525.Az

İntellektual insanın kimliyi - Taleh Eminoğlu yazır


 

İntellektual insanın kimliyi - <b style="color:red">Taleh Eminoğlu yazır </b>

Bu gün cəmiyyətimizdə "intellektual insan" ifadəsi hər şeydən bir az məlumatlı olan, bacardı-bacarmadı özünü bütün işlərdə məlumatlı göstərən, hər kəsin bildiyi ümumi bilgiləri söz oyunları ilə bəzəyən şəxslərə şamil edilir; bir sözlə, yarıcahillərin öz boşluqlarını dolu göstərməyə verdikləri addır. Halbuki intellektual insan bu xüsusiyyətlərin heç birini özündə daşımır.

Bəs intellektuallıq nədir və intellektual insan necə olur? Bu suala iki fransz filosofun, Jan-Pol Sartrın və Mişel Fukonun fikirləri üzərindən cavab axtaracam.

Amma əvvəlcə intellektual sözünün hansı mənaya gəldiyə baxmaq lazımdır. İntellektual ifadəsi latıncadan "anlamaq gücü yüksək olan" mənasını verən "intellectus" sözündən yaranıb. Kobud dillə ifadə etməli olsam, bunu "beyin işi" kimi ifadə edə bilərəm. Sen Simon 1821-ci, Stendal1835-ci ildə bu ifadədən istifadə edib.

Bu söz sizə Mirzə Cəlilin və onun dövrünə aid bir çox aydının əsərlərində rast gəldiyiniz, XIX əsrin yarısından etibarən Çar hakimiyyətinə, ortodoks kilsəyə qarşı çıxan oxumuş insanlara rus dilində verilmiş "intelligent" adını xatırlada bilər. Aralarındakı fərq "intelligent" sözünün daha lokanik mənanı ifadə etməsidir.

Sartrın fikrinə görə, intellektual olmaq üçün insanın iki şeyə ehtiyacı var: Mükəmməl təhsilə və bunu təmin etmək üçün də pula. Çünki biz kapitalist dünyada yaşayırıq və əslində, pulla əldə etməməli olduğumuz şeylər bizə satılır. Elə buna görədir ki, intellektual insanlar böyük çoxluqla varlı ailələrdən çıxır. Lakin bu o demək deyil ki, kasıb insanlar intellektual ola bilməz. Onlar da müəyyən yollarla təhsil ala, bilgilərini artıra bilər. Amma heç vaxt kapitalist sistemdə burjua fərdinin əldə etdiyi bilik səviyyəsinə çata bilməz.

Bu zaman ortaya belə bir sual çıxır:  Burjua fərdinin intellektual olmaq kimi bir istəyi varmı, yəni var-dövlətə sahib bu şəxslər pulu elm yolunda xərcləyərmi? Sartr heç bir tərəddüd etmədən buna "hə" cavabı verir. Çünki intellektual olmaq sosial cəhətdən sinifsizləşməkdir. Bir növ elm, fəlsəfə, incəsənət - fərdin əldə etdiyi bilgilər - bəşəriyyətin rifahı üçün istifadə edilməlidir. Pulundan keçib təhsil alan və əldə etdiyi bilgini şirkətinin yüksəlməsi üçün istifadə edən, işçinin vəziyyətini daha da ağırlaşdırmaq bahasına olsa belə öz işini böyüdən fərd intellektual ola bilməz. Onun əldə etdiyi bilgi sadəcə özü üçündür.

Əgər burjua fərdi bilgisini, öyrəndiklərini daha aşağı təbəqənin insanın xeyrinə istifadə etsə, sadə dillə desək onun da savadlanması üçün bu məlumatları bölüşsə, nə baş verər? Təbii ki, o, aşağı təbəqənin insanı tərəfindən qəbul edilməyəcək, dedikləri çox zaman səhv başa düşüləcək. Çünki yuxarı təbəqədən olması onu yadlaşdırır. Buna misal olaraq İlbər Ortaylının və Cəlal Şəngörün zaman-zaman səsləndirdiyi doğru fikirlərə böyük kütləninin mənfi reaksiya verməsini göstərə bilərəm. Sosial təbəqələşmə onların dediyi həqiqətlərin böyük bir qism tərəfindən qəbul edilməsinə maneə yaradır. Aşağı təbəqənin insanları fikirləri, dedikləri səhv olsa da, öz içindən çıxmış insanı intellektual adlandırır. Jan-Pol Sartr da bu məsələyə bu prizmadan baxaraq intellektual insanın tək qalmasının, cəmiyyətdə ona qulaq asılmamasının səbəbinin bu təbəqələşmə olduğunu vurğulayırdı.

Sartr intellektual insanı bir cümlə ilə "onu maraqlandırmayan işlərə qarışan şəxs" kimi ifadə edir.

Sartrın intellektual insan olmaq kapitalizmdən keçir fikrinin nə dərəcədə doğru olması mübahisəli məsələdir. Çünki Sartr bir kommunist kimi kapitalizm düşməni idi və pula insan azadlığını məhdudlaşdıran nəsnə kimi baxırdı.

Mişel Fuko isə intellektuallıq və intellektual insanla bağlı başqa düşüncə də idi. Müsahibələrinin birində "İntellektual insanı necə ifadə edərsiniz?" sualına belə cavab vermişdi: "İntellektual sözü mənə qəribə gəlir. Bu günə qədər yazarlarla, həkimlərlə, iqtisadi tədqiqatçılarla, bəstəkarlarla, rəssamlarla, təhsil işçiləri ilə və nə işlə məşğul olduğunu bilmədiyim bir çox insanla qarşılaşmışam, amma intellektual insanla heç vaxt. Bunun əvəzində isə intellektual insan haqqında danışan çoxunu görmüşəm. Danışdıqlarına qulaq asdıqca intellektual insanın kim olduğunu düşünürdüm. Sən demə, intellektual insan günahkar olan imiş. Ağlınıza gələn hər şeyin - danışdığı, susduğu, heç nə etmədiyi və ya hər şeyə qarışdığı üçün - günahı onda imiş. Bir sözlə, kimisə mühakimə etmək istəyirsinizsə, intellektual insandan yaxşı namizəd tapa bilməzsiniz".

Fukonun cavabı onun intellektuallıq haqqında düşüncələrinin ironik ifadəsidir. O, kifayət qədər intelletual insanla qarşılaşmışdı. Hətta intellektual insanın tərifi və funksiyası ilə bağlı bir çox yeni düşüncə ortaya atmışdı.

Belə ki, Fuko düşünürdü ki, dünya yarandığı gündən mübarizələr, çəkişmələr üçün səhnə olmuşdu. Xeyirlə şərin mübarizəsindən tutmuş proletarların burjuaya qarşı apardığı mübarizəyə kimi bütün bu çəkişmələrin məqsədi əslində, eynidir - İnqilab. İnqilabı isə kimsə idarə etməli, insanlara istiqamət verməlidir. Bunu isə intellektualdan başqa heç kim edə bilməz. Başqalarının əlinə keçən inqilabların hansı sonluqla yekunlaşdığını isə tarixdən yaxşı bilirik. Bu yerdə düşünə bilərsiniz ki, nə üçün proletar (aşağı təbəqə) bu məsələdə intellektualı (yaxşı təhsil almış burjua fərdini) yad kimi qəbul etmir?

Çünki həm hər ikisi eyni şeylə mübarizə aparır, həm də intellektual özü öz kökünə qarşı çıxır. Buna misal kimi Fransa Burjua inqilabını göstərə bilərik. İntellektual isə ona görə bu yükü çiyinlərinə götürür ki, o, başqalarının bilmədiyi bir şeyi bilir - Həqiqəti.

Fuko deyirdi ki, intellektual hələ də həqiqəti görməyən, dilə gətirə bilməyən insanların əvəzinə o həqiqəti bağırandır. Bir sözlə, intellektuallıq vicdandır, şüurdur.

Mişel Fuko intellektuallığı "Bəşəri" və "Spesifik" olmaqla iki yerə bölür.

Bəşəri (ənənəvi) intellektualın təməlində bəşəri ağıl dayanır. Fuko "bəşəri intellektualın bilgini və tənqidi nəzəri şəkildə bütünləşdirməsinin, siyasi fəaliyyət sahəsində də nəzəriyyə ilə praktika arasında inteqrasiyaya məruz qalmasının şahidi oluruq" deməklə əslində, bəşəri intellektualın mənfi tərəflərindən bəhs edir. Bu qrupa daxil olan intellektuallar siyasi və nəzəri baxımdan imtiyaz sahibidirlər. Lakin olanlar əvəzinə danışdıqları insanları nəzəriyyəçiyə çevirir və siyasi düşüncələrinə uyğun gələn patriyadan asılı vəziyyətə salır. Xalq partiya rəhbərlərinin verəcəyi qərarı, təlimatı gözləmək, o cür hərəkət etmək məcburiyyətində qalır. İntellektual özü partiya daxilində toxunulmazlıq qazanır, hegemonluğu ələ alır və onun təlimatlarından kənara çıxan bütün fəaliyyətlər qadağan edilir.

Spesifik (xüsusi) intellektual isə xəstəxana, universitet, məktəb kimi hər hansısa idarədə işləyən və müəyyən qaydalara tabe olandır. Onun bilgisi bütünləşdirici deyil, sadəcə müəyyən sahə üzrə məlumatı və bacarığı var. O, öz sahəsini yaxşı bilir. Digər işlərə qoşulmur.

Fukonun fikrinə görə, bəşəri intellektual ədalətdən, hüquqdan, spesifik intellektual isə elmdən yaranır.
Spesifik intellektual İkinci dünya müharibəsindən sonra meydana çıxıb. Xüsusən də nüvə silahlanması sahəsində öz sahəsinin peşakarı olan intellektuallar formalaşıb. Bu nüans bəzən spesifik intellektualın siyasi qüvvələrin (bəşəri intellektualın) hədəfi olduğunu sübut edir.

Spesifik intellektualın üç xüsusiyyəti var. Birincisi aid olduğu sosial təbəqənin, ikincisi vəziyyəti ilə əlaqəli formada həyat və işləmək şərtlərinin, üçüncüsü isə mənsub olduğu cəmiyyətdəki həqiqət anlayışının xüsusiliyi.

Fukonun özü bir müddətə qədər spesifik intellektual qrupuna mənsub idi. Çünki o, siyasi dərslər verməyi, mübarizə üsulları öyrətməyi, başqalarının yerinə danışmağı, bəşəri intellektual olmağı qəbul etmirdi. Çünki bu, bir çox riski də qəbul etmək deməkdir.

Lakin 1969-cu ildən sonra Mişel Fuko spesifik intellektual qrupundan qopdu. Başqalarının yerinə danışmağa, siyasi meydanlarda görünməyə, insanlara mübarizə aparmağın yollarını öyrətməyə və bu münarizədə yanlarında olmağa başladı. Belə ki, Vensendəki nümayişlərdə tələbə hərəkatlarına dəstək verir, ön cərgədə addımlayır, ərəb qaçqınların məruz qaldığı irqçilik siyasətinə qarşı Sartrla birlikdə mitinqlər keçirir, İspaniyada Franko rejiminin ölüm cəzası verdiyi militaristlərə dəstəyini nümayiş etdirmək üçün Mardirə gedir və orada həbs edilərək Fransaya göndərilir, Həmrəylik təşkilatının tətil etdiyi dövrdə yardım daşıyan yük maşınını Polşaya qədər idarə edir, bir sözlə, bəşəri intellektuala çevrilir. Lakin heç vaxt liderə, kütlələrin arxasınca getdiyi, əmr gözlədiyi şəxsə çevrilmir. Çünki Fuko spesifik intellektuallıqdan ənənəviyə keçmişdi. Yəni birbaşa şəkildə bəşəri intellektual kimi formalaşmamışdı, bununla da kütlənin rəhbəri olmaq xüsusiyyətinə malik deyildi.

Bütün bunlara nəzər saldıqda bu gün insanların niyə hər şeydən bir az məlumatlı (bir çox halda səhv bilgiyə) olan şəxslərə intellektual dediyini anlamaq asanlaşır. Bu proses daha çox öz renessansını hələ yaşamamış cəmiyyətlərdə baş verir. Bilgi qıtlığı çəkən bu cəmiyyətlər üçün hər şeydən bir az məlumatlı olan şəxslər sığınacaqları tək yerdir. Onlar sadəcə başqalarının bilmədiyi şeyləri çatdırmaqla kifayətlənirlər. Halbuki intellektual insan olmaq üçün həm də bilgini yaratmaq, yüksək idrak və mühakimə bacarığına sahib olmaq lazımdır.

İntellektual olmaq istək məsələsi deyil, onu formalaşdıran insanın uşaqlıqdan hər şeylə maraqlanması, suallara özünün cavab axtarmasıdır. Hər şeyin əlimizin altında olması, bir çox səbəblərdən maraqlanmaq istəyimizin itməsi, bizə aid suallara belə artıq internetin cavab vermək iqtidarında olması, məlumatların əlçatanlığı Antonio Qramskinin "hər kəs intellektualdır" ifadəsini bu gün reallaşdırmaqdadır. Lakin burda iki şeyə diqqət etməliyik. Birincisi, intellektual insan kütlənin bilgi səviyyəsinə görə formalaşmamalıdır.

Cəmiyyətdə savadsızlıq, məlumatsızlıq çoxdursa, təəssüf ki, ümumi bilgilərə sahib şəxs belə intellekual adlandırla bilər. İkincisi isə hər kəs cəmiyyətdə intellektualın yerinə yetirdiyi funksiyanın məsuliyyətini çiyinlərinə götürə bilməz.

 





04.08.2019    çap et  çap et