525.Az

Yollar yorğunu - Pərvindən yeni hekayə


 

Yollar yorğunu - <b style="color:red">Pərvindən yeni hekayə </b>

Nədisə satmaqla heç aram yoxdu... Nə adam satmaq, nə də əşya, ev, maşın. Vallah bəlkə satardım e, amma alan olmayacaq axı məndən.

Yəqin dost-tanış xasiyyətimi bilir, elə hövsələsizliyim də gözə girir, ona görə. Uzağı iki-üç gün dözərəm, alan olmasa, bağışlayacam getsin. Bir şeyin vaxtı çatıbsa və sən onunla vidalaşmaq istəyirsənsə, uzatmaq yersizdi. Uşaqlıqdan beləyəm ey, dərs ili bitən kimi çantamı boşaldıb qayıdırdım evə, bir dənə dəftər, qələm qoymazdım qala, nə var bağışlayardım dostlarıma... Cavanlıqda da qazandığım pul qıdıqlayırdı elə bil məni, tez xərcləməliydim. Anam elə hey - a bala, ver  cibinin yırtığın yamayım - deyirdi. Dəxli yox idi, saxlamaqla, gizlətməklə aram yoxdu.

Hə, adamlar da belədi... Zamanı ötürmək olmaz, yerində və sakitcə uzaqlaşmalısan. Bunu da gec başa düşdüm. Həyat hər şeyin üzərinə istifadə müddəti yarlığı asıbmış və zaman başa gələndə, çıxdaş qaçılmazdı. Əvvəllər bunu fəhmlə edirdim, elə bilirdim köhnə-külüşə allergiyam var, ona görədi. Yaşa dolduqca başa düşdüm ki, yox ey, bizlik deyil bunlar, hardansa oralardan idarə olunur.

Ağıllı-ağıllı danışmağıma baxma, kəsirim də var, bilirəm. Oğlum deyirdi - Allah sənin bu köhnə “Jiqulini” çoxdan dəfn edib, xəbərin yoxdu. Düz də deyirdi... Ondan sonra neçə maşın dəyişmişdim, ancaq onunla vidalaşa bilmirdim. Cağ maşındı, satsam, alan olmayacaqdı axı, gərək bağışlayaydım birinə getsin, ona da ürəyim gəlmirdi... Zarafat deyil ey, neçə illər yoldaşlıq etmişdi mənə... Bir ayağım rayonda olub ömrü boyu. Nəsil böyük olanda belədi də, elə ayda biri ölsə, biri doğulsa, biri nişanlanıb, başqası evlənsə, gör neçə dəfə gedib-gəlməlisən. Mən də xeyirdən-şərdən qalan deyiləm. Elə öyrəşmişdim ki, dincəlirdim ey yollarda, uzağa sürməkdən xoşum gəlirdi, həm də o vaxt radar filan yox idi də, rahatçılıqdı... Hərdən bir kolun dibində qaişnik görünəndə qaza basıb uçurdum yanından, kim idi ey mənə çatan?! O vaxt altlarında xarici maşın da yox idi... Lap çatsa da, bir mən ölüm-sən ölümə, beşdən-üçdən nahar puluna düzəlirdi hər şey. İndi qalmışıq bu aparatların ümidinə... Heç ləzzət eləmir Allaha and olsun, ona görə bu radarlar çıxanı gec-gec sürürəm rayona. O ki arada saxlayıb yayın cırhacırında tər tökən yol polisi ilə laqqırtı vurmadın, ordan-burdan dərdləşmədin, day nooldu...

Biri vardı, heç yadımdan çıxmır... Sovet təzə dağılmışdı, özümüz də bilmirdik necə olacaq işlərin axırı?! Adamlar özlərinə çəkilmişdilər, yollar da bomboşdu... O vaxt heç tıxac nədi, bilmirdik... Yenə üstünə qoyub uçurdum ey, üzü rayona, işlərimi görüb şəhərə qayıtmalıydım, çətin vaxtdı heç nə tapılmırdı. Hə, onda gördüm ağacın dalından qan-tərə batmış biri qaça-qaça çıxdı, əlindəkini ha qabağa uzatdı, ha yellədi, saxlamadım, az qala özünü atacaqdı maşının altına, fikir vermədim, sürüb getdim... Bir az qabaqda ürəyim sıxıldı elə bil, kişi bu istidə məni gözləyirmiş də, bəlkə heç çörək də yeməyib... Mən də gör neçə saatdı sürürəm, gərək düşəydim, ayaqlarım açılaydı, ona da bir milli hörmət eləyəydim. Elə yolun ortasından dönüb qayıtdım, çathaçatda tanıdım kişini... Son vaxtlarda tez-tez görürəm, elə deyəsən, həmişə burda dayanıb. Maşını saxlayıb düşəndə üzü güldü:

- Deyən “Jiquli”yə təyyarə matoru qoymusan ha, əmioğlu...

Bunu deyəndən sonra elə qəhqəhə çəkdi ki, kefim açıldı. Varam belə adamlara da. Qaşqabaq töküb, qayda-qanun öyrədənlərdən zəhləm gedir. Kişiylə əl sıxanda ovcumda hazırladıqlarımı ona elə ötürdüm ki, guya belə də olmalıydı, biz köhnə dostlar kimi yolüstü görüşməliydik, hal-əhval tutmalıydıq. Asta-asta kölgəyə çəkilib ordan-burdan danışanda özümə də qəribə gəldi... Kişi söhbətə adam axtarırmış. Özü deyib, özü gülürdü, mən də elə mat-mat baxırdım, nəsə cavab verməyə macal tapmırdım, amma ağzındakı dəmir-dümür də diqqətimi çəkdi.

- Sən öl darıxırdım. Ömrün uzun olsun... Yorulmuşam ey day. Deyirdim çıxım aradan, dincəlim. İki-üç kilometr aralıdadı evim. Gedib yüz vurub, bir tikə yeyib yatacam. Nə yatmaq e, çarpayı görsəm, səriləcəm, isti yaman döyüb məni...

- Ağzındakılar nədi elə?

- Dişlərimi deyirsən? Əfqanıstanda ağzımın içindən güllə keçib də, bircə salamat dişim qalmayıb... Bunu qayıdan kimi hökümət hədiyyə elədi mənə, sağ olsunlar...

Hərif hədiyyəsindən danışanda bir az da dartınırdı, özünü tarıma çəkirdi elə bil. Özüm də başa düşmürdüm qanım niyə qaralır, yoldan qayıtmaq istəyirdim. Amma dost da buraxmaq istəmirdi deyəsən məni...

- Vallah səni gördüm eynim açıldı ey... Gedib səriləcəkdim evdə. Qazancı Allah yetirir, yaxşı adam görmək elə-belə iş deyil... Yaxşı ki, dönüb qayıtdın, yoxsa inciyərdim, gələn dəfə çıxmazdım heç kol dalından...

- Orda niyə gizlənirsən ki?!

Bunu soruşanda dostun alnı qırışdı, həvəsdən düşdü elə bil...

- Elə bilirsən camaatdan gizlənirəm, tutum soyum?! Heç səndən gözləməzdim... Bunu hamı bilir ki, mən vicdanlı adamam, kişi kol dibində gizlənməz ki... Əfqanıstandan sonra dərim yanıb e, həkim deyir günəşə çıxma... Bizimkilər olmasa ölmüşdüm... Yüz nəfər özümüzkülərdi yan-yövrəmdə... Əvvəl kontuziya aldım, məhəl qoymadılar, get arxada döyüş  - dedilər... Ağzımda diş də yox, nə yeyə bilirəm, nə içə bilirəm...

Ağrı da öldürür, deyirdim gəbərim canım qurtarsın...

- Öldürəydin də özünü...

- Kişilikdən deyil axı... Mən kol dibində gizlənənəm?!

Dostum danışmağa adam tapmırdı deyəsən, ona görə sözün kəsmək istəmirdim. Həm də sürmək həvəsim qaçmışdı...

- Hə, amma o yanğın dəhşət idi, zorla qurtardıq canımızı. Day ondan sonra qaytardılar məni vətənə. Salamat yerim qalmamışdı, neynirdilər məni... Ancaq böyük hörmət elədilər, bu işi verdilər də mənə, yoxsa acından ölərdim... Düzdü qışda, yayda çətin olur. Soyuqda, istidə soyulur yanıqlarım... Nə gəlib vazelinə, çəkirəm yaralara, olur əla... Onu da Əfqanıstanda öyrənmişəm ey, sən də hər ehtimala al at maşına, hər dərdin dərmanıdı vazelin...

- Yaxşı mən gedim, hələ xeyli yol var, axşama düşməyim...

Dönüb qayıtmağa utanırdım... Bayaq ovcumda bükdüklərimdən də lap xəcalət çəkirdim. Birtəhər canımı qurtarıb atdım özümü maşına, yolboyu bircə yerdə də saxlamadım, rayona çatandan sonra da heç kimlə kəlmə kəsmədim.

Çingiz müəllim sevirdi belə söhbətləri... Atamın köhnə dostuydu, yüz əlli içən kimi ya gülməli, ya da ağlamalı nə isə danışmalıydı. Həm də orta məktəb müəllimiydi, deyirdi öyrəşmişəm danışanda hamı qulaq assın, ona görə sözümü kəsməyin, özü də ən azı 45 dəqiqə döşəməliyəm... Yerli-yataqlı danışmaq xasiyyətiydi Çingiz müəllimin, həmişə maraqla qulaq asırdım ona. Amma indi hamımız mat-mat baxıb nə deyəcəyimizi bilmirdik. Masanın üstündəki qutablar da çoxdan soyumuşdu, atam susurdu, anam yalandan gülümsəyirdi, mən də onun kimi. Birdən elə bil cəsarətləndim...

- Bəs onu gələn dəfə görəndə saxlamadız maşını?!

Anam gözün ağartdı, amma daha sual çıxmışdı ağzımdan. Çingiz müəllim gülümsədi...  

- Yox sonra Qarabağ müharibəsi başladı da, aləm dəydi bir-birinə... Heç görmədim onu...Durmurdu o yerdə, dedim yəqin rəhmətə gedib... Sınıq-salxaq idi ey... Ağzının dişin görsəydiz...

Çingiz müəllimi ağlamaq tuturdu deyəsən... Qutabla ovurdların doldurub necəsə udmağa çalışırdı ağzındakını... 

- Bircə dəfə Şamaxıya gedəndə gördüm onu... Qocalmışdı, amma köhnə bir “Qaz 21”i kölgəyə verib saxlamışdı, ötüb-keçənlər yanında əyləyirdilər maşınları, düşüb salamlaşır, beşdən-üçdən verib gedirdilər. Mən də saxladım, tanıdı, güldü, bağrına basdı məni...

Çingiz müəllim elə kövrəlirdi, deyərdin doğma qardaşından danışır... Bir az özün ələ alıb sözünü bitirməyə çalışırdı... Əlini atamın çiyninə qoyub toxtadı deyəsən...

- Bilirsən, qardaş, ağzında elə həminki dəmir dişlər idi ey, pas atmışdı...  Dedi ki, Qarabağda döyüşüb, ayağından güllə yarası alıb, ona görə axsıyır,  milli qəhrəmandı, neçə kəndi azad edib dostlarıyla. Müharibə bitib, onun da təqaüd yaşı çatıb, neyləsin... Köhnə bir “Qaz-21” tapıb durur orda, keçən-gedən də pul basır ovcuna... Xoşbəxt idi amma, deyirdi xalqım məni dolandırır, sağ olsunlar... Neyləyəcəkdi ki?! Elə günə yüz əlli arağın, bir qarın yeməyin pulu çıxdı, bəsidi də...  

Heç kəs dinib-danışmırdı... Mən də heç nə başa düşmürdüm. Elə baxa-baxa qalmışdım... Bir az da sıxılırdım deyəsən. Anam da gözün ağardır, durub getməyə icazə vermirdi. Ona görə acığım gəlir bu ailə məclislərindən, bir də görürsən böyüklər öz aləmlərində qızıl xırdalayırlar, sən qalırsan axmaq yerində. Söhbəti bitirmək üçün ağlıma gələni soruşdum...

- Bəs sonra nə oldu?! - dedim. Və Çingiz müəllim anamın nişastalı süfrə dəsmalı ilə ağzının kənarlarını, gözlərini silib - Heç nə - dedi... - Ordan gəlib, “Jiquli”ni verdim getdi, bağışladım qonşuma, satsam, almazdı, pulu yox idi...

... Hamı susurdu, mən də elə baxa- baxa qalmışdım.

 





03.08.2019    çap et  çap et