525.Az

Tanıyaq və tanıdaq: Rəsul Yunan


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Rəsul Yunan </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira Fuad,
Filologiya elmləri doktoru

Rəsul YUNAN
 
1968-ci ildə Urmiya şəhərində dünyaya gəlib. Şair, nasir və tərcüməçidir. 17-18 şeir məcmuəsinin, xeyli sayda tərcümə mətnlərinin müəllifidir.

Nazim Hikməti İranda, Güney Azərbaycanda ən çox tərcümə edən də məhz Rəsul Yunan olub. Fars dilində "Çox nigaranam, siz Leylanı görməmisiz?" adlı romanı var. Fars dilində hekayələr məcmuəsinin, eyni zamanda, dünya ədəbiyyatından tərcümələr antologiyasının tərtibçi-müəllifidir.

2006-cı ildən sonra Azərbaycan dilində yazmağa başlayıb. Hazırda o, Azərbaycan dilində yazan şairlərin ən ünlülərindən sayılır. Dünyada tanınmış ədəbi mükafatın - "Valson"un münsiflər heyətinin üzvi olub. Tehranda yaşayır. Şeriləri ingilis, fransız, yapon və bir çox digər dillərə tərcümə edilib.

Köynək

Yazı köynək edib geyə bilsəydim,
Qayıdardım yenə öz kəndimizə.
Dəstə gül əlimdə anamla birgə,
Səni almaq üçün gələrdim sizə...

Yazı köynək edib geyə bilsəydim,
Bilərdim neyləyim məni sevəsən.
Mirvari tökərdim mavi gözünə,
Ayağın altına salardım çimən...

Amma heyf, yazdan köynək biçilməz,
Qayçı salmaq olmaz mahnıya, quşa.
Ağacın canında iynə işləməz,
Düymə tikmək olmaz yağan yağışa...

Yol

Mən yollarda yerimirəm,
Yollar məndə yeriyirlər.
Bu ağaclar, bu tikanlar,
Kollar məndə yeriyirlər.

Beynimdə hər yana baxsan,
Teleqraf dirəyi vardır.
Quşlar tel üstə susublar,
Bəlli olan son bahardır.

Yollar yeriyirlər məndə,
Səfər etmək istəyirlər.
Məni səndən ayırırlar,
Mənə getmək öyrədirlər...

Səni düşünmək

Səni düşünmək,
Həyatı düşünməkdir.
Torpaq altında,
Dar-düdük bir qəbirdə
Günəşi düşünməkdir.
Qarlı gecədə
Qıfıllanmamış qapılardan
Qaçmağı düşünməkdir həbsxanada.
Səni düşünmək dəyərlidir.
Ən azı
Adamın qəlbindən
Bir bulaq coşar,
Bir at gələr oradan su içər,
Bir quş gələr orada oxuyar...

Həsrət

Duman boruları,
Antenlər,
Qarğalar.
Keçmişimdən
Sadəcə bunlar yadıma gəlir,
Pəncərədən
Eşiyə baxdığım günlərdən...
Sizin apartmanız
Uzaqda idi -
Yerlə göy üzü qovuşan yerdə...

Qaranlıq

Mənim sevgilim
Bir kino ulduzudu.
Bundan belə evim qaranlıqdır,
Göz gözü görməyir.
Göy üzünün ulduzları işıq verməz.
Yer üzündə çox adların
mənası yoxdu
Və çox məna var ki, adsızdır...

Rəsmdə görünməyən paslı piano

Yalqız adamın rəsmi
uzun bir küçədir
Və onun dibində olan
bağlı qapı.
Yalqız adamın rəsmi
rəsmdə görünməyən
paslı pianodur.
Yalqız adamın rəsmi
əsən yeldi r,
solğun ay.
Yalqız adamın rəsmi,
bütün kədərlərin rəsmidir...

Qələbəlik

Mənə elə gəlir,
Çin məhəllələrində itmişəm.
Hər yer hay-küydü,
Hər yer qələbəlik.
Kaş ki,
Sarı bir əjdaha qarşıma çıxıb,
Məni udsun!
Son qoysun bu itkin düşməyimə.
Nə çətin bir işdir,
Qələbəlikdə yalqız yaşamaq...

Göylərdə

Mənə qolf ağacı lazımdır.
Ulduzları bir-bir çuxura salmaq üçün.
Sənin eşqin
Məni qanadlandırıb,
Göylərdəyəm indi,
İstəyirəm qolf oynayım...

Günəş sırğa salıb

Par-par parıldayır
 bu sarı geyimli qız...
Yox!
Qoy belə deyim:
- Günəş rumel çəkib,
sırğa salıb qulağına...
Ancaq belə də demək olar:
- Bir qız günəşə qovuşub,
Günəşsə bir yumuşaq gözəlliyə...

Dialoq
 
- Ölümdən sonra həyata inanırsan?
- Yox!
- Amma inan!
Səndən sonra diri qaldım,
Qar altından
qurtarılan dağçı kimi!

Qalstuk

Yavaş-yavaş modernləşirəm,
Masa arxasında
Yemək yeyirəm,
Qalstuk bağlayıram,
Rep musiqisinə
Qulaq asıram,
İnternetdə
Sevdiyim şairləri izləyirəm.
Yavaş-yavaş
Özümdən çıxıram,
Tısbağa balası yumurtadan çıxan kimi.
Yenidən doğulmaq
Komik də olmuş olsa,
Çox gözəl və həyəcanlı bir şeydir!

Yalnız mən bilirəm

Yalnız qaranlıq bilir,
Ay nə qədər işıqlıdır...
Yalnız torpaq bilir
Suyun əlləri
Nə qədər həyat bağışlayandır...
Yalnız ac adam bilir
Çörəyin ən doğru anlamını...
Yalnız mən bilirəm
Sən nə qədər gözəlsən!..

 





02.08.2019    çap et  çap et