525.Az

"Məhkəmələrdə kommersiya yönümlü işlərə baxılmanın sürəti artacaq"


 

"Məhkəmələrdə kommersiya yönümlü işlərə baxılmanın sürəti artacaq" <b style="color:red"></b>

Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması üçün “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilib.

Prezident İlham Əliyevin 19 iyul tarixli sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. Yeni məhkəmələrdə konkret sahədə dərin hüquqi bilik və təcrübəsi olan hakimlərin fəaliyyət göstərməsi nəzərdə tutulur. Ekspertlər bildirir ki, bu da işlərə daha ixtisaslı, peşəkar baxılmasına, onların daha dolğun, hərtərəfli araşdırılmasına şərait yaradacaq. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan mülki mübahisələrə yeni yaradılan kommersiya məhkəmələri baxacaq.

Sahibkarların bütün dövlət qurumları, inzibati orqanlar ilə mübahisələrinə, o cümlədən vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə isə inzibati məhkəmələr baxacaq.

Kommersiya məhkəmələrinin yaradılması ilə yanaşı İnzibati məhkəmələrin də işi təkmilləşdirilir.

Vəkillər Kollegiyasının üzvləri ixtisaslaşmanın hansı töhfələri verəcəyini şərh edib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev isə “Report”a açıqlamasında deyib ki, indiyədək kommersiya məhkəmələri zamanı bütün mübahisələrə yanaşma fərqli idi: “Bu günə qədər səhmdarlar arasında olan mübahisələrə adətən rayon məhkəmələrində baxılırdı. Bu yanaşma düzgün deyildi. Əslində, mübahisələr biznes xarakterli sayılır. Kommersiya məhkəmələri yarandıqdan sonra bütün bu sahəyə aid mübahisələr artıq bir məhkəmədən idarə olunacaq. Bu, olduqca yaxşıdır. Hakimiyyət orqanları ilə olan mübahisələrə ixtisaslaşmış məhkəmələr və hakimlər baxmalıdır”.

M.Mustafayev qeyd edib ki, banklarla əlaqəli mübahisələrdə mürəkkəb suallar meydana çıxır: “Əsasən də ipoteka və kreditlərlə əlaqəli daha çox şikayətlər qeydə alınır. Bəzən elə olur ki, rayon məhkəmələrində bu mübahisələr tam başa düşülmür. Hesab edirəm ki, bu qəbildən olan işlərə ticarət məhkəməsi baxmalıdır. Vahid təcrübə yaranmalı və peşəkarlıq olmalıdır. Vəkillərdə də ixtisaslaşma olmalıdır. Bir vəkil bütün sahələri bilə bilməz. Hər sahənin özünün ixtisaslaşmış vəkili olmalı və tərkibləri formalaşdırmaq lazımdır”.

Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədova “Report”a açıqlamasında bildirib ki, ixtisaslaşma həm cəmiyyətə, həm də hüquq sahəsinin peşə sahiblərinə böyük töhfə verəcək: “İlk olaraq məhkəmələrdə bu qəbildən işlərə baxılmanın sürəti artırılacaq. Bu, ən vacib töhfə olacaq. Çünki hazırda eyni hakimlər bəzən elə olur ki, həm iqtisadi mübahisələrə baxır, həm mülki, həm inzibati, həm də digər sahələrə aid işlərə baxır. Ona görə də ixtisaslaşmadan sonra kommersiya istiqamətli işlərə baxılmanın keyfiyyəti artacaq. Artıq eyni hakim bir işdən çıxıb digərinə girməyəcək və sırf bir istiqamətli işlərə baxacaq”.

N.Əhmədova qeyd edib ki, hər hakim öz sahəsinə aid olduğu işə baxacağından nəticəni daha tez əldə edəcək: “Çünki hazırda işin mahiyyətini araşdırmaq üçün çoxlu vaxt gedir. Eyni zamanda vəkillərin də işi asanlaşacaq. Vəkil məhkəmə qarşısına çıxdıqda hakimlə dialoq quranda bəzi məlum səbəblərdən fikrini çatdırmağa xeyli vaxt itirir. Lakin vəkil bilsə ki, hər hansı sahə üzrə hakim artıq ixtisaslaşıb, o zaman öz arqument və dəlillərini iş üzrə çatdırmaq daha asan olacaq. Biləcək ki, işə baxan ixtisaslaşmış hakim başqa işin zalından çıxıb bura gəlməyib.

Vəkillərin ixtisaslaşması da dərinləşəcək. Necə ki, hakimlər və məhkəmələr kimi. Vəkillərin özündə də ixtisaslaşma meylləri artacaq. Vəkillər də hazırda əksəriyyəti boşanma işlərindən çıxıb hansısa şirkətin səhmdarlarının və ya başqa cinayət işinə gedir. Odur ki, ixtisaslaşma işin daha keyfiyyətli, dərindən və tez baxılmasına gətirib çıxaracaq”.

N.Əhmədova əlavə edib ki, məhkəmələrə yolu düşən mübahisələri olan şəxslər yuxarıda sadalanan maneələr nəticəsində daha tez və keyfiyyətli nəticəyə nail ola bilmirdilər: “Hazırda hər şey qarışıq cərəyan etdiyindən nəticədə gec və keyfiyyətsiz məhkəmə qərarları olur. Ümid edirik ki, yeni qərar mexanizmi nəticəsində cəmiyyət, biznes mühiti bundan faydalanacaq. Məhkəmə sisteminin işi yaxşılaşacaq”.

 





02.08.2019    çap et  çap et