525.Az

Məmnuniyyətsizlik sindromu - Türkan Turanın yazısı


 

Məmnuniyyətsizlik sindromu - <b style="color:red">Türkan Turanın yazısı </b>

Hamımızın ətrafında belələri var. Heç bir şeydən razı qalmayan, şükranlıq duymayan, istisnasız hər vəziyyətdən şikayətlənən, mızıldanan, ağız əyib, "mız" qoyanları deyirəm. Onlar almazın parlaqlığından zövq alanlar yox, üstündəki zərrə qədər toza ilişib qalanlardır. Hətta bu cür insanları tanımasaq da, haradasa yollarımız mütləq kəsişir.
 
Həmin an istəyir "mələyəm" deyə kürəyinə qanad taxsın, xeyri yoxdur, içi proqramlaşdırılmış şəkildə açılıb tökülür. Yaxınlarda Moskvadan dönürdüm. Azalın təyyarəsi Vunukovo Hava limanına gec eniş etdiyi üçün, uçuş vaxtı da 1 saatdan çox yubanmalı olmuşdu. Təbii ki, bu hal heç kimə xoş deyildi, amma ən kritik anları yaşayan hirslə gah sağa, gah sola yeriyən, əsəbdən dırnağını yeyən, hikkədən yerində dörd dönən və mütəmadi ayağını yellədən gənc xanım idi. Dodağının altında dayanmadan deyinirdi. Bir az keçdi, özü ilə həmfikir olan bir nəfər tapdı. Getdikcə qızışan dialoq təyyarənin gecikməsindən başlayıb, Azərbaycanın aşağılanmasından dolanıb, keçmiş sevgilisinin xəyanətinə qədər gəlib çatmışdı. Düz təyyarəyə minənə qədər ağızlarından razı qaldıqları bircə kəlmə çıxartdıqlarını eşitmədim. Heyrət içində onlara baxırdım. Görəsən, insanın bu qədər kirli fikirlər daşıması üçün içində nə boyda zibilxanası olmalı idi?! Doğrudur, hər şey mükəmməl olmaya bilər, amma tamamilə bərbad olmağı da mümkün deyil, axı.

Təkcə limanlarda, vağzallarda, parklarda  deyil, sosial şəbəkələrdə də eyni hal baş alıb gedir. Məsələn, 5-6 il əvvəl şikayətlənən adamların bunu hələ də davam etdirdiyini müşahidə etmək mümkündür. Yəni bir insanın həyatında heçmi yaxşı nəsə baş vermir? Öz-özünə düşünürsən ki, hər şey cəhənnəm, bu adamlar aşiq də olmurlar?! Olsalar, bu qədər kin-küdurətlə sevgi bir bədənə sığmaz, axı.

Bəzi insanlar sanki imnutetlərini şikayətlənməklə gücləndirirlər. Bu, qətiyyən mübaliğə deyil. Hər şeyə qulp qoyurlar. Hava isti olanda bir dərd, soyuq olanda başqa dərd olur. Heç nə ilə razılaşmırlar. Rahat, sakit, xoşbəxt insan onlara tikan kimi batır. Gözlərində hər şey o qədər cəngəlliyə dönür ki, orada başqasının düz yol tapacağını ağıllarına da gətirmirlər. Bu cür adamların ən sevimli məşğuliyyətləri özlərini məmnun olmamağa kökləməkdir.

Belə insanlar başqalarının da yaşamaq həvəsini gəmirirlər. Bəzən başımızı yelləyib keçirik, bəzən sən deyəndir söyləyib uzaqlaşırıq, birdən də elə olur ki, əsəblərimiz tab gətirmir, hansısa şəkildə reaksiya verməli oluruq. Onda baxırıq ki, eyni quyunun dibində diz-dizə oturmuşuq.

Məsələ burasındadır ki, belələri şikayətləndiklərini düzəltmək üçün barmaqlarının ucunu belə tərpətmirlər.

Hələ əgər bu cür insan sevgilimizdirsə, onda vay halımıza. Çünki günümüzü göy əskiyə bükmək üçün əllərindən nə gəlirsə edir, problem yaradacaq nəsə tapırlar. Çox axtaranda "bəsdir, nəfəs almağıma imkan ver" deyirlər. Az axtaranda "vecinə deyiləm" söyləyirlər. İçlərində bəslədiklərinin nə olduğunu anlamaq olmur. Məmnuniyyətsizlik sindromu yaxalarını buraxmır. Onları razı salmaq müşkül məsələdir.

Günün bütün vaxtını şikayət edən insan necə rahat ola bilər ki?! Sırf buna görə bədbin, gərgin, sıxıntı içində yaşayırlar. Qaşları həmişə çatılmış, sözləri bıçaq kimi kəskin, dilləri zəhər olur. Bu hal getdikcə içərilərində xronikiləşən xəstəliyə çevrilir. Amma fərqində olmurlar. Özlərini elə aparırlar ki, sanki dünyadakı ən pis hadisələr onların başına gəlib, ən böyük çətinliklərdən onlar keçib, bütün qara buludlar onların başında dolanıb. Adətən, belə insanlar özgüvən əskikliyi yaşayırlar. Bəlkə də bitməyən şikayətlərlə sırf bu yanlarını ört-basdır etmək üçün çalışırlar. Suçu başqasının üstünə ataraq, uğursuzluqlarının, natamamlıqlarının səbəbini nələrəsə və kimlərəsə bağlayaraq eqolarını tətmin edirlər.

Nifrət etdikləri işi görürlər, amma istefa vermək ağıllarından belə keçmir. Ətrafındakı insanlardan dad edirlər, amma dizlərinin dibindən ayrılmır, quyruq kimi arxalarınca dolanırlar. Sevmədikləri insanla birlikdə olurlar, amma ayrılmağı düşünmürlər. Çünki yaratdıqları qaranlığın sərhəddindən o yana keçməkdən qorxurlar. Bu cür insanlar hətta yağan yağışla da dava edirlər. Yağışdan sonra  çıxan göyqurşağını görmür, ətrafa yayılan torpaq qoxusunu hiss etmirlər. Çünki onlar həmin vaxt yaranmış palçıqla, lıqqayla məşğul olurlar. Həmişə olanı yox, olmayanı axtararlar. Çünki doyumsuz və məmnuniyyətsizdirlər. Hamımızın dərdi var, amma boğazına ip keçirilmiş leş kimi ətrafı iylədə-iylədə ortalıqda gəzməyə haqqımız yoxdur.

Yaxşı, bəs nə etməli?! Belə insanları düzəltmək mümkün deyil. Ən yaxşısı onlardan uzaq durmaqdır. Yoxsa ömür kimlərisə razı salmaqla tükənib gedəcək.

 





03.08.2019    çap et  çap et