525.Az

Könüllülük mənə nə qazandırdı? - Aytac Sahəd yazır


 

Könüllülük mənə nə qazandırdı? - <b style="color:red">Aytac Sahəd yazır </b>

Çətin və yorğun keçən bir ildən sonra yayı səbirsizliklə gözləyirdim ki, dincəlim. Ancaq eşidəndə ki, Gədəbəydə Milli Yaylaq Festivalı keçirilir, istirahətlə bağlı planlarımı bir tərəfə qoyub yollandım Gədəbəyə. Dincəlmək üçün yox ha, işləmək üçün. 78 könüllü ilə çıxdığımız bu yol olduqca maraqlı keçdi. Gədəbəyin füsunkar təbiəti, təmiz havası məni elə ilk andaca özünə valeh etdi. Üstəlik, gədəbəylilərin qonaqpərvərliyi və insansevərliyi bu diyarı daha da möhtəşəm edirdi.

Festival ayın  26-sı başlasa da, biz könüllülər artıq ayın 23-ü Gədəbəydə idik. Birinci gün olduqca sakit keçdi. Yol yorğunluğu və dəyişən mühit amilini nəzərə alsaq, bu sakitlik başadüşülən idi. İkinci gün isə artıq hərə öz işinin başında idi - kimi texniki işlərdə ustalara kömək edir, kimi çadırların üstünü bəzəməkdə rəssamlara, kimi də yeməklərin hazırlanmasında aşpazlara. Mən isə bir az iynə ilə, bir az fırça ilə yoldaşlıq edəndən sonra başa düşdüm ki, ən yaxşısı bıçağı əlimə alıb keçim mətbəxə. Mətbəx işi mənə o qədər maraqlı gəldi ki, sonuncu günə qədər mətbəxdən çıxa bilmədim. Burada həm ustalara kömək edir, həm də milli mətbəximizin dadlı yeməklərini hazırlamağı öyrənirdim. Ən əyləncəli iş isə yuxa yaymağı öyrənməyim oldu. İndiyə qədər dəfələrlə əlimə oxlov alıb yuxa yaymağa cəhd etsəm də, öyrənə bilməmişdim. Nəzakət xala isə mənə cəmi iki saata yuxa yaymağı öyrətdi.

Beləcə, ora-bura qaçmaqla keçirdiyimiz üç gündən sonra festival başladı. Üç gün davam edəcək festivalda biz könüllülərin üzərinə böyük məsuliyyət düşürdü. Çünki biz insanlarla işləyir və festivalın bir növ siması rolunu oynayırdıq. Geyindiyimiz milli paltarlar isə bu işin ən gözəl tərəfi idi. İnsanlar bizimlə şəkil çəkdirir, turistlər  isə xüsusilə bu paltarlara maraq göstərirdilər. Bu geyimlərdə özümü əsl Azərbaycan xanımı kimi hiss edir, geyimin verdiyi əsalətdən zövq alırdım. Turistlər tez-tez bizdən milli geyimlərin üzərindəki ornametlər barədə soruşur, hər detalla maraqlanırdılar. Ümumiyyətlə, Azərbaycan xarici qonaqlara sirli aləm kimi görünürdü. Qərblə Şərqin, müasirliklə qədimliyin sintezində olan mədəniyyətimizi olduqca maraqla qarşılayırdılar. İstər tariximiz, istərsə də mədəniyyətimizlə bağlı verdikləri suallara maksimum ətraflı cavab verməyə calışır və bu zaman bütün biliklərimizi ortaya qoyurduq. Təkcə bizə tapşırılan işi icra edən zaman deyil, bütün festival boyu, ən adi davranışımızdan tutmuş insanlarla ünsiyyətimizə kimi, diqqətli olmağa çalışırdıq. Çünki biz orada minlərlə insanın önündə Azərbaycan gəncliyini təmsil edirdik. Bəzən neqativ hallarla üzləşdiyimiz də olurdu. Nəzərə alsaq ki, ictimai həyatda hər psixologiyada insanla ünsiyyətdə olanda belə neqativ hallar qaçılmaz olur. Məsələn, bəzən hər hansı bir qonağa şəkil çəkdirmək üçün nəzərdə tutulmayan yerdə şəkil çəkdirməməsini deməli olurduq. Kimi bunu anlayışla qarşılayırdısa da, kimisi sərt reaksiya verirdi. Buna baxmayaraq, biz öz təmkinimizi qorumağa çalışır, mümkun qədər mübahisə etmədən məsələni həll etməyə çalışırdıq. Belə anlaşılmazlıqlar təkcə qonaqlarla yox, həmçinin, könüllülər arasında da olurdu. Nəzərə alsaq ki, müxtəlif təbiətə və şəxsi keyfıyyətlərə malik insanlar bir komandada birləşirdi, bu hal başadüşüən olar.

Heç vaxt tanımadığın insanlarla müəyyən müddət bir yerdə yaşamaq, otuz qızla bir çadırı bölişmək asan deyil. Buna baxmayaraq, bu tipli könüllülük proqramlarında qurulan dostluqlar daha möhkəm olur. Ümumiyyətlə, birgəyaşayış zamanı insan qarşısındakı insanı daha yaxşı kəşf edir, onun kaprizlərinə və yoldaşlığına daha yaxşı bələd olur. Məsələn, mən orda hələ üç gün öncə tanıdığım qızla rahat şəkildə öz yeməyimi bölüşür, üşüyəndə öz pencəyimi ona verirəm. Yaxud heç bölüşmürəm. Bu davranışlar isə mənim haqqımda cox sey deyir. Milli Yaylaq Festivalı zamanı mən belə mərd dostlar qazandım. Həmçinin, çox şey öyrəndim. Müxtəlif xalqların insanları ilə ünsiyyətdə olmaq onlara mədəniyyətimizdən, xalqımızdan danışmaq və onların da mədəniyyəti ilə tanış olmaq, yeni dostlar, yeni biliklər qazanmaq və s. Bir sözlə, könüllülük insana maddi baxımdan heç nə qazandırmır deyənlərə üzümü tuturam: sizcə, bu qazandıqlarımız daha dəyərli deyilmi?!

 





05.08.2019    çap et  çap et