525.Az

Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni cizgi filmləri nümayiş olundu


 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni cizgi filmləri nümayiş olundu<b style="color:red"></b>

İyulun 31-də Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm” kinostudiyası və “Salnaməfilm” studiyasının birgə təşkilatçılığı ilə paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsindəki 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində yeni istehsal edilmiş cizgi filmlərinin nümayişi keçirildi.

Trend-in məlumatına görə, 2 avqust – Milli Kino Günü münasibətilə təşkil edilən tədbirdə nazirliyin Kino, audiovizual sənayesi ilə iş və filmlərin istehsalı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə uşaqları salamladı, onlara kino sənəti haqqında məlumat verdi. Mehriban ünsiyyət şəraitində keçən görüşdə balacalar arzu və istəklərini dilə gətirdilər.

Sonra “Salnaməfilm” və “3 dost” animasiya studiyalarının istehsalı olan “Cırtdan və sehrli xalat”, “Azanfilm”in istehsal etdiyi “İt sərgisi” və “Cəsur təyyarə” cizgi filmləri nümayiş olundu. Uşaqlar filmləri sonsuz maraq və sevinclə seyr etdilər. Cizgi filmlərinin nümayişindən sonra uşaqlara hədiyyələr paylanıldı.

Daha sonra Kinematoqrafiya şöbəsinin əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində oldular. Burada da uşaqlarla xoş ünsiyyət yaradıldı.

Almaz Sultanzadə Azərbaycan kinosu haqqında qısa məlumat verdikdən sonra onların hansı cizgi və bədii filmləri sevdiklərini xəbər aldı, uşaqların təəssüratlarını dinlədi.

Maraqlı dialoq başa çatdıqdan sonra cizgi filmləri nümayiş olundu. Filmlər uşaqların böyük sevinc və marağına səbəb oldu. Sonra təhsil ocağına ərzaq sovqatı, balacalara müxtəlif dərs ləvazimatları və hədiyyələr təqdim edildi.

Hər iki məktəbin rəhbərliyi və uşaqlar təşkil edilən görüşə və film nümayişinə görə təşəkkürlərini bildirdilər. Görüşdən daha çox məmnun qalan, sevinənlər isə uşaqlar idi. Onlar qonaqlara öz böyük sevgilərini və təşəkkürlərini bildirərək əl işlərini nümayiş etdirdilər. Sonda xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, sözügedən internat məktəbləri Heydər Əliyev Fondu dəstəyi ilə inşa və yenidənqurma işlərindən sonra uşaqların istifadəsinə verilib. Burada uşaqların asudə vaxtının səmərəli təşkili, bədii yaradıcılıqla məşğul olmaları üçün hər cür şərait yaradılıb. Təhsil ocaqlarında həmçinin dülgərlik, tikiş, toxuculuq, rəssamlıq kabinetləri də mövcuddur.

 





01.08.2019    çap et  çap et