525.Az

"Həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafını təmin edir"


 

"Həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafını təmin edir"<b style="color:red"></b>

Son 16 ildə ölkəmiz sosial - iqtisadi inkişaf göstəricilərini ciddi şəkildə yaxşılaşdırmağa nail olub. Bu baxımdan 2019-cu ilin birinci yarısı da istisna təşkil etməyib. Prezident İlham Əliyevin 2019-cu ilin sosial islahatlar ili olacağı ilə bağlı verdiyi proqnozlar özünü yüksək səviyyədə doğruldur. Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət inqilabi xarakter daşıyır. 2019 – cu ilin əvvəlində imzalanan sosial tədbirlər paketi 4 milyondan çox insanı əhatə edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

O qeyd edib ki, ölkəmizdə milli iqtisadiyyatın ayrı-ayrı istiqamətləri, o cümlədən də qeyri-neft sektoru üzrə inkişaf dinamikası ildən–ilə artmaqdadır. Ötən altı ay ərzində ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişaf təmin olunub, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb. Təkcə ölkəmizin son altı ayında büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb, ticarət dövriyyəsi 20 faizdən çox, əhalinin gəlirləri 6,6 faiz artıb.

“Ötən illər ərzində reallaşdırılan məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün sahələrdə böyük uğurlara nail olub. Bu dövrdə bütün dünyada iqtisadi cəhətdən Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı xeyli az olub. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin təşəbbüskarı və iştirakçısıdır. Məqsəd dövlətimizin daha da gücləndirilməsi, xalqın rifah halının daha da yüksəldilməsidir. Ölkəmizin inkişaf göstəricilərinin beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapması isə Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirmiş olur. Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin bariz nümunəsidir. Bütün bunlar Azərbaycan xalqının, dövlətinin nailiyyətləridir və bunu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bugünkü inkişaf edən Azərbaycan hər bir azərbaycanlının qorumalı olduğu sərvətdir”,- deyə Hikmət Şikarov vurğulayıb.

 





05.08.2019    çap et  çap et