525.Az

Mühacir ədəbiyyatşünasımız haqqında dəyərli araşdırma


 

SƏLİM RƏFİQ RƏFİOĞLUNUN İRSİ ÇAĞDAŞ TƏDQİQAT MÜSTƏVİSİNDƏ

Mühacir ədəbiyyatşünasımız haqqında dəyərli araşdırma<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

"Folklor və klassik Azərbaycan ədəbiyyatının tədqiqi" adlı II fəslin I yarımfəsli "Folklorşünaslıq problemləri" adlanır.
 
"Mühacirətdə Azərbaycan folkloru araşdırmalarının tarixi haqqında" yarımbaşlığında Azərbaycan mühacirətinin ən önəmli mərkəzinin Türkiyə olduğunu vurğulayan Hayrı Ataş burada Azərbaycanın bolşevik işğalından - 1920-ci ildən sonrakı Türkiyədə aparılan tədqiqatlara müraciət edildiyini, Azərbaycan mühacirlərinin Türkiyədə siyasi istiqamətlə yanaşı, ədəbiyyat, mədəniyyət və təhsil sahələrində tədqiqatlar apardığını bildirir. Tədqiqatçı, "Səlim Rəfiq Rəfioğlunun folklorla bağlı araşdırmaları"na "dəyə" sözünün əhatəli və dəqiq şərhini verdiyi "Azərbaycan dəyələrinə dair" məqaləsi, Dəli Alı haqqında ilk dəfə ciddi və geniş məlumat verilən, dastanın müəllifinin Aşıq Ələsgər olduğunu söyləməyə əsas verən "Azəri xalq ədəbiyyatında Dəli Alı dastanı", unudulmuş xalq şairi Aşıq Sadıqı ilk dəfə elm və ədəbiyyat aləminə təqdim etdiyi "Nigaristanlı Aşıq Sadığın bir şeiri" adlı məqalələri, "xalq hikayələrinə masal deyib keçmək doğru deyildir", - deyərək xalq hekayələri ilə nağılların bir-birindən ayrı dəyərləndirilməli olduğunu vurğuladığı "Xalqiyyat və xalq hekayələri", Türkiyədə toplanmış manilər haqqında biblioqrafik təhlil apardığı və o zamana qədər manilər haqqında aparılan toplama materiallarını və tədqiqatları toplu şəkildə təqdim etdiyi, "anonim ədəbiyyatın incisi" kimi dəyərləndirdiyi "Manilərə dair" çalışmaları, müəllimi Əhməd Cəfəroğlunun folklorla bağlı çalışmalarına da toxunduğu, onu tənqid etdiyi "Professor Əhməd Cəfəroğlunun əsərlərində görünən xətalar: bir əlavə-bir düşüncə-bir cavab" kitabı, "Professor Bəkir Çobanzadəyə cavab" adlı əsərinin aid olduğunu bildirir. H.Ataş S.R.Rəfioğlunun mətbuatdakı ilk yazılarından və folklorla bağlı ilk məqaləsi olan "Azərbaycan dəyələrinə dair" adlı tədqiqatın sırf folklor deyil, daha çox etnoqrafik materialı, dil materialını əhatə etdiyi, bu istiqamətdə tək yazısı olduğu səbəbindən yazını bura əlavə etdiyini də diqqətə çatdırır.

"Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi" adlı məzun dissertasiyasının Səlim Rəfiqin iri həcmli ilk tədqiqatı olduğunu və toxunduğu məsələlərin əhəmiyyət kəsb etdiyini vurğulayan Hayrı Ataş burada araşdırmanın planını təqdim edir, təhlil etdiyi mətnləri mövzularına görə altı qrupa ayırdığını bildirir: "1) Eşq hekayələri, 2) Saz şairləri ətrafında təşəkkül edən hekayələr, 3) Tarixi hekayələr, 4) Qəhrəmanlıq hekayələri, 5) Heyvanlar haqqında hekayələr, 6) Sərgüzəşt hekayələri". Səlim Rəfiq "Şah İsmayıl" hekayəsinin Azərbaycan və Anadolu versiyasını müqayisə edib ortaq mövzunun fərqli məqamlarına da diqqət yönəldir. Xalq hekayələri və masallarını 1. Mənzum hekayələr 2. Mənsur hekayələr 3. Mənzum və mənsur hekayələr olaraq üç hissəyə ayıran S.R.Rəfioğlu mənzum hekayələrə çox az, mənzum və mənsur hekayələrə isə daha çox eşq nağıllarında təsadüf edildiyini bildirir, araşdırmaçıların xalq hekayələrinin təsniflərini verib onları natamam hesab edir, hekayələri mövzularına görə 7 qrupa ayırır. Bu zaman yuxarıda qeyd edilən 6 qrup adı təkrar olunub, "Dini hekayələr" bu sıraya əlavə edilmişdir. Hayrı Ataş onun universitetdən yeni məzun olarkən hazırladığı bu tədqiqatı yüksək qiymətləndirir, dövrün siyasi şərtləri səbəbindən Azərbaycan qaynaqlarını əldə etməkdə çətinlik çəksə də, araşdırmalarında uğur qazandığını vurğulayır.

"Klassik Azərbaycan poeziyasına dair araşdırmaları" adlı II yarımfəsildə Səlim Rəfiqin 1941-ci ildə başlayıb - 1945-ci ildə tamamladığı müdafiəsini 1948-ci ildə etdiyi Füzulinin həyat və yaradıcılığını müxtəlif istiqamətlərdən, əhatəli şəkildə tədqiqata cəlb etdiyi doktorluq dissertasiyasının mündəricatı verilir: "Bir neçə söz", "Fihrist", "Füzulinin həyatı", "Füzulinin eşqi", "Füzulinin təsiri və şöhrəti", "Füzulinin biblioqrafiyası". Hayrı Ataş 1980-ci ildə vəfat edən Səlim Rəfiqin indiyədək nəşr olunmayan bu dissertasiya işində "Füzulinin həyatı" başlığı altında şairin bioqrafik bilgilərini verərkən dissertasiyadakı üslubun diqqətini cəlb etdiyini bildirir. S.R.Rəfioğlu məşhur şair Əhməd Haşimin Almaniyada olduğu zaman Hötenin Frankfurtdakı muzeyə çevrilmiş evində "Faust"u yazdığı üzəri mürəkkəblə dolu köhnə masanın necə mühafizə edildiyi və ziyarətçilər tərəfindən böyük marağa səbəb olduğunu "Faustun mürəkkəb ləkələri" adlı yazısının sonunda verir, fikirlərini müqayisəli şəkildə ümumiləşdirir: "Faustun mürəkkəb ləkələrini mühafizə edən bir millətin Höteyə qarşı göstərdikləri əlaqəyə bənzər əlaqəni XVI əsrdə İraqa hakim olan müsəlman Türk dövlətləri Səfəvilərlə Osmanlıoğulları və bunların başında duran şair padşahlar Füzuliyə göstərdilərmi? Məsələn, Füzulinin doğulduğu və yaşadığı ev, istifadə etdiyi və sevdiyi əşya, əsərlərinin müsvəddələri, qəzəlləri ilə "Leyli və Məcnun"u yazdığı qələm haradadır? Göndərdiyi və aldığı məktublar, oxuduğu kitablar və daha bilmirəm nələr nə oldu? Bunları bir tərəfə qoyaq, bizə gələn bir yazıdan anlaşıldığına görə şairin məzarının bugünkü vəziyyəti acınacaqlı bir durumdadır". Hayrı Ataş ona haqq verir, lakin vurğulayır ki, bəhs edilən əsrlərdə bugünkü kimi muzeyçilik və mühafizəçilik anlayışı olmamış, muzey qavramı Osmanlıya 1800-cü illərdə gəlmiş, yazıçıların yaşadığı evlər də XVII əsrdən sonraya qədər yaşanmaz vəziyyətə düşdükdə uçurulub yenisi ilə əvəz edilmişdi.

Kitabın "Çağdaş ədəbi irs və ədəbiyyatşünaslıq araşdırmaları" adlı üçüncü fəsli də iki yarımfəsildən ibarətdir. "Çağdaş ədəbiyyatşünaslıq: müzakirələr və mübahisələr" adlı I yarımfəsildə Hayrı bəy Səlim Rəfiqin araşdırmalarını tədqiq edərkən əksərinin tənqidi əsərlər olduğunu bildirir, bunu onun səlis bir tədqiqatçı, həmçinin, polemikaya meylli xarakterə malik olması ilə əlaqələndirir. Burada onun hələ İstanbul universitetinin tələbəsi ikən yazdığı "Son dövr Azəri ədəbiyyatı" adlı ilk məqaləsi, kitab halındakı tənqidi əsəri ("Professor Bəkir Çobanzadəyə cavab", "Professor Əhməd Cəfəroğlunun əsərlərində görünən xətalar: Bir əlavə-Bir düşüncə-Bir cavab"), bəzi məqalə və kitab tanıtmaları təhlilə cəlb edilib.

II yarımfəsil "Türkiyə və Azərbaycan ədəbiyyatı: təbliği və tədqiqi məsələləri" adlanır. Səlim Rəfiqin araşdırmalarının böyük bir qisminin klassik ədəbiyyatın, sayca az qisminin çağdaş Azərbaycan və Türkiyə ədəbiyyatı ilə bağlı olduğunu vurğulayan Hayrı Ataş onların əksəriyyətinin kiçik həcmli yazılar olduğunu bildirir. Səlim Rəfiqin Məhəmməd Hadi haqqında araşdırmasının əhəmiyyəti, Sabirin 25-ci ildönümünə həsr etdiyi məqaləsinin Türkiyədə Sabirə həsr olunmuş ilk yazılardan olması, Sabiri onlara tanıtması baxımından diqqətəlayiq hesab edir. Səlim Rəfiqin Antalyadan olan bir alimin bioqrafiyasını əhatə edən "Türk Akdəniz" dərgisində yayımlanan "Ayaqlı kitabxana Mehmet Əmin əfəndi" adlı yazısını isə hər kəsə məlum olmayan bir şəxsi tanıtmaq baxımından qiymətli hesab etsə də, digər əsərləri ilə müqayisədə o qədər də elmi dəyərə malik hesab etmir. Yarımfəsil Səlim Rəfiqin Türk ədəbiyyatı və mədəniyyətinə həsr olunmuş iki resenziyası - Stambulovun Moskvada nəşr edilmiş "Namiq Kamal", digəri isə L.Nikutinin İstanbul, Ankara və İzmirə etdiyi səyahətləri əks etdirən kitablarına dair fikirlərinin lakonik şəkildə təqdimi ilə yekunlaşır. Səlim Rəfiq "Namiq Kamal" adlı kitabın elmi və tərtibat baxımından nöqsanlı hesab edib, əsas problemin kölgədə qaldığını göstərirsə, ikinci kitaba rəyi müsbət olmuş, müəllifin diqqətli müşahidələrinin, təsbitlərinin çox qiymətli olduğunu vurğulamış, kitabın oxucular üçün faydalı olduğunu ifadə etmişdi.

"Nəticə"də H.Ataş fikir və mülahizələri ümumiləşdirir, Azərbaycanın istiqlal davasını və mədəniyyətini dünyaya tanıtmaq üçün qəzetlər, dərgilər çıxaran, kitablar nəşr edən, toplantılar keçirən mühacir ziyalılarımızın, qələm sahiblərimizin ədəbi-kulturoloji irsinin toplanıb tədqiq edilməsinin ilk olaraq mühacirətdəki aydınlar və alimlər tərəfindən gerçəkləşdiyini vurğulayır. Alim S.R.Rəfioğlunun əsərlərinin aktuallığını qorumağı bacardığı qənaətinə gəlməklə yanaşı, Bəkir Çobanzadəni tənqid etməsinə münasibətini bildirib onun sovet ideologiyasının tərənnümçüsü olaraq günahlandırdığı B.Çobanzadənin yaşadığı şərtləri diqqətə almadığını söyləyir. Alim 1945-ci ildən sonra onun heç bir yazısının nəşr olunmamasını Türkiyə ədəbiyyatı üçün itki hesab edir, bu monoqrafiyada əsasən onun məzun və doktorluq işinə diqqət yönəltdiyini, digər əsərlərinin növbəti tədqiqatların obyekti olacağını, əldə olan əsərlərinin Azərbaycanda və Türkiyədə nəşr ediləcəyinə ümid etdiyini bildirir.

İnanırıq ki, haqqında bəhs etdiyimiz kitab ədəbi ictimaiyyətin diqqətini cəlb etməkdə davam edəcək, mühacirət ədəbiyyatı araşdırmaçıları üçün faydalı bir vəsaitə çevriləcək.

İlahə DADAŞOVA
Bakı Dövlət Universitetinin dissertantı 

 





02.08.2019    çap et  çap et