525.Az

Bayburt mətbuatı ilə tanışlıq - Fotolar


 

Bayburt mətbuatı ilə tanışlıq - <b style="color:red">Fotolar</b>

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyiylə ulu Dədə Qorqudun izi ilə gedib çıxdığımız Bayburt səfərimiz həm də çox mühüm tanışlıqlar, görüşlərlə yadda qaldı.
 
Əlbəttə, səfərə jurnalist statusumuzla qatıldığımızdan bizi həm də Bayburt mətbuatının vəziyyəti maraqlandırırdı. Bunun üçün Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) əməkdaşları, koordinatorlarımız  Fateh Baltacı və Mehmet Öksüzer Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və başqa Türk dünyası ölkələrindən olan jurnalistlərin yer aldığı heyətimizi Bayburt Jurnalistlər Cəmiyyətinə (BJC) apardılar.

Burada bizi BJC-nin sədri Yaşar Yıldız, "Bayburt Postası" qəzetinin sahibi və BJC-nin üzvü Murad Okutmuş, "Bayburt İxlas Xəbər Ajansı" və "Bayburt Sıla" qəzetinin müxbiri Bəşir Kəlləci, Bayburt Bələdiyyəsi mətbuat katibi Burhanəddin Oxumuş və başqaları qarşıladılar.

Müasir dünyada ənənəvi jurnalistika və sosial medianın rəqabəti mövzusundakı müzakirələrimizdə hər birimiz öz ölkələrimizdə mətbuatın vəziyyəti, jurnalistlərə dövlət qayğısı, yaranan şəraitlə bağlı məlumatlar verdik, eyni zamanda, Türkiyədə - xüsusən Bayburtda mətbuatın vəziyyətiylə tanış olduq. Gördüyümüz qədəriylə, sürətlə inkişaf edən texnologiya, elektronlaşan dünya Bayburta, onun yazılı mediasına da öz təsirini göstərib. Oradakı medianın vəziyyətindən danışan Yaşar Yıldızın sözlərində gizlənmiş təəssüf bunu düşünməyə əsas verirdi.

Bayburt jurnalistləri ilə Azərbaycanın Milli Mətbuat Günü

Cəmiyyətlə tanışlığımızın 22 iyul - Azərbaycanda Milli Mətbuat Gününə təsadüf etməsi isə tanışlığımızın dəyər mahiyyətini daha da artırırdı. Görüşdəki çıxışımızda azərbaycanlı nümayəndə heyəti olaraq, bu günün bizim üçün önəmindən danışdıq. Azərbaycanın ilk qəzeti olan "Əkinçi"nin yaranmasının 144-cü ilini bütün Türk dünyasından olan jurnalistlərlə birgə qeyd etməyin sevincini bölüşdük, Milli Mətbuatımızın tarixi, eləcə də təmsilçisi olduğumuz media orqanları haqqında məlumatlar verdik. Vətəndən kənarda milli bayramını qeyd etmək, onun tarixi haqqında, ilk qəzetin "Əkinçi" barədə danışmaq, başqalarını bilgiləndirmək insanın gördüyü işə sevgisini və onunla duyduğu fəxr hissini artırırmış. Digər yoldaşlarımız və BJC sədri Yaşar Yıldız başda olmaqla cəmiyyət üzvləri Azərbaycandan qatılan biz beş jurnalisti təbrik etdilər, bu günün onların təqvimində olmasa belə, onlar üçün də əhəmiyyətli və maraqlı olduğunu dedilər.

Hər birimizi diqqətlə dinləyən bu səmimi insanların "525-ci qəzet"in adını çəkərkən göstərdikləri doğma münasibət, "biz sizin qəzeti tanıyırıq" sözləri ayrıca qürur hissi yaşatdı. Onların mehriban, səmimi, gülərüz qarşılaması, qonaqpərvərliyi müqabilində mən də həm "525-ci qəzet"in son nömrəsini, həm də müəllifi olduğum "Şahanənin nağılı" kitabını cəmiyyətə hədiyyə etdim. Həmin gün iki saatlıq görüş çərçivəsində yaranan dostluq, doğmalıq sonrakı günlərdə də davam etdi. Bu, türk dünyası jurnalistlərinin dostluğu idi.

24 iyul - kədərli bayram

Azərbaycan Milli Mətbuat Günündən 2 gün sonra Türkiyə özünün mətbuat gününü qeyd edirdi.

Azərbaycanda Milli Mətbuat Günü ilk qəzetin çapıyla hesablanırsa, Türkiyədə bu bayram Osmanlı İmperatorluğu zamanında tətbiq olunan senzuranın 1908-ci ildə aradan qaldırılması ilə əlaqədardır. Tarixin dediyinə görə, 1946-cı ilin 10 iyulunda Türkiyə Jurnalistlər Cəmiyyəti Mətbuat Günü təsis etmək üçün ilk qəzetin yaranmasını əsas götürmək istəsə də, bu məsələ ətrafında xeyli mübahisələr olub. İlk qəzet mövzusunda fərqli fikirlər olduğundan Falih Rıfkı Atay tərəfindən 24 iyul - senzuranın ləğvi günü təklif edilir və qəbul olunur.

Qismətdə hər iki ölkənin jurnalistlər gününü bütün Türk dünyası ilə birgə qeyd etmək varmış. Bayburt Jurnalistlər Cəmiyyəti 24 iyul - Türkiyədə mətbuat gününü bizimlə keçirtmək istədiyini dedi. Bu il mətbuat bayramı onlar üçün hüznlü idi. Çünki qısa zaman öncə, daha dəqiqi mayın 10-da bayburtlu həmkarımız üzücü hadisənin qurbanı olaraq həyatını itirmişdi. Belə ki, Bayburt-Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun açılması işini çəkən Anadolu Ajansı müxbiri Əbdülqədir Nişançı ehtiyatsızlıq ucbatından uçurumdan düşərək həyatını itirib, cənazəsi 14 günlük axtarışdan sonra tapılıb. Əlbəttə, Mətbuat günündə həyatını işbaşında itirən şəhid həmkarımızı yad etməmək olmazdı. Biz də - Türk dünyasından qatılan jurnalist həmkarlarımızla birgə BJC vasitəsiylə Nişançının məzarını Bayburt Söyüdlü kəndindəki ziyarət etdik.

Ziyarətdə Bayburt Yeni Məscidin imamı Enis Aslan mərhumun ruhuna dualar oxudu. Bu il Mətbuat gününün Bayburtdakı jurnalistlər üçün hüzünlü bir bayram olduğunu deyən BJC-nin sədri Yaşar Yıldız şəhid həmkarımızın fəaliyyəti, fədakarlığı haqqında danışdı, sayğıyla yad etdi.

Daha sonra mərhum jurnalist Ə.Nişançının atası Nafiz Nişançı və qaynatası Yaşar Mutlu övladlarını yad edən hər kəsə təşəkkür etdilər.

"Qəzetçilik ən ağır zamanlarını yaşayır...."

BJC-nin sədri Yaşar Yıldızla yenidən görüşdük. Bu görüşdə Yaşar bəyə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin orqanı olan "Dünya ədəbiyyatı" jurnalının Türkiyə hekayəçiliyinə həsr olunmuş xüsusi sayını hədiyyə etdim. Bu hədiyyələrin hər birinə sonsuz sevinc hissi keçirən Yaşar bəy də öz qəzetlərindən nümunələri mənə hədiyyə etdi. Onunla cəmiyyət, onun fəaliyyəti və ümumilikdə Bayburt mediası haqqında danışdıq. Yaşar bəyin sözlərinə görə, Bayburt Jurnalistlər Cəmiyyəti 1991-ci ildə qurulub:

- Bayburt 1989-cu ildə şəhər oldu. Əvvəl rayon idik. Şəhər olduqdan sonra 1991-ci ildə "Bayburt Postası" adlı Bayburtdakı ilk qəzetin sahibi bu cəmiyyəti yaratdı. Əlbəttə, qurucular arasında biz də var idik. Onun vəfatından sonra sədrimiz dəyişdi. Mən sıralamada dördüncü sədirəm. On ildir bu vəziyyətdəyəm. Hər üç ildən bir üzvlərimiz tərəfindən keçirilən seçki nəticəsində təyin olunuruq. Cəmiyyətimizin 34 üzvü var.

Onlardan 10-u Prezident yanında tanınan jurnalist kimi media kartına sahibdir. Mən də onlardan biriyəm.

Mənim fərqim ondandır ki, məndə daimidir. Bu da jurnalistikada 20 ilini tamam edən jurnalistlərə verilir.

Bayburtda hazırda 3 ədəd günlük çıxan qəzet var. Həftənin altı günü yayımlanır. Bunlar rəsmi elan alan qəzetlərdir. İki dənə də yeni çıxmağa başlayan, rəsmi elanı gözləyən qəzetimiz var. Qanuna görə qəzetlər 24 ay yayımlandıqdan sonra rəsmi elan ala bilirlər. Onlar həmin müddəti tamam etməyib. İki radiomuz var, bir dənə aylıq dərgimiz var. Bir dənə də 15 gündən bir yayımlanan qəzetimiz var. Bunlardan başqa, beynəlxalq ajanslarla əlaqəli işləyən müxbirlərimiz var.

- Qəzetçiliyin öləzidiyi bir zamanda Türkiyənin ən kiçik şəhərində - Bayburtda mətbuat qaynar şəkildə öz işini davam etdirir.

- Əslində, bundan dörd il öncə biz doqquz qəzet idik. Sonralar ekonomik sıxıntılara görə qəzetlər birləşdi, iki qəzet qaldı. Sonradan bir həmkarımız özü qəzet çıxartmaq istədi. Beləcə say artdı. Yazılı medianın yaşaması üçün dövlət dəstəyinin olmağı şərtdir. Bu gün (24 iyul - ŞM) Türkiyədə mətbuat günüdür. Ancaq biz bu bayramı bir az kədərli qarşılayırıq. Çünki həqiqətən də qəzetçiliyin ən ağır zamanlarını yaşayırıq.

Mətbuatımız iflasa doğru gedir. Federasiyalarımız bu problemin həlli üçün çox çalışır, qəzetlərə necə kömək edə bilərlər deyə tez-tez toplantılar, konfranslar keçirir, müzakirələr təşkil edirik. Hazırda bölgə mətbuatını dəstəkləyən qanun layihəsi hazırlanır. Yəqin ki, yaxın zamanlarda Milli Məclisin müzakirəsinə təqdim ediləcək. Ümidlərimiz yenə də ölmür, gözləyirik.

- Xarici ölkə mətbuatlarıyla əlaqələriniz necədir?

- Biz bir çox Avropa ölkələrinə getmişik. Asiyada sadəcə Azərbaycan - Naxçıvanda olduq. Oranın xarici işlər nazirindən dəvət almışdıq. Oralarda bölgə mətbuatı tərk edilməyib, dəstək görürlər. O dəstəklə birlikdə qəzetlər daha geniş kütləyə çata bilir. Bu, təkcə bölgə qəzetlərinə xas deyil, böyük şəhərlərdə, paytaxtda da vəziyyət eynidir. Ümumilikdə götürəndə isə yazılı medai internet mediaya uduzmaq üzərədir. Yəqin ki, gələcəkdə sadəcə ad qalsın, nümunə olsun deyə bir iki qəzet qalacaq. Media tamamiylə sosiallaşacaq. Bu, təkcə Türkiyəyə xas vəziyyət deyil, getdiyimiz bütün ölkələrdə bunun şahidi olduq.

- Universitet, kitabxanalarla münasibətiniz necədir? Abunələr varmı?

- Bizim satışımızın böyük hissəsi abunəliklə olur. İllik abuənələrimiz var. Dövlətin qoyduğu qanuna görə, bir qəzet 200 nüsxə satmaq məcburiyyətindədir. Onun 150-ni illik abuəliklə satmalıdır. Bizim də universitetlərlə, kitabxanalarla əlaqələrimiz var. Abunədirlər. Ondan başqa rəsmi qurumlardan da abunələr var. Bizim qəzetlərin saytları da var. Həmçinin, günlük xəbərləri ordan da izləyə bilirlər.

- İllərin təcrübəli jurnalisti kimi yazılı medianın ölməməyi üçün nələr edilməlidir, sizcə?

- Biz Bayburt Jurnalistlər Cəmiyyəti olaraq Qaradəniz Jurnalistlər Federasiyasına bağlıyıq. Hər üç aylıq periodda federasiyaların, cəmiyyətlərin sədrləri toplanıb müzakirələr keçiririk. Müzakirələrimizin əsas mövzusu təbii ki, yazılı medianın yaşaması üçün nələr edilməyidir. Bizim bu tədbirlərdə aldığımız qərarları federasiyalar konfederasiyalara, onlar da Milli Məclisə çatdırırlar. Qərar qəbul etmək artıq onların işidir. Bizim hazırda istəklərimizdən biri rəsmi elanların qəzetlərə verilməsidir. Çünki indi rəsmi elanların xəbər satylarında verilməsi dövrü başlayır. Biz onu istəmirik, buna əngəl olmağa çalışırıq. Çünki qəzetlərin yaşamağı üçün gərəkli yollardan biri də rəsmi elanlar, reklamlardır.

"... Azərbaycana illərlə həsrət qalmışıq..."

- Azərbaycan mətbuatıyla əlaqələriniz varmı?

- Azərbaycan deyəndə mənim bütün bədənim əsir. Çünki biz fərqli zamanda böyüdük. 1990-cı illərdən öncə Azərbaycanla bir-birimizə həsrət idik. 1970-ci illərdə qısa radio dalğalarında Azərbaycan kanallarını tutmağa çalışar, təşnəliklə xəbərlərini dinləyərdik. Qapılar açılanda ilk getmək istədiyim yerlərdən biri Azərbaycan oldu. 1994-cü ildə ilk dəfə Naxçıvana getdik, oradan da təyyarə ilə Bakıya keçdik. Gəzdik, tanıdıq, həsrətimizə son qoyduq. İllərlə Naxçıvan-Bakı səfərlərimiz oldu. 1994-cü ildə gedərkən Azərbaycan bizim ilk müstəqillik qazandığımız halda idi. Yəni bizim 30-40 il öncəmizin vəziyyətində idi. Mən orda yoldaşlarıma dedim ki, inanıram, azərbaycanlılar aradakı 30-40 il fərqi çox az zamanda bağlayacaqlar. 2012-ci ildə bir dəvətlə Naxçıvana getdik. Onda Bakıya gedə bilmədik. Naxçıvanı çox fərqli gördük. 1994-cü il Naxçıvanı ilə 2012-ci ilin Naxçıvanı tamam başqa idi. Böyük inkişaf vardı. Həqiqətən də Azərbaycan uzun zaman fərqini çox tez keçdi. Böyük sürətlə inkişaf etdi, müasir dünyaya ayaq uydurdu.

Evdə televizorumda Azərbaycan kanalları, telefonumda Azərbaycan mahnıları var. Çox sevirəm. Hətta əvvəllər həyat yoldaşıma qəribə gəlirdi, "nədir bu Azərbaycan sevgisi?" - deyirdi. İndi isə baxıram ki, özü də dinləyir. Ona da bu sevgini aşılaya bilmişəm (gülürük).

- Mən "525-ci qəzet"dən danışarkən tanıdığınızı dediniz.

- Bəli, dediyim kimi, televiziyalarınızı izləyirəm. Orda səhər proqramlarında bizim kimi qəzetlərdən xəbərlər oxuyurlar. Orada çox görürdüm "525-ci qəzet"i. Azərbaycanda ən məşhur qəzetlərdən biri olduğunun fərqindəyəm. Eyni zamanda, buraya gələn, ya da bizim səfərlərdə görüşdüyümüz jurnalist dostlar olur ki, onların vasitələriylə də tanıyırıq. Ona görə sizin əlinizdə o qəzeti görəndə tanıdım, xatırladım və uzun müddətdir haqqında eşitdiyim, məlumat aldığım bir qəzeti burada - Bayburtda, cəmiyyətimizdə görmək məni sevindirdi. Onun üçün də ayrıca bir daha təşəkkür edirəm!

PS. Yaşar Yıldızın timsalında son dərəcə çətin şəraitdə, dövlətdən və kənardan heç bir dəstək almadan qəzetçiliyi yaşatmağa çalışan bu fədakar insanlarla tanışlıq dünyada jurnalistikanın, qəzetçiliyin hələ ölməyəcəyinə olan ümidlərimizi artırdı. Çünki hətta Türkiyənin ən ucqar bölgəsində, ən kiçik şəhərində belə mədəniyyətin, jurnalistikanın, qəzetçiliyin taleyini öz taleyindən, şəxsi mənafeyindən uca tutan insanlar var.

Bayburt-Bakı

 





03.08.2019    çap et  çap et