. Dərslik yazmaq – özü də psixologiyadan bu qədər asan əməkdir? Dərslik məgər xarici dildən tərcümə edib, redaktorun (dil və üslub baxımından) qələminə verib “rəndələmək”dir? Məntiqlə belə çıxmırmı? Dərin psixoloji tədqiqatlar aparmaq məgər publisist əsər yazmaq işidir? Ümumiyyətlə, insanı psixoloji səviyyədə, elmi müstəvidə öyrənmək elə də sadə problem deyil, axı. Məşhur filosof B.Spinoza yazırdı ki, insan öz hərəkətini anlayır, lakin onları müəyyən edən səbəbləri anlamır.

Həqiqət söylənilmişdir. Di gəl ki, sirrini varlığında qoruyan: qaradinməz, çılğın, eksizten, haradasa passonlu, təsirə tez düşən, özünə qapılan uşaqlar, yeniyetmələr olsun. Bəlkə bu sonuncu tip uşaqların psixoloji durumuna toxunaq. Hansı ki, bu cür uşaqlar “indiqo” adlanır: onlar qapalı asosial insanlardır; belələrinin səs-küydən, var-dövlətdən, şöhrətdən xoşu gəlmir – qaçırlar onlardan. Onlar üçün nə nüfuzlu adam, nə də pərəstiş etdiyi büt mövcuddur. Amma güclü intuisiyaya malikdirlər. Yaradıcı enerjini öz daxillərindən alırlar, nəinki zahiri həyatdan. Onlar həyəcanlı, melanxolikdirlər, tənhalığı sevirlər. Alman filosofu L.Şopenhauer yazır ki, kim tənhalığı sevmirsə, azadlığı sevmir.

Mənəvi cəhətdən zəngin insana başqalarının ünsiyyəti, təbii ki, lazımdır, qoy tənhalığa çəkilsin. İndiqo fərdlər başa düşürlər ki, sağ qalmaqdan ötrü mənəvi inkişafa, ümumbəşəri dəyərlərin tərəqqisinə diqqət yetirmək lazımdır.

Ailələrdə belə psixologiyalı uşaqlar az deyil, valideynlər iki suyun arasında qalır: gələcəkdə bu xasiyyət nə verə bilər övladına? Tənhalıq insanda yaradıcılıq hissinə qida da verər, romantik xəyalpərəst də yetişər. O biri tərəfdən, tənhalıq – indiqoluq onu ailədən, hətta cəmiyyətdən qoparar. Müsbəti ondadır ki, indiqoluq eyni zamanda süni şan-şöhrət hissindən, var-dövlət qazanmaq hərisliyindən qoparmaq gücünü aşılayır. Ona görə ki, belələrinin daxilində bir enerji mənbəyi vardır.

Məktəbdə də indiqo-şagirdlər çoxdur, müəllimin əlində heç bir bu barədə psixoloji ədəbiyyat yoxdur. Əzizim psixoloq, dərsin mənimsənilməsi psixologiyasından, təkrarlama, yaddasaxlama və sair mövzulardan da yaz – lazımdır, amma məktəblilər həris nəfsin, qəhrəmanlarını tanımayanların, yoldaşlarına xor baxanların, müəlliminə sərt münasibət göstərənlərin, iradəsizlərin və ilaxırın psixologiyasından da yazmağa böyük ehtiyac duyurlar. Bəlkə psixologiya dərsliklərində bunlar – milli zəmində informasiyalar şəklində boldur – əsla. Şablonçuluq, köçürmələr, bərbad dil – məna ifadələri. Biz şagirdləri sanki başlı-başına buraxmaqla guya onlara azadlıq, sərbəstlik vermişik. Müəllim tapşırıq verir yeni təlim üsulu ilə – şagirdlər yerindən qəfil “sos” həyəcanı ilə qalxır, sinifdə cəld hərəkətlə beş-altısı bir yerə toplanır və suala cavab hazırlayırlar. Bu, ən azı sakitliyi pozmaqdır, aktyorluqdur. Hətta elə siniflər var – şagirdlər müəllim içəri girəndə ayağa durub salamlaşmırlar – sərbəstdirlər. Min illərlə davam edən bu gözəl, səmimi adət inteqrasiyanın qurbanına çevrilməkdədir. Bu ayağadurmanın başqa müsbət cəhətləri də var. Bu məsələdə pedaqoqlar psixoloqlara köməkçi olmalıdırlar; pedaqoqlar yaxasını çəkməmişdirlər.

Təsadüf etməmişik uşaqlarda pöhrə atan arzu, niyyət anlamlarını oyadan psixoloji amillər haqqında araşdırmalar aparılsın. İlk öncə, uşaqlar ruhən-canən, xaraktercə tərbiyə olunmalıdır, sonra intellekt qayğısına qalınmalıdır. Birinci yoxsa, ikincinin faydası sıfıra bərabərdir. Bir yüksək intellektualı dövlət başçısı bir anda başqa dövlətə müharibə elan edir, milyonlarla adam məhv olur, sağlamlığını itirir, dünyadan küsür – pessimizm alır ruhunu. Bir intellekt sahibi bir insanla adi söhbəti belə qurmağı bacarmır, hövsələsi çatmır, yaxud səviyyəsində onunla danışmaq istəyir. Belələrini nə cəmiyyət, nə çalışdığı müəssisə, nə də doğma ailəsi qəbul etmir. Bizim yeni təhsil islahatı qorxuram ki, bu yönə aparsın balalarımızı.

Bunun ilk fəsadı yeniyetmələrin və gənclərin doğma valideynlərinə əl qaldırması, təhqirli sözləri, nəhayət, qətlə yetirmələridir. (Bu fakt danılmazdır), sonrası müəllimlərinin şəxsiyyətinə qaba yanaşmalarıdır, nüfuzlarına hörmət etməmələridir. Küçədə dərs deyən müəllimiylə qarşılaşır, sanki tanımır. İctimai nəqliyyatda yerini yaşlılara vermir, diqqətini yayındırır.

Uşaqlar uşaqlığını yaşamalıdır; bunu həm ailə, həm də cəmiyyət həyata keçirməlidir. Onların psixikası buna köklənir. Bağça yaşlarından məktəbə hazırlığa qədər valideynləri və həyat barədə bəsit də olsa müəyyən təsəvvürlərə malik olurlar. Təsadüfi deyil ki, ən ağıllı, cavabı elə də bəsitlik tələb etməyən sualları onlardan gözləyirik. Belə xətt götürürlərsə, uşaqları aldatmaq, malalamaq, “sabah dediyin əşyanı (Gəlincikmi, paltarmı, ərzağın hansısa bir növünümü və s.) alacam, bala. Sabah. Sabahlar açılır və uşağın ümid dolu gözlərində gecələyir. Niyə belə alındı? Çün ananın (atanın) maddi imkanı bu uydurmaya əsas verdi. Bu acınacaqlı vəziyyət bol resurslu məmləkətimizdə doğulan uşaqların arzusunu, istəyini çox erkən öldürür! Arzu təmin edilməlidir və hökumət buna borcludur. Əks təqdirdə, cocuq arzusu, cəhdi, nailolması “üçlüyü” mürəkkəb bir məcraya yönəlir. Antik filosof Platon demişdir ki, hər kəsdə (uşaqlar ilk növbədə – A.E.) hansı bir qorxunc, qanunsuz və vəhşi arzu növü yaranır.

Arzunun psixoloji və pedaqoji mənbələrini – nəzəriyyəsi haqqında, ümumiyyətlə, məlumatımız varmı? İnsan varlığı da arzudan yaranmırmı? İnsan gələcəyə arzunun qanadlarında uçmurmu? Z.Freyd yazırdı: “Arzu – gerçəkləşməsi gözlənilən tələbdir. Ən təbii, ən zəruri arzu seksual təhəşşüqlərdən (ehtiraslardan), tələbatdan doğur. Arzu ən əsas affektdir, orqanizmin nəyəsə sahib olmasıdır, yaxud nəyisə törətmək üçün edilən cəhddir”.

Z.Freyd XX əsrdə, bu erada doğulmuş uşaqların müşahidəsindən irəli gələrək laboratoriyasında – yaradıcılıq səriştəsilə tədqiqatlarını apardı, tezislərini irəli sürdü. Arzu ilə yaşayan o zamanın və məkanın uşaqları qeyri azəri-türklərinə mənsubdu.

Bu gün bizim cocuqlarımızın qaçqın şəhərciklərində dünyaya göz açanları azmıdır? Valideynlərinin şirin nağıllarına – doğma torpaqlarından didərgin düşmüş vəziyyətinə qulaq asır, həsrət hissi yaşayırlar. Həmin köçkün (qaçqın) uşaqların öz uşaqları var və məktəblidirlər. Bəs uşaqları hansı arzu ilə nəfəs alırlar? Bizim görkəmli psixoloqlarımız bütöv bir iyirmi ildə uşaq və yeniyetmə yaşlarında onların arzu, niyyət, nailolma əhvalatlarını, psixoloji durumlarını öyrənə bilməzdilərmi? Biz mövcud siyasətimizlə Qarabağ torpağını əclaf erməni daşnaklarının caynağından qoparacağıq – şübhəsizdir və bu gün bunun özü bir arzudur. Dünən aparılmış araşdırma bu gün ən qiymətli materiala çevrilərdi. Onlarda vətənpərvərlik hissinin inkişafında bir vasitə, mənbə olardı. Nə vaxta qədər Freyddən, Piajedən, Lebondan, Rubinşteyndən iqtibaslar gətirmək məcburiyyətində qalmalıyıq? İndi də Sovet psixologiyası məktəbləri var? İyirmi ildə azmı tədqiqatlar sayəsində zəruri nəticələr qazanılardı? Bu iş görülmədi və demək olar ki, qapandı. Psixoloqların dəyərli tədqiqatları ortaya qoyulmalıdır ki, pedaqoqlar onlara söykənsinlər. Təbii ki, bu işləri artıq yaşa dolmuş bir qrup psixoloqlardan bu gün tələb etmək düzgün olmazdı. İndi onların bəzisi xarici psixoloqların tədqiqatlarını ya inprovizə edir, ya özününküləşdirir, ya da dissertasiyalarında “gizlədirlər”. Halbuki həmin yaşlı nəsil öz xələflərini yetişdirməyə borclu idilər ki, özləri sələf olsunlar – yoxdur!..

İnsan psixikası uşaqlıqdan düzgün yolla tərbiyələnməlidir və ailədən – valideyndən təməli qoyulur. Əks tərbiyə ata-ananın amansız hərəkətləri nəticəsində enerji akkumlyatorlarının yararsız vəziyyətilə təməli qoyulan nüanslardan, qəribəliklərin xaosundan ibarətdir. Belə halda uşaq, yeniyetmə özü üçün başqa enerji mənbələri axtarıb tapmaq ehtiyacı duyur və nəticədə hətta mənfi nəticələrə, qanunsuz hadisələrə meyilli olur. Uşaqlıqdan və yeniyetməlikdən gəncliyə keçən yaşlarda cinayətkar şüur formalaşır. Və bu, silinib getmir. Z.Freyd sübut etdi ki, ilkin uşaqlıq çağlarından başlayaraq toplanan təsəvvürlərdən heç biri silinib getmir; sadəcə onların təhtəlşüur (şüursuz) sferasında cəmləşib qalmasından subyektin xəbəri olmur. Bəs sonra? Törətdiyi cinayət onu, şübhəsiz, cəzaya aparacaqdır, hansısa hakimin mühakiməsinə veriləcəkdir. O, törətdiyi cinayəti etiraf edib, tövbəni seçəndə hakimin bir psixoloq kimi onu anlamağa hünəri çatacaqmı? Axı, müttəhimin tanıdığı bir bədii obraz da var: Raskolnikov. Və elə Raskolnikovu tanıyan bir gözəl müstəntiq Porfiri Petroviç də yadına düşəcəkdir. Məhz psixologiyanı həmin müstəntiq “ikinci çubuq” adlandırmışdır. Bəlkə də bu, məhkəmə-istintaq psixologiyasını nəzərdə tutur. Hakim təsadüfi cinayət törətmiş bir gəncin qəlbini, ürəyini oxuya biləcəkmi? Amma qanun birdir: cinayətə rəvac verənlər cəzasını almalıdır. Bu isə o deməkdir ki, Ailə və Vətən bir övlad itirir!..

 





16.10.2013    çap et  çap et