525.Az

Saxurlar - Layihə


 

Saxurlar - <b style="color:red">Layihə </b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.

İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.

Layihə çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc edilir.

Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.

10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək, KİV orqanlarına hədiyyə veriləcək.

Sizə layihənin üçüncü yazısını təqdim edirik. Yazı saxur xalqı haqqındadır. Birinci məqalə ləzgi, ikinci məqalə udi xalqına həsr olunmuşdu.

Azərbaycanda saxurlar Qax və Zaqatala rayonlarında yaşayırlar. Özlərini "yıqbi" adlandıran saxurların xeyli hissəsi Dağıstanın Rutul rayonunda, Samur çayının mənbəyində məskunlaşıblar. Onlar müsəlmandırlar və İslam dininin sünni məzhəbinə inam gətirirlər.  Saxur dili Şimali Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna aiddir. Sovet dövründə  saxurların dilində ibtidai təhsil olmayıb. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra saxurların kompakt yaşadıqları kəndlərin ibtidai siniflərində bu dil tədris olunmağa başlanıb. Hazırda saxur dili əsasən yaşlı nəslin nümayəndələrinin səyi nəticəsində dağlıq ərazilərdə yaşayan kəndlərin əhalisi arasında qorunub saxlanır. Saxur əhalisinin əsas ünsiyyət dili ölkəmizin dövlət dili olan Azərbaycan dilidir. 

Saxurlar Dağıstanın qədim xalqlarındandırlar. Təxminən XIX əsrdə bu xalqın nümayəndələri Azərbaycana köçərək, daha sıx Qax rayonunda məskunlaşıblar. Saxurların Azərbaycana köçmələri Sovet dövründə də davam edib. XX əsrin 60-cı illərində Dağıstanda yerləşən Saxur kəndinin 40-dan çox ailəsi ölkəmizə köçüb.

Dağıstan və Azərbaycan saxurlarının məskunlaşdıqları ərazi iki coğrafi zonanı əhatə edir: şum əkinçiliyini və heyvandarlığı uzlaşdırmağa imkan verən geniş alp çəmənlikləri olan yay otlaqları və məhsuldar isti cənub yamacları. Bir çox ailələr heyvanları ilə birlikdə, qışda Dağıstandan Azərbaycana köçər, yayda gəldikləri yurdlara qayıdardılar.

Saxur yaşayış məskənlərinin əsas tipi saxurca "xiv" adlanır. Maraqlıdır ki, saxurlar yaşayış evinə də "xiv" deyirlər. "Xiv" isə saxur dilində qohumluq qrupu, nəslin özəyi mənası daşıyaraq, qədim sosial münasibətlərin göstəricisi kimi təqdim olunur. Bundan başqa, yaşayış yerlərini göstərmək üçün Azərbaycan sözləri olan "kənd", "oba", "qazma", "qışlaq" ifadələri də saxurların leksikonuna daxildir. Tarixdə saxurların yaşadıqları kəndlər bir və ya bir neçə qohum qrupların yaşadıqları məhəllələrə bölünürdü. Məscid və "qimqa" meydanı xalq yığıncaqlarının keçirildiyi ictimai mərkəz rolunu oynayırdı.

Üstü hamar torpaq örtüyü ilə bağlanmış, küçəyə baxan divardan giriş qapısı kimi istifadə edilən birmərtəbəli daş ev saxurların əsas yaşayış məskəni sayılırdı. İkimərtəbəli təsərrüfat  tikililəri evdən kənarda qurulurdu. Bu tikililər kəndin kənarında xüsusi ərazi kimi görünərdi. Azərbaycanda  saxurlar düzən yerdə çiy kərpicdən, saman və qamışla örtülmüş qoşaçatılı damı olan bir və bir yarım mərtəbəli evlər tikirdilər. Hazırda etnosun yaşadığı müasir evlər əsasən şüşəbəndli və ikimərtəbəlidir.

Ənənəvi saxur evləri bir qayda olaraq iki otaqdan ibarət idi. Onlardan biri qız evi olub "dəyə" adlanar və 1,5-2 metr dərinlikdə yerin altında yerləşərdi. Bu evin ortasında saxurların "laxa" adlandırdığı kürsü olardı. Qışda bütün ailə üzvləri bu evə yığışar, ailə - "laxa" ətrafında yerləşib, onun istisində isinərdi. "Laxa"da ocaq qalanardı. Bir qayda olaraq bu tipli evlərdə pəncərə olmaz, işıq ancaq ocağdan düşərdi. Evin ikinci otağından isə yaz-yay aylarında istifadə edilər və ailənin bütün üzvləri bu dövrdə burada yerləşərdilər.

Saxur kəndlərində rast gəlinən ikimərtəbəli, pəncərəli və daha münasib şəraiti olan evlər isə "tavanalı" adlandırılan  əhaliyə məxsus olub. Müasir dövrdə hər bir saxur kəndində belə evlər üstünlük təşkil edir, əhali daha abad, işıqlı evlərdə yaşayır. Evin daxili səhmanı yenilənib. Burada müasir şəhər evlərinə xas olan bir çox cəhətlər mövcudur.

Saxurların təsərrüfat məişətində aparıcı yeri qoyunçuluq tutur. Nisbətən qədimdə yerli qoyun cinsləri daha üstünlük təşkil edib. İri buynuzlu mal-qara təsərrüfatı isə qoyunçuluğa nisbətən geniş yayılmayıb. Bu da saxurların başlıca olaraq dağ ərazilərində, zəngin yaylaqlara malik olmaları ilə izah edilməlidir. Yayda yaylaqda bəslənən qoyun sürüləri, qış vaxtı Alazan vadisi, Muğan qışlaqlarında saxlanılardı. Məhz bu səbəbdən saxurların hamısı Azərbaycanla, onun əhalisi ilə sıx əlaqədə olub. Azərbaycan şəhərləri saxurların heyvandarlıqla bağlı olan məhsullarını satması üçün bazar rolunu oynayıb.

Əkinçiliklə məşğul olan saxurlar payızlıq taxıl, çovdar, arpa, pərinc, darı səpərdilər. Düzənliklərdə irriqasiya işləri tətbiq edilər, əsasən yazlıq buğda və qarğıdalı becərərdilər. Heyvandarlıqda əsasən qoyunçuluğa və atçılığa üstünlük verərdilər. Müasir təsərrüfatlarda köçürmə maldarlıq üstünlük təşkil edir, dağ yamaclarında və çayətrafı terraslarda, kotan və öküz cütündən istifadə etməklə, əkinçiliyi  dirçəldərdilər. Azərbaycan saxurları bağçılığı, tərəvəzçiliyi, tütünçülüyü, ipəkçiliyədaha daha meyllidir. 

Saxurların əsas məşğuliyyətlərindən biri də sənətkarlıqdır. Qadınlar yunu əyirib, ondan müxtəlif məişət əşyaları toxuyur, kişilər isə zərgərlik, dəmirçilik, silahsazlıqla məşğul olurdular. Saxur qadınları bütün il boyu xalça, palaz, xurcun, corab toxuyar, yundan hazırlanmış iplikdən xüsusi toxuçuluq dəzgahlarında müxtəlif adda geyimlər hazırlayardılar.

Saxurlar arasında çəkməçilik, dülgərlik, daşişləmə sənətləri də üstün yer tutub. Bu sənətlərə sahibi olan kişilər bir tərəfdən el-obanın yerlərdə öz tələbatını ödəyər, həm də ilin müxtəlif vaxtlarında Azərbaycanın, Gürcüstanın şəhərlərinə, kəndlərinə gedib, orada əhalinin sifarişini yerinə yetirərdilər.

Saxurların ənənəvi yeməkləri əsasən undan, ət və süd məhsullarından hazırlanır. Tərəvəz və meyvə, ənənəvi qida kimi, az əhəmiyyət kəsb edir. Onları yabanı ot bitkiləri əvəz edir. Geniş yayılmış yeməklərdən ət, pendir, sarımsaqla hazırlanmış xəngəl, içi balqabaqdan hazırlanmış düşbərə, yumurtalı kəsmik, qozlu gicitkən, ot yeməkləri, buğda, yulaf, pərinc yarmasından hazırlanmış sıyıq, ərik qurusu, balqabaq, müxtəlif şorbaları göstərmək olar. İnək südündən xama, ayran, süzmə, yağ, qoyun südündən isə pendir alırlar. Saxur çobanları heyvanın içalatına quyruq piyi, ətirli otlar əlavə etməklə hazırlanmış içi qarına, yaxud da bütöv cəmdəyə doldurur, dəriyə bükərək közdə bişirirdilər. Saxur ənənəvi yeməkləri arasında Azərbaycanın şimal-qərb bölgəsində bütün xalqlar tərəfindən sevilən sürhüllünun xüsusi yeri var.

Qədim rəvayətlər saxurların özlərinə xas bayramları haqqında xəbər verir. Məsələn, əhali qışlaqlardan qayıdan zaman bayram təşkil olunardı. Bu bayram zamanı cıdır, güləş yarışları, it döyüşləri təşkil olunardı, qurbanlar kəsilərdi. Ot çalmaq ərəfəsi başlamazdan əvvəll müqəddəs dağlarda üç gün ərzində Seyran adında yay bayramı keçirilərdi. Saxurlar Novruz bayramını və bütün müsəlmanlar kimi Ramazan və Qurban bayramlarını  da qeyd edirlər.

Saxurların mədəniyyəti azərbaycanlıların mədəniyyəti ilə sıx əlaqədə inkişaf edib. Onlarda mahnılar saxur dilində və Azərbaycan dilində ifa edilir, hekayələr, nağıllar, oxşamalar isə ana dilində söylənilir. Saxurların istifadə etdikləri musiqi alətləri tar, saz, zurna, balabandır. Ümumiyyətlə qeyd etmək lazımdır ki, saxurlar və Azərbaycan türkləri arasında əlaqələr son dərəcə sıx və möhkəmdir.

Müasir Zaqatala və Qax rayonları ərazisində əsrlərdən bəri davam edən birgəyaşayışın nəticəsi olaraq azərbaycanlılarla saxurlar arasında sıx inteqrasiya əlaqələri formalaşıb azərbaycanlıların və saxurların ənənəvi mədəniyyətlərində, məişətlərində oxşar cəhətlər çoxdur. Kəndlərində toy zamanı mahnılar həm saxur, həm də Azərbaycan dilində ifa olunur. Azərbaycanlılarla saxurlar eyni çalğı alətlərindən istifadə edirlər.

Bu gün Zaqatala şəhərində Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin əsas fəaliyyət istiqamətləri saxurların kompakt yaşadıqları yaşayış məntəqələrində musiqi, rəqs kollektivlərinin formalaşdırılması, saxur mədəniyyətinin təbliğindən ibarətdir. 2009-cu ildə dünya kino tarixində ilk dəfə saxur dilində "Kürəyi qibləyə" bədii qısametrajlı Azərbaycan filmi çəkilib.

Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmək üçün hazırlanıb

 





06.08.2019    çap et  çap et